Icma.az
close
up
RU
O gecə Bakı metrosu işləməsəydi...

O gecə Bakı metrosu işləməsəydi...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaranlıq tunellərdə şütüyən qatarlar gülləbarandan sağ çıxanları mənzillərinə çatdırmışdı

Təqvimin qara səhifələrindən biri də 1990-cı ilin o məşum Yanvar gecəsi bəşəriyyət tarixinə mürəkkəblə deyil, nahaq tökülən qanla həkk olundu. O gecə göy üzü “insanpərvərlikdən” dəm vuran imperiyanın riyakar kölgəsi ilə örtülmüşdü. Dəmir təkərlərin, zirehli texnikanın uğultusu küçələrə ölüm nəfəsi yaymışdı.

Yaddaşımıza qanla yazılan o zülmət gecədə millətin iradəsini sındırmaq üçün qəddar hökm verildi. Lakin vətən fədailəri dəmir təkərlərin vəhşətinə sarsılmaz iradələri ilə sinə gərdilər. Onlar ölüm püskürən dəmir nəhənglərin qarşısına əliyalın çıxdılar, silahları yox idi, amma qəlblərindən alov püskürürdü. Analar fəryad etdilər, qocalar Tanrıdan aman dilədilər. O gecə güllə səsləri vicdanın səsini susdurdu. Yanvarın şaxtasında donmuş çöllər şəhid qanı ilə “isindi”. Ona görə də 20 Yanvar zülmün ifşası, xalqın dirənişi, xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün bir daha sübut edildi ki, azadlıq qanla yoğrularsa, əbədi olar.

O müdhiş gecədə yer üzü qana boyanarkən, Bakının yeraltı tunelləri xalqın sığınacağına çevrildi. Şəhərin küçələrində zirehli əjdahalar tüğyan edərkən, metro işçiləri öz cəsarətləri ilə, sanki, üsyan bayrağı qaldırdılar.

Qətliamı törədənlər “asayişi bərpa etmək” adı altında güllə yağdırarkən, yerin altında çalışan insanlar ölüm təhlükəsinə qarşı metronun polad qapılarını fəlakətdən qaçan biçarə insanların üzünə açdılar.

Həmin gecə qatarlar sanki azadlıq karvanlarına çevrildi. Maşinistlər, stansiya xidmətçiləri dumanın içində yolunu azanlara bələdçi oldular. Dəmir yollarının bu adsız qəhrəmanları, yerin altında qurulan o sarsılmaz istehkamla sübut etdilər ki, məzlumun da bir-birinə kəmənd olan qardaşlıq əli var. Yerin altında bu vətənpərvər insanlar hər kəsi öz himayəsinə alıb, qaranlıq tunelləri nicat yoluna döndərdilər. 20 Yanvar faciəsinin 36-cı ildönümü ərəfəsində onlardan bir neçəsi ilə həmsöhbət olduq.

İbrət TAHİROV,
veteran metro içşisi:

– 1977-ci ildən metroda təlimatçı-maşinist vəzifəsində çalışırdım. Həmin gün axşam növbəsində idim. Saat 8-də işə gəldim və hər zamankı kimi vəzifəmi yerinə yetirməyə başladım. Sonra iş yoldaşım Rasim Musayev mənə yaxınlaşdı, soruşdu ki, bəlkə metro səhərə qədər işləsin? Dedim ki, işləmək lazımdırsa, işləyək. Dispetçerlə məsləhətləşib qərara aldıq ki, metronun səhərə kimi fasiləsiz işləməsi məqsədəuyğundur.

Hamı səhərədək işdə qaldı, eyni zamanda, istirahət günü olan və yaxud da səhər növbəsində çalışan maşinistləri də çağırdım. Gecə 12-də qırğın başladı. Qatar az olduğundan dispetçerdən xahiş etdim ki, xəttə əlavə qatar buraxsın. Maşinistlər səhərə kimi cəsarətlə öz vəzifələrini, həm də Vətən qarşısında borclarını yerinə yetirdilər.

Həmin gecə metro işləməsəydi, faciə qurbanlarının sayı on dəfə çox olardı. 36 il keçməsinə baxmayaraq, həmin hadisələrin hər anı yaddaşımda canlanır. Camaatın qaçaraq təşviş içərisində vaqonlara minməsini, o təlaşı, həyəcanı unutmaq mümkün deyil. O zaman metronun təhlükəsizliyini polis qoruyurdu. Həmin gecə əsas mərkəzimiz Nəriman Nərimanov metrostansiyasında yerləşirdi. Gecə saat 1-də yaralı gətirdilər. Yaralını tibb otağına apardıq, orada ona tibbi yardım göstərildi. Daha sonra təcili yardıma təxliyə etdik.

20 Yanvar hadisələri insanların bir-birinə inamını möhkəmləndirdi və milli həmrəyliyi daha da gücləndirdi. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, qəhrəmanlıq və vətənpərvərlik nümunəsini gələcək nəsillərə də ibrət dərsi kimi çatdıracaq. O hadisədən sonra bir müddət yata bilmədim. Həmin gecə qəhrəman və fədakar maşinistlərimiz Ağadadaş və İlham səhərə qədər fasiləsiz iş başında oldular. Onların göstərdikləri fədakarlıq və məsuliyyət, o dəhşətli gecədə insanların təhlükəsizliyini təmin etmək üçün yorulmadan çalışmaları heç bir zaman yaddaşımdan silinməyəcək.

Cahil HƏSƏNOV,
maşinist:

– Əslində, o gecə axşam saat 11-də işimi yekunlaşdırıb evə dönməyi planlaşdırmışdım. Lakin birdən eşitdik ki, sovet rəhbərliyi xaincəsinə Bakıya qoşun yeridib. Küçələrdə vəziyyət acınacaqlı, sözlə təsvir olunmayacaq qədər dəhşətli idi. Sovet ordusu bir neçə dəqiqənin içində şəhəri al‑qana bürümüşdü. Hər addımda ölüm təhlükəsi var idi, güllələr sanki yağış kimi yağır, küçələri qana boyayır, meyitləri daşımaq isə mümkünsüz idi.

Metro stansiyaları həmin gün insanların ümid ocağına, sığınacaq yerinə çevrilmişdi. Biz, metropoliten işçiləri o gecə əlimizdən gələni etdik. Dörd nəfər maşinist yuxarı qalxdıq, şəhərin küçələrinin al‑qana büründüyünü, atəş səslərinin hər tərəfə yayıldığını gördük. Küçəboyu irəlilədikcə, gördüklərimdən dəhşətə gəldim: yollar meyitlər və yaralılarla dolu idi. İndiki “20 Yanvar”, “İçərişəhər”, “Nəriman Nərimanov” və “Koroğlu” stansiyalarında vəziyyət xüsusilə ağır idi. Saat təxminən 12 radələrində “Nəriman Nərimanov” stansiyası istiqamətində yaralıları daşıyırdıq. Sonra bildirdilər ki, keçmiş “Bakı Soveti” stansiyasına getməliyik. Orada vəziyyət daha ağır idi. Qanlı Yanvar gecəsinin günahsız qurbanları arasında iş yoldaşlarım İlqar Qarayev və Əflatun Kazımov da vardı. Onları bu gün də ehtiramla yad edirəm.

İlham MUSTAFAYEV,
böyük tunel ustası:

– Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasında növbətçi idim. Bir neçə gün əvvəldən şəhərin bütün girişlərində barikadalar qurulmuşdu. Həmin vaxta qədər metroda vəziyyət tam normal idi. Qatarlar qrafik üzrə hərəkət edir, sərnişin axınında heç bir fərq hiss olunmurdu. İnsanların davranışı da adi günlərdən seçilmirdi. Heç kim təsəvvür belə etməzdi ki, bir-iki saat sonra faciə baş verəcək. Qırğın başlandıqdan sonra isə insanların üzlərində qorxu, qəzəb, təşviş və çaşqınlıq oxunurdu. Hara qaçırdılarsa, güllə yağışına düşürdülər. Kim hara sığınacağını, canını necə qurtaracağını bilmirdi.

Gecə rəhbərlikdə qərar verildi ki, metro səhərə qədər işləyəcək. Biz yuxarıda vahimə içində qalan insanlara metronun gecəboyu fəaliyyət göstərəcəyini çatdırdıq. Metroya yaxın olan insanlar heç tərəddüd etmədən stansiyalara axışdı və orada sığınacaq taparaq canlarını qurtardılar.

O gecə metro bir növ təcili yardım rolunu oynadı, yüzlərlə insanın xilaskarına çevrildi. Qorxu və təşviş içində metroya sığınan insanların üzlərində yaranan sevinc, rahatlıq və minnətdarlıq hissi ömürlük yaddaşıma həkk olunub.

Səhər açılanda başqa bir mənzərə ilə rastlaşdıq. Bakı hərbi texnika və silahlı əsgərlərlə dolmuşdu. Şəhərdə hərbi vəziyyət elan olunmuşdu. İnsanlar onlara nifrətlə baxır, içindəki ağrını və qəzəbi saxlaya bilməyənlər əsgərlərin üzünə təhqiramiz sözlər yağdırırdı. Bu nifrət qorxudan yox, haqsız yerə tökülən qanlardan, tapdalanan insanlıqdan doğurdu.

Məftun ABBASOV,
tunel ustası:

– Mən tunel fəhləsi işləyirdim. O gecə növbəm keçmiş “Bakı Soveti” ərazisində — indiki “İçərişəhər” stansiyasında idi. Saat təxminən 23:45 radələri idi, hamı gərginlik içindəydi.

Elə bu vaxt xəbər gəldi ki, Salyan kazarması tərəfdə, keçmiş “Azərbaycan” kinoteatrının yerləşdiyi prospektdə vəziyyət son dərəcə gərgindir və oraya təcili kömək lazımdır. Dərhal avtobuslarla hadisə yerinə yollandıq. Çatanda gördük ki, təcili yardım maşınına atəş açılıb. Qapıları açmağa çalışdıq, amma içəridən heç kim çıxa bilmirdi. İki nəfər yaxınlaşıb kömək etmək istəyəndə onları da güllə atəşinə tutdular.

Gecə saat 23:55 idi. Atəş səsləri səngimirdi, əvvəlcə havaya, sonra isə birbaşa biz tərəfə atəş açmağa başladılar. Biz iriçaplı silahlarla açılan atəşdən yayınmaq üçün avtobusların arxasına sığınmağa məcbur olduq.Gecəyarısına yaxın, təxminən saat 00:00–00:24 aralığında kazarmanın qapıları açıldı. Zirehli texnika, tanklar meydana çıxdı. Blokada yaratmış maşınları sağa-sola itələyərək, əzə-əzə “20 Yanvar” istiqamətində hərəkət etməyə başladılar.

Şəhərin üzərinə qaranlıqla birlikdə ağır, qorxulu bir sükut çökdü. Dinc insanlara avtomatlardan od yağdırırdılar. Mən bir ağacın arxasında gizlənmişdim. Amma gördüm ki, bu cür gizlənmək mümkün deyil. Tez yerə uzandım, maşınların arasına sığındım. Onlar adi əsgər deyildilər, mənfur məxluqları xatırladırdılar: saçları uzun, üzləri bədheybət, baxışları insanı vahiməyə salırdı… Bir neçə dəqiqə sonra yadıma düşdü ki, fövqəladə vəziyyət baş verəndə metro səhərə qədər işləməli, insanları xilas etməli idi. Bu düşüncə ilə özümü toparladım və bütün çətinliyə baxmayaraq, “Elmlər Akademiyası” stansiyasına tərəf yollandım.

Ora çatanda gördüm ki, insanlar stansiyanın qarşısında vahimə içində donub qalıblar. Mən dərhal özümü ələ alıb onlara müraciət etdim: heç kim çəkinməsin, hamı sakit şəkildə stansiyaya daxil olsun. Dedim ki, metropoliten mühafizə olunan obyektdir, heç bir hərbi qüvvə ora daxil ola bilməz. Metro səhərə qədər işləyəcək. İnsanlar bir müddət tərəddüd etdilər, amma sonra sözlərimə inandılar və tədricən stansiyaya daxil olmağa başladılar.

Biz yaralıları eskalatorlarla aşağı daşıyır, qatarlara mindirirdik. Sağlam insanları da metroya yönləndirirdik. Bu minvalla, fasiləsiz şəkildə səhərə qədər çalışdıq. Səhər açılana yaxın artıq gücüm tükənmişdi, evə getmək istədim. “Qara Qarayev” stansiyasına çatanda ətrafda qan izləri gördüm. Bu mənzərə məni sarsıtdı, geri qayıtmaq qərarına gəldim.Geri dönəndə gördüm ki, o vəhşi görkəmli adamların yerində başqa əsgərlər dayanıb — təmiz formada, səliqəli saçlarda, təmiz üzlü. Sanki gecənin qanlı siması dəyişdirilmişdi…

O gecə nə təcili yardım vardı, nə də insanların sığınıb canını qurtara biləcəyi bir ümid yeri. Demək olar ki, o dövrdə qırğının qarşısını alan, əhalini ölümdən xilas edən yeganə yol Bakı Metropoliteni oldu. İnsanlar metro vasitəsilə daşındı, təhlükədən uzaqlaşdırıldı. Əminliklə demək olar ki, baş verə biləcək faciənin təxminən doxsan faizinin qarşısı məhz metro sayəsində alındı.

O qaranlıq gecədə şəhid olan həmvətənlərimiz bizim qarşımızda işıqlı bir yol – Azadlıq mübarizəsi meydanı açdılar. Onların əziz xatirəsi isə qəlbimizdə yaşayır.

Söhbəti apardılar:
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri