Icma.az
close
up
RU
Nazim Hikmətlə dostluğuna dair kitab yazan yazıçı Orxan Kamal Bolqarıstana niyə getmişdi?

Nazim Hikmətlə dostluğuna dair kitab yazan yazıçı Orxan Kamal Bolqarıstana niyə getmişdi?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

15 sentyabr türk yazıçı və dramaturqu Orxan Kamalın doğum günüdür.

Kulis.az bu münasibətlə Fatih Türkyılmazın "Türk ədəbiyyatının sosial realist yazarı: Orxan Kamal" yazısını təqdim edir.

Əsərləri ilə çağdaş Türkiyə ədəbiyyatında mühüm yer tutan Orxan Kamal 1914-cü il sentyabrın 15-də Adananın Ceyhan bölgəsində dünyaya gəlib. Əsl adı Mehmet Raşit Öğütçü olan yazıçı uşaqlığının ilk illərini Adanada keçirib. Birinci Dünya Müharibəsindən sonra baş verən fransız işğalı səbəbilə, vəkil olan atası Abdülkadir Kamali bəy və ibtidai sinif müəllimi olan anası Azimə xanımla birlikdə Adananı tərk edib.

Ailəsi əvvəlcə Niğdə, sonra Konya şəhərinə köçüb. Daha sonra atası Abdülkadir Kamali bəyin 1-ci Böyük Millət Məclisinə Kastamonudan millət vəkili seçilməsi ilə Ankara şəhərinə köçüblər. Orta təhsilinin son sinfində olarkən, atasının 1930-cu ildə “Əhali Cümhuriyyət Firqəsi” adlı partiya qurmasından sonra baş verən hadisələr nəticəsində ailə Suriyaya köçməyə məcbur olub və Orxan Kamal təhsilini yarımçıq qoyub.

Daha sonra yenidən Adanaya dönən yazıçı burada müxtəlif işlərdə – kənd təsərrüfatı fabriklərində fəhləlik, toxuculuq, anbarda işləmək və katiblik kimi vəzifələrdə çalışıb. Milli Mensucat Fabrikində işləyərkən burada tanış olduğu fəhlə Nuriyə xanımla 5 may 1937-ci ildə evlənib. Cütlüyün dörd övladı dünyaya gəlib.

Yazı həyatına şeirlə başlayan Orxan Kamal, Adanada tanış olduğu İsmayıl Usta vasitəsilə ona gətirilən kitablarla oxumağa böyük maraq göstərib. İlk şeiri 1939-cu ildə “Rəşad Kamal” təxəllüsü ilə yayımlanıb. Daha sonra hekayə və romanlarında “Orxan Kamal ” adından istifadə edərək bu təxəllüslə tanınıb.

Panait İstrati və Maksim Qorki kimi yazıçılardan təsirlənən Orxan Kamalın hekayələri 1941–1943-cü illərdə “Yürüyüş”, “İkdam” qəzetlərində və “Yurt ve Dünya” jurnalında çap olunub.

1951-ci ildə İstanbula köçərək burada hekayələr yazmağa başlayıb. Yazıçı "Yeni Səs", "Yeni Ədəbiyyat", "Yürüyüş" jurnallarında şeirlərini, "Gün" jurnalında isə hekayələrini Hayrullah Güclü, Rüştü Ceyhun, Orxan Raşid imzaları ilə nəşr etdirib. Ssenarilərində isə Ülker Uysal və Yıldız Okur adlarından istifadə edib.

1949-cu ildə nəşr olunan ilk kitabı "Çörək davası" ədəbiyyat aləmində müsbət rəylər alıb.

Orxan Kamal hərbi xidmət zamanı Türkiyə Cinayət Məcəlləsinin 94-cü maddəsini pozduğu iddiası ilə beş il həbs cəzası alıb və Kayseri, Adana və Bursa həbsxanalarında yatıb. Bursa Həbsxanasında böyük şair Nazim Hikmətlə tanış olub və onunla dostluq edib.

Kamal sonralar roman yazmağa meyillənməsini belə izah etmişdi: “Neyçün roman yazıram? Bu ehtiyac haradan gəlir? İstedadımdan. Yaxşı şair ola bilmədiyim üçün hekayəçi oldum. Yaxşı şair ola bilməzdim, çünki qarşımda dağ kimi Nazim var idi. Onu keçmək lazım idi. Nazim keçilməsi çətin və mümkünsüz bir dağdır. O, sonsuz mavi bir dənizdir. Nazim – şeir püskürən bir vulkandır.”

Bu dostluqdan bəhs edən “Nazim Hikmətlə 3,5 il" adlı kitabını da yazıb. 1965-ci ildə yayımlanan bu xatirə kitabı həm də hər iki sənətçinin sənət görüşləri ilə bağlı dəyərli məlumatlar verir.

Əsərlərində cəmiyyətin dəyişmə dövrlərini, insan və toplum münasibətlərini realist üslubla qələmə alan Orxan Kamal müxtəlif sosial təbəqələrin gündəlik həyatını, “çörək davası”nı anladıb və buna görə də çağdaş Türk ədəbiyyatında özünəməxsus yer qazanıb.

1950-ci illərdə ssenari və film hekayələri yazmağa başlayan Orxan Kamal Türk kinosuna da mühüm töhfələr verib. Onun əsərləri 1960-cı illərdən etibarən filmlərə çevrilməyə başlanıb.

Ssenaristliyə başlaması ilə bağlı xatirələrində yazırdı: "Bir gün dostum (Macit Cevat Doğudan) mənə dedi: 'Niyə ssenari yazmırsan?' Ssenarinin film hekayəsi olduğunu bilirdim, amma o günə qədər heç vaxt maraqlanmamış, ssenari necə yazılır, heç təsəvvür etməmişdim. Yazılmış ssenari belə görməmişdim."

Onun ssenarisi əsasında çəkilən ilk film Atıf Yılmazın 1960-cı ildə çəkdiyi "Suçlu" filmi olub.

Ədəbiyyatçılar arasında kino sahəsinə maraq göstərən az olsa da, Orxan Kamal bu sahəyə dərin maraq göstərib, 1963-cü ildə “Ssenari texnikası" adlı kitab yazaraq burada ssenari yazmaqla bağlı texniki anlayışlara yer vermiş və Mətin Erksanın "Gecələrin Ötəsi" filmini nümunə olaraq analiz edib.

1958-ci ildə "Qardaş payı" hekayəsi ilə, 1969-cu ildə isə "Əvvəlcə çörək" əsəri ilə “Sait Faiq Hekayə Ərməğanı" mükafatını qazanıb. “Əvvəlcə çörək” eyni zamanda Türk Dil Qurumu tərəfindən "Hekayə Mükafatı"na layiq görülüb.

1958-ci ildə yazdığı "Dövlət quşu" romanından uyğunlaşdırdığı 3 pərdədən ibarət "İspinozlar" adlı ilk pyesi 1964–1965 teatr mövsümündə İstanbul şəhər teatrlarında səhnələşdirilib.

"72-ci koğuş" əsəri ilə 1967-ci ildə Ankara Sənətsevərlər Dərnəyi tərəfindən “Ən Yaxşı Pyes Yazarı” seçilib.

1963-cü ildə onun "Küçələrin uşağı", "Qanlı torpaqlar", "Məhəllə davası" və "Dünyada hərb vardı" adlı əsərləri nəşr olunub.

1970-ci ildə baba nənəsinin köklərinin olduğu bölgələri görmək, notlar almaq və “93-dən bu yana" adlı ailə tarixçəsini yazmaq məqsədilə Bolqarıstan Yazıçılar Birliyinin dəvəti ilə Sofiyaya gedib. Burada ürək tutması keçirərək xəstəxanaya yerləşdirilib.

Orxan Kamal 1970-ci il iyunun 2-də, 56 yaşında Sofiyada vəfat edib və nəşi Türkiyəyə gətirilərək 5 iyun tarixində İstanbulda Zincirliquyu qəbiristanlığında dəfn olunub.

Onun ölümündən iki il sonra yaradılan “Orxan Kamal Roman Ərmağanı” mükafatı bu günədək Ədalət Ağaoğlu, Orxan Pamuk, Yaşar Kamal, Necati Cumalı, Hıfzı Topuz kimi tanınmış yazıçıların əsərlərinə verilib.

2000-ci il sentyabrın 15-də açılmış Orxan Kamal Muzeyində yazıçının fotoları, əsərlərinin ilk nəşrləri, yazı masası, məktubları, eynəyi və geyimləri ilə yanaşı, atası Abdülkadir Kamali bəyin şəxsi əşyaları da nümayiş etdirilir.

Orxan Kamal öz sənətini bu sözlərlə ifadə edib: "Sənətimin məqsədi... İnsanlığın, insanlıq tərəfindən, insanlıq üçün idarə olunması uğrunda mübarizə adına sənətdir."

Yazıçının ədəbi irsinə nəzər yetirdikdə görürük ki, o, həyatının müxtəlif dövrlərində fərqli janrlarda məhsuldar şəkildə çalışıb. Ümumilikdə onun 27 romanı, 12 hekayə kitabı, 5 teatr əsəri, müxtəlif jurnallarda yayımlanmış şeirləri, 9-u filmə uyğunlaşdırılmış olmaqla 10 ssenarisi və 3 film hekayəsi mövcuddur.

Orxan Kamal Türkiyə ədəbiyyatında realist üslubun ən önəmli təmsilçilərindən biri olub, cəmiyyətin ən sadə, lakin ən əzabkeş təbəqələrinə – fəhlələr, yoxsullar, əzilən insanların gündəlik mübarizəsini böyük sənət ustalığı ilə kağıza köçürüb. O, yalnız ədəbiyyatçı deyil, həm də cəmiyyətin aynası olmuş bir ziyalı kimi yaddaşlarda qalıb.

Bu səbəblə Orxan Kamal təkcə yazdıqları ilə deyil, həm də insanı və cəmiyyəti anlayan, onu bütün çılpaqlığı ilə oxucuya təqdim edən sənətkar kimi ədəbi yaddaşda silinməz iz buraxıb.

"Üzüklərin hökmdarı"nın Qandalf və Frodosu geri qayıdır II Kəlağayı Festivalı keçiriləcək Nonna Vinnitskaya: "Çingiz Abdullayev mənim xəstəm olub" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see238

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see175

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see167

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see149

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see139

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see138

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see135

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see134

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see134

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see130

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see130

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see128

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see127

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see127

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see125

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see125

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see125

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see124

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri