NİGARAN SUALIN CAVABI Rafael Hüseynov yazır
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rafael HÜSEYNOV
Akademik
Gözəl dilimizi bəzəyən müdriklik dolu ata sözlərimiz, məsəllərimiz, iti deyimlərimiz hərəsi bir hikmət daşıyır və hərəsi də, şübhə yox ki, bunca uzun yaşayırsa, həyat sınaqlarından, vaxt yoxlanışlarından keçib. Ancaq hərdən bu öyüdlü söz incilərinin arasında elələrinə də rast gəlirsən ki, məntiqcə bir-birinə əks kimi görünür.
Eyni "Atalar" bir yandan "Bu günün işini sabaha qoyma", yəni işini isti-isti gör, sonraya saxlama məsləhəti verir, o biri yandan da "Gecənin xeyrindən sabahın şəri yaxşıdır" söyləyərək tövsiyə edir ki, hara tələsirsən, dayan, gecəni yola ver, qoy sabah açılsın, işini sonra yerinə yetir.Bir tərəfdən deyir ki, "Tələsən tərsə düşər", yəni səbirli ol, qaçaqaça uyma, digər tərəfdən də ağıl verir ki, "Asta qaçan namərddir", yəni ləngimə, tez tərpən. Həm söyləyir ki, "Bir gül ilə bahar olmaz", həm də təsdiqləyir ki, "Harda bir gül var, orda yaz var".
Başbilənlərimiz özləri özlərinin dediklərini danıblarmı, dünən dediklərini unudaraqmı əvvəlki məsləhətin ardınca ona zidd olanını dilə gətiriblər? Əsla! Bu, həyatdır, onun hər üzü var, hər ata sözü də öz məqamına, öz şəraitinə uyğun yaranıb. Buna orda, ona bu biri məqamda əməl edərsən, büdrəyərsən. Yolları göstəriblər, amma səni də sonda özünə güvənməyə, məsləhətlərdən sənə ən müvafiq gələnini seçməyə çağırıblar.
Əlbəttə ki, bir çiçəyin açmasıyla bahar gəlməz. Gərək yer-yurd tam oyansın ki, baharın gəlişi hər qədəmdə üzə çıxsın. Amma bircə çiçək də təzəliyi, təravəti ilə rəmz ola bilir axı! Yazı da, onun ruhunu da nişan verməyi bacarır. Bəzən bircə əsgərin bir orduyca, bircə nəfərin parlaq əməlləriylə bir el qədər hünər göstərə bilməsinə tarix azmı şahid olub.
Orta çağdan üzü bəri şairlərimizin, mütəfəkkir şəxsiyyətlərimizin adlarının yanında onların elə adlarının ayrılmaz əlavəsinə çevrilən nisbələri işlənib. Qələm sahibinin harda doğulub boya-başa çatdığını, hansı məskənə bağlı olduğunu göstərən kəlmə. Biri "Şirvani"dir, obiri "Gəncəvi", biri "Təbrizi", digəri "Naxçıvani", hansısa "Marağayi" kimi şöhrətlənib, hansılarsa "Bakuvi" kimi...
Elə nisbələrə baxıb söz xəritəmizdə hansı məkanların daha "məhsuldar", daha çox şairyetirən olması qənaətinə gələ bilirik. Bu mənada bütöv Azərbaycanın şeir coğrafiyasında Navahı seçkin məntəqələrdən deyil, hətta ən ucqar, ən tanınmayanlar zümrəsindədir. Təzkirələri ha araşdır, Mirzə Baxış Nadimdən savayı, keçmişlərdə hansı adlı-sanlı navahılı şairin, alimin adını tapmazsan. Lakin elə bircə bu imza balaca bir kəndi böyük ədəbiyyatınümumi mənzərəsinə daxil etməyə nail olub, tək gül bahar yaratmağı bacarıb.
XIX yüzil Azərbaycan şeirində ən üstün imza, şəksiz, Seyid Əzim Şirvanidir (1835-1888).Onu əsri üçün səviyyə göstəricisi, mahirlik meyarı saymaq olar. Bu həqiqəti onun müasirləri də, sonra gələnlər də danışıqsız qəbul etmişlər. "Kimlə oturub-durursansa, kiminlə həmsöhbətsənsə, sən də o qafilədənsən" həqiqətinə söykənərək Nadimin hansı mədəni çevrə və hansı ədəbi şəxsiyyətlərlə bağlı olduğunu izləyəndə onun şairlik mərtəbəsi haqqında da baxışlara aydınlıq gəlir. Bu baxımdan Nadimin "Divan"ındakı bir şeir çox diqqətəlayiqdir. Şeirlərinin birinin başlanğıcındakı aydınlatmasında Mirzə Baxış bu mənzuməsini Şirvanın bir para "bəylərini və hörmət sahiblərini dünya malına görə həcv etməsi"nə münasibət ifadəsi olaraq, öz dəqiqləşdirməsincə, "nəsihət yolu" ilə Seyid Əzimə cavab yazır.
Seyid Əzim XIX yüzilin ortalarında Azərbaycanda elə bir ədəbi qüdrətin sahibi kimi tanınır və təsdiqlənirdi ki, nəinki ona nəsihət vermək, hətta onun hansısa şeirinə cavab yazmağa cəsarət etmək istər-istəməz həmin qələm sahibinin hansı çəkiyə malik olmasından xəbər verirdi. Bu mənzumədə isə Nadim sayğı ilə "Seyyid-i alimiqdar" adlandırdığı Əzim Ustada sadəcə cavab yazmır, öyüd-nəsihət verir, bir az da onu məzəmmət edirdi ki, axı həcv etməyi rəva gördüyünüz o bəylər belə münasibətə layiq deyillər, onlar Şirvana hörmət, rəğbət gətirən adamlardır, onların izzətini aşağı salmaq düz deyil, belə nüfuzlu kimsələri gözdən salmaq olmaz, bunu Bakı, Salyan, Quba, Şəkidə eşidənlər nə deyər?!
Yəni bu mənzuməni yazmaqda Nadimin məqsədi Seyyidə o tövsiyəni vermək idi ki, tanınmış bir söz ustası olaraq bu yerin bəylərini həcv etməklə siz əslində dolayısı ilə Şirvanı xoş olmayan mənada dilə-dişə salırsınız. İşarə vururdu ki, bu məsləhətimi bəyləri müdafiə etməyim kimi yox, Şirvanın qeydinə qalmağım kimi qəbul et ki, bu, onsuz da, hamımızın borcudur:
Sənə nə lazımdır nəzmilə həcv etməyə bəg,
Adı Seyyid olana sərzəniş-i bəg nə gərək?!
Nə rəva al-i rəsula sölüyə ləğv-i zəban?
Seyyid-i alinəsəb, cəddinə canım qurban!
Bu nədir, həcv deyib xəlq adına laf etdüz?
Özüvü ayinəvəş mərdüm əra saf etdüz?
Ol gümanlar ki bəg haqqında edirsüz izhar,
O cürə olmuya gər, zənn sizinçün düşvar.
Seyyidə ləğv xoşayənd-i Xudavənd olmaz,
Yaxşı saxla, bu, məsəldir: "Boşalan qab dolmaz!"
Rişte-yi nəzmə çəküb bəgləri etməklə xərab
Səbəb, aya, nə olubdur, mən ölüm, söylə cəvab.
...Bilmədin bəglər olubdur səbəb-i hörmətimiz,
İzzət ü şövkətimiz, mərtəbe-yi rəğbətimiz?
Bəglərin olmağı ancaq bizə bir nemətdir,
Xalqəra dürr-i giranmaye-yi pürqiymətdir.
Gər hal-i həyat üzrə varındır fürsət,
Əlaman, bəglər ilə yaxşı dolan, qıl ülfət.
Eylə vacib özüvə cümləsinin hörmətini,
Hörmətin vacibbil, endirmə izzətini.
Hamıya hörmət elə, çünki vilayət bəgidir,
Qonşumuz Bakı, Salyan, Quba vü Şəkidir.
Bu sözü eşitsələr, cümlə məzəmmət eylər,
Zahiri yaxşı desə, batini qeybət eylər.
Navahılı Baxış sadə bir kəndli ailəsində doğulmuşdu və Pərvərdigar ona xüsusi fərasət və istedad bağışlamasaydı, münasib də qapılar açmasaydı, elə dədə-babası, həmkəndliləri kimi axıracan günü-güzəranı öz kənd-kəsəyində keçəcəkdi və həmin kənddə ömür sürüb dünyadan köçmüş və indi kimsənin tanımadığı minlərdən biri olacaqdı. Ancaq yazı başqa cürmüş. Bəzən adicə təsadüflər tale həll edə, ağlagəlməz yollar aça bilir.
Bu, Mirzə Baxış Nadim haqqında Şirvanda xalq arasında dolaşmış hekayətlərdən biridir ki, onun başına dövlət quşunun necə qonmasından söz açır. Baxışın 9-10 yaşı varmış və Navahının onunla tay-tuş olan digər uşaqları kimi, yazı-pozu bilməzmiş. Kəndin qoyun-quzusunu otarmaqda onların ailəsinin nobatıymış və balaca Baxış kənddən xeyli aralıqdakı otlaqda sürünü yayaraq özü də bir qıraqda oturubmuş. Baxır ki, xeyli aralıda bir kəl arabası dayandı, xeyli ötsə də, hərəkətə gəlmədi və gendən ona əl edirlər, haylayırlar. Qaça-qaça gəlir onların yanına, baxır ki, arabaçı öz kəndlərinin adamıdır, bir də geyimindən mollaya oxşayan tanımadığı bir kişi. Arabaçı deyir ki, a bala, mən hələlik sürüyə baxaram, sən qaç kəndə, Usta Mədədi çağır, de ki, Qaraş kişinin arabasının təkəri sınıb, yolda qalıb, gəlsin tez düzəltsin, axundu yas yerinə çatdırmalıyam, kişi yubanır.
Uşaq qaçıb gedir, üstündən bir müddət keçmiş baxırlar ki, Usta Mədəd ulağının belində gəldi, ancaq yanında yüyənindən yapışdığı at da var.
Arabaçı qayıdır ki, ay Mədəd, nə ağıllı iş görmüsən ki, atı da gətirmisən, Axund Əşrəf yas yerinə çatmalıdır, ləngiyir, sənin təkəri düzəltməyin də xeyli vaxt çəkəcək, yaxşı oldu, indi tez gedib yetişər kəndə. Usta Mədəd dillənir ki, məgər sən belə istəməmişdin? Axı uşaq dedi, atı da götürüm ki, mən təkəri düzəldənəcən axund yolda qalmasın, hüzr yerinə yetişsin, mən elə zənn elədim sən belə tapşırmısan, sən demə, uşaq bunu özündən deyibmiş.
İşin belə rahat düzəlməsinə sevinirlər, Baxışa "Maşallah!" deyirlər və həmin günün axşamı axund uşağın atasını yanına çağırır ki, mən bu məclisdə sabahkı günü də yola verib Qarasuya qayıdacağam, sənin oğlun çox qabiliyyətli uşağa oxşayır. Qoy mənimlə getsin, evdə hər şəraitmiz var, bir neçə ay bizim uşaqlarla qalar, ona yazı-pozu öyrədim, savadı olsun, Allah kərimdir, bəlkə sonra qisməti ayrı cür oldu, heyifdir, rəva deyil ki, belə dərrakəli bala bisavad qala.
Qarasuda yaşayan xeyirxah və nəcib Axund Əşrəf Nəcəfdə təhsil alıbmış, bilikli insanmış və bu getməklə Baxış bir neçə ay yox, il yarım orda qalası olur. Bu müddətdə ərəbcəni də, farscanı da yaxşıca öyrənir.
"Mirzə", XVIII-XIX yüzillərdə cəmiyyətdə xətir-hörmət yiyəsi, dərin zəka sahibi, say-seçmə adamlara deyilərdi və bir qisim ən sanballıların da tədricən elə adının-soyadının sabit tərkib hissəsinə çevrilərdi. Mirzə Şəfi, Mirzə Fətəli, Mirzə Cəlil... kimi. Ancaq mirzəlik həm də bir peşə idi, oxumamışların, ya xətti pis olanların, yaxud daha təmtəraqlı namələr göndərmək istəyənlərin kağızlarını yazar, çörəkpullarını bu məşğuliyyətdən çıxarardılar. Baxışa isə yaşa dolandan, şeir aləmində tanınandan sonra deyil, elə uşaqlıq, yeniyetməlik çağlarından "Mirzə" demişdilər. Çünki elə kiçikliyindən, Qarasuda axunddan dərs alıb qayıdandan sonra Navahıda yazılası, ya oxunası məktubu olanlar ona üz tutardılar və bu minvalla da tezliklə adı "Mirzə Baxış" kimi dilə düşmüşdü. "Mirzə" sözünü onun adına el bənd etmişdi, "Nadim" təxəllüsünü isə sonralar özü seçdi.
Nadiməm, bu əhlidən rəncidə ol qayətdə kim,
Düşmüşəm bir çahə guya həmdəm-i mar olmuşam.
"Nadim" - peşman olan deməkdir və onu bu təxəllüsü seçməyə sövq edən hələ cavan yaşlarından bəxtinə çıxan müəyyən uğursuzluqlar, xəyal qırıqlıqları, baş tutmamış sevda səbəb olmuşdu.
Mirzə Baxış Nadimin doğum və ölüm tarixləri təxmini də olsa bəllidir. Bir ehtimala görə, o, 1786-da, digər mülahizəyə görə, 1788-də dünyaya gəlib. 95, yaxud 98 il yaşadığı güman edilir. Bu güman da elə ağızdan-ağıza dolaşan sözlərə görə yox, Nadimin özünün yazmasına əsasən irəli sürülüb. Şeirlərindən birində artıq 95 yaşında olduğunu özü bildirir.
Nadimdən qalan şeirlər arasında onun öz dəsti-xətti ilə yazdığı ehtimalı böyük olan bir mənzumə də var ki, məzmunundan bu qoşqunun şairin son yazılarından olması duyulur. Bu mənzuməyə Nadimin hesabatı, vida şeiri də demək olar. Hiss edir ki, ölüm lap yaxındadır və yaşanmış ömrü xəyalından keçirir, olub-keçənləri təhlil edir və sabah artıq həyatda olmayacağı günlərdə də necə anılacağını təsəvvür etməyə çalışır.
Nadim bu şeiri mütləq yazmalı olduğunu həmin şeirə yazdığı kiçik müqəddimədə də xüsusi vurğulayır və qələm götürüb bu misraları yaza bilmək fürsətini Allahın ona yaratdığı fürsət kimi qəbul edir. Çünki belə anlaşılır ki, heç bu şeiri yaza biləcəyinə, ürəyini axırıncı dəfə boşaltmağa macal tapacağına da ümid bəsləmirmiş.
Bilirdi ki, onun əsli-kökünün haralı olması ilə bağlı camaat arasında fərqli fikirlər də var: kimi onu əslən şamaxılı, kimi navahılı hesab edir. Salyanlı qızla evlənəndən sonra neçə illər orda yaşamasını, bir para şeirlərində Salyanın adını çəkərək özünü "sakon-i Salyan" adlandırmasını əsas götürərək onu oralı hesab edənlər də tapılıb. Odur ki, Nadim həyatdan gedəndən uzun onillər ötəndən sonra da bu sual açıq kimi qalıb ki, o, həqiqətən, haralıdır?
Şamaxı onu özünə tərəf çəkmək istəyəcək və bu yerin təəssübkeşi olan araşdırıcılar belə əsaslandırmağa cəhd edəcək ki, belə bişkin, belə dolu, belə mahir şairi yetirsə-yetirsə, elə Şamaxı kimi münbit, ədəbiənənələri zəngin olan məkan yetirər, axı Navahı kimi şeir-sənət ucqarında belə usta şair necə yarana bilərdi? Navahılılar da öz Nadimləri uğrunda canıyananlıqla mübarizə aparıb, onun məhz bu yurdun övladı olmasını ən azı şeirlərində ata-baba yurda tez-tez yer verməsi, ikinci heç bir Azərbaycan şairində "Navahı" kəlməsinin bunca ardıcıl xatırlanmamasını əsas götürüblər.
Sadə insanların ardınca elə həmin söylənənlərin dalğasında tanınmış araşdırıcılar da Mirzə Baxışın haralı olması ilə bağlı qəti qərar verməkdə tərəddüdlü qalıblar.
Ən dəqiq cavabı isə həmin vidalaşma, ömrə, yaşanmışlara yekunvurma şeirində Nadim özü verir. Yazır ki, "Navahı əsilli və Şamaxıməskənli"yəm.
Bu şeiri yazmasına da girəvə verməsindən ötrü Pərvərdigara yalvarması da elə həmin xırdaca müqəddiməsindəcə belə anladır ki, xəstə yatağında hətta əlinə qələm götürəcək qədər halsız olduğu günlər arxada qalıb azacıq özünə gələn kimi elə yerinin içindəcə ürəyində yığılıb qalanları sözə döndərib: "Cənab Allahınköməyi ilə xəstəlikdən və naxoşluqdan şəfa tapıb xəstəxana yatağından qalxdığı zaman elə döşəyin üstündə və yorğanın altında titrək əlləri ilə ciyəri yanan və ürəyi qovrulan bir tərzdə aşağıdakı şeiri qəhərli şəkildə qara qələmlə yazdı".
Bu son ifadəni səbəbsiz işlətmir. Aydın məsələdir ki, ömrü boyu etdiyi sayaq dəftərini istəmişdi, "qələmimi, mürəkkəbqabımı gətirin" demişdi və həmişə olduğu kimi, ağ vərəqlər üzərində qara sətirlər sıralanmışdı. Ancaq indi, ömrün bu nigaransaatlarında o mürəkkəbqabıdan gələn qaralığı deyil, öz aqibətinin siyahlığını düşünərək "Nadim qaqa qələmlə yazdı" deyirdi. Sonu o qədər yaxında görürmüş ki, hətta özü haqda da özü kimi deyil, bir ruh təki, özünə kənardan baxan başqası sayaq söz açırdı. "Başım" rədifli bu şeir yaşadığı müddətdə daim həssas, dərkedən olmuş, amma müşkülləri də heç vaxt azalmamış bir başdan keçmiş qovğalardan bəhs edirdi:
Qəm-i müsibət-i əyyamdan xilas olmaz,
Bəlay-i dərdə giriftardır bəlalı başım.
...Xətalar salar axər məni xəta içrə,
Kənarə olmasa məndən əgər xətalı başım.
...Bu dirliyə, bu həyata nə etibar, axər,
Eylə sərindən uzaq, kəs bu qeyl ü qalı başım.
...Əziz-i aləm olub xar-i ruzigar oldu,
Bəladan əskik olurmu bu müddəalı başım?
Axər ki, yüz ola ömrün, o sinn ü salə yetə,
Dutaq ki, aşə yetirdün bu sinn ü salı, başım.
Ayrı-ayrı söyləmələr və bir para yazılı qaynaqlara görə,üzərində dayanılması daha inandırıcı görünən Mirzə Baxışın 98 il yaşamasıdır. Ömrün bitəcəyində titrək qələmi ilə yazdığı bu misralarda da elə demək istədiyi budur ki, elə təqribən yüz yaşına çatmış kimiyəm.
Yəni 1-2 il oyan-buyan mahiyyəti dəyişməz. Axırın gəldiyini duyurdu, əməllərini yaddaşında saf-çürük edəndə, nəyi yanlış, nəyi düz etmiş olmasının haqq-hesabını aparırdı, başqasının sonra onu necə dəyərləndirəcəyini gözləmədən bəri başdan özü özünü qınayırdı. Ancaq artıq cavanlığın, ahıllığın çoxdan uçub getdiyi, belin büküldüyü, əlin əsalı olduğu və geriyə qayıdaraq nəyisə islah etməyin mümkünsüzləşdiyi vaxtda daha etirafdan başqa çarə qalmırdı. O an yetişmişdi ki, artıq son gediş elə xoşbəxtlik kimi görünürdü. Son seçim məqamı yetişmişdi:
Günah ü məsiyyətin günbəgün füzun oldu,
Həramdan niyə fərq etmədin halalı başım?
Kəsildi halət-i ömrün, cavanlığın tükənib,
Qəddin xəmidələnib, dəst olub əsalı, başım.
O yanda məzəmmət-i üqba, bu yanda şüğl-i fəna,
Yanar iki od arasında macəralı başım.
Nə xoş səadət olur başçıxeydi bir yaxadan,
Qaleydi heyrət əlində iki yaxalı başım.
Yüz olsa rütbe-yi cahın axır yerin olu xak,
Bu hala ağla, de vay, torpaq əjdəhalı başım.
Ölüm yamandı, bu dirilik dəxi yaman, nə edim?
Nə qisim pəs güzəran eyləyəsən, bəlalı başım?
Mirzə Baxış etiqadlı, inanclı adam idi. Sıra-sıra növhələri, qəsidələri, mərsiyələri vardı, o dünyaya da inanırdı, orda qurulacaq Ali Məhkəməyə də. Etdiklərinin yaxşısını da, pisini də indi ölüm astanasında vicdan tərəzisinə qoyanda səmtinin axirətdə hansı tərəfə olacağını təxmin etməkdə çətinlik çəkirdi. Günahları da vardı, amma özünü cəhənnəmlik saymırdı, savabları da az olmamışdı, amma özünü Cənnətə də layiq bilmirdi:
Səfa-yi zövq əməl etməyib, gedib əldən,
Olubdu şimdi peşiman, bisəfalı başım.
Nə mənzilimdi müəyyən, nə məskənim məlum,
Xuda bilir olacaq aqibət haralı başım.
Nə Cənnət, nə Cəhənnəm sənə deyil layiq,
Görək hara sığacaqsan özün cüdalı başım?
Nə əmr-i Cənnətə tabım, nə nəhy-i duzəxə yox,
Nə etsin bu iki dəhrdə mübtəlalı başım?
Hər halda ağır xəstəlikdən gözünün yenicə açıldığı, taqətinin azacıq da olsa ona qayıtdığı bu günlərdə Mirzə Baxış başverənlərə ayıq baxmağı bacarır və bütün olmuşları olduğu kimi yazdığı bu vəsiyyətnaməsində - vidanaməsində möhlətin lap az qaldığını dərk etdiyini də pıçıldayır, "bugün-sabahlıq" olduğunu təsdiqləyir:
Müsibət əhli, ələm qoşunlu, xəyal ellili,
Gəzənd töhfəli, qəm-qüssə aşinalı başım.
Səfər tədarükün et, ayrılıq məqamı gəlir,
Fərağı xahiş edib istəmə vüsalı, başım.
Ölüm yavuqdu, bu aləmdən iltifatın kəs,
Bugün-sabaha, yəqin, eylə ehtimalı, başım.
...Mərizi qalib, səhhət şəfası namümkün,
Dəvası qeyr-i müyəssər, ölüm qəzalı başım.
Beş arşın ağ aparursan bu mülkdən tənha,
Gedəndə qəbr evinə xiş-əqrəbalı,başım.
Mirzə Baxış şair idi, bəsirətli adamdı, yaxşıca gördüyü dünya ona tükü tükdən seçməyi öyrətmişdi, kimin nə dərəcədə xalis, kimin nə qədər saxta olduğunu, hansı sözün boğazdan yuxarı, hansı ağlamağın ürəkdənkənar olmasını, kimin elə sadəcə baxmağa, kimin gerçəkdən dərdə şərik olmağa gəldiyini ayırd edə, tuta bilirdi.
Bu iti fəhmi ilə gedişindən sonrakı mümkün səhnələri də bu şeirində bəri başdan canlandırırdı:
Zəban-i mədh açıb ağlaşır ünas əhli,
Və halonki yalan deyirlər, iftiralı başım.
Kimi əzayə gəlirlər, kimi təmaşayə,
Gələn gedir, qalır öz külfətin əzalı, başım.
Kimi yaman dalınca deyər, kimi yaxşı,
İki sözün biri həqq, axirət cəzalı başım.
Elə arxayın bir təmkinlə yazır ki, elə bil hər şey bitəndən, vəfatından, təkadamlıq qəbr evinə tapşırılandansonra qayıdaraq buranı həm içəridən, həm də ordan baxaraq bütün ayrıntıları və hiss-həyəcanı ilə müşahidə edibmiş:
Nə pirəhən, nə qəba vü nə zircame-yi dəlq,
Baş yox, bədən üryan, kəfən xəyallı başım.
Tək evli, vahimə yoldaşlı, tar mənzilli,
Mələk qonaqlı, məbhut (mat, döyükmüş -R.H.) ah u vaylı başım.
Qarışqa mənzili, əqrəb yeri, ilan yatağı,
Məgəs yığıncağı, şirin iştahalı başım.
Fişar-i qəbr (məzarın sıxmağı -R.H.) bu yan,
Minkir-Nəkir o yan,
Xuda pənahlı, vay əlaman sədalı başım.
Sonra Nadim o iki mələyin məlum sual-cavabından söz açırdı və təbii ki, kitablarda yazılmış o əsatiri sualları da, onların cavablarını da irəlicədən yaxşı bilirdi:
Sual-i axirəti səhl sanma, Nadim, sən,
Cavaba hazır olub olma laübalı başım.
Mirzə Baxışın, əgər o dünyadakı Minkir-Nəkirsual-cavabları haqqında yazılanlar həqiqətə uyğun idisə, o sarıdan narahatlığı yoxdu, cavabları öncədən hazır idi. Ancaq o, bir əsrə qədər ömür sürdüyü bu dünyanın bitməz sualları qarşısında son nəfəsinədək cavabdehlik və məsuliyyətini hiss edirdi, ürəyi dayanana qədər görməli olduğu işlərin, yerinə yetirməli olduğu vəzifələrin, yazmalı olduğu şeirlərin fərqində idi ki, nicatsız mərəzdən yüngülvari babatlaşmanı duyunca fürsəti fövtə verməməyə tələsmiş, bu şeirini qələmə almışdı.
Bu şeirin hər beytini bütün bədii məziyyətləri baxımından saf-çürük edərkən onun yüksək peşəkarlıq örnəyi olduğunu anlayırsan və bu sağlam misraları heyi kəsilən, taqətdən düşərək zorla nəfəs alan, əlində qələmi güc-bəla ilə tutan bir qocanın doğurduğuna heyrətlənməyə bilmirsən. Mirzə Baxış bu şeiri ilə bu dünyadan ayrılhaayrılda öz misilsiz peşəkarlığını bir daha belə sübut edirdi! Həm də daha əvvəllərdə yazdığı bir şeirində bəyan etdiyi kimi, onun həyatda itkiləri az olmamışdı, çox fürsətləri qaçırmışdı. İndi sürəkli azardan sonra özünə gələn kimi, daha canında heç ölüm hürküsünün də qalmadığı anlarda,barı bu dirilik fürsətini əldən verməmək üçün qələm işlədə bildiyi dəqiqələri qənimət sayaraq bir daha qayıtmayacağı bu aləmə axırıncı yadigarlarından birini töhfə etmişdi:
Səfər yerin tədarük etmişəm, əmma tohidəstəm (əliboş - R.H.),
Peşimanəm, bu əmrin illətin öyrənməgim yoxdur.
Deyillə karvan köçdü, cərəs fəryad edir axər,
Əmir-i qafilə gəlsin, dəxi çəkinməgim yoxdur.
Əməl kəsbin tədarük etmədim fürsət-i qənimətdə,
Yəqinimdir, əgər getsəm, dübarə gəlməgim yoxdur.
...Əlac-i vaqiə, Nadim, əzəldən eyləmək xoşdur,
Yetər iş bu yerə axər cavabın verməgim yoxdur.
Hər şeir, üzdən baxanda yerdən nə qədər aralanmış görünsə də, mücərrəd olmasıtəəssüratı oyatsa da, mütləq hansısa tellərlə yerə, həyata, bəlli məkana və məlum tarix parçasına bağlıdır. Şeirin dilindən, havasından, ayrı-ayrı deyişlərindən, sətirlər altındakı məna qatlarından sirayətedici nəzərlər ötmüş vaxtın çox görüntülərini aşkarlayıb üzə çıxara bilir. Ona görə irili-xırdalı hər şeirdə örtülü zaman var. Amma bir də var gün və həmin günün hadisələrinin birbaşa əks olunduğu mənzumələr. Söz yox ki, bunlar sadəcə şeir və hansısa mətndaxili bilgilər daşıyan bədii parça çərçivəsindən çıxaraq artıq həm də tarixi sənədə çevrilir.
Mirzə Baxışın da məhz o qəbildən olan - çoxdan unudulmuş vaqiələri iliylə, ayıyla, günüylə salnamələşdirmiş silsilə şeirləri var. Bəzilərini özünün xətri istəyib yazıb, bir qismini ona sifariş ediblər.
Şamaxıda hicri tarixlə 1283-cü il zilhiccə ayının 1-də - miladi tarixlə 1867-ci il aprel ayının 6-da əcaib hadisə baş verir. Bu möcüzə adlandırıla biləcək hadisə o vaxtlar həmin ətrafda hər kəsi heyrətləndirib, qıraq kənd-kəsəkdən də sorağı eşidib qeyri-adi hadisəni gözləriylə görməkdən ötrü Şamaxıya can atanlar olub. Yəqin ki, sonra uzun müddət də bu əhvalatdan birinin üstünə beşini də qoyaraq danışanlar az olmayıb. Ancaq vaxt keçib, nəsillər dəyişib, sonra yerin altını üstünə çevirən zəlzələlər olub, XX əsrin əvvəllərində Şamaxını Şamaxılıqdan çıxaran, ermənilər törədən qırğınlar baş verib, ölənölüb, köçən köçüb, yaddaş dəyişib, bu qəziyyə də onu yaddaşında daşıyan və növbəti nəsillərə ötürənlərlə birgə qeybə çəkilib. Ancaq Mirzə Baxış Nadim o vaxt elə isti-isti bir dəstə dost-aşinanın ricası ilə bu macəranı şeirə salıbmış. Şeir qalır, hadisəni təzədən dirildir.
Şamaxıda Qulu adlı bir şəxs günlərin birində car çəkir ki, kim istəyir gəlsin, nöyütü müftə aparsın, Əli ehsanıdır. Camaat bunu şayiə saysa da, hər ehtimala qarşı səhəngini-dolçasını-tabağını götürüb gedir və doğrudan da, pulsuz-parasız, Əli ehsanı olaraq neftini alıb evinə qayıdır. Dükançı Qulunun məhəlləsinə məccani - ehsanlıq neft iyinə axışanlar çoxaldıqca hökumət də hərəkətə gəlir, adam göndərirlər ki, öyrənsinlər görək nə məsələdir. Gedənlər qayıdıb gələrək məlumat verir ki, bəs dükançı Qulunun həyətində neft bulaq kimi bir ucdan axıb gəlir, Qulu da o qənaətdədir ki, bu möcüzəni edən həzrət-i Əlidir, ona görə də neçə gündür nefti camaata qab-qab paylayaraq əvəzində pul da götürmür, "Halal xoşunuz olsun, Əli ehsanıdır" deyir. Hökumət Şamaxının şiə əhalisinin Əli vurğunluğundan xəbərdar idi, ancaq yox yerdən bir neft dükançısının həyətində neft bulağının əmələ gəlməsini heç cür ağla sığışdıra bilmirlər, ona görə də qaranlıq vaqiənin sirrini çözmək, neftin ora necə gəlib çıxdığını müəyyənləşdirməkdən ötrü bir dəstə əsgəri-kazakı göndərirlər ki, gedin Qulu kişinin həyətində keşikdə durun, nəzarət edin, baxın bu nə məsələdir. Hökumət adamları gecə-gündüz ordan əl çəkməyib güdürlər və şahid olurlar ki, söylənənlər həqiqətmiş.
Həmin möcüzəni nəzmə çəkməyi Nadimə sifariş edənlər də Əli aşiqləri idi. Onlara neftin özündən vacib olan həzrət Əlinin belə kəramətinin vəsfi idi. Çünki onların nəzərincə, bu məsələ Qululuq deyildi. Bu səxavət xəzinəsi İmam Əlinin feyzindəndir ki, belə lütfü şamaxılılara nəsib edib.
Sifarişə uyğun olaraq Nadim hadisə barədə tarixi məlumatı çatdırandan sonra keçir Əli vəsfinə və uzun bir mənzumə yazır. Əli tərənnümünə başlamazdan qabaq bunu da qeyd edib keçir ki, o neftin bir başqasına deyil, məhz dükançı Quluya qismət olması da təsadüfi deyil, onu Əli şəfqəti özünə "əbd" seçib, həmin səbəbdən də ona belə ənamı verib.
Əlinin təmtəraqlı vəsfnamələrı farsdilli-türkdilli şeirdə nə qədər desən. Ancaq Mirzə Baxışın bu mənzuməsinə xüsusi dəyər bağışlayan məhz həmin qoşqunun əvvəlindəki tarixi təsvirdir. Bu şeirin izi ilə maraqlı və həm də çox mənfəətli tapıntılarla nəticələnəcək axtarışlara da çıxmaq olar. Oralarda haçansa bir bəlli ünvanda neftin yerin altından pırtlayıb öz-özünə üzə çıxması varmışsa, deməli, başqa neft yataqlarının olması da istisna deyil. Əgər belə axtarışlar aparılarsa, tapıntılarla nəticələnərsə, gərək onda sərvət tapanları oralara yönəltmiş Mirzə Baxış da unudulmaya, qazanılanlardan halallıq xatirinə onun xatirəsinə ehtiram göstərməkçün də istifadə edilə.
Hicrət-i Mustəfəvi bin iki yüz həştad üç,
İbtida-i sənə-yi zil-hiccə, əyyam-i bahar.
Düşdü bir şur ü tərəb şəhr-i Şəmaxi içrə,
Oldu bir möcüz-i üzma-yi (çox böyük -R.H.)həqiqətasar.
Nəft-i dükkan-i Quli olu Əli ehsanı,
Xum-i xalidən (boş küpdən -R.H.) edib baz Əli nəft izhar.
Bəzi təkzib qılıb sölədilər kizbdi (yalan-R.H.) bu,
Dögül, əlbəttə, bu əhval sədaqətətvar.
Qoydular üstə keşikçi neçə saldat-kazak,
Gördülər cuşə gəlib nəft, cuybarə (arx, çay -R.H.) qaçar.
Bu nə möcüzdü, buna xəlq təəccüb eləyir,
Bir əlamətdi Əlidən, görünür, bunda nə var?!
...Bu Quli karı dögül, bəlkə Əli feyzidir həqq,
Qəsəm ol Xaliq-i yektayə bir ismi - Səttar.
Zahir etməkdə Qulu səhv qılıbdır bu işi,
Əli feyzin tapan əsrar-i nihanın saxlar.
Quluya "əbd" deyibdir Əli mövla həqqi,
Belə əbdə elə mövla yetirər əcri, çaşar.
Hər şair kimi, Mirzə Baxış Nadim də ömrü uzunu çox suallara cavablar axtarıb və həmin hədsiz suallar arasında cavabını sonacan müəyyənləşdirə bilmədiyi və bilavasitə özünə aidləri də olub: mən kiməm və mənim həyatdakı, söz dünyasındakı yerim hansı yüksəklikdə qala biləcək?Mən xalqın dilində, yaddaşında yaşayacağam, yoxsa elə müvəqqəti, sağkən məclislər yaraşığıyam, dalğalar üstündə çırpınan kiçik qayığam, yoxsa özüm bir dəryayam, tutduğum yolda bir çaşqın, nabələdəm, ya öndə gedən, başbilən?
Qısa olmayan və sərgüzəştli ömür sürmüş Nadim sabahları düşünərkən nigaran idi:
Bilməzəm aləmdə pəstəm, yoxsa balayəm, nəyəm?
...Qədrim ali, bilmədim aləmdə ədnayəm (rəzil - R.H.), nəyəm?
...Zövrəq-i ləngərdaram (ləngər vuran qayıq - R.H.),
yainki dəryayəm, nəyəm?
...Nabələd varəm bu yolda, yoxsa əmayəm, nəyəm?
Güftiqu-yi xəlq olub, ya məclisarayam, nəyəm?
Aralandıqca əzəməti miqyasda daha artıq görünməyə başlayan dağlardan fərqli olaraq, ölməz söz ustalarının böyüklüyü onlara daha artıq yaxınlaşdıqca daha çox dərk edilir.
Bu gün Nadimin belə yaxınlaşma və təmasa ehtiyacı var. Ona doğru atılan hər qədəmlə XIX yüzil ədəbiyyatımızın gur axarında Mirzə Baxışın ən qüvvətlilər sırasında olmasıdaha artıq duyulur. Yaxınlaşdıqca da onun cavab axtardığı nigaran sualı əminliklə cavablandıra bilirik ki, bu məqam söz üfüqlərimizin xeyli ucalarındadır.
24 sentyabr 2025


