Nəqliyyat dəhlizindən Qayıdış dəhlizinə
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zəngəzur layihəsinin humanitar səciyyəsi
Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi elmi ədəbiyyatda, əsasən, geosiyasi rəqabət və nəqliyyat-logistikanın perspektivi baxımından təhlil olunur. Lakin "Zəngəzur dəhlizi" kimi tanınan layihə özünə daha bir mühüm və fərqli – humanitar və sülhquruculuğu ilə bağlı yanaşmanı da şərtləndirir.
Məsələ bundadır ki, regional kommunikasiya dəhlizləri yalnız yük və sərnişin axınlarının deyil, həm də etimadın, təmasın və potensial qayıdış proseslərinin infrastrukturu kimi konseptuallaşdırıla bilər. Bu tezisin aktuallığı 2022–2026-cı illərin geosiyasi konyunkturu ilə əsaslandırılır. Rusiya–Ukrayna müharibəsi nəticəsində Şimal marşrutunun “aşınması”, 2025-ci il Yaxın Şərq hərbi-siyasi böhranından sonra Cənub marşrutlarının “təhlükəçantası”nın şişməsi və türk dövlətlərinin inteqrasiya dinamikası Cənubi Qafqaz keçidini sistem zərurətinə çevirir və humanitar komponentin layihə dizaynına daxil edilməsi üçün tarixi fürsət pəncərəsi açır.
Geoiqtisadi infrastruktur qovşağı
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi regionda "bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını" nəzərdə tutmaqla Cənubi Qafqazda yeni geoiqtisadi diskursun əsasını qoydu. Sonrakı illərdə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın Syunik (tarixi Zəngəzur) bölgəsindən keçməklə birləşdirəcək marşrut – Azərbaycan diskursunda "Zəngəzur dəhlizi", Ermənistan diskursunda isə "Sülhün kəsişməsi" adı ilə regional və qlobal gündəmin mərkəzi mövzularından birinə çevrildi.
2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində marşrutun beynəlxalq iştirakla reallaşdırılması modeli – "Beynəlxalq Sülh və Tərəqqi üçün Tramp Marşrutu" (TRIPP) müzakirəyə çıxarıldıqdan sonra mövzu praktik icra mərhələsinə yaxınlaşdı.
Mövcud elmi və analitik ədəbiyyatda bu layihə, demək olar ki, tam şəkildə 3 diskursda təhlil olunur: geosiyasi – böyük dövlətlərin (Rusiya, Türkiyə, İran, ABŞ, Aİ, Çin) maraqlarının toqquşması və "Orta Dəhliz"in konfiqurasiyası kontekstində; geoiqtisadi – tranzit gəlirləri, logistika xərclərinin azalması və regional ticarətin diversifikasiyası kontekstində; təhlükəsizlik – suverenlik, nəzarət rejimi və ekstraterritoriallıq mübahisələri kontekstində. Halbuki münaqişədən sonrakı cəmiyyətlərin təcrübəsi göstərir ki, fiziki kommunikasiya infrastrukturu, eyni zamanda, sosial funksiya daşıyır: o, obyektiv səbəblər üzündən ayrı düşmüş icmalar arasında təmas müstəvisini genişləndirir, iqtisadi qarşılıqlı asılılıq yaradır və uzunmüddətli perspektivdə məcburi köçkünlük nəticələrinin aradan qaldırılması üçün maddi baza formalaşdırır.
Zəngəzur dəhlizi barədə çox yazılıb və yazılır. Məqsədimiz kiçik bir məqalə çərçivəsidə Zəngəzur layihəsini indiyədək sistemli tədqiq olunmamış humanitar müstəvidə konseptuallaşdırmaqdır. Əsas sual budur: regional kommunikasiya dəhlizi hansı şərtlər daxilində etimad quruculuğunun və potensial qayıdış proseslərinin infrastrukturuna çevrilə bilər?
"Dəhliz" anlayışını 3 analitik səviyyədə nəzərdən keçirmək mümkündür: geoiqtisadi kontekstdə – yük və sərnişin axınlarının cəmləşdiyi xətti infrastruktur qurşağı kimi; funksional kontekstdə – qarşılıqlı asılılıq mexanizmi kimi (beynəlxalq münasibətlər nəzəriyyəsində funksionalizm və neofunksionalizm məktəbləri sülhün siyasi bəyannamələrdən deyil, texniki-iqtisadi əməkdaşlığın tədricən genişlənməsindən ("spillover" effekti) doğduğunu əsaslandırırlar); humanitar – sülh infrastrukturu və qayıdış məkanı kimi
Geosiyasi konyunktur: dəhlizlərin zərurəti və humanitar pəncərə
Qayıdış dəhlizi hipotezinin aktuallığı yalnız nəzəri mülahizələrdən deyil, 2022–2026-cı illərdə Avrasiya məkanında baş verən struktur dəyişikliklərindən qaynaqlanır. Bu dəyişikliklər regional kommunikasiya layihələrini fakultativ imkandan sistem zərurətinə çevirmişdir və məhz bu vazkeçilməzlik amili humanitar gündəm üçün tarixi pəncərə açır.
Hazırda Şimal marşrutunun “axsaması” və "Orta Dəhliz"in yüksəlişindən bəhs etmək mümkündür. Rusiya–Ukrayna müharibəsi və onun doğurduğu sanksiya rejimi Avropa-Asiya yük axınlarının ənənəvi Şimal marşrutundan (Rusiya ərazisindən keçən Trans-Sibir xətti) yayınmasına səbəb olmuşdur. Bu şəraitdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ("Orta Dəhliz") üzrə daşımalar 2021-ci illə müqayisədə dəfələrlə artmış, Dünya Bankının qiymətləndirməsinə görə marşrutun potensial yük dövriyyəsi 2030-cu ilədək 11 milyon tona çatdırıla bilər.
Lakin Orta Dəhlizin əsas "başağrılarından" biri məhz Cənubi Qafqaz seqmentinin natamamlığıdır: Naxçıvanın “oyundankənar” vəziyyəti və Ermənistan dəmir yollarının regional şəbəkədən təcridi marşrutun tam həcmdə işləməsinə mane olur. Zəngəzur keçidinin açılması bu problemi aradan qaldırmaqla yanaşı, Ermənistanın özünün onilliklər boyu davam edən nəqliyyat blokadasından çıxışını da təmin etməklə layihəyə qarşılıqlı maraq elementi gətirərdi.
Yaxın Şərq böhranı və Cənub marşrutları
İsrail–İran silahlı qarşıdurması və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri regional nəqliyyat-enerji arxitekturasının etibarlıq xəritəsini kəskin şəkildə dəyişdirdi. Hörmüz boğazının potensial bağlanması təhdidi, İran ərazisindən keçən marşrutların (o cümlədən "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizinin İran seqmentinin və Naxçıvanla əlaqə üçün alternativ sayılan Araz marşrutunun) sığorta və etibarlılıq göstəricilərinin pisləşməsi qlobal logistika operatorlarını münaqişə zonalarından yan keçən stabil quru marşrutlara yönəltmişdir.
Bu konyunktur Cənubi Qafqaz keçidinin müqayisəli dəyərini yüksəldir, eyni zamanda, regionun özünün böyük güclərin rəqabət meydanına çevrilməsi riskini artırır. Analitik baxımdan ikili effekt ehtimalı aktuallaşır: kənar təzyiqlərin artdığı mühitdə dəhlizin "sekyuritizasiyadan" qorunmasının çətinləşməsi fonunda humanitar-etimad komponentinin institusional təsbiti əlavə əhəmiyyət qazanır.
Türk Dövlətləri Təşkilatı və inteqrasiya
Digər bir struktur amil türk dövlətlərinin sürətlənən konsolidasiyasıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat-gömrük harmonizasiyası, "rəqəmsal İpək Yolu" təşəbbüsləri və Şuşa Bəyannaməsi (2021) ilə təsbit olunmuş Azərbaycan–Türkiyə müttəfiqliyi Zəngəzur keçidini türk dünyasının fasiləsiz quru bağlantısının açar həlqəsinə çevirir. Bu amil layihənin reallaşma ehtimalını yüksəldir, lakin eyni zamanda, onun Ermənistan və İran tərəfindən "əhatəolunma" çərçivəsində qavranması riskini gücləndirir.
Beləliklə, inteqrasiya təzyiqi də “bumeranq” effektinə malikdir və dəhlizin inklüziv – Ermənistanın öz iqtisadiyyatına real fayda gətirən modelinin əhəmiyyətini artırır. 2025-ci il Vaşinqton razılaşmalarında nəzərdə tutulan beynəlxalq iştirak formatı (TRIPP) məhz bu inklüzivlik problemini idarəetmə müstəvisində həll etmək cəhdidir.
Zəngəzur keçidi – etimad dəhlizi
Geosiyasi və geoiqtisadi konyunktur dəhlizin açılıb-açılmayacağı sualını getdikcə onun necə açılacağı sualı ilə əvəz edir. Məhz bu keçid məqamında – layihənin texniki parametrlərinin, idarəetmə modelinin və hüquqi rejiminin formalaşdığı mərhələdə humanitar komponentin dizayna daxil edilməsi mümkündür və ucuzdur; infrastruktur tamamlandıqdan və rejim qərarlaşdıqdan sonra isə bu, qat-qat çətinləşir (institusional iqtisadiyyatda "yol asılılığı" effekti). Başqa sözlə, dəhlizin humanitar ölçüsü geosiyasi ölçünün alternativi deyil, onun tarixi fürsət pəncərəsindən istifadə edən tamamlayıcısıdır.
Sosial psixologiyada təmas hipotezi və onun sonrakı meta-analitik təsdiqləri göstərir ki, qruplararası qərəzin azalması üçün təmas müəyyən şərtlər daxilində (status bərabərliyi, ümumi məqsəd, institusional dəstək) baş verməlidir. Otuz ildən artıq davam etmiş münaqişə nəticəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında birbaşa təmas, demək olar ki, tam kəsilmişdir; hər iki cəmiyyətdə "o biri tərəf" haqqında təsəvvürlər media və tarixi yaddaş vasitəçiliyi ilə formalaşan gənc nəsillər yetişmişdir.
Bu şəraitdə işlək kommunikasiya xətti – ilkin mərhələdə hətta yalnız yük tranziti formasında təmasın bərpası üçün ilk institusional müstəvidir: dəmiryolçular, gömrük əməkdaşları, logistika operatorları, sərhədyanı xidmət sektoru münaqişədən sonrakı ilk peşəkar təmas qruplarına çevrilir. Funksionalist məntiqlə, məhz bu "aşağı siyasət" (low politics) sahələrində formalaşan əməkdaşlıq sonrakı mərhələdə sərnişin daşımalarına, ticarət və xidmət mübadiləsinə, humanitar layihələrə genişlənə bilər.
Qayıdışın infrastruktur bazası
Qayıdış hüququ doktrinasının Cənubi Qafqaz kontekstinə tətbiqinin əsas praktik maneələrindən biri qayıdış məkanına fiziki çıxışın olmamasıdır. Köçürülmüş icmaların nümayəndələri üçün ata-baba yurdlarına, qəbiristanlıqlara, dini və mədəni abidələrə hətta ziyarət məqsədilə getmək imkanı mövcud deyil. Beynəlxalq təcrübədə qayıdış prosesləri, bir qayda olaraq, məhz belə "aşağı intensivlikli" formalardan başlayır: qiymətləndirmə səfərləri (go-and-see visits), qəbir ziyarətləri, dini bayram ziyarətləri, əmlakın vəziyyəti ilə tanışlıq.
UNHCR praktikasında bu formalar könüllü qayıdış qərarının informasiya əsasını yaradan zəruri mərhələ sayılır. Zəngəzur keçidi bu perspektivdə üçpilləli potensiala malikdir:
– tranzit pilləsi – icma nümayəndələrinin keçid boyu hərəkəti zamanı tarixi məkanla vizual-simvolik təmas;
– ziyarət pilləsi – razılaşdırılmış qaydada mədəni-dini obyektlərə və qəbiristanlıqlara müşayiətli səfərlər (burada Türkiyə-Ermənistan xəttində Axtamar kilsəsi təcrübəsi və ya Kərtərpur/Kartarpur dəhlizinin Hindistan-Pakistan təcrübəsi model rolunu oynaya bilər;
– qayıdış pilləsi – uzunmüddətli perspektivdə, siyasi normallaşma və beynəlxalq təminatlar şəraitində, könüllülük prinsipi əsasında məskunlaşmanın müzakirəsi. Vurğulanmalıdır ki, üçüncü pillə ilk ikisindən keyfiyyətcə fərqlənir və yalnız hərtərəfli sülh sazişi, qarşılıqlı əmlak-restitusiya mexanizmləri və hər iki istiqamətdə eyni standartların tətbiqi şəraitində realistdir.
Kollektiv yaddaş və rəmzi reinteqrasiya
Beynəlxalq praktikanın təhlili göstərir ki, məkandan uzun müddət təcrid olunmuş kollektiv yaddaş "muzeyləşmə" və mifolojiləşmə meylinə malikdir: itirilmiş məkan real coğrafiyadan simvolik-siyasi kateqoriyaya çevrilir. Bu proses hər iki cəmiyyətdə müşahidə olunur və qarşılıqlı maksimalizmi qidalandırır. Fiziki çıxışın – hətta məhdud formada bərpası yaddaşın "de-mifolojiləşməsi" üçün şərait yaradır: real məkanla təmas mücərrəd iddianı konkret, danışıqlar aparıla bilən məsələlərə (konkret kənd, konkret abidə, konkret qəbiristanlıq) transformasiya edir. Sülhquruculuğu ədəbiyyatında bu, "münaqişənin parçalanması" adlanan produktiv mexanizmdir.
Bu məsələdə tələsiklik yolverilməzdir. Elmi nöqteyi-nəzərdən yanaşdıqda, balans naminə "qayıdış dəhlizi" hipotezinə qarşı irəli sürülə biləcək ciddi arqumentlər ayrıca nəzərdən keçirilməlidir.
İlk növbədə, sekyuritizasiya ehtimalı. Ermənistan cəmiyyətində və siyasi elitasında dəhliz layihəsi qayıdış diskursu ilə birləşdirildikdə, ərazi iddiası kimi qavranıla və müqavimət doğura bilər. Belə ki, humanitar gündəm "ekzistensial təhdid" çərçivəsinə salınarsa, o, adi siyasət müstəvisindən çıxarılır və istənilən əməkdaşlıq bloklanır. Bu risk humanitar gündəliyin qarşılıqlılıq, tədricilik və beynəlxalq iştirak prinsipləri üzərində qurulmasını zəruri edir.
İkincisi, asimmetriya problemi. Qayıdış diskursu yalnız bir istiqamətdə inkişaf etdirilərsə, o, sülhquruculuğu aləti olmaqdan çıxıb informasiya qarşıdurması alətinə çevrilər və beynəlxalq legitimliyini itirər. Yuxarıda da qeyd edildiyi kimi, universal standart metodoloji zərurətdir.
Üçüncüsü – instrumental istifadə təhlükəsi. Müqayisəli təcrübə göstərir ki, beynəlxalq hüquqi çərçivəsi olmayan keçid siyasi təzyiq alətinə çevrilə bilir. TRIPP formatında nəzərdə tutulan beynəlxalq iştirak modeli bu riski azaldan amillərdəndir, lakin onun uzunmüddətli dayanıqlığı hələ sınaqdan çıxmamışdır.
Nəhayət, “infrastruktur determinizmi" xətası. Yolun mövcudluğu barışığı avtomatik doğurmur; Balkan təcrübəsi siyasi müşayiəti olmayan texniki əməkdaşlığın elə bir effekt vermədiyini göstərir. Dəhlizin humanitar potensialı imkandır, qanunauyğunluq deyil.
Aparılmış təhlil diqqəti bir neçə məqama yönəltməyin faydalı ola biləcəyini göstərir:
– Zəngəzur layihəsinin mövcud elmi diskursda hakim geosiyasi-geoiqtisadi səciyyəsi onun sosial-humanitar ölçüsünü analitik kölgədə saxlayır. Halbuki münaqişədən sonrakı regionlarda iri infrastruktur layihələri birmənalı şəkildə etimad, yaddaş və köçkünlük məsələləri ilə kəsişir.
– Sülh infrastrukturu konsepti, kollektiv yaddaş nəzəriyyəsi və qayıdış hüququ doktrinasının sintezi əsasında təklif olunan "qayıdış dəhlizi" anlayışı kommunikasiya infrastrukturunu mərhələli humanitar prosesin (transit – ziyarət – potensial qayıdış) maddi bazası kimi konseptuallaşdırmağa imkan verir. Bu anlayış analitik kateqoriyadır və konkret siyasi öhdəlik daşımır.
– Qayıdış perspektivinin sülhquruculuğu resursu kimi işləməsinin zəruri şərti universallıqdır: könüllülük, təhlükəsizlik və ləyaqət standartlarının hər iki icmaya münasibətdə eyni qaydada tətbiqi. Asimmetrik qayıdış diskursu həm hüquqi, həm praktik cəhətdən özünü blokada edir.
– 2022–2026-cı illərin geosiyasi konyunkturu – Şimal marşrutunun “aşınması”, Cənub marşrutlarının risk profilinin pisləşməsi və türk inteqrasiya dinamikası dəhlizin reallaşmasını yüksək ehtimallı ssenariyə çevirir. Bu şəraitdə əsas elmi-praktik sual layihənin "olub-olmaması" deyil, onun dizaynında humanitar komponentin yer alıb-almamasıdır; yol asılılığı effekti nəzərə alınmaqla, bu komponentin məhz formalaşma mərhələsində təsbiti kritik əhəmiyyət daşıyır.
Beləliklə, Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə humanitar nöqteyi-nəzərdən baxış həm elmi diskursu zənginləşdirir, həm də praktik siyasət üçün yeni kommunikasiya dili təklif edir: rəqabət və nəzarət dilindən etimad, təmas və mərhələli reinteqrasiya dilinə keçid. Dəhlizlər yalnız yükləri deyil, insanları, yaddaşı və gələcək haqqında təsəvvürləri də daşıyır və onların hansı istiqamətdə daşınacağı infrastrukturun özündən deyil, onu müşayiət edən siyasi-hüquqi və sosial seçimlərdən asılıdır.
Xalid NİYAZOV,
siyasi elmlər doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Avqust 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















