Neft Şirkətimiz ABŞ ın təbii qaz bazarında
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan bu ölkəyə 1,65 milyard dollarlıq investisiya yatıracaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Comstock” şirkəti ilə 1,65 milyard dollar dəyərində strateji investisiya sazişi imzalayıb. Müqavilə SOCAR-a ABŞ-ın ən mühüm təbii qaz hasilatı bölgələrindən biri olan Haynesville hövzəsində kəşfiyyat, hasilat və qaz infrastrukturunda iştirak imkanı yaradır.
Sövdələşmənin əsas mahiyyəti SOCAR-ın ABŞ-da fəaliyyət göstərən “Comstock” şirkətinin bir sıra aktivlərində azlıq payı əldə etməsidir. Belə ki, Azərbaycan şirkəti “Legacy Haynesville” layihəsində “Comstock”un iştirak payının 20 faizini, “Western Haynesville” layihəsində isə 15 faizini əldə edir. Bundan əlavə, SOCAR “Comstock”un “Pinnacle Gas Services LLC” şirkətindəki 73 faizlik iştirak payının 15 faizini də alır.
Burada mühüm məqam ondan ibarətdir ki, investisiya həm birbaşa qazın kəşfiyyatı və hasilatını, həm də hasil olunan qazın toplanması və emalı infrastrukturunu əhatə edir. Energetika sektorunda “upstream” adlandırılan birinci istiqamət yataqların işlənməsi və hasilatla, “midstream” isə qazın nəqli, toplanması və ilkin emalı ilə bağlı fəaliyyətləri əhatə edir. Beləliklə, SOCAR ABŞ-ın qaz sənayesində dəyər zəncirinin müxtəlif mərhələlərində iştirak əldə edir.
Qeyd edək ki, Haynesville şist qazı hövzəsi ABŞ-ın Luiziana və Texas ştatlarında yerləşir. Bu ərazinin üstünlüklərindən biri Meksika körfəzi sahilindəki enerji bazarlarına və mayeləşdirilmiş təbii qaz (LNG) ixracı infrastrukturuna yaxınlığıdır. Bu amil hasil olunan qazın daxili bazarla yanaşı, beynəlxalq enerji bazarlarına çıxarılması baxımından da əhəmiyyətlidir.
Müqavilənin diqqətçəkən tərəflərindən biri də SOCAR-ın əməliyyatların idarə edilməsində iştirak hüququ əldə etməməsidir. Başqa sözlə, Azərbaycan şirkəti maliyyə və iqtisadi baxımdan layihələrdə tərəfdaş olacaq, lakin hasilat və digər əməliyyat proseslərini “Comstock” idarə etməkdə davam edəcək. Bu model SOCAR-a aktivlərin idarə olunması ilə bağlı gündəlik əməliyyat məsuliyyətini üzərinə götürmədən investisiyadan gəlir əldə etmək imkanı yaradır.
Digər mühüm şərtə əsasən, “Western Haynesville” layihəsində SOCAR-ın ilkin 15 faizlik iştirak payı beş il keçdikdən və yatırılmış investisiyanın gəlirliliyi 15 faizə çatdıqdan sonra 7,5 faizə endiriləcək.
Ümumilikdə, 1,65 milyard dollarlıq bu saziş SOCAR-ın beynəlxalq investisiya portfelinin genişləndirilməsi, ABŞ-ın enerji sektorunda mövqelərinin gücləndirilməsi və qlobal təbii qaz bazarına çıxış imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Tərəflər arasında daha əvvəl müəyyənləşdirilmiş strateji əməkdaşlıq çərçivəsində Haynesville hövzəsində hasil olunan qazın beynəlxalq bazarlara, o cümlədən LNG formasında çıxarılması imkanlarının araşdırılması da nəzərdə tutulur.
Əməliyyatın qüvvəyə minmə tarixi 2026-cı il iyulun 1-i müəyyən edilib. Bununla belə, sövdələşmənin tam yekunlaşması üçün müvafiq dövlət qurumlarının razılığı və digər hüquqi prosedurların başa çatdırılması tələb olunur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Noyabr 2026 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















