Icma.az
close
up
RU
“Nərdivan”ın 95 ci pilləsində Əbədiyyət cığırına ucalan çinar

“Nərdivan”ın 95 ci pilləsində Əbədiyyət cığırına ucalan çinar

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu dünya nərdivandır, Bəzi çıxan var, bəzi enən var. Hərə bir pilləsində, Hərə bir cığırında, hərə bir yerində... Bu dünya nərdivandır.

Zaman uca bir çinara qalib gələndə yaddaşımın ən əziz küncündə o günün işığı yandı. Xalq şairi Nəriman Həsənzadə 95 yaşında bu dünya nərdivanının son addımını atıb, öz əbədiyyət cığırına qovuşmuşdu. Xəbəri eşidəndə ovuclarımda hələ də iki il əvvəl onun otağından apardığım, bir uşaq sadəliliyi ilə qoruduğum o konfetlərin istisini hiss etdim. Xatirələr məni həmin günə apardı...

Qapını açanda bizi illərin yorğunluğunu təbəssümündə gizlədən bir ata, bir baba qarşıladı. Nəriman Həsənzadə bizi yazılarını yazdığı, ömrünü misra-misra toxuduğu o sehrli otağa apardı. Ora sadəcə bir otaq deyildi; divarları bürüyən, tavanacan ucalan kitab rəfləri sanki zamanı dondurmuşdu. Otağa hopmuş köhnə kağız və mürəkkəb qoxusu insanı dərhal sehrin içinə çəkirdi. Amma gözüm hər şeydən əvvəl masanın düz ortasında, ən uca yerində dayanan Qurani-Kərimə sataşdı. O, kitab dənizinin üstündə ucalan bir mayak kimi idi. Şübhəsiz, Ustad bu nərdivanı həm sözün, həm də imanın işığında addımlamışdı.

Müsahibəyə başladıq. Mən soruşurdum, o isə səsinin o bənzərsiz ahəngi ilə məni öz keçmişinə, xatirələrinə qonaq edirdi. Bir jurnalist kimi qarşımda dayanan bu nəhəng sənətkarın hər sözünü yaddaşıma köçürürdüm. Müsahibənin davamında daxili həyəcanımı gizlədə bilmədim, söhbətin uyğun bir yerində ona tərəf əyildim:

– Nəriman müəllim, sizin hər misranız qəlbimə toxunur. Demək olar, bütün şeirlərinizi sevirəm, amma bir şeiriniz var ki, mənim üçün tamam başqadır. Hər oxuyanda mənə elə gəlir ki, onu birbaşa mənə yazmısınız: "Gözlədə-gözlədə qocaltdın məni, Mən ki, yuxudaydım, ayıltdın məni..."

Ustad gülümsədi. O təbəssümdə həm bir müdriklik, həm də dərin bir hüzn var idi. Gözlərini mənə dikib, sanki ruhumun dərinliyini oxuyurmuş kimi astaca dilləndi:

– Çox adam elə düşünür, qızım... Çünki əsl sevənlərin taleyi həmişə bir-birinə bənzəyir. Dünyanın harasında, hansı zamanında yaşamasından asılı olmayaraq, ürəyi yananların acısı da, sevgisi də eyni dildə danışır.

Bu şirin, ruhani söhbətin tam ortasında birdən-birə sanki otağa gözlənilməz, görünməz bir qonaq gəldi – şairin ən əziz qonağı, İlhamı... Nəriman müəllim qəfil dayandı, baxışları bizdən yayınıb uzaqlara, bəlkə də gəncliyinin ən gizli xatirələrinə dikildi. Ruhunun coşduğunu, misraların onun içində necə təlatüm yaratdığını hiss etdim.

– Çox üzr istəyirəm, – dedi, səsi titrədi. – Yadıma düşübsə, yazmalıyam...

O an zaman dayandı. Qarşımızdakı o uca çinar, əsrin şahidi olan qoca şair ətrafa boylanıb köhnə daktilosunu (yazı makinasını) masaya çəkdi. Biz nəfəsimizi dərmədən onun hər hərəkətini izləyirdik.

– Gözlərim yaxşı görmür, əllərim də əsir... Mən ancaq daktiloda yazıram, sonra köçürtdürürəm, – deyə pıçıldadı.

Və barmaqları o köhnə, dəmir düymələrə toxundu. Otağı daktilonun doğma, ritmik, sanki qədim bir saatın əqrəblərini xatırladan sədası bürüdü. Şair qəlbimizi titrədən misraları müasir dünyanın soyuq, hissiz ekranlarında yox, hər kəlməsində ürəyinin döyüntüsü qalan o köhnə makinada yazırdı. Bəlkə də buna görə o qədər təsirli idi. Hər düyməyə basanda çılğın bir ilhamla tarixin yaddaşına yeni bir möhür vururdu. Gözləri görməsə də, misraları qəlbinin gözü ilə görürdü. O an anladım ki, insan yalnız sevdiyi işi görəndə qocalmır, yalnız o zaman əllərinin titrəməsi unudulur.

Müsahibəmiz bitmişdi, amma heç birimiz bu sehrli otaqdan, onun məzmunlu söhbətindən ayrılmaq istəmirdik. Əslində, bizim üçün o qapıdan içəri addım atmaq, ustadın nəfəsini duymaq, onunla həmsöhbət olmaq elə bir ibadət kimi idi. Bizi qəbul etməsi, o titrəyən əlləri ilə daktiloda şeir yazmağına şahid olmağımız ən böyük pay idi. Ona görə də başqa heç bir şeylə ona əziyyət vermək, yük olmaq istəmirdik.

Amma Nəriman baba bizi elə-belə buraxardımı? Azərbaycan kişisinin, ağsaqqalının o köhnə, nəcib qonaqpərvərliyi dərhal özünü büruzə verdi.

– İsti çay gəlsin! Bayaqdan istəmədiniz, amma bu gün sizinlə hökmən çay içməliyik! – deyə təkid etdi.

Nə qədər "istəmirik, əziyyət çəkməyin" desək də, etiraz qəbul etmədi. Evinə gələn qonağı ac-susuz yola salmağı özünə rəva bilməyən qədim insanlardan idi o. Çay gəldi. Buxarlanan, kəklikotulu çay stəkanları masaya düzüldü. Düzü, çöldə elə bir bürkü, elə bir isti hava var idi ki, boğazımızdan çaydan başqa heç nə keçmirdi. İsti havaya rəğmən, o müqəddəs otağın sərin və doğma ab-havasında o çayı içmək ruhumuza bir fərəh verdi. Nəriman babanın könlü xoş olsun deyə çayımızı son damlasınacan içdik.

Qapıdan çıxmağa hazırlaşarkən bizə tərəf döndü. Ovucunda bir neçə konfet var idi. Onları bizə uzadanda gözlərində elə bir uşaq səmimiyyəti, elə bir ata doğmalığı var idi ki, o an qarşımdakının böyük Xalq şairi olduğunu unudub, sanki öz doğma babamın qarşısındaymışam kimi hiss etdim.
– Bu da mənim sizə baba payım. Çayla içmədiniz, heç olmasa yeyərsiniz, indi acmısınız, – deyə gülümsədi.

O isti yay günündən bəri iki il keçib. Hava yenə istidir, amma bu gün içimdə sızlayan xatirələrin soyuq bir hüznü var. O konfetlər isə hələ də məndədir... Nəriman Həsənzadənin yaradıcılıq otağının, o bənzərsiz təkidinin və qəlbimizi isidən çay süfrəsinin ən şirin, ən toxunulmaz xatirəsi kimi...

Bu gün Nəriman Həsənzadənin daktilosunun ritmik səsi əbədi olaraq susdu. Amma qəlbimizə köçürdüyü o bənzərsiz misralar heç vaxt susmayacaq. O, bu dünyadan hər birimizin ruhuna toxunan, bizi eyni taleyin işığında birləşdirən bir insan kimi keçdi.
Ruhun şad olsun, Nəriman baba. Misraların bizim kimi əsl sevənlərin yaddaşında əbədi yaşayacaq...

Günel Abbas

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see398

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see345

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see331

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see281

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see257

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see225

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see210

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see197

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see190

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see189

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see189

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see184

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı FOTOLAR

02 Avqust 2026 11:14see181

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

02 Avqust 2026 09:07see180

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see177

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see175

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see174

İstanbulda inflyasiya iyul ayında sürətlənib

02 Avqust 2026 12:57see165

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see154

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri