Icma.az
close
up
RU
Nə yaxşı ki müəllim olmuşam

Nə yaxşı ki müəllim olmuşam

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşədir müəllimlik. O, hər şeydən əvvəl bir Tanrı sənətidir (Pluton). Həm də sadəcə sənət deyil, bir missiyadır. İnsana və insanlığa birbaşa xidmətdir. Dinimizdə  müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan da özünü müəllim adlandırır ("Bəqərə" surəsi 31-ci ayə).

Ümummilli liderimiz Heydər Əliyev də həmişə müəllimlik peşəsinin müqəddəsliyini vurğulayırdı. O deyirdi ki, "Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram".

Mənə elə gəlir ki, əsl müəllimlik bir vergidir, Allah bunu əvvəlcədən insanın alnına yazır. Və onu ilahi bir işığı daşıyıb yaymağa məhkum edir.

Mənim müəllimliyə lap uşaqlıqdan həvəsim vardı. Hələ ibtidai siniflərdə oxuyanda bazar günləri həyətimizdə özümdən balacaları başıma toplayar, daşlardan "parta" düzəldər, həyət darvazasını "yazı taxtası" edər, uşaqları daşların  üstündə oturdub, onlara "dərs keçərdim". Sinif müəllimim Mürsəl müəllim kimi. Hətta "dərslərimdə" onun sözlərini də olduğu kimi təkrar edərdim.  Sonralar başa düşdüm ki, bu, bir uşaq marağı deyilmiş. Sən demə, Allah elə o vaxtlardan mənim də alın yazımı yazırmış.

Orta məktəbi bitirib ali məktəbə qəbul imtahanlarına hazırlaşırdım. İxtisas seçimində ailə üzvlərim israrla "nüfuzlu" ixtisasları seçməyimi istəyirdilər. Lakin mən özümü müəllimlikdən başqa, heç bir peşədə təsəvvür edə bilmirdim. Ona görə də tərəddüd etmədən müəllimliyi seçdim. Düz 50 il öncə indiki ADPU-nun filologiya fakültəsinə qəbul oldum.

Müəllim sarıdan bəxtim həmişə gətirdi. Qismətimdən mükəmməl müəllimlərim oldu. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Həqiqət müəllim, Sayad müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs aldım. Ali məktəbdə isə Afat Qurbanov, Mürsəl Həkimov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev, Məmmədsəlim Tahirli, Məmmədbağır Həyatzadə, Adilə Bəşirova və İsmayıl Şıxlı kimi tanınmış pedaqoqlarım oldu.

Onlar mənim uğurlu günlərimə gedən yolumun mayakı, özgüvən və cəsarət simvolum, ruhumun memarı, sabahımı yaradanlar oldular. İlham mələyimə ruh verdilər, ruh halıma xoşbəxlik gətirdilər, gücüm, qüvvətim olub, könlümdə taxt qurdular.

Müəllimlərim mənə təkcə elm öyrətmədilər, həm də əsl müəllimliyin sirlərini öyrətdilər. Öyrətdilər ki, müəllimlik cəmiyyətin, bütün insanların diqqət mərkəzində olan peşədir. "Sosial inkişafın və tərəqqinin hərəkətverici qüvvəsi, ölkənin ərazi bütövlüyünün və Vətənin müdafiəsinin ən təsirli silahı təhsildir"sə (Ə.Səncər), təhsildə də əsas sima müəllimdir. Müəllim hər bir millətin, xalqın inkişafında həlledici şəxsdir. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir. O, zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı, yüksək əqidə və amal sahibi, öz peşəsinin vurğunu, maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır.

Müəllimlərim həm də öyrətdilər ki, bu peşə ilə məşğul olan hər bir kəs onun müqəddəsliyini dərk etməli və öz peşəsinin şərəfini uca tutmalıdır. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn xələfləri üçün qazanmalı və qoruyub saxlamalıdır. O, mənəvi keyfiyyətlərindən, akademik biliyindən və peşə qabiliyyətlərindən tutmuş danışığına, insan və hadisələrə ədalətli münasibətinə, geyiminə, oturub-duruşuna kimi hər şeyə diqqət etməlidir. Həyata baxışı, səmimiyyəti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.  Hamıya nümunə olmaq onun borcudur. Çünki müəllim o kəs deyil ki, ancaq öyrədir, həm də o kəsdir ki, hamı ondan öyrənir, nümunə götürür. Ona görə də müəllimin didaktik, perseptiv, suqqestiv (təlqin), kommunikativ, təşkilatçılıq qabiliyyəti ilə yanaşı, insani keyfiyyətləri, erudisiya və empatiyası  da yüksək olmalıdır.

Burada bir haşiyə çıxaraq təəssüflə qeyd etmək istərdim ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, "Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir". A.Eynşteyn isə deyirdi ki, "Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir". İndi əsas vəzifələrdən biri də "itirilmiş ənənənin" bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Çünki müəllimin nüfuzu onun mənəvi statusudur, digərlərinə təsir etmək qüvvəsidir, təlim-tərbiyədə müstəsna amildir. Onu da qeyd edim ki, müəllim nüfuzunun yüksəldilməsi müəllimin özündən daha çox asılıdır. Çoxillik təcrübəmdən görmüşəm ki, zamandan geri qalmayan, daim oxuyub öyrənən, dərin bilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu həmişə yüksək olub.

Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə dahi Üzeyir bəy Hacıbəyov vaxt ilə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir... Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəshi-ruzi vasitəsi axtarsın".

Qayıdaq söhbətimizin davamına. Nəhayət, tələbəlik illəri başa çatdı, müəllim kimi fəaliyyətə başladım. Bütün ömrüm müəllimlik etməklə keçdi. Nə danım, fəaliyyətimin ilk aylarında çətinliklərim  də az olmadı. Amma öz müəllimlərimin, həmkar yoldaşlarımın və məktəb rəhbərlərinin təklif, tövsiyə və məsləhətlərini nəzərə almaqla qısa müddətdə işləri qaydasına sala bildim. Həm öz işimi, həm də fənnimi çox sevdim. Məktəb ikinci evim, sinif isə geniş bir ailəm oldu.

Təlim-tərbiyə şəxsiyyətlərarası münasibətlər vasitəsi ilə başlayır və bitir. Türklər demişkən, "gönüllere girilmeden kafalara girilmiyor". Əsl müəllim şagirdlərinin şüurunun və gələcəyinin memarıdır. V.Suxomlinskinin təbirincə desək, o, "ürəyini uşaqlara verməyi" bacarmalıdır. L.N.Tolstoy deyərmiş ki, öz işini sevən müəllim yaxşı müəllimdir, uşaqları və fənnini də sevən müəllim isə əla müəllimdir. Onu da bilirdim ki, uşaqlar arasında çox çalışqan və zəkalı olanlar da olacaq, dəcəl və tənbəl olanlar da. Amma mən fərq qoymadan onların hamısı ilə dost, yoldaş və sirdaş oldum, qəlblərinə yol tapmağa çalışdım. İş prosesində onların ruh halını, hiss və maraqlarını nəzərə aldım.

Əsas vəzifəm sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsədilməsi ilə yanaşı, xalq və dövlət qarşısında öz məsuliyyətini dərk edən, milli ənənələrə və demokratiya prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət formalaşdırmaq; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan müasir təfəkkürlü insan yetişdirmək oldu. Fikrimcə, müəllimliyin insanlıq fəlsəfəsinin mahiyyəti də elə budur. 

Ona görə də əsas məqsədim parlaq gələcəyə sahib uğurlu və vətənpərvər gənclər yetişdirmək,  onlara əsl insan olmağın yolunu öyrətmək oldu. Çoxillik pedaqoji fəaliyyətim dövründə şagirdlərimə ancaq dərs anlatmadım, onlara həyati dəyərləri, sevgini və insanlığı öyrətdim. Bilikli, həm də milli-mənəvi keyfiyyətlərə və ümumbəşəri dəyərlərə sahiblənmiş gənclər yetişdirməyə səy etdim. Şagirdlərimin həyatına şəfqət, inam və gözəl əxlaq toxumları səpməyə çalışdım. Xalq və Vətən sevgisini hər bir gəncin ürəyinə hopdurnağa səy göstərdim. Onların analitik, yaradıcı və tənqidi təfəkkürlərinin inkişafına çalışdım. Bunu əsas vəzifəm və borcum saydım.      

Pedaqoji fəaliyyətim ərzində həmişə öyrətməyi sevdim, amma təhsil kurikulumlarının mənimsənilməsini daha yaxşı təmin etmək, şagirdlərimi əsl vətəndaş kimi formalaşdırmaq üçün yeni pedaqoji texnologiyaları öyrənməyi, özümün peşə-ixtisas və ümumi mədəni səviyyəmi yüksəltməyi də unutmadım.  Beynəlxalq və yerli təcrübələrin, müasir təhsil çağırışlarının öyrənilməsi gündəlik qayğılarım oldu. Oxuyub öyrənmədiyim günləri ömrümdən saymadım. Çünki "Diplomum var, müəlliməm", - deməklə müəllimlik olmur.

Fəaliyyətim ərzində müasir təhsilin çağırışlarına cavab verən iş təcrübələrinin öyrənilərək yayılmasını çox faydalı hesab etdim. Ona görə də  həmişə qabaqcıl təcrübəni, həm də öz iş təcrübəmi həmkarlarımla bölüşdüm, məsləhət və tövsiyələrimi onlardan əsirgəmədim. Yeni işə başlayan onlarla gənc müəllimin himayəçisi oldum. Təhsil Nazirliyinin qrifi ilə metodik tövsiyələrim işıq üzü gördü. Çoxu pedaqoji mövzuda olan 300-dən çox məqaləm dərc edildi. Dörd kitabımdan ikisi 125 yaşlı doğma məktəbimin tarixinə, burada formalaşmış müsbət və mütərəqqi iş təcrübəsinin ümumiləşdirilməsinə və yayılmasına həsr edildi. Öz iş təcrübəm isə ETN-nin sərəncamı ilə öyrənilərək ölkə miqyasında yayıldı. Bu barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc olundu, kitablarda geniş məlumatlar verildi.

Müəllimlik missiyamı həyata keçirmək üçün uzun bir yol keçdim. Bu illərdə fəailiyyətim təkcə məktəblə məhdudlaşmadı. Regionun, eləcədə ölkənin içtimai həyatında fəal iştirak etdim. Azərbaycan müəllimlərinin qurultaylarından tutmuş respublika səviyyəli digər çoxsaylı pedaqoji tədbirlərin fəal iştirakçılarından, həmçinin I-XI siniflər üzrə "Azərbaycan Respublikasının ümümtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu)"nı hazırlayan işçi qrupunun üzvlərindən biri oldum. "İlin ən yaxşı müəllimi" müsabiqəsinin, pedaqoji mühazirələrin respublika turunun, müxtəlif layihələrin, digər çoxsaylı müsabiqə və baxışların da  qalibi oldum. Çoxlu təltiflərə, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görüldüm. 

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərimə görə "Əməkdar müəllim" fəxri adı ilə təltif olundum.

Düz 45 il müəllimlik etdim. İndi geri dönüb baxanda görürəm ki, yüzlərlə gəncin yetişməsində, Vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında mənim də payım var.  Bununla fəxr edir və sevinirəm.

Bu illərdə yaşım sinifdən-sinfə adlayan şagirdlərimin yaşı ilə birgə artdı. Həyatdakı ən qiymətli hədiyyəm şagirdlərimin uğurları, ən gözəl bayramım onların uğurlarına sevindiyim günlər oldu. Ruhum onların sevgisi ilə qidalandı. 

İndi öz keçmiş şagirdlərimin yaddaşında yaşayıram. Onların yaddaşında mənim müəllimlik illərim, mənim yaddaşımda onların uşaqlıq və gənclik çağları daşlaşıb qalıb.

Nə yaxşı ki müəllim olmuşam. Nə yaxşı ki bir müəllim ömrü yaşamışam!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri