Icma.az
close
up
RU
Naxçıvan Teatrının unudulmaz rəssamı

Naxçıvan Teatrının unudulmaz rəssamı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məmməd Qasımov – 100


Azərbaycanın görkəmli teatr rəssamı, pedaqoq və publisist Məmməd Ələkbər oğlu Qasımov bütün fəaliyyəti boyu Naxçıvanda çalışıb. Oradakı Dövlət Dram Teatrında 44 ildə 100-dən artıq tamaşanın quruluşçu rəssamı kimi sənətdə iz qoyub. Muxtar Respublikanın Əməkdar incəsənət xadimi adına layiq görülüb. Məmməd Qasımov Naxçıvan Rəssamlar İttifaqının yaradıcılarından sayılır və ilk sədri olub.  

Məmməd Qasımov Tbilisidə doğulub. Sovet hakimiyyətinin ilk illərində atası tacir Məşədi Ələkbər dindar olduğuna görə ata-baba yurdu Naxçıvanda incidilib   (malikanəsi müsadirə edilmişdi) və ailəlikcə Gürcüstana köçməli olub. Onlar 20 il Tbilisidə yaşayıblar. Məmməd də elə orada dünyaya göz açıb, uşaq vaxtı ilk dəfə teatra gedərək sənətə həvəslənib. Bir müddət Tbilisi Rəssаmlıq Аkаdеmiyаsındа, daha sonra Bakıda – Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 

...Müharibənin ortaları idi. Gənc Məmməd iş üçün Naxçıvan teatrına gəldi. Hələ məktəbli ikən Gürcüstan Dövlət Azərbaycan Dram Teatrının tamaşalarından təəssüratlanaraq özü üçün çəkdiyi dekorasiya və geyim eskizlərini aktyor-rejissor Səməd Mövləviyə göstərdi. Eskizlərlə tanış olan Səməd Mövləvi gəncin istedadını yüksək qiymətləndirdi və hazırladığı “Ölülər” tamaşasının rəssam işini tamamilə ona həvalə etdi. Bundan sonra icraçı rəssam kimi teatrda işə qəbul edilən Məmmədin 2-ci işi yenə də S.Mövləvinin hazırladığı “Ər və arvad” operettası oldu.

Beləcə, Məmməd Qasımovun yaradıcılığında yeni səhifə açılır. 1946-cı ildə Tbilisi teatrı üçün hazırlanan “Toy kimindir?” tamaşası üzərində işləyərək, truppa ilə   oraya yola düşür. Maraqla qarşılanan premyera – Tbilisidəki sənət uğuru onu yaradıcılığa daha da ruhlandırır. 1952-ci ildən doğma teatrda baş rəssam kimi fəaliyyət göstərir.  

Məmməd Qasımov Naxçıvan səhnəsində  “Arşın mal alan”,  “Məşədi İbad”, “Əsli və Kərəm”,“Anamın kitabı”, “Şahsənəm”, “Ürəkçalanlar”, “Eşq və intiqam” (1947), “Fərhad və Şirin”, “Vaqif”, “Komsomol poeması”, “İki ağanın bir nökəri”,   “Mehmanxana sahibəsi”, “Durna”, “Od içində”,“Almas”, “Sevil”, “Aydın”, “1905-ci ildə”, “Od gəlini”, “Solğun çiçəklər”, “Yaşar”, “Nəsrəddin şah”,“Həyat”,   “Yaxşı adam”, “Xeyir və şər”, “Göz həkimi”, “Ana ürəyi”, “Bahar Suları”, “Toy”, “Nişanlı qız”, “Ulduz”, “Əliqulu evlənir”, “Xoşbəxtlər”, “Qatır Məmməd”,    “Onikinci gecə”, “Hacı Qara”, “Lənkəran xanının vəziri”, “Bir gəncin manifesti” – saymaqla qurtaran deyil – kimi klаssik və müаsir əsərlərə səhnə tərtibatı verib. Maraqlı geyim eskizləri çəkib, müxtəlif dekorlar və pannolar hazırlayıb. Naxçıvanda qoyulan tamaşalarla bərabər, İrəvan Dövlət Azərbaycan Dram Teatrında 3, Gəncə Dövlət Dram Teatrında isə 1 tamaşanın uğur qazanmasında onun da zəhmət payı çox olur.   

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Fizzə Quliyeva yazır: “O, ərsəyə gətirdiyi hər bir tamaşaya həssaslıqla yanaşar, yeri gələrsə, bəlkə də, mənasız görünən adi bir detala görə üsyan edər, inadkar olardı ki, mütləq hər şey onun verdiyi eskizə uyğun olsun, hətta aktyorun əynində olan əlbisənin düyməsinə kimi. Yeni fikir, yeni yanaşma, bədii zənginlik, dəqiqlik rəssamın yaradıcılığının xarakterik xüsusiyyətləridir desək, yanılmarıq”.

...“Hücum” tamaşasına əlahiddə qonaqlar da təklif buyurmuşdu. Həmin vaxt Leninqrad Dövlət Akademik Dram Teatrının iki əməkdaşı Naxçıvana gəlmiş və həmin tamaşaya baxdıqdan sonra onun yaradıcı heyətini - quruluşçu rejissor Baxşı Qələndərlini, aktyor heyətini təbrik edərək, quruluşçu rəssam Məmməd Qasımovun səhnə həllindən vəcdə gəldiklərini gizlətməmişdilər. Tamaşadakı  dekorasiyalara, geyim və qrimlərə, xüsusilə də səhnədə sanki həqiqi bir gəminin görünməsinə valeh olduqlarını bildirən qonaqlar etiraf etmişdilər ki, Azərbaycanın bir əyalət teatrında bu məşhur əsərin çox yüksək səviyyəli bir tamaşa kimi təqdim olunacağını gözləmirdik. Heç Leninqradda görkəmli rejissor və teatr rəssamı Nikolay Akimov bu tamaşanı Naxçıvanda gördüyümüz səviyyədə təqdim edə bilməyib.

Özünəməxsus səhnə tərtibatları milli teatr sənətində yeni üslub və ənənələrin formalaşmasına təsir göstərmiş Məmməd Qasımov teatr rəssamlığı ilə yanaşı, portret, mənzərə, qrafika və plakat janrlarında da əsərlər yaradıb. O, həmçinin Naxçıvanın ilk karikaturaçı rəssamı kimi də tanınır. Teatr sənəti və səhnəqrafiya sahəsində müxtəlif mövzularda məqalələrin müəllifi olub.

Ailədə onun yaradıcılıq yanğısına hər kəs – həyat yoldaşı, tanınmış şair, publisist, teatra sıx bağlı olan Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva da, övladları – Naxçıvan teatrı haqqında da elmi əsərlər yazan, hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Ələkbər Qasımov da, ata sənətini davam etdirən rəssam Könül Nuriyeva və Ələddin də anlayışla yanaşıb, ona qol-qanad veriblər. 

Yeri gəlmişkən xatırladaq ki, bir dəfə Məmməd Qasımov 8 Mart hədiyyəsi olaraq Kəmalə xanıma Məhsəti Gəncəvinin “Rübailər”ini bağışlayaraq deyib: “Bu kitabdan yaxşı bir pyes yazmaq olar”. Kitabın zəngin təəssürat oyatdığı Kəmalə xanım tövsiyəyə əməl edib və ilk Azərbaycan xanım şairi Məhsətinin obrazını  səhnəyə gətirən “Məhsəti” mənzum pyesini yazıb. 1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının indiki möhtəşəm binasının açılışı münasibətilə tamaşaçılara təqdim olunan məhz bu əsərlə Kəmalə xanım Azərbaycan ədəbiyyatı və milli teatr tariximizə mənzum pyeslərin ilk qadın müəllifi kimi daxil olub.

Soyuq bir yanvar günündə dünyaya göz açan Məmməd Qasımov elə yanvarda da vəfat edib. Onda Naxçıvan teatrının 100 illiyi qeyd olunurdu. İndi isə həmin səhnədə qoyulan 100-dən çox tamaşanın quruluşçu rəssamı olmuş unudulmaz sənətkarın özünün 100 illik yubileyidir. Ömür-gün dostu Kəmalə Ağayevanın ona həsr etdiyi misralar yada düşür:

Xəyalım nədir ki, canımdasan sən,

Könlümdə, gözümdə, qanımdasan sən.

Həsrətin o qədər aşıb-daşır ki,

Elə bilirəm ki, yanımdasan sən...

Ə.DOSTƏLİ  
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see282

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see262

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

24 İyul 2026 20:59see202

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see191

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see187

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see187

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see182

Bu havada çölə çıxmaq təhlükəli ola bilər Professor xəbərdarlıq ETDİ

24 İyul 2026 20:03see177

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see176

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see176

Conni Depp böyük ekrana qayıdır...

24 İyul 2026 21:50see175

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see172

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see172

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see170

“Aslanlar” Avstriyada uduzdu

25 İyul 2026 00:06see170

Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşır Zelenski açıqladı

25 İyul 2026 00:11see169

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see166

Nigar Camal “Dream Fest”də diqqət çəkdi VİDEO

25 İyul 2026 01:35see159

Yaponiyada qadınların orta yaş göstəricisinə görə yeni rekord müəyyənləşdi

25 İyul 2026 05:21see159

Dırnaqlardakı 5 dəyişiklik bu xəstəliklərin əlamətidir

25 İyul 2026 02:01see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri