Icma.az
close
up
RU
Nənələrimizin çörək ətirli təndiri

Nənələrimizin çörək ətirli təndiri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Min illər boyu nəsildən-nəslə keçən çörəkbişirməni Azərbaycanda el sənəti adlandırırlar. Odur ki, 2024-cü ildə Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.

Gündəlik qida rasionumuzda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayaraq, onu Quranla bərabər tuturuq. Həmişə dar məqamlarda “çörək haqqı”, - deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyimizi diləyir, ən hörmətli qonağımızı duz-çörəklə qarşılayırıq. Azərbaycan mədəniyyətində təndir çörəyi sadəcə qida deyil, həm də bərəkət, isti ocaq və ailə birliyinin rəmzidir.

Hərdən oturub sakitcə xəyallara dalıram. Bu xəyalları məni bir anlığa paytaxtdan 200 kilometrlik məsafədə yerləşən kəndimizə aparır. Ötən günlər, illər, acılı-şirinli uşaqlıq çağlarım yaddaşımı sanki yeniləyir. Ən çox təndir çörəyinin ətri yada düşür. Sübh tezdən kündə tutan, çörək yapan qonşularımızın səs-küylü şirin söhbətlərini xatırladıqca, üzümə kövrək təbəssüm qonur. O vaxtlar qonşuların da mehribanlığı bir başqa idi. Bir-birinin sevincini də, kədərini də birgə bölüşərdilər. Bu mehribanlıq həm də uşaqların tərbiyəsinə müsbət təsir göstərirdi. Uşaqlar böyüklərin davranışından nümunə götürür, paylaşmağı, hörmət etməyi öyrənirdilər. Kimin evində şad gün varsa, qonşular sevinci paylaşır, çətin günlərdə isə bir-birinə dayaq olurdular.

Üzünə yumurta yaxılmış xəmir kündələr təndirin ortasında korun-korun yanan ocağın istisindən aram-aram qızararaq buğda unundan bişən çörəyin xoş və məftunedici ətri xeyli aralıdan hiss olunurdu. Ətrafa yayılan bihuşedici qoxuda ana əllərinin istiliyi, nənə dualarının səssiz pıçıltısı var idi. Sanki təndirin isti nəfəsi evin içinə də bərəkət gətirirdi. O qoxu evin qapısını bağlamırdı–sanki ürəkləri açırdı. Orada torpağın nəfəsi, odun səsi, dua kimi pıçıldanan ümidlər vardı.

Hər tikə çörək bir xatirə olurdu, hər xatirə bir ömür parçası. Soyuq havada təndir başında pürrəngi çay, kənd pendiri və isti təndir çörəyinin dadını heç nə verməzdi. Burada bişən çörək, torpaqdan qalxan bu qoxu sanki günəşlə yoğrulurdu.

Alatoranlı səhər günəşi torpağın sinəsini isidəndə, təndir də oyanırdı. Torpaqdan doğulan alov göyə boylanır, közün içində çörək qızarardı. O an kəndin üzərinə bir qoxu yayılırdı–nə tüstüyə bənzərdi, nə də adi çörəyə. Bu, həyatın öz ətri idi.

Odun tədarükünə yay aylarından başlanardı. Dekabr ayının ortalarında pambıq sahələri elə ki, şumlandı, hamı traktorun qoşqusunda “pambıq çöpü” daşıyardı. Evimizin qarşısındakı su kanalının ətrafındakı qurumuş kolları qırıb təndir ətrafına toplayardıq.

Hər birimizin yaddaşında təndir çörəyi ilə bağlı bir isti xatirə var: kimsə nənəsinin, anasının bişirdiyi çörəyi xatırlayır, kimsə də kənddə təndir başında yığılan qadınların səsini, kimsə də isti çörəyin üzərinə çəkilən təzə qaymağın ətrini… Onun içində bişən hər tikə həm zəhmətin, həm sevginin, həm də bərəkətin təcəssümü idi. Təndir çörəyinin hər tikəsində torpağın dadı, anaların əlləri, xalqın ruhu var. Xəmirin sevgi ilə yoğrulması, təndirin divarına ustalıqla yapışdırılması və qısa müddət sonra qızarmış, xırt-xırt səslə çıxarılması kənd həyatının ən gözəl səhnələrindən biri idi. İsti çörəkdən qopan buxar, onun qızarmış qabığı və içinin yumşaqlığı insanı özünə çəkir.

Elə buna görə də deyirlər ki, təndir çörəyinin ətrindən doymaq olmur. Çünki bu ətrə yalnız aclıq yox, həm də xatirələr, doğmalıq və torpaq sevgisi qarışır. Təndir çörəyinin ətri isə, illər keçsə də, dəyişmir–hər dəfə eyni istiliyi, eyni doğmalığı insanın qəlbinə gətirir. Nənələrimizin yoğurduğu xəmir təkcə undan, sudan ibarət olmurdu. O xəmirə zəhmət və sevgi qatılırdı. Çörək bişirən nənələrimiz də milli adət-ənənələrimizi yaşadan, zəhmətin müqəddəsliyini qoruyan insanlar idi. Nənələr təndir başında səbirlə dayanar, qızarılan çörəkləri üst-üstə düzər, diqqətlə baxardılar. Odur ki, onların əllərinin istiliyi təndir çörəyinin ətri kimi yaddaşlarda uzun müddət qalacaq.

Ölkəmizdə təndirin bir neçə növü mövcud olub. Amma yerüstü və yerlə bərabər (yeraltı) olan təndirlərdən istifadə daha geniş yayılıb. Bəzi dağlıq rayonlarında təndiri, hətta evlərin içində elə quraşdırırlar ki, qışda ondan təkcə çörəkbişirmə məqsədilə deyil, həm də evi qızdırmaq üçün istifadə edirlər.

Uzun illərdir ki, tanıdığım Elmira nənə böyük külfət sahibi olub. 5 qız, 5 oğlan dünyaya gətirib. Ailə çörəyə olan ehtiyaclarını həftədə iki dəfə təndirdə bişirməklə ödəyib. Nənə həm də təndir düzəldib satmaqla da çörəkpulu qazanıb. Hər gün qabarlı əllərini üzünə çəkəndə o illərdə çəkdiyi zəhmət yadına düşür.

Elmira nənə deyir: “Təndir xeyir-bərəkət rəmzi olub, qurmaq isə ən savab iş sayılıb. Təndirə çörək yapılan gün həmişə həyət-bacada sevinc, şadlıq olardı. Təzə çıxmış çörək qədər xoş, iştah açan, ətri və dadı olan başqa nemət təsəvvür etmək çətindir. Ona görə də el arasında deyirlər ki, “Təzə çörək çıxdı təndirdən, minnəti yox pendirdən”.

Elmira nənə həm də təndir düzəltməklə də ailənin dolanışığına kömək edib. Qeyd edir ki, “təndiri düzəldən zaman öncə onun torpağı düzgün seçilməlidir. Torpağı su və heyvan tükü ilə yaxşıca yoğrulur, 7-8 gün saxlanılır. Heyvan tükü təndirin möhkəmliyində əsas rolu oynayır. Hər ay 10-dan artıq təndir düzəldərdim. Hətta qonşu rayonlardan da gəlib sifariş edirdilər. Düzəltdiyim təndirlər üç hissədən ibarət olurdu. Birinci layı düzəldikdən sonra vacib idi ki, onun qurumasını gözləyək. Ümumilikdə, təndirin hazır olması üçün 25 gün sərf olunurdu.

Əgər qaydasında etməsən, bir-iki dəfə çörək bişirdikdən sonra parça-parça olurdu. Üç-dörd ildən sonra çölünü tez-tez şirələyir, uçuq yerlərini palçıqla yamayırdıq ki, ömrü lap uzun olsun. Əkdiyimiz və üyütdüyümüz buğdanın da ətri bambaşqa idi. Çünki təndirdə bişirilən çörək dadlı olur. Qonum-qonşuya təzə çörək payı göndərərdik. Adətə görə təndirdən təzə çıxan ilk çörəyi bıçaqla yox, mütləq əllə kəsmək lazımdır. Təndirə çörək yapmaq isə bir qədər çətin və ustalıq tələb edən işdir. Elə günlər olurdu ki, kiminsə evinə gözlənilmədən qonaq gəlirdi. Çörəyi az olardısa, qonşulara üz tutardı. Bilirdik ki, bu gün filan qonşu təndirdə çörək bişirib”.

Müqəddəs neməti uca tutmaq və qorumaq hamımızın ən ümdə borcudur. Hər zaman dəyirmanlarımız taxıllı, anbarlarımız dolu, çuvallarımız unlu, evlərimiz, süfrələrimiz çörəkli olsun. Kəhraba buğdadan bişən təndir çörəyinin ətri bütün aləmə yayılsın!

Təndir ətri keçmişin səsi, bu günün nəfəsi, sabahın ümididir. O qoxu olan yerdə ev var, ocaq və həyat var.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 03:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri