Icma.az
close
up
RU
Nail Kəmərli: Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur

Nail Kəmərli: Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur".

Oxu.Az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinə müsahibəsi zamanı "Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi" İctimai Birliyinin rəhbəri Nail Kəmərli deyib.

"Ağ ölüm" minlərlə insanın həyatını məhv edib. Neçə-neçə ananın, yoldaşın, uşağın gözünü yaşlı qoyub. Bu bəlanın adı narkotikdir. İstifadəçilərinin sayı davamlı olaraq artır. Dövlət səviyyəsində mübarizə aparılsa da, tam sonu gəlməyən bir girdabdır narkomaniya. Son zamanlar uşaqlar, qadınlar arasında da yayılmaqda, dövrümüzün vəbasına çevrilməkdədir.

Nail isə son vaxtlar bu mövzuda çəkdiyi və paylaşdığı videolarla populyarlaşıb. Onu tez-tez bu bəladan əziyyət çəkənlərin yanında görürük. Bu mövzuda çəkdiyi videolar da xeyli populyardır.

Həmin müsahibəni təqdim edirik:

- Nail bəy, sizin də videolarınızda vurğuladığınız kimi, narkomaniya gündən-günə daha çox yayılmaqdadır. Siz xeyli müddətdir bu sahədə çəkilişlər aparan biri olaraq bunun səbəblərini nədə görürsünüz?

- Narkomaniyanın yayılma səbəbləri çoxdur. Amma ssenari birdir. Bütün ssenarilərdə yalnız qəhrəmanlar dəyişir. Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur. İkinci isə mühitdir. Bir çoxuna "niyə narkoman olmusan" sualını verəndə eyni cavabla rastlaşıram. Ana və ata boşanır. Ana işləmək məcburiyyətində olur və övlad nəzarətsiz qalır. Məhəllədə xüsusi çevrəyə düşür, özündən böyük avara uşaqlarla gəzməyə başlayır və tora düşür. Uşağın ailəsi ilə bağları möhkəm olarsa, bu kimi neqativ vərdişlər haqqında məlumatlı olur, pis çevrəyə qoşulmur. Qoşulsa belə, özünü qorumağı bacarır.

- Bəzən bu bəlaya idmançıların, məşhur şəxslərin də düşdüyünü görə bilirik. Onları da buraya gətirən səbəblər yuxarıdakılardır?

- Bəzən idmançılar, tanınmış şəxslər də ağır depressiyaya düşə bilirlər. Bir anlıq da olsa yaşadıqlarını unutmaq istəyirlər. Belə məqamlarda kimsə peyda olur və deyir ki, "al, bunu at, bütün dərdlərini unudacaqsan". İdmançı da özünə güvənir ki, orqanizmim, psixologiyam, iradəm güclüdür, mənə heç nə edə bilməz. Atdıqdan sonra görür ki, həqiqətən də özünü yaxşı hiss edir. Narkotik də belədir ki, ilk dəfə qəbul edəndə xoşbəxtlik hormonunu qaldırır. İnsanın dopamin hormonu narkotik qəbulundan sonra 70-80 faizə qədər yüksələ bilir. Amma narkotiki ikinci dəfə qəbul edəndə bu göstərici maksimum 50-60 faizə qalxır. Nəticədə istifadəçi birinci qəbul zamanı aldığı həzzi axtarmaq üçün dəfələrlə narkotikdən istifadə edir. Birinci tablet içir, sonra çəkir, sonra iynəyə keçir. Birdən fərqinə varır ki, artıq 10 ildir narkotik istifadəçisidir. Davamlı istifadə etdikdən sonra dozanı artırır, amma dopamin səviyyəsi artmır, əksinə, azalır.

- Keçmişdə narkotik istifadə edənlər əsasən imkanlı insanlar olurdu. Amma sanki indi vəziyyət dəyişib.

- 15-20 il əvvəl narkomanlar əsasən heroin istifadə edirdilər. O, daha bahalı olduğu üçün narkotikdən daha çox varlılar istifadə edirdilər. Amma hazırda populyar olan "patı", "kokos" çox ucuzdur. Əslində onlar heç narkotik vasitə deyil, psixotrop tərkibli maddələrdir. Onlar insanlarda çox sürətli şəkildə asılılıq yaradır. İstifadəçini qısa müddətdə çox pis hala salır, zombiləşdirir. Narkomanlar onu əldə etmək üçün hər şeyi xərcləyirlər. Narkomanlar var ki, həyat yoldaşlarının geyimlərini "barıqa"lara verir və narkotik alırlar. Əvvəlki narkomanlarda heç zaman zibil eşmək, küçədə, zirzəmidə yaşamaq kimi halları görə bilməzdik. İndi isə əksər hallarda narkomanları zibillikdən plastik qutular yığan görürük. O qabları yığıb satıb, pula çevirib, "patı", "kokos" alırlar.

- Son dövrlər bu bataqlığa düşən qadınların da sayı artmaqdadır...

- Qadınlarda asılılıq yaratmaq daha asan başa gəlir. Bəzi qadınlara narkotiki arıqladıcı dərman kimi verirlər. Deyirlər, dərmandır, qəbul et, qısa zamanda xeyli çəki itirəcəksən. Bəzi qadınlar da inanır və alıb istifadə edirlər. Qadınların bu yola düşməsinin bir səbəbi də sevgisizlik olur. Qadın həmişə sevgi axtarışındadır. Narkomanlar da şirin dillərinə salıb, onların bu boşluğundan istifadə etməyə çalışırlar. Məsələn, bir faktı deyim. Bir zamanlar yaxşı işi, qazancı olan ginekoloq xanım bu bəlaya düşüb. Çox gözəl qadın olub, amma narkotik aludəçiliyi nəticəsində indi o gözəlliyindən əsər-əlamət qalmayıb. Onu bu bataqlığa sevgi salıb. Bir narkomanla tanış olub. Oğlan narkoman olduğunu ona bildirməyib. Narkomanlarda da manipulyasiya qabiliyyəti çox güclü olur. İmkanlı olduğu üçün xanıma yaxınlaşıb. Birinci qadını özünə aşiq edib. Sonra yavaş-yavaş onun da narkotik istifadə etməsi üçün çalışıb və məqsədinə nail olub. Asılılıq yarandıqdan sonra isə artıq qadın narkomana çevrilib və iynə vurur. Hazırda o, müalicə alır.

- Söz düşmüşkən, qadınların və kişilərin narkotikdən müalicəsində hansısa fərqlər mövcuddurmu?

- Qadınların reabilitasiya mərhələsi daha çətindir. Fizioloji cəhətdən bu proses kişilərdə daha asandır. Əgər on qadın müalicə olunursa, onların cəmi biri və ya ikisi sağala bilir. Qalanların əksəriyyəti reabilitasiyadan sonra da bu bəlaya yenidən dönür. Çünki qadınlar əksər hallarda bu yola kimsə tərəfindən gətirilib, narkotiki əldə edən zaman ödəniş etməyib. Bəziləri kiminsə yanında istifadə edib, yaxud bədənini satıb və bunun müqabilində narkotik alıb. O səbəbdən qadınların narkotikə əlçatanlığı daha asandır. Kişilərin öhdəlikləri daha çox olduğu üçün onlar sağalmağa daha meyilli olurlar. Amma narkoman qadınların əksəriyyətində ailələri dağılmış olur, uşaqlarını dövlət himayəyə götürür və onların ciddi bir öhdəlikləri yoxdur. Reabilitasiyadan çıxdıqdan sonra da yaxınları onları qəbul etmir. Nəticədə yenidən narkoman çevrəsinə dönmək yolunu seçirlər.

- Reabilitasiyaya bir neçə dəfə müraciət edən narkomanlar olurmu?

- Bəli, olur. Bəzi narkomanlar reabilitasiya mərkəzinə dəfələrlə girirlər. Oradan çıxdıqdan sonra yenidən istifadə edirlər. Çünki onlar müalicənin birinci mərhələsindən keçirlər, yəni bədənlərini təmizləyirlər. İkinci aşılmalı olan psixologiyadır. Əsas olan da elə budur. Bədənlərini təmizləyirlər, amma psixologiyaları əvvəlki kimi qalır. Reabilitasiyadan çıxırlar və bədənləri təmizləndiyi üçün ən xırda doza ilə də həzz ala bilirlər. Bu şəkildə sağalma və geri dönmə bir neçə dəfə təkrarlanır.

- Bəs narkomanların həqiqi sağalması nə zaman baş verir?

- Narkomaniya asılılıqdır. Necə ki, şəkər kimi ömürlük olan xəstəliklər var, sağalmır, xəstədən daimi qorunma tələb edir, narkomaniya da belədir. Narkomanlar reabilitasiyadan keçəndən sonra da özlərini ömürboyu qorumalıdırlar. Əvvəlki çevrələrindən uzaq durmalı, içki məclisində olmamalı, ciblərində çox pul gəzdirməməlidirlər. Əgər bunlara əməl olunmazsa, keçmiş narkoman reabilitasiyadan sonra yenidən bu aludəçiliyə geri dönəcək. Narkomanın bir gün narkotiksiz ayıq qalmağı böyük nəticədir. Tamamilə sağalıb bu bəladan xilas olanlar da var. O insanlar "dibi" görürlər. Həmin o "dib"i görməyənlər sağalmaq istəmirlər. "Dib" o deməkdir ki, sən qışda, soyuqda küçədə, zirzəmidə bərbad şəraitdə yaşayırsan, 6-7 ay çimmirsən, ailən, bütün cəmiyyət səni tərk edir, həyatda tək qalırsan. Müalicə aldıqda hisslər bərpa olur. Bu zaman narkoman öz-özünə deyir ki, "mən elə vəziyyətdə necə yaşamışam?" Belələrinin reabilitasiyadan sonra yenidən o vəziyyətə qayıtması çox az hallarda olur.

- Sizcə, sağalmaq istəyən hər kəsin tamamilə sağalmaq şansı olurmu?

- Bəziləri düşünürlər ki, narkotik istifadə edim, eybi yox, reabilitasiya keçərəm, sağalaram. Amma təəssüf ki, hər adam narkomaniyadan sağala bilmir. Elə şəxslər var ki, narkotik istifadə edir, bir müddət sonra satışa görə həbs olunur. Bu zaman onlar islah olunmurlar. Əksinə, daha da qəddarlaşıb azadlığa çıxırlar və yenidən istifadəyə başlayırlar. Həbsə düşməmişdən əvvəlki dozanı istifadə edir, bədəni də təmiz olduğu üçün tab gətirmir və həyatlarını itirirlər. Bəzi insanlar istifadənin ilk aylarında da ölə bilirlər. Bu da səhv istifadə nəticəsində baş verir. Bütün bunları ümumiləşdirsək, sağalmaq heç də hər narkomana nəsib olmur. Ona görə maksimum bu bəladan uzaq olmaq lazımdır.

- Bu bəladan qurtulmaqda son vaxtlar populyarlaşan reabilitasiya mərkəzlərinin rolu nə qədərdir?

- Bəli, son vaxtlar narkomanların reabilitasiya mərkəzləri çoxalıb. Bu, bir tərəfdən yaxşıdır. Çünki 2021-ci ilə qədər reabilitasiya mərkəzləri yetəri qədər deyildi. Yalnız Maştağada yerləşən dispanser var idi. Oraya da girirdilər və çıxandan sonra yenidən əməllərinə davam edirdilər. Beləliklə, say artırdı. Reabilitasiya mərkəzləri yaradıldıqca narkomanlardan bir qismi ağrıdan, əziyyətdən, səfil həyatdan bezir və gedir müalicə olunur. Sonra digər narkomanları da təşviq edirlər ki, müalicə ilə bu bəladan xilas olun. Adətən reabilitasiya mərkəzlərini işlədənlər özləri keçmiş narkomanlardır. Çünki bu yoldan keçməyən heç vaxt digərinə kömək edə bilməz. Onlar sağalır və başqalarına da bu bəladan qurtulmaqda yardım etməyə çalışırlar. Özü hansı yollardan keçibsə, müalicə alanlara da onu tətbiq edir. Reabilitasiya mərkəzlərində iynəsiz, dərmansız müalicə tətbiq edilir. Elə reabilitasiya mərkəzləri var ki, ucuz qiymət təklif edirlər. Belə mərkəzlərin şəraiti çox pis olur. Belə mərkəzlərdə hətta reabilitasiya keçən narkomanlara işgəncələr də verirlər. Amma əksər hallarda belə mərkəzlərdən çıxan narkomanlar yenidən bu bəlaya qayıdırlar.

- Bəs reabilitasiya mərkəzlərinin fəaliyyətinə hər hansı nəzarət yoxdurmu?

- Fikrimcə, reabilitasiya mərkəzlərinin fəaliyyətinə xüsusi nəzarət olmalıdır. Yaxşı fəaliyyət göstərən mərkəzlərə dövlət tərəfindən maliyyə dəstəyi ayrılmalıdır. Bu zaman imkansız insanlar da biləcəklər ki, hansısa reabilitasiya mərkəzində hər ay 10 nəfər pulsuz müalicə ala bilər. Hazırda o qədər insanlar var ki, sırf imkanı olmadığı üçün müalicədən kənarda qalır.

- Təbliğatın bu bəlanın qarşısının alınmasındakı rolunu necə dəyərləndirirsiniz?

- Maarifləndirmə nəticəsində müalicə olunanların sayı hər gün artır. Düzgün maarifləndirmə çox önəmlidir. Məsələn, çıxıb sadəcə statistikanı desəniz, mütəxəssis danışdırsanız, bu, heç kimə maraqlı olmayacaq. Amma insanlar narkomanların acınacaqlı həyatını gördükdə bir növ qorxub uzaq duracaqlar. Uşaqlar belə həyat hekayələrini gördükdə biləcəklər ki, bu bəla necə təhlükəlidir. Əvvəlki dövrlərdə maarifləndirici videolar yox idi. Amma hazırda var.

- Övladlarını qorumaq məsuliyyəti olan valideynlərə nə məsləhət görərdiniz?

- Narkotik insanların bütün var-dövlətini əlindən alır. Öz var-dövlətlərini xərcləyib qurtarandan sonra narkomanlar qurbanlar axtarırlar. Əsasən də imkanı olan insanları tora salmağa çalışırlar. Çünki bilirlər ki, imkanlı adam narkotikə öyrənəndən sonra onu almağa çalışacaq və onların köməyinə müraciət edəcək. Narkotik beş manatdırsa, qurbandan 10 manat alır, həm onun, həm də özünün tələbatını ödəyir. Sonra qurbanın da pulu bitir və onlar ikisi birlikdə yeni qurban axtarışına çıxırlar. Bu baxımdan valideynlər övladlarına diqqət etməlidirlər. Narkotik istifadə edən uşağın yuxu rejimi pozulur. Məsələn, "patı" istifadə edən uşaqlar günlərlə yatmırlar. "Kokos" istifadə edənlər isə əksinə, günlərlə yatırlar. Bundan başqa, narkotik istifadə etməyə başlayan uşaqlar əsəbi olurlar. Onların göz bəbəkləri genişlənir. Çimməkdən imtina edirlər. Çünki sudan qorxurlar.

- Bəs sizcə, cəmiyyət olaraq bizlərin üzərinə hansı vəzifələr düşür?

- Narkomaniya bir xəstəlikdir, narkomanlara da xəstə kimi baxmaq lazımdır. İnsanlar adətən narkomanlardan qorxurlar. Bu zaman narkoman özünü daha da güclü hesab edir. Cəmiyyət müalicə almış narkomanları da qəbul etmir. İnsanlar biləndə ki, birinin belə bir keçmişi var, ondan uzaq gəzirlər. Sağalan narkomanlara narkoman kimi baxmaq lazım deyil. Onlar sağalmaq üçün addım atıblarsa, deməli, peşmandırlar. Onlara dəstək olmaq, motivasiya vermək lazımdır. Qurtulmaq istəyən şəxslərə isə məsləhət görərdim ki, ətraflarındakı insanlardan kömək istəsinlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:21
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see130

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see125

Uşağı aparmaqdan imtina edən taksi sürücüsü yoxlanılacaq…

05 Aprel 2025 23:06see122

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see121

İlon Maskdan dəhşətli proqnoz: Kütləvi qətliamlar olacaq

05 Aprel 2025 21:25see120

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see118

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see118

“Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik”

05 Aprel 2025 21:20see117

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see116

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see114

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see114

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see113

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see113

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see113

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see111

Bayer 90+1 ci dəqiqədə sevinib, Ştutqart dan səfərdə 4 cavabsız qol VİDEO

05 Aprel 2025 23:03see111

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see110

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see109

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see107

İtalyan tələbələr yeni Jaguar üslubunda idman avtomobili yaradırlar

05 Aprel 2025 23:14see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri