Naxçıvanlıları qorxuya salan məsələ: gizli xəstəlik... RƏSMİ CAVAB
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Azərbaycanın bəzi bölgələrində dabaq xəstəliyinin yayılması ciddi narahatlıq doğurur. Belə ki, Naxçıvanda bunun sürətlə artdığı və gizli saxlanıldığı iddia edilir. Bildirilir ki, artıq minlərlə mal-qara tələf olmaq təhlükəsi ilə üz-üzədir.
Globalinfo.az məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlayıb.
Bildirilib ki, hazırda Naxçıvanda dabaq xəstəliyinin yayılması ilə bağlı rəsmi təsdiqlənmiş heç bir hal qeydə alınmayıb:
“Epizootik vəziyyət sabitdir və tam nəzarət altındadır. Hər il olduğu kimi, 2025-ci ildə də təsdiq edilən “Epizootiya Əleyhinə Tədbirlər Planı” çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına profilaktik peyvəndləmə və digər qabaqlayıcı tədbirlər sistemli şəkildə icra olunub. Bu ilin ilk 9 ayında da iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq da daxil olmaqla, bir sıra xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Müvafiq qurumlar – Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) epizootik vəziyyətin nəzarətdə saxlanılması məqsədilə epizootoloji monitorinqlər həyata keçirir. Şübhəli bilinən heyvanlardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutuna laborator müayinəyə göndərilir, risk dəyərləndirmələri aparılır. Bununla yanaşı, təsərrüfat sahibləri maarifləndirilir, ərazi üzrə baytarlıq-sanitariya normalarının icrasına ciddi nəzarət olunur. Aparılan yoxlamalar zamanı heç bir heyvanda ölüm halı qeydə alınmayıb”.
Ləman İmran
Globalinfo.az

