O qaranquşların qonacağı evlər Rafael Hüseynov yazır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rafael HÜSEYNOV
Akademik
Bu küçə də, bu bina da mənə çox əzizdir. Əslində doğma! Artıq 55 ildir ki, mən Bakıda olduğum vaxtlarda hər gün bu küçədən keçirəm, tez-tez də həmin binanın qapısını açıram. Universitetdə tələbəliyim dövründə 5 il bu bina həm də ikinci evim kimi olub. İndi də hətta bazar günləri də gəldiyim iş yerim elə həmin küçədədir. Bura İstiqlaliyyət küçəsidir, o bina indi Əlyazmalar İnstitutunun yerləşdiyi mülkdür.
Amma o vaxt XX əsr yenicə başlanırdı, bu küçə Nikolayevski idi, həmin binada da Bakıdakı ilk türk qızlar məktəbi yerləşirdi.
...O gün bu binanın da, artıq bir yaşı tamam olmuş Qız məktəbinin də həyatında əsla sıradan olmayan, son dərəcə əlamətdar bir gün idi. Binanın zahirində də bu qeyri-adilik, sıradan olmamaqlıq hiss edilirdi. Bir tərəfdə İranın, o biri tərəfdə Rusiyanın bayrağı asılmışdı. Girəcək xalçalarla bəzədilmişdi və İran taxt-tacının sahibi Müzəffərəddin şah (1853-1907) bura qonaq gələcəkdi. Bakıda məktəblər çox idi. Ancaq bütün məktəblər arasında bu məktəbin seçilməsi də əsla təsadüfi deyildi. İran şahı qonaq gəlirdi, ətrafında əyan-əşrafı, əshabələri. Və şahənşah qurucusunun Hacı Zeynalabdin Tağıyev (1838-1924) olduğu məktəbə qonaq gəlirdisə də, o, bilavasitə Hacının yox, Rusiya hökmdarının qonağı idi.
Müzəffərəddin şah Rusiyaya rəsmi səfərdə idi, çarın qonağı idi və həmin səbəbdən bu məktəbə təşrif gətirəndə də sağında-solunda öz əshabələrindən savayı yüksək məqamlı rus məmurları vardı. Elə qapının ağzındaca şahənşahı Qız Məktəbi Hamilər Şurasının sədri Hacı Zeynalabdin Tağıyev, Qafqaz Maarif Dairəsinin rəisi Txarjevski, Qız məktəbinin müdirəsi Hənifə xanım Məlikova (1856-1929) və digər müəllimlər qarşıladılar. Hamısının əllərində gül-çiçək dəstələri. 1902-ci ilin 12 sentyabrında, Müzəffərəddin şahın Qızlar məktəbinə qonaq gəldiyi o tarixi gündə ali qonağı qarşılamaqçün məktəbli qızlar da sıralanmışdılar. Onların da hamısının əllərində gül-çiçək dəstələri vardı. Pilləkənlərin yanında gül-çiçəkli dibçəklər düzülmüşdü, bir tərəfdə də üstündə şir-i xurşid toxunmuş xalça asılmışdı. O da məktəbli qızların əl işi idi. Amma tək bu deyildi. Elə orada qızların nəfis tikmələrdən ibarət əl işlərindən gözəl bir sərgi düzəldilmişdi.
Hacı Zeynalabdin Tağıyev Müzəffərəddin şahı ehtiramla salamlayaraq dedi ki, Rusiyadakı 12 milyon müsəlmanın arasında bu, birinci qız məktəbidir. Bu məktəbi biz o ümidlə yaratmışıq ki, müsəlman ailələri üçün savadlı analar hazırlayaq.
Şah “Çox məmnun!”, “Çox gözəl!” söylədi.
Və qızlar xorla dua oxumağa başladılar.
Sonra bir-bir şahənşaha yaxınlaşaraq çiçək dəstələrini təqdim etdilər.
Şah onların əl işlərinə baxdıqca, bu zərif uşaqların barmaqlarından çıxmış sadə, amma cazibəli əsərləri gördükcə məftun oldu, “Çox gözəl!” söylədi, “Əhsən!” dedi. Ardınca Hacı Zeynalabdin Tağıyev şahənşahı və onu müşayiət edənləri ikinci mərtəbəyə, böyük zala dəvət etdi.
Müzəffərəddin şah Rusiyaya dövlət səfərinə gəlmişdi və bu səfər vur-tut bir neçə gün çəkəcəkdi. Belə qısa müddət ərzində vaxt tapıb və lazım bilib Bakıdakı Qızlar məktəbinə gəlmişdisə, bunun arxasında ciddi iş vardı. İran dövləti başçısının yanında nazirləri, dövlət məmurları, ölkənin Rusiyadakı səfiri. Bu qısa səfərin proqramına Qızlar məktəbini ziyarət də daxil edilmişdisə, səbəb Hacı Zeynalabdin Tağıyevin uzaqgörən siyasəti, aylar öncədən Peterburqdakı əlaqələrindən istfadə edərək apardığı gərgin iş idi. Əlbəttə ki, bu səfər ərəfəsində Müzəffərəddin şahın haralara gedəcəyi, kimlərlə görüşəcəyi irəlicədən müəyyənləşdirilmişdi. Hacı Zeynalabdin Tağıyev məqsədinə çatmaq, şahın səfər cədvəlinə məhz Qızlar məktəbinə gəlişin də daxil edilməsinə nail olmaqçün imperatorluğun Xarici İşlər Nazirliyindəki və dəftərxanasındakı münasib əlaqələrindən istifadə etmişdi. Bunu niyə edirdi? Əvvələn, məktəb üçün böyük şöhrət idi ki, İranın şahı Bakıya gəldi və Qız məktəbini ziyarət elədi. Başqa bir təhsil ocağını yox, məhz Hacı Zeynalabdin Tağıyevin yaratdığı Qız məktəbini! Bu, məktəbin nüfuzunu, çəkisini qaldırmaqdan savayı, həm də Qız məktəbini qoruyan əlavə bir vasitə oalcaqdı. Məktəbi açana qədər Hacı Zeynalabdin Tağıyev mövhumatçıların çox tənələrinə tuş gəlmişdi, nadanların hədsiz hücumlarına məruz qalmışdı. Ancaq ətrafında dostlar, tanışlar, məsləkdaşlar, onun fikrini dəstəkləyənləri toplayaraq, nəhayət, istəyinə nail olmuşdu. Di gəl, təhlükələr hələ də tam bitməmişdi. Ara-sıra ordan-burdan yenə sədalar gəlməkdə idi. Yenə mane olmaq istəyənlər vardı, yenə məktəbin əleyhinə danışanlar az deyildi. Ona görə Hacı Zeynalabdin Tağıyev ətrafında daha bir ciddi çəpər çəkmək, məktəbi qoruyan əlavə bir zireh qazanmaq üçün şahənşahı da bura gətirtmişdi. Bu isə həm Hacı Zeynalabdin Tağıyevin, həm məktəbin nüfuzunu qaldırmaqdan savayı, üstəlik ideyanı, məqsədi, xətti qoruyan təsirli vasitə idi.
Pillələrlə qalxırdılar, Hacı Zeynalabdin Tağıyev şahənşahın yanındaydı, elə oradaca bir istəyini də dilə gətirmişdi: “Əlahəzrət, izin versəydiniz, nəcib qulluğunuza bir arzumu çatdırmaq istərdim. Mən toxuculuq fabrikimin nəzdində də məktəb açmışam. O məktəb fəhlə uşaqları üçündür. Əgər icazəniz olsaydı, həmin məktəbi sizin adınızla adlandırardıq”.
Şahənşah bu təklifi də razılıqla qarşılayır, “Məmnuniyyətlə” deyir.
Bu da Hacı Zeynalabdin Tağıyevin daha bir ağıllı addımı, daha uzaqgörən bir hərəkəti idi. Bu cəhdi ilə də o, İran şahını öz təhsil ideyaları, qurduğu məktəblərlə bağlayırdı, artıq gələcəkdə onu yaratdığı məktəbləri, görəcəyi işləri mühafizə və müdafiə edən əlavə bir dəstəkçi qüvvəyə çevirirdi.
Qız məktəbində oxuyanlar xırdaca uşaqlardılar - yeddi, səkkiz, doqquz yaşlarında.
Və vur-tut bircə il idi ki, bu məktəbdə dərs alırdılar. Ancaq bəhrələr göz qabağındaydı.
Böyük zalda qızlar məhz bu gün üçün - Müzəffərəddin şahın gəlişi münasibətilə yazılmış himni xorla oxudular. Sonra hökmdar bir-bir qızlara yaxınlaşdı, soruşdu ki, “Quran” oxuya bilirsinizmi? Aldığı müsbət cavab da onu xoşhal elədi.
Hökmdar qızların əl işlərinə baxırdı, onların oxuduğu şeirləri dinləyirdi və heyran qalmışdı. Şahənşahın zövcəsi də qızlar məktəbinə gələn qonaqların arasında idi. Onun məktəbdə oxuyan qızların hər birinə məxsusi hədiyyəsi vardı - qızıl zəncirə bənd olunmuş onluq. Bunu hər bir məktəbliyə hədiyyə etdi (Və qızlar da həmin sovqatı sonralar bir həmayil kimi boyunlarından asarlarmış).
Fəqət məktəbin müdirəsi Hənifə xanım Məlikovaya şahbanunun ayrı bir hədiyyəsi vardı. O, Hənifə xanıma bahalı üzük bağışlamışdı.
Hacı Zeynalabdin Tağıyev Müzəffərəddin şahla bu isti münasibəti qura-qura həm də tarix haqqında fikirləşirdi, onun dəst-i xətti ilə bir-iki təqdir cümləsinin yazılmasını arzulayırdı. Ona görə də təəssüratlar və rəylər yazmaqçün irəlicədən hazırlatdığı məxsusi kitabı qoyur Müzəffərəddin şahın qarşısına və rica edir ki, şahənşah bugünkü günlə bağlı düşüncələri orada qısaca yazsın.
Az müddətdə məktəbin nail olduqları Müzəffərəddin şahı da, onunla bərabər İrandan gələnləri də və onları müşayiət edən yüksək rütbəli rus məmurlarını da mat qoymuşdu.
Ertəsi gün - 1902-ci il sentyabrın 13-də “Kaspi” qəzetində Müzəffərəddin şahın Bakıya gəlişi, Qızlar məktəbini ziyarət etməsi ilə əlaqədar ayrıca bir yazı dərc ediləcək. O məqalədə şahənşahın məktəbə hansı dəqiqədə gəlib, hansı dəqiqədə getməsinə qədər dəqiqliklə bütün gedişat təsvir edilirdi.
Müzəffərəddin şah məktəbə üçə on beş dəqiqə qalmış gəlmişdi, dördə on dəqiqə qalmış getdi. Əslində isə nəzərdə tutulmuşdu ki, 20-30 dəqiqə ərzində bura ötəri baxsın və getsin. Ancaq Müzəffərəddin şahın gördükləri elə xoşuna gəlmişdi, onun ətrafındakılar şahid olduqları mənzərəyə - şagirdlərin belə yüksək səviyyəsinə, məktəbdəki bunca ideal səliqə-sahmana elə vurulmuşdular ki, ayrıla bilmirdilər. 20-30 dəqiqə olmuşdu 1 saat.
Məktəbdən ayrılırkən Müzəffərəddin şah bir daha Hacı Zeynalabdin Tağıyevə razılığını ifadə etdi. Dedi ki, mən gördüklərimdən, eşitdiklərimdən, sizin etdiyiniz işlərdən çox məmnunam. Arzum budur ki, gələcəkdə də məktəbinizin şagirdləri müsəlman qızlarına, müsəlman qadınlarına xas olan təvazökarlığı qoruyub saxlaya bilsinlər.
Məktəbin həyatındakı daha əlamətdar və həyəcanlı hadisə isə bu təmtəraqlı gəlişdən də illər sonra baş verdi.
Arxada qalan 5 ildən uzun müddətdə həmin binada fərəhli saatlar, özünəməxsus təntənəsi ilə daşan dəqiqələr çox olmuşdu. Ancaq həminki günün həyəcanı heç bir ölçüyə gəlməzdi. On beş qız sınaq qarşısında idi. Məktəbin ilk buraxılışı ərəfəsində onlar imtahan verirdilər. İmtahanlar hesabdan, tarixdən, coğrafiyadan və rus dilindən idi. İmtahanların keçirilməsini 3 günə bölmüşdülər. Birinci imtahan ayın 9-da, növbətiləri 11-i və 12-sində keçirilməli idi.
Və imtahanı götürmək üçün çox mötəbər bir komissiya yaranmışdı. Qızlar Məktəbi Hamilər Şurasının sədri Hacı Zeynalabdin Tağıyev, Hamilər Şurasının digər üzvü Əlimərdan bəy Topçubaşov (1862-1934) əyləşmişdilər. Rəhilə xanım Topçubaşova da buradaydı, məktəbin müdirəsi Hənifə xanım Məlikova da, müdirə müavini Məryəm xanım Sulkeviç (1861-1917) də, digər müəllimlər də. Amma kənardan gələnlər də vardı. Qafqaz Təhsil Dairəsinin müfəttişləri də imtahanın gedişini izləyirdilər. Ayın 9-dakı bu imtahanda da, sonrakı günlərdəki sınaqlarda da qızlar dil-dil ötürdü.
Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov - iki məsləkdaş baxırdılar və mütəəssir idilər. Onlar arxada qalan illərin hamısında həyəcanla bu günü gözləmişdilər. Nəhayət ki, onların övladı ayaq üstə dururdu. On beş şagird bu məktəbi bitirəcəkdi. Onlar əllərinə sənəd alacaqdılar ki, artıq təhsillidirlər, dərs deməyə hazır olan müəllimlərdilər.
Və Hacı Zeynalabdin Tağıyev iftixarla doluydu.
Lakin həmin bəxtiyar günün möhürünü Qafqaz Təhsil Dairəsindən gələn çox tələbkar müfəttiş Kapitelovun sözləri vurur. Üç imtahan ərzində onun sifətindən ciddi ifadə əskik olmamışdı. Nəhayət, ayın 12-si gəlib çatmışdı. Son imtahan idi. Qızlar bu sınaqdan da uğurla çıxırlar və Kapitelov ayağa qalxır. Bu imtahanlara qədər Kapitelov Qafqazın müxtəlif yerlərində ayrı-ayrı məktəblərdəki çox bu qəbil yoxlama və sınaqlarda iştirak eləmişdi. Heç vaxt da imtahanların əvvəlindən axırınadək üzündəki sərt ifadə çəkilməmişdi. Ancaq burada - 1906-cı il mayın 12-də son imtahandan sonra istər-istəməz ayağa qalxır, üzünü tutur bu göyçək qızlara, onlara şəfqətlə baxır və məhəbbətlə sözlər deyir: “Mən sizin cavablarınızdan zövq aldım”.
O gün bu binanın yaddaşında həmişəlik qalacaq - 1906-cı ilin 12 mayı. Qızlar məktəbində son imtahan idi və bundan sonra buraxılış gecəsi təşkil edilmişdi.
Günü binanın tarixində əbədiləşdirən və təkrarsız edən odur ki, bu mülk var olduğu müddətcə heç vaxt orada həmin gündəki qədər insan qəhərlənməyib, göz yaşı tökməyib. Əlbəttə, bir əsrdən artıq müddətdə bu binadan sonradan çoxları da gəlib keçdi. Hansısa göz yaşlarının şahidi elə mən özüməm. Qız məktəbi kimi bu bina ömrünü başa vurandan sonra ilk milli parlamentimiz - “Məclis-i məbusan” burada yerləşdi. Ardınca ora dönüb oldu Darülmüəllimin. Amma binada Darülmüəlliminin çalışdığı çağlarda burada ailələr də yaşayırdı - şair Hüseyn Cavidin (1882-1941), Darülmüəlliminin direktoru Pənah Qasımovun (1881-1937), ictimai xadim Əsəd Verdiyevin ailələri. Sovet dövründə burada əvvəlcə Mərkəzi İcraiyyə Komitəsi yerləşirdi, onun ardınca isə Ali Sovet burada qərar tutdu. Amma sonrakı onillərdə Azərbaycan Dövlət Universitetinin bir neçə fakültəsi, o sıradan Şərqşünaslıq burada idi. Təbii ki, bu binada ayrı-ayrı təşkilatların müxtəlif illərdə yerləşdiyi çağlarda insanlar gəlirdilər, gedirdilər, gündəlik həyatlarını yaşayırdılar, təşvişə düşən də, sevinən də, kədərə qapılan da, göz yaşı axıdanlar da az olmurdu. O binada axıdılmış göz yaşlarına özümün də canlı şahid olmam orada ötən 5 illik tələbəlik həyatımın günləri ilə bağlıdır. Şərqşünaslıq fakültəsində oxuyurduq, imtahanlar gedişində müvəffəq olanlarla yanaşı, arzuladığı qiyməti almayanlar, kəsilənlər, bunun ucbatından da istər-istəməz kövrələnlər, göz yaşı axıdanlar rastımıza tez-tez çıxırdı. Ancaq 1906-cı ilin 12 mayındakı qədər hərarət və islaq gözlər bu binanın tarixində heç vaxt olmayıb və yəqin ki, gələcəkdə də olmaz.
May ayının 12-də sonuncu imtahandan sonra ikinci qatda buraxılış gecəsi keçirilirdi. Əvvəlki günlərdəki imtahanlarda iştirak edən nəzarətçilərin, yoxlayıcıların cərgəsinə bu gün yeni qonaqlar da əlavə olunmuşdu. Təbii ki, Zeynalabdin Tağıyev və zövcəsi Sona xanım Tağıyeva başdaydılar və Əlimərdan bəy Topçubaşov da onların yanında. Böyürlərində Rəhilə xanım Terequlova (1882-1954) durmuşdu. Digər müəllimlər, məktəbdə işləyənlərin hamısı cəmləşmişdi. Qafqaz Təhsil Dairəsindən gələn müfəttişlər də buradaydı. Ayrı-ayrı hörmətli qonaqlar, din xadimləri də dəvətliydi. O adamlar, o axundlar, o müdrik insanlar ki Hacı Zeynalabdin Tağıyev daim onlarla məsləhətləşərdi, onların sözünü eşidərdi, Mir Məhəmməd Kərim ağa Mircəfərzadə (1853/55-1938), Hacı Mirzə Əbu Turab (1817-1910), Axund Ruhulla (1850-1912) buradaydılar.
Məktəbi bitirən 15 qız əvvəlcə xorla bir şərqi oxudu. Yenə onların düzəltdiyi əl işləri göz oxşayan bir səliqə ilə düzülmüşdü.
Və Hacı Zeynalabdin Tağıyev üçün də, Sona xanımdan ötrü də qızlar məxsusi hədiyyələr hazırlamışdılar. Hacı zəngin adam idi. O, ən ağlasığmaz qiymətdə ola biləcək hədiyyəni də özü almağa qadir idi. Lakin qızların hazırladığı sovqatı dünyanın heç bir yerindən heç bir məbləğə əldə etmək mümkün deyildi.
Bu hədiyyə bir təşəkkürnamə idi. Təşəkkürnamədən daha artıq bir sevginamə! Hacı Zeynalabdin Tağıyevə ünvanı şagirdlərdən biri oxudu. Məzuna çevrilən qızın dilindən bu sözlər səslənincə hər kəs duyğulandı.
Bu böyük zal sükut içində idi. Balaca qız mətni oxuyurdu, dinləyən elə zənn edərdi ki, bu qızın qarşısında səsi dəfələrcə qüvvətləndirən maqnitofonlar dayanıb.
“Siz bizi - müsəlman qızlarını öz gözümüzdə yüksəltdiniz, elə cəmiyyətin də gözündə çox ucalara qaldırdınız”.
Hamı kövrəlmişdi, Hacı Zeynalabdin Tağıyev də qəhərlənmişdi. Axundlardan biri üzünü çevirdi Hacı Zeynalabdin Tağıyevə: “Hacı, budur sizin əməklərinizin mükafatı”.
Bu sözləri eşidincə artıq sevimli məktəblərindən ayrılmağa hazırlaşan qızların neçəsi hönkürdü.
Qızcığazların bu ağlayışına nə Hacı biganə qala bildi, nə də o səhnəni izləyən başqaları. Hamı təsirlənmişdi...
Tağıyevin də bu gün üçün məzun qızlara özəl bəxşişi vardı.
O, bir neçə il əvvəl Mirzə Məhəmməd Kərim Mircəfərzadədən xahiş etmişdi ki, “Quran”ı Azərbaycan dilinə çevirsin. Tərcümənin ilk cildi 1904-cü ildə Tiflisdə, “Kaspi”nin “Buxariyyə” mətbəəsində nəşr edilmişdi, növbəti cildi isə 1906-cı ilə çatdırılır. Həmin tərcüməni Mirzə Məhəmməd Kərim Ağa Mircəfərzadə təkbaşına etməmişdi. Hərçənd kitabda tərcümənin müəllifi olaraq təkcə onun adı gedirdi, ancaq iş əsnasında Axund Ruhulla da ona bacardığı köməkləri əsirgəməmişdi. Amma üçün arasında həm özünün dərinliyi, həm də “Quran” mətninin dərinlərinə sirayət etmək baxımından daha güclü olan Hacı Mirzə Əbu Turab tərcümənin səlis və dürüst alınmasına çox köməklər göstərmişdi.
İndi Hacı bircə-bircə bu 15 qızın hər birinə “Quran” dəstlərini təqdim edirdi, kitabları verdikcə də onları bir-bir şəfqətlə süzürdü və çətin hədəfi uğurla qət etmiş yolçunun məmnunluğu ilə, əlbəttə ki, bu 15 qızın heç birinin artıq adi insanlar olmadığını dərk edirdi.
Onlar Azərbaycanın əlində təhsil sənədi olan ilk qızları idilər, onlar ayrı-ayrı məktəblərdə tam hüquqla müəllimllik edə biləcəkdilər - Maral Bayraməlibəyova, Xeyransa Axundova, Sayad Usmiyeva.
Və sonralar əslində heç məktəblərə də sığmayacaqlar. Hər biri sonralar Azərbaycan maarifində, Azərbaycan ədəbi-mədəni gerçəkliyində, Azərbaycan ziyalılığında və Azərbaycan ictimai-siyasi həyatında silinməz izlərini qoyacaq.
Elə bircəsi anılsa yetər - Ayna Musabəyova (1895-1938). O, Qəzənfər Musabəyovun (1888-1938) doğmaca bacısı idi. Həmid Sultanova (1889-1938) ərə gedəndən sonra həyat yoldaşının soyadını götürmüşdü. Ayna Sultanova məşhur “Şərq qadını”, sonralar “Azərbaycan qadını” jurnalına çevriləcək dərginin birinci redaktoru oldu. O, 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışdı. Eləcə də Ayna Sultanova həmin illərdə Moskvadakı Qırmızı Professura İnstitutunda oxumuşdu. 1938-ci ildə o da qardaşı və əri ilə bərabər sovet siyasi repressiyalarının qurbanlarından birinə çevrildi. Amma meydanda olduğu illər içərisində hər halda Azərbaycanın ən irəlidə gedən ziyalı qadınlarından sadəcə biri yox, lap birincisi kimi parladı.
Ümumən, bu 15 qızın hamısı, bütövlükdə 1901-ci ildən 1918-ci ilə qədər Tağıyevin Qızlar məktəbində təhsil almış 700 nəfərin hər biri Azərbaycan tarixində qalacaq qadınlara çevrildi. Onlardan hansısa müəyyən məktəblərdə dərs dedi, hansılarsa ayrı-ayrı vəzifələr tutdu, hansılarsa ictimai-siyasi həyatda irəlilədi. Ancaq elələri də oldu ki, evdar qadına çevrildilər, evlənəndən sonra ailələri icazə vermədi ki, dərs desinlər, camaat arasında olsunlar. Ancaq onların da hər biri ən azı çox yaxşı anaya çevrildi, ağıllı övladlar yetişdirdilər. Hacı Zeynalabdin Tağıyevin millət atalarına xas siqlət və hikmət daşıyan sözləri də qalıb. Demişdi ki, “bir oğlana təhsil versən, savadlı bir cavan qazanacaqsan, amma bir qıza savad versən, savadlı, təhsilli bir ailə qazanacaqsan”.
Qız məktəbini yaratdığı dövrdə Hacı Zeynalabdin Tağıyevi ən çox narahat etmiş düyünlərdən biri mühafizəkarların, gözü və şüuru yeni zamana və yeni olan hər şeyə qapalı mövhumatçıların sərt müqaviməti idi. Onsuz da irəlicədən təsəvvür etməmiş deyildi ki, çadraya bürünmüş dindar mühitdə qızların üzüaçıq gəzməsi, kişilərin də bu məktəbə gəlib-getməsi ehtimalı sadəcə narahatlıq deyil, hətta ən şiddətli təhlükələr törədə bilər. Ona görə işini əvvəldən ehtiyatlı tutmuşdu, dedi-qoduların qarşısını almaq tədbirlərini əvvəlcədən müəyyənləşdirmişdi, Qızlar məktəbinin nizamnaməsində də yazdırmışdı, camaata da elan etmişdilər ki, qızlar burada örtülü olacaqlar, müəllimlər də örtünəcəklər və məktəbdə bircə nəfər olsun kişi işləməyəcək. Ona görə də başlanğıcda - Qızlar məktəbindəki ilk dərs həftələri və aylarında müəllimələrin hamısı dərsə örtüklə gəlirdilər, qızlar da bürünürdülər. Amma bir müddət keçəndən, məktəb artıq oturuşandan, cəmiyyət içərisində özünü təsdiqləyəndən sonra çadra, bürünmək söhbəti keçdi ikinci sıraya.
Və müəyyən müddətdən sonra tədricən dərs deyənlərin sırasında kişi müəllimlər də görünməyə başladı.
Başlanğıcda Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım məktəbin müdirliyini həyata keçirə-keçirə dərs də deyirdi. O, ayrı-ayrı siniflərdə rus dili dərsini aparırdı. Ancaq gedişatda hiss olundu ki, məktəbin təşkilati işləri o qədər vaxt aparır ki, onları edə-edə dərs də demək alınmır. Ona görə də rus dili dərslərini deməkçün ayrı bir münasib müəllimə tapdılar və Hənifə xanım yalnız direktor kimi vəzifəsini yerinə yetirməyə başladı. Məktəb müdirinin müavini, sonralar direktorluq edəcək Məryəm xanım Sulkeviç isə riyaziyyat dərslərini aparırdı.
Ruhani ailədən çıxmış, tanınmış axundun övladı olan Səkinə xanım şəriət dərslərini deyirdi. Nizamnamədə məktəbdə kişilərin heç olmayacağını yazmışdılarsa da, lap əvvəldən kişisiz də keçinə bilməmişdilər. Məktəbdəki yeganə kişi işçi yaşı yetmişi ötmüş qarovulçu idi və əlavə söz-söhbətlərə yer qalmasın deyə onun arvadını da işə götürmüşdülər.
Müəllimlər öz yerində, xidmət personalı, aşpazlar, həkimlər, qulluqçular hamısı qadınlar idi. Ancaq vaxt ötəndən, məktəbin nüfuzu yüksələndən, kənar təzyiqlərə müqaviməti artandan sonra müəllimlərin sırasında bir-bir kişilər də görünməyə başladı. Kişilər də nə kişilər! Hərəsi bir çıraq! Hərəsi Azərbaycanın iftixarı olan bir şəxsiyyət! Hərəsi bu qızlara öz doğmaca balaları kimi məhəbbət bəsləyən millət pərvanəsi!
Məktəbin öz müalicəxanası vardı. Uşaqlar iki dəstə idi - böyük qismi elə məktəbdə qalırdı, amma tək-tək elələri də vardı ki, dərslər bitəndən sonra evlərinə gedirdilər.
Təbii ki, burada qalanlara məxsusi qayğı göstərilməli idi. Sevda xanım Pepinova burada işləmiş nənəsinin - Xədicə xanım Ağazadənin (1885-1957) xatirələrinə əsasən söyləyirdi ki, hər 2-3 gündən bir uşaqların dişləri yoxlanılırmış. Uşaqlara gün ərzində üç dəfə yaxşı yemək verirlərmiş. Bundan əlavə, tez-tez həftə ərzində bir neçə dəfə nisbətən zəif olan uşaqlara balıq yağı verirlərmiş ki, gözləri, ümumiyyətlə, səhhətləri daha möhkəm olsun. Hansısa uşaq naxoşlayanda onu məktəb xəstəxanasındakı ayrıca bölmədə yerləşdirirmişlər ki, başqalarını da yoluxdurmasın.
Məktəb yaşa dolduqca üçüncü, dördüncü siniflərin də şagirdləri yarandı. Nisbətən böyük uşaqları idarə etmək asandı, amma daha kiçik olanlarla davranmaq xüsusi yanaşma umurdu. Ona görə də bunu özü bacarmayan xırda uşaqların saçlarını daramaqçün də ayrıca bir xidmətçi vardı. Yəni məktəbdə şagirdlərə əsl ana qayğısı göstərilməkdəydi.
Qızlar məktəbinə kişi müəllimlərin gəlməsi həkimlərdən başlandı. Onlardan ilki Nəriman Nərimanov (1870-1920) olmuşdu. Daha sonra isə Həsən bəy Ağayev (1875-1920) gəlir.
Nəriman Nərimanov cəmiyyət arasında yaxşı tanınan, hörmət-izzət yiyəsi şəxsiyyət idi və Hacı Zeynalabdin Tağıyev də atdığı hər addımda işin hər tərəfini ölçən-biçən aqil idi. Kişilərdən ilk olaraq da Nəriman Nərimanovu gətirməsi də həmin yüz ölçüb-bir biçmə səriştəsindən idi. Anlayırdı ki, xəbər dərhal yayılır, məktəbə kişi müəllimin gəlməsi elə ertəsi gün şəhərdə hər kəsə məlum olacaq və əleyhdarlardan kimsə qımıldanmaq istəyəndə Nərimanovun adı sipərə dönəcək, donquldanmaların qabağını kəsəcək.
Nəriman Nərimanov işə başlamışdı, həkimliyini də etmişdi və onun qız məktəbinə gəlişindən sonra burada səhiyyə işlərinin təşkili daha yüksəyə qalxmışdı.
...Hacı Zeynalabdin Tağıyevin gördüyü bütün işlərdə müvəffəq olmasının əsas səbəblərindən biri bu idi ki, o, fitrətdən tədbirli adam idi. Ağlın ağıldan üstün olmasını heç vaxt unutmurdu, daim məsləhətləşirdi, götür-qoy edirdi. Elə qız məktəbini yaradarkən də tədrisin əsaslarını yaxşı öyrənmişdi. Bu işdən yaxşı baş çıxaranları ətrafına toplayaraq onların hərəsindən bir söz soruşmuşdu və elə bir məktəb qurmuşdu ki, orada hər şey ən nümunəvi nizama tabe idi. Bu da nəzərə alınsın ki, bu, bir ilk idi. Yalnız Qafqazda, yalnız Azərbaycanda yox, bütün Rusiyada belə qız məktəbi yox idi. Yəni yaxın ətrafda baxıb öyrəniləsi örnək gözə dəymirdi. Deməli, Hacı müxtəlif yollarla Avropada olan bu tipli qapalı məktəblərin təcrübəsindən də nələrisə mənimsəmişdi.
Dərslər birinci mərtəbədə keçilirdi, ikinci mərtəbədə isə müəllimlər yerləşirdi və qızların yataq otaqları da buradaydı.
Əvvəlcədən belə qərara alınmışdı ki, dərslər sentyabrın 1-də başlayır, mart ayının 14-də - Novruz bayramı ərəfəsində başa çatır. Sonra gəlirdi yay tətili. Həftə içərisində isə dərslər şənbə günündən cümə axşamına qədər davam edirdi. Cümə günü artıq istirahət idi. Saat 8-də şagirdlərə çay verərdilər. 8:30-da dərslər başlanardı. Üçüncü dərsdən sonra - 11:20-də onların səhər yeməyi verilərdi. Ardınca ta 14:20-yəcən dərslər davam edərdi.
14:20-də əvvəlcə nahar verilərdi. Nahara hansı xörəklərin hazırlanmasının da siyahıları qalıb. Heç çox adam evində o cür yeməklər yemir. Geniş seçim vardı. Cürbəcür duru xörəklər - düyü şorbası, göy şorbası, əriştəli şorba, gürcü şorbası, bunun üstündən - bifşteks, dolma, bozbaş, küftə, evlərdə nə yeyilirsə, hamısı. Əsas yeməkdən sonra müxtəlif şirniyyat, hamısı da çox keyfiyyətli. Bunu elə quruca söz olaraq yazmıram. O məktəbdə oxumuşların, o yeməkləri nuş etmişlərin bir çoxu illər sonra xatirələrini qələmə alıb. Həmin yaddaşlarda diqqəti çəkən məqam onların hamısının bir fikirdə yekdil olmasıdır ki, məktəbin mətbəxi çox ləzizmiş.
Məktəbin balaca, amma rahat, dinclik saçan xudmani həyəti vardı və həmin xudmanilik qismən idiyədək qalmaqdadır. Dərslər bitəndən, nahar başa çatandan sonra uşaqları həyətə buraxırlarmış ki, qırışıqları açılsın, qaçsınlar, oynasınlar.
Sonra da istirahət saatları gəlirmiş - ta saat 5-ə qədər.
Axşam saat 5 olunca yenə ikinci qatdan aşağı mərtəbəyə enir, oradakı sinif otaqlarında sabahkı dərsləri hazırlayırmışlar.
Axşam saat 8-də kiçik sinif şagirdlərindən ötrü, saat 20:30-da isə yuxarı sinif şagirdləri üçün yuxu saatı başlanırmış.
Bu gün də Azərbaycanda özəl məktəblər var, yəqin, gələcəkdə yeniləri də yaranacaq. Bütün bunları ona görə tarixin dünənindən qopararaq bugünə yetirirəm ki, bəhrələri könül sevindirən olmuş belə təcrübələrdən də bəlkə nələrsə indikilərin karına gəldi.
...Tağıyevin öyüdünə, məsləhətinə ən çox etibar etdiyi ağsaqqallar sırasında Hacı Əbu Turab birinci idi. Məktəbin açılması ərəfəsində o, Hacıya tövsiyə etmişdi ki, sən ən əvvəl o məktəbə qızlarının ikisini də yazdır, qoy onlar da orada oxusunlar.
Tağıyev Əbu Turabın hansı simə vurduğunu dərhal tutmuş, onun dediyinə müzakirəsiz əməl etmişdi - qızları Leyla ilə Saranın adları açılacaq yeni məktəbdə oxuyanların siyahısında lap başda idi. Ancaq Əbu Turab yalnız məsləhət verməmişdi, özü də elə həmin tövsiyəsinə uyğun hərəkət etmişdi - o da qızını bu məktəbə göndərmişdi.
Gendən baxan xəbis düşünənlər görəndə ki, Tağıyev öz qızlarını da bu məktəbə qoyub, o yandan hətta Hacı Əbu Turabın uşağı da burada oxuyur, özlərini yığışdırmağa, kiriməyə, latayır söyləyişlərini içərilərindəcə boğmağa vadar qalırdılar.
Hacı Zeynalabdin özünə həm çox məhrəm dost, həm də böyük saydığı Əbu Turaba qəlbən bağlı idi. Ən əvvəl ona görə ki, Mirzə Əbu Turab Axundzadə əngin bilik sahibi, dünyagörmüş kişi idi. O, Bakıda həm də tanınmış şair olan Mirzə Həsib Qüdsinin (1828-1908) mədrəsəsində ilkin təhsilini alandan sonra Mədinədə, Bağdadda oxumuşdu, mötəbər din xadimliyindən əlavə kamil alim idi. Bunun göz önündəki nişanəsi Əbu Turabın XX əsrin əvvəllərində qələmə aldığı və islamın nəzəri məsələləri ilə bağlı əsərləridir. Onun kitablarından biri - “İslamın təfriqəsi səbəbləri” adlı risaləsi 1914-cü ildə Orucov qardaşlarının mətbəəsində nəşr edilmişdi. Yazdıqlarında, söz yox, din məsələlərindən söz açılırdı, amma mətləblərə alimanə yanaşır, onların mahiyyətini cəmiyyət həyatı ilə əlaqələndirərək şərh edirdi. Həm də yetərincə açıq təfəkkürlü insandı. XX əsrin əvvəllərində Bakıda beyni bulaşıq ifrat mövhumatçıları zəncir vurmaqdan çəkindirən nadir ruhanilərdən idi.
Və Əbu Turab Axundzadə ilə Hacı Zeynalabdin tez-tez könül söhbətləri edərmiş. Hacı Zeynalabdin Tağıyevdən hələ axundun sağlığında “Əbu Turaba necə qiymət verərsiniz?” soruşanda qayıtmışdı ki, “onun ayağı biləni mənim başım bilmir”.
Günlərin birində yenə oturub dərdləşirlərmiş. Milyonçu, var-dövlətinin gəlhagəldə olduğu Hacı Zeynalabdin Tağıyev soruşur ki, Əbu Turab, sən özün məni yaxşı tanıyırsan. Bilirsən həmişə əlim açıq olub, millətimə bacardığım yaxşılıqları etməyə çalışmışam, Allahın mənə verdiyini də yalnız özümə deyil, həm də ümumi mənafe üçün istifadə etməyə çalışmışam, görəsən elə bir gün gələrmi ki, bu sərvət, mal-mülk mənim əlimdə olmasın?
Əbu Turab tərəddüdsüz dillənir ki, bu, Allahın əlində olan bir işdir. Bir anın içində elə edər ki, sən də heç nəsiz qalarsan, ən sadə insanlardan biri olarsan.
Adətən Əbu Turabın bütün sözlərini həqiqət kimi qəbul edən Tağıyev indi eşitdiyinə şəkk gətirən kimi olur. Çünki heç cürə təsəvvür edə bilmir başından axan bu mal-dövlət bir anın içərisində tamam yox olub gedə bilər.
Əbu Turab ömrünü yaşayıb gedir, Hacı qalır və 1920-ci ilin yazında bolşeviklər gəlir və onlarla birgə də bir vaxtlar Əbu Turabın heyrətamiz bəsirətliliklə dediyi həmin gün yetişir. Soyğunçu hökumət Hacı Zeynalabdin Tağıyevin əlində nəyi vardısa tutub alır və elə vəziyyət yaranır ki, sağ-salamat qalmağına da şükür edir.
Və 1924-cü ildə əcəlin astanada olduğunu hiss edəndə vəsiyyətini edir ki, onu Əbu Turabın ayaq hissəsində basdırsınlar.
Həyat səhnəsinin bu kədərli anı hələ qarşıdaydı, hələ onu görən bircə Pərvərdigarın Özü idi. Hələ 1900-cü illərin əvvəlləri idi və Qızlar məktəbi ilk addımlarını atırdı və bu mərtəbədə bu məktəbdə hər gün dürlü həyat sərgüzəştlərinin cərəyan etdiyi ayrıca bir səhnə vardı.
Qızların istirahətinin bir hissəsi də bundan ibarət idi ki, mütəmadi olaraq onları Tağıyev teatrına, tamaşalara baxmağa, bir də kinoteatrlara yeni filmləri seyr etməyə götürərdilər. Ancaq bu məktəbin özünün də “teatrxana”sı vardı. Tamaşaları göstərənlər elə şagirdlər özləriydi. Bakının teatrlarında gedən tamaşalarda qadın rollarını kişilər oynayırdı, Qızlar məktəbindəki səhnədə isə bu məkana oğlanların girişinin yasaq olması səbəbindən vəziyyət əksinə idi. Onların hazırladıqları tamaşaları seyr edənlər də yalnız müəllimlər deyildi. Hərdən anaları da baxışa dəvət edirdilər.
Həmin məktəbdə təhsil alan qızlardan ikisi - Tağıyevin övladları Sarayla Leyla sonra oxumaqlarını Azərbaycandan kənarda, Peterburqda, Smolnı Qızlar İnstitutunda davam etdirmişdilər.
Hacı orasını da düşünmüşdü ki, hər ailə uşağını Azərbaycandan kənara, daha yüksək təhsil almağa yollaya bilməz. Ona görə də əlaqələrindən və təsir imkanlarından istifadə edərək rəsmən Qızlar məktəbinin sadəcə ibtidai təhsil səviyyəsində sənəd verməsini yox, ali ibtidai təhsil səviyyəsində diplom verməsini təmin etmişdi. Bu isə qızların məktəblərdə dərs verərkən daha geniş səlahiyyətlərə malik olması üçün meydan açırdı. Amma digər bir məsələ də var. Hacı Zeynalabdin Tağıyev burada - Qızlar məktəbinin nəzdində ikiillik pedaqoji kurslar açılmasına da nail olmuşdu ki, bu, təxminən, elə o çağın ali təhsilinə bərabər idi. Yəni ibtidai təhsil alırdılar. Sonra o ikiillik kursu qurtarırdılar və onların aldığı diplomun çəkisi, səviyyəsi daha yüksək hesab olunurdu.
Hacı bütün bunlara nail olmaq yolunda ona görə axıracan getmişdi ki, Azərbaycandan kənarda, imperiyanın böyük şəhərlərində təhsil almağın maddidən əlavə, hətta silklə bağlı müşküllərini də şəxsən yaşamışdı. Qızları Sara ilə Leylanı Peterburqa göndərəndə institutda əvvəlcə onların sənədlərini qəbul etməmişdilər. Hacıya onun zadəgan olmadığını xatırlatmışdılar. Demişdilər, siz nə knyaz, nə qraf ailəsindən, nə bəy-xan nəslindənsiniz, yəni əsilzadə olmayanların bu məktəbə yaxın durması, bu institutda təhsil alması mümkün deyil. Belə olanda Hacının zövcəsi Sona xanımın adından müraciət edilmişdi - onun atası general Ərəblinskinin çar ordusunda xidmət etməsi yolu açmışdı.
Tağıyev yaratdığı məktəbdə savad alan qızların həyatda qarşılaşa biləcəkləri hər çətinliyi öncədən öz içərisindəcə qayğıkeşliklə saf-çürük etdiyindən çarəni də irəlicədən arayırdı. Nə o qızların, nə onların valideyninin, nə məktəbdəki müəllimlərin çoxu bunlardan xəbərdar olurdu. Bu kişi vicdanı qarşısında cavabdeh idi, məsul millət işini yerinə yetirdiyini dərk etmiş bir müdrik idi, “sağ ol” gözləmədən yolunu gedirdi, o vaxt özünün bu barədə düşünüb-düşünməməsindən asılı olmayaraq, belə savab əməllərə ən layiqli cavabı tarixin verəcəyi də labüd idi.
...Bir vaxtlar Tağıyev məktəbinin dəhlizlərindən keçən, həyətində oynayan balaca qızlar çox keçməyəcək ki, qaranquşlara çevriləcək, Azərbaycanda maarif işığının yayıcılarına dönəcəklər. Ancaq onların hər biri həm də çox yaxşı ana olacaq. Tale onları hansı ocağa yönəltsə, o nəsillərin bəxti gətirəcək, o evlərin nuru artacaq, çünki bu qızlar hansı ünvana bağlansalar, ora dərs aldıqları məktəbdə qazandıqları şəfqəti aparacaqlar.
6 yanvar, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















