Icma.az
close
up
RU
“Ölən dünyam” və ya qu quşunun son nəğməsi

“Ölən dünyam” və ya qu quşunun son nəğməsi

525.az saytına istinadən Icma.az xəbər verir.

“Ölən dünyam”ı oxuyanda düşündüm ki, əslində dünya ölmür, olsa-olsa dünyaya gələnlərə, dünyadan gedənlərə şahidlik eləyir. Dünyaya gələn, dünyadan gedən hər adamın isə öz taleyi, öz ömür yolu, öz dünyası var var.  İstər-istəməz “mən öldüm, dünya öldü” qənaəti yada düşür. Deməli hər adam öləndə, dünyadan köçəndə yaşadığı dünyanı da, yaddaşına dərin iz buraxan bütün sevincli, kədərli, ağrılı-acılı anları da özü ilə birlikdə aparır... Düşündüm ki, İsmayıl Şıxlı məhz buna görə öz sonuncu romanını “Ölən dünya” yox, “Ölən dünyam” adlandırıb.

Bu məqamda İsmayıl müəllimin “Xarici ölkələr ədəbiyyatı”ndan bizə dörd il mühazirə oxuduğu illər yadıma düşdü. Əslində İsmayıl Şıxlının “ölən dünya”sının içində elə o illər də var. Müəllimlik elədiyi illər, müharibədə olduğu illər, Yazıçılar İttifaqında fəaliyyət göstərdiyi illər, müstəqillik uğrunda mübarizədə keçən illər də bu və ya digər şəkildə ölən dünyanın mənzərələrini zənginləşdirir, doığunlaşdırır. Ancaq bu, təkzibedilməz bir həqiqətdi ki, keçmişə qyıtmaq olmur, keçmişə yol yoxdu...

Şeirlərini bir vaxt sevə-sevə tərcümə elədiyim Qarsia Lorka demişkən: “Hər şey unudulacaq, hər şey yuxu olacaq”... Bu mənada hərənin öz ölən dünyası var. Ancaq o adamlar xoşbəxtdilər ki, həmin ölən dünyanın müəyyən anlarını, məqamlarını, öz görüb-götürdüklərini yazıya alıb gələcək nəsillərə yadigar qoymağı bacarırlar. İsmayıl Şıxlı məhz belə yazıçılardandı. Onun “ölən dünyası”nda unudulan, yuxuya çevrilən, yazıya alınması müəyyən səbəblərdən mümkün olmayan, lakin qələm adamının özünə məlum olan lövhələr, mənzərələr var imiş ki, onlar birbaşa gün işığı görməyən, dünyasını dəyişən adamın özü ilə əbədiyyət evinə apardığı nisgilli xatirələrdi... “Ölən dünya”nın əriyib-itən, əbədiyyət örtüyünə bürünüb yoxa çıxan mənzərələridi...

İsmayıl Şıxlının mühazirə dəftərini əziz bir yadigar kimi indi də saxlayıram. O mühazirə mətnlərini arabir oxuyanda İsmayıl müəllimin həlim, mehriban səsini eşidirəm elə bil. Burada bir məqamı xüsusi xatırlatmaq istəyirəm. İsmayıl Şıxlı görkəmli dünya yazıçıların yaradıcılığı haqqında mühazirə oxuyanda hər hansı bir sənətkarın təkcə tərcümüyi-hal faktlarını xatırlatmır, əsərin qısa məzmununu danışmır, təhlillərlə kifayətlənmir, həm də yarddıcılıq prosesinin mahiyyəti haqqında bizə məlumat verməyə çalışırdı. Balzakın “Qori ata” əsərinin tədrisi zamanı İsmayıl Şıxlı bizə maraqlı bir məlumat vermişdi. Demişdi ki, Balzak əsər üzərində işləyərkən çoxlu qəhvə içərmiş ki, yuxusu gəlməsin. Bir dəfə qulluqçu onun qəhvəsini dəyişməyə gələndə gördüyü mənzərədən dəhşətə gəlir. Yazıçının öldüyünü zənn edən qulluqçu həyəcanla qışqırır: “Balzak öldü, Balzak öldü...” Elə bil bu zaman möcüzə baş verir. Gözlərindən yaş sel kimi axan Balzak başını yazı masasından qaldıraraq deyir ki, Balzak ölmədi, Qori ata öldü.

İsmayıl Şıxlı bizə bu faktı xatırladandan sonra başa salmağa çalışırdı ki, əgər yazıçı qəhrımanın başına gələnləri öz başına gələnlər kimi qəbul eləməyi bacarmasa, onun həyəcan və iztirablarını keçirməsə, çətin ki, yazdıqları oxucuya təsir eləyə bilsin.

İsmayıl Şıxlının “Ölən dünyam”da təsvir elədiyi ölüm səhnələrini oxuyanda hiss elədim ki, elə o da Balzak kimi öz qəhrəmanları ilə birlikdə ölüb-dirilirmiş roman boyu... Ayrı ayrı situasiyalar, qəhrəmanların düşdükləri qeyri-adi, gözlənilməz vəziyyət onların daxili dünyasını açmaq vasitəsinə çevrilirmiş...

Ova gedərkən Həsən ağanın tüfəngindən açılan güllənin toya hazırlaşan, özünə təzə tüfəng alıb Həsən ağanı zorla ova aparan Ələddinin sinəsinə dəyib onu öldürməsi hadisələrinin bədii əksi, qəhrəmanların keçirdiyi hiss-həyəcan o qədər təbii təsvir olunub ki, hiss olunur ki, bu ağrı və əzabları müəllifin özü də qəhrəmanlarla birlikdə çəkmişdir. Əsərin təsir gücünü artıran da məhz budur. Ayrı-ayrı situasiyalarda Ələddinin, kənd müəllimi Mürsəlin, Ömər koxanın, Qaratelin, Şəmiddinin, Halay bəyin, Həsən ağanın ölümünün təsviri göstərir ki, İsmayıl Şıxlı hər ölənlə bir az ölürmüş elə bil və bu ölümlər zərrə-zərrə toplanıb onun “Ölən dünyam” əsərini yaradırmış... Başqa sözlə desək, hər ölüm “ölən dünya”nın bir kərpicinə çevrilirmiş hadisələrin inkişafı boyu...

Romanı oxumağa başlayanda ağlıma qəribə fikir gəldi. İsmayıl Şıxlının 25 oktyabr 1967-ci ildə mənə, öz tələbəsinə yazdığı məktubu xatırladım. İsmayıl müəllim yazırdı:  “Rafiq, bir məsələni sənə xatırlatmalıyam, sənətin ölümü təkrar və sxematiklikdir. Gərək əsəri elə yazasan ki, başqalarını təkrar etməyəsən, oxucu əsərin əvvəlindən sonunu görə bilməsin.”

“Yox, o yaşayır” adlı poemamı həmin prizmadan təhli edən, onun qüsurlarını, zəif cəhətlərini göstərən İsmayıl müəllim fikirlərini bu cümlələrlə bitirirdi:

“Poema mürəkkəb janrdır. Sən isə hələ bərkə-boşa düşməyibsən, qələmin sənət yollarında az işləyib. Məsləhətim budur ki, əvvəlcə yığcam, mənalı şeirlər yaz, qoy qələmin yetkinləşsin. Həm də çalış söz az, məna çox olsun. Ricətlərə az yer ver. Qoy qəhrəman özü görünsün. Sən onları az təriflə. Əgər belə etsən, gələcəkdə yaxşı şeirlər yaza bilərsən. Hələlik bu qədər. Müəllimin İsmayıl Şıxlı. 25.X.1967”

Romanı oxuya-oxuya gördüm ki, İsmayıl Şıxlı məndən tələb etdiyi bu prinsiplərin hamısına dəqiqliklə riayət eləyib. Əsərin əvvəlindən sonu görünmür. Müəllif qəhrəmanları haqqında heç nə demir. Onları hadisələr, situasiyalar burulğanından keçirir. Bədii obrazların bütün mənfi və müsbət, fərdi və sosial cəhətləri mərhələ-mərhələ açılır, müəllif sözünə ehtiyac qalmır. İlk nəzərdə əsas süjetdən kənarda təsiri bağışlayan hadisələr, ricətlər elə ustalıqla eyni məcrada birləşdirilir ki, oxucu ayrı-ayrı fərdlərin taleyinin ictimai hadisələrlə nə qədər bağlı olduğunu aydınca görür. Kompozisiya mükəmməlliyi, hadisələrin başlanğıcı ilə sonunun məntiqi ardıcıllıqla bağlılığı, bir-birini tamamlaması qəhrəmanların xarakterini açmağa xidmət edən səciyyəvi bədii detallar, onların əhvali-ruhiyyəsinə uyğun peyzajlar adamı heyrətləndirir, əsərdəki hadisələrin tam, panoram mənzərəsini göz önündə canlandırır.Ov səhnəsinin, el şənliklərinin, qızların bulaqdan nəğmə oxuya-oxuya, zarafatlaşa-zarafatlaşa su gətirməsinin, Mürsəl müəllimin dəfn mərasimin və s. təsviri də əsas hadisləri tamamlamaq, zənginləşdirmək missiyasını yerinə yetirir.

Əsərin əsas qəhrəmanları olan Həsən ağanın, qardaşı Şəmiddin ağanın, anaları Güllü xanımın, Ömər koxanın, oğulları Şəmilin, Ələddinin, “düşmən” ocağını yandıran qızı Qönçənin, bədbəxt taleyli gəlini Qaratelin, Kabı Kəsəmənlinin, vaxtilə Qori müəllimlər seminariyasında təhsil alıb müəllimlik edən, sonra ömrünün qoca çağında öz evindən-eşiyindən, elindən-obasından didərgin salınanHalay bəyin, onun timsalında digər dəyərli insanların, bacısına staşdığı üçün şura sədrini tapança ilə öldürən yeniyetmə uşağın, Çapıq Əmrahın,yenilik eşqi ilə alışıb yanan, savadsızlara savad vermək, “köhnə bazara təzə nırx qoymaq” istədiyi üçün qaragüruhçular tərəfindən öldürülən Mürsəlin, məktəb direktoru işləyən Uçtelin,Mustafa kişininin, sovet rejiminin buyruq qulu olan, "Troyka"nın əmrini uf demədən icra etdirən Fətullayevin və başqalarının bir-birinə bənzəməyən mükəmml obrazlarının yaradılması İsmayıl Şıxlı qələminin ecazkar gücündən xəbər verir. Müəllifin özü görünməsə də, əsəri oxuduqca hiss eləyirsən ki, elə onun özü də hadisələrin qaynar mərkəzindədi, təsvir elədiyi hadisələrin iştirakçısı, şahididir. Elə bil İsmayıl Şıxlı əsas surətlərdən epizodik surətlərə qədər romanda adı çəkilənlərin hamısı ilə şəxsən tanışdır, uzun müddət onlarla oturub-durub, söhbətlərini dinləyib. Uzun illərdən sonra görüb müşahidə etdiyi həyat həqiqətləri yazıçının təxəyyülü ilə bir az dolğunlaşaraq bədii həqiqət səviyyəsinə yüksəlib. Tanıdığı adamlar - obrazların prototipləri mükəmməl bədii obrazlara çevrilib. Onların hər birinin xarakteri ictimai mühit zəminində formalaşıb. Fərdi cəhətlərin bədii əksi isə obrazları mükəmməlləşdirməklə yanaşı, milli mənəvi dəyərlərin bu və ya digər şəkildə təzahürünə zəmin yaradıb.

Həm bir-birinə qohum, həm düşmən olan Çıraqlılarla Alqazaxlıların həyatlarındakı önəmli faktlar, hadisələr, qan davası daha dəhşətli represiya rejiminin qanlı, insanlığa yaraşmayan əməllərinin yanında “toya getməli” kimi görünür romanda. İctimai-siyasi rejimin kimliyindən asılı olmayaraq milli-mənəvi dəyərlərin daşıyıcıları olan kəslərə qarşı çox amansız, qəddar olması da əyani faktlarla bədii təsvirin mərkəzinə gətirilir.

Hər hansı bədii əsərləri dəyərləndirərkən bədii mətnin özü ilə yanaşı müəllifin öz əsəri haqqında fikir və mülahizələri də mühüm rol oynayır. Bu mənada İsmayıl Şıxlının öz romanına yazdığı yığcam ön söz həm müəllif məramını anlamaq, həm də əsərdəki hadisələri daha dəqiq meyarlarla dəyərləndirmək imkanı yaradır. Budur həmin ön söz: “Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi, xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq qeyri-mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə etibarilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir. Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə" adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyrimümkünlüyü məni fikrimdən daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin ("Dünya qopur", "Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım. Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qa- dağaların götürülməsi, baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım. Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı "Ölən dünyam" adlandırdım. Lakin xəstə lik, yazıçı üçün əsas olan gözün görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diktə edim və həyat yoldaşım Ümidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsilfəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ümidə Şıxlıya öz təşəkkürümü bildirirəm. Əsəri yazarkən tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının toplanması və mənə çatdırılmasında böyük zəhmətləri olan gəncəli dostum Tofiq Bağırova, yazıçı Anara və hərb tariximizi, eləcə də generallarımızın həyatını mükəmməl bilən Şəmistan Nəzirliyə dönə-dönə minnətdar olduğumu söyləyirəm. Həmçinin əlyazmasının hazırlanmasında mənə yaxından kömək edən oğlanlarım Elçin və Fərruxa, eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram. Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm. 6 İsmayıl Şıxlı, 10 mart 1995-ci il”

Nə qədər yığcam olsa belə, bu ön söz həm müəllifin əsər üzərində necə işləməsini, həm təsvir elədiyi hadisələrə münasibətini, əsərin əsas ideyasını, həm də bədii mətn vasitəsilə gələcək nəsillərə ötürülən mesajın mahiyyətini öyrənmək baxımından çox maraqlıdır. Başqa sözlə desək, bu ön söz həm yaradıcılıq prosesi, həm də romanda təsvir olunan bütün hadisələri, qəhrəmanların hərəkət və davranışlarını, müəllifin ədəbi məramını açmağa imkan yaradan sehrli bir açara bənzəyir. Bu açarsız qapalı bir dünyanın mahiyyətini anlamaq sözsüz ki, müəyyən çətinliklər törədə bilərdi.

Bu əsərdə təkrarı olmayan nədi bəs? Hansı məslələri o vaxt demək olmazdı? “Ölən dünyam”ı eyni dövrün hadisələrindən bəhs edən digər romanlardan "Dünya qopur", "Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo"dan fərqi nə idi bəs?Hadisələri yeni dövrün tələbləri baxımından təsvir etmək, qadağan olunmuş mövzuları arxivlərdən çıxarıb bədii mətnə çevirmək ancaq sovet imperiyası dağılandan sonra mümkün idi. İsmayıl Şıxlının xoşbəxtliyi bunda idi ki, yeni dövr, zəmanə həqiqəti olduğu kimi təqdim etmək imkanı yaratmışdı onun üçün. Romanda Gəncə üsyanının təsviri, müsavat liderlərinin müstəqillik uğrunda çətin mübarizəsinin bədii əksi, günahsız insanlıların, ziyalıların məhvi, bir kəndin, bir elin öz dədə-baba yurdundan sürgün edilməsi və sair bu kimi taleyüklü məsələlər romanın bədii məzmununa əhəmiyyətli dərəcədə yenilik gətirmişdi. İsmayıl Şıxlı bütün bu qaranlıq məqamları sənətin bədii gücü ilə ümumiləşdirməyə, işıqlandırmağa nail olmuşdu ki, bu da “Ölən dünyam”ı həmin illərin hadisələrindən bəhs edən digər əsərlərdən əhəmiyyətli dərəcədə fərqləndirirdi. Əsərin əsas məziyyəti məhz tarixi hadisələrə yeni münasibətlə birbaşa əlaqəli idi.

Təzəcə qurulan Demokratik Azərbaycan Respublikasını bolşeviklərdən qorumaq üçün aparılan mübarizənin bədii əksi tarixi faktlardan qaynaqlandığı üçün çox əhəmiyyətlidir, arxivlərdə dustaq saxlanlıan mənzərələrinin üzə çıxarılmasına zəmin yaradır. Azərbaycan Demokratik Respublikasını qoruyacaq ordu yaratmaq istəyi ilə rus ordusunun əsgərlərindən silahların alınması prosesində Xudadat bəyin, eləcə də onun silahdaşlarınınapardığı mübarizənin təsviri də nəsrimizdə yeni hadisə kimi dəyərləndirilə bilər: “Xudadat bəy dərk edirdi ki, mütləq hərbi səfərbərlik elan etmək və yaxşı ordu yaratmaq lazımdır. Ordunu ordu halına salmaq üçün onu silahlandırmaq lazım idi. İndi belə fürsət ələ düşmüşdü: cəbhədən geri qayıdan qoşunları tərksilah etmək, həm də davasız-şavasız”.  Bədii obraz səviyyəsinə qaldırılma imkanı olmasa belə romanda adları çəkilən Əmrahın, Aslan bəy Səfikürdskinin, Rüstəmbəyli Şəfi bəyin, Adıgözəlin, İmamverdinin, Qaçaq Qənbərin, Xallı Heydərin, Topal Hasanlı Cabbarın, Tatoğlu Hasanın da həmin mübarizədə bu və ya digər şəkildə iştirak eləyən digər real insanların olması şübhə doğurmur.

Əvvəldə qeyd etdiyimiz kimi, “Ölən dnyam”ın kompozisiyası mükəmməldi. Yardımçı xətlər əsas hadisələrin mahiyyətini daha dərindən anlamağa, fərdin taleyinə ictimai mühitin təsiri məsələlərini əks etdirməyə imkan verir. Hamı yatandan sonra gəlinin öz alt paltarını yuyub sərməsi, sonra o tumanın yoxa çıxmasının doğurduğu narahatlıq, camışları bir-bir kəsib o tumanın hansı camışın qarnında olub-olmamasını öyrənmək istəyi xalqın namus məsələsinə münasibətini öyrənmək baxımından çox önəmli bir epizoddur. Yaxud qohum olsalar da bir-birlərinə düşmən tayfalara məxsus iki atın bir-biri ilə “vuruşması” səhnələrinin təsviri də tayfalar arasında gedən mənəm-mənəmlik azarının mahiyyətini açmaq vasitəsinə çevrilir.

Ən çətin vəziyyətdə belə özünü sındırmamaq, düşmən qarşısında ağlayıb-sızlamamaq milli xarakterlərin əsas daşıyıcıları olan əsas obrazların ən səciyyəvi cəhəti kimi təqdim olunur. Bu baxımdan bir nəslin ağbirçəyi Güllü xanımla o biri nəslin ağsaqqalı Ömər koxanın xarakteri arasında bir ümumi cəhət var. Ağbirçək, ağsaqqal nüfuzu o qədər böyükdür ki, onların iradəsinin əksinə heç bir kəs, ən dəliqanlılar belə hərəkət eləyə bilməzlər. Milli xarakterin məhz ayrı-ayrı situasiyalarda təzahür edən görüntülərinin təsviri oxucunu heyran edir, onu düşündürür, səbrlə hərəkət etməyin vacibliyi təsvirlərin mahiyyətindən doğur. Ümumiyyətlə, ağsaqqalların, ağbirçəklərin gələcək nəsillərə örnək ola biləcək tipik bədii obrazlarının yaradılması romanın dəyərini xeyli dərəcədə artırır. Onların şəxsiyyətlərindəki ümumi cəhətlərlə fərdi cəhətlərin vəhdəti xarakterlərin mükəmməlliyini təmin edir.

Üç ayın gəlini Həmayil xanımın da, Qönçə xanımın da, yazılmayan qaydalara boyun əyməyə məcbir edilən, sevgilisi Ələddin öləndən sonra nəslin ağsaqqalının təkidi ilə digər qardaşa ərə verilən, gərdək otağından qaçıb özünü Kürə atan Qaratelin obrazı da çox mükəmməl cizgilərlə əks olunmuşdur. Onun hiss və həyəcanları, mənəvi sarsıntıları təbii boyalarla, müəllif təqdimatı olmadan təsvir edilir. Düşmənlər görməsin deyə gecə qaranlıqda oğlunun qəbrinin üstünə gedən Ömər koxanın sevgilisini ziyarət eləməyə gələn Qaratelin bir ruh kimi burada dolaşmasını görərkən keçirdiyi hisslər hadisələrin psixoloji qatını zənginləşdirən səhnələrdi. Bir-birinə qız verib-qız alan iki nəslin ocağında olan gəlinlərin psixoloji durumunun təsvirini də romanın uğurlu səhifələri adlandırmaq olar.

“Dəli Kür”də olduğu kimi “Ölən dünyam”da da hadisələr Kür çayının sahillərində cərəyan edir.İsmayıl Şıxlının təsvirlərində Kür təkcə hadisələrin baş verdiyi məkan deyil, elə bil mərhələ-mərhələ o da obrazlaşır, baş qəhrəmanlardan birinə çevrilir. Təkcə doğulub boya-başa çatdığı regionun deyil, elə İsmayıl Şıxlı yaradıcılığının da “tən ortasından axıb gedən”, hadisələrə təkcə şahidlik yox, həm də istiqamət verən, ürəklərdən qopan folklor ruhlu nəğmələrə, laylalara “dirijorluq edən” simvolik bir qüvvəni xatırladır Kür çayı... Heç zaman öz axarından qalmayan, saysız-hesabsız Azərbaycan çaylarının qovuşuğundan yaranan Kür çayı zaman-zaman qəhrəmanların daxili dünyasını açmaq, onların hərəkət və davranışlarını dəyərləndirmək meyarına çevrilir əsər boyu.

Bu çayın sahilindəki adamların bir qisminin öldürülməsi, bir qisminin sürgün edilməsinin ürəkgöynədici mənzərələrini yaradan İsmayıl Şıxlı epiloqdan əvvəlki əsas hadisələri bu cür yekunlaşdırır:

“Həsən ağa qabağa yeridi. Halay bəyi görməyəndə Kəsəmənlinin gözünə baxdı. Bu zabitəli və zəhmli kişinin gözlərində yaş gilələnmişdi.

- Namərdlərdən qoruya bilmədim. - O, birdən-birə kişiyə yaraşmayan daxili bir çılğınlıqla hönkürdü. Sakitləşdikdən sonra hələ də bir şey anlamayan Həsən ağaya dedi. - Yoldaşlarına de, hazırlaşsınlar. Üstümüzü almamış burdan getməliyik. - O atın üstündən qanrılıb Noylu bulağa baxdı. Ciyəri yanırdı. Bunu başa düşən bir gəlin iri qalaylı bir parçı su ilə doldurub ona yaxınlaşdı. Kəsəmənli qabı götürüb başına çəkdi. Qaçaqlar atlandılar. Tərpənməzdən əvvəl zirvəsi qarlı dağlara, güllü-çiçəkli alp çəmənliklərinə, meşədən qarağat və çiyələk yığan uşaqlara baxdılar. Atları tərpətdilər. Qarşıda Arazın lilli və boz-bulanıq suları axırdı”.

Öz canını amansız represiyadan, “sapı özümüzdən olan baltalar”ın amansızlığından, fitnə-fəsadından qurtarmaq üçün Arazın o tayındakı soydaşlarımıza pənah aparmağı bacaran insanların taleyi ilə bu suyu bulanıq çayın taleyi arasında bir eyniyyət, oxşarlıq var elə bil. Əsərdəki əsas hadisələrin Arazın lilli, boz-bulanıq sularının axmasının təsviri ilə bitirməsi də təsadüfi deyil. Elə bil o cümlənin alt qatından “xalqımızın taleyinin də bir mənəvi durulmaya ehtiyacı var” ideyası boylanmaqdadır...

Bu danılmaz həqiqətdir ki, ölənlə ölmək olmur, kimin dünyasını dəyişməyindən asılı olmayaraq həyat öz işində, öz axarında davam eləyir. Keşmişdə də belə olub, indi də belədi, gələcəkdə də belə olacaq... Romanın “Epiloq” adlanan son hissəsində hadisələrin alt qatından məhz bu ideya boylanır:“Aradan on illər keçdi... Bir gün onlara azadlıq verdilər, günahsız olduqlarını söylədilər və evə buraxdılar. Bağlanmış yollar açıldı. Sərhədlərdə gediş-gəliş başladı. Söhrab artıq kişi həddinə dolmuşdu. Onların kəndi çoxdan yox olmuşdu. Amma Söhraba kömək etdilər. Şenliyin yuxarı başında ona ev tikdilər. Söhrab institut qurtardı və onu kənddə yenicə tikilmiş böyük üçmərtəbəli məktəbə direktor təyin etdilər”.

Alqazaxlıların yurd yerinin bərabərində xarici markalı bir maşının dayanmasının, o maşından düşən admın uzun illərdən, əzablı, məşəqqətli ayrılıqdan sonra yurd yerinə qayıdan Həsən ağa olmasının təsviri emosional çaları ilə diqqəti cəlb edir. Zamanın canavara döndərdiyi sədqətli itin “Alan” sözü eşidən kimi can verən sahibinin dizinə baş qoyması, Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Həsən ağanın oğlu Zöhrabın viranə qoyulan kənddə yeni ev tikdirməsi genetik yaddaşın həmişə diriliyini göstərmək baxımından mənalı detallar, cizgilərdir. Epiloqda həm dünyasını dəyişən Həsən ağanın, həm də kənddə yeni həyata başlayan oğlu Zöhrabın hiss və duyğularının emosional qatı oxucunu həyəcanlandırır, düşündürür. Roman bu cümlələrlə bitməsi emosional olduğu qədər də mənalıdır, hadisələrə müəllif münasibətini öyrənmək baxımından maraqlıdır:

“- Tez olun qaçın evə. Qapıdakı qara qoçu maşına qoyub gətirin. Əhd eləmişəm. Ayağının altında qurban kəsəcəm. Özü yenidən çinara doğru qaçdı. ...Həsən ağa canavarın başını sığallayırdı. O isə insan kimi kövrəlmişdi. Gözləri tez-tez yaşarırdı. Söhrab çinara yaxınlaşanda uşaqlar qara qoçu da gətirdilər. Söhrab dərhal qoçu yıxıb boğazladı və özünü atasının üstünə salmaq istədi. Amma Həsən ağanın sakitliyi onu çaşdırdı. Kişi kürəyini çinar ağacına söykəyib elə bil yuxuya getmişdi. Əsən meh saqqalını astadan tərpədirdi. Bayaqdan Alanın başını sığallayan əli tərpənmirdi. Söhrabın keyləşdiyini görən qoca Məmməd kişi yönünü yana çevirib göz yaşlarını sildi. - Dəymə, bala, qoy dincəlsin. Onu torpaq çəkib gətirib bura. Söhrab birdən diz çökdü. Əllərini göyə qaldırdı. - Ey yeri-göyü yaradan, Tanrı, niyə bizim qurbanlığımız ilə ehsanlığımızı bir-birinə qatırsan?! Biz hüzurunda nə pis iş görmüşük?! Deyəsən Alan törəməsi də olanları başa düşdü. Başını astaca qaldırıb ağzını göyə tutdu. Ulamaq istədi. Amma ulamadı. Başını Həsən ağanın əlləri üstünə qoydu. Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı.”

“Ölən dünyam” ölüm hadisəsinin (Ələddinin ölümü) təsviri ilə başlayıb, ölüm səhnəsinin (Həsən ağanın ölümü) təsviri ilə də bitir. Bu, həm əsərin kompozisiya bitkinliyini təmin edir, həm də müəllif qayəsinin ifadəçisinə çevrilir. Romanda təsvir olunan irili-xırdalı bütün hadisələr bu iki ölüm faktı arasında cərəyan edir. Burada təbiət təsvirləri də var, folklor da, müəllifin təsvirlərin alt qatında gələcək nəsillərə ötürmək istədiyi stiraltı mesajlar da var, insanların məişətinin, adət ənənələrin, mənəvi-əxlaqi dəyərlərin gündəlik qayğılarının, şəxsi həyatlarının, arzu və düşüncələrinin, hiss və həyəcanlarının bədii əksi də. Bu lövhələr, cizgilər, söhbətlər hamısı əsər boyu bir-birini tamamlayır, ümumi bir mənzərənin yaranmasına, xalq taleyinin işıqlı və qarnlıq məqamlarını sənətin ecazkar gücü ilə canlandırmaq  missiyasını yerinə yetirir. Əsərin sonuncu dünyasını dəyişən qəhrəmanı isə elə bil ki, İsmayıl Şıxlının özüdür. Qu quşunun son nəğməsini xatırladan “Ölən dünyam” onun uzun illərdən bəri hafizəsində qoruyub saxladığı, ibrətamiz lövhələrlə dolu, ölümün pəncəsindən xilas etməyi bacardığı, yazıya aldıra bilib gələcək nəsillərə yadigar qoyduğu, Azərbaycan ədəbiyyatına bağışlayıb getdiyi son əsərdir. Bu əsər sözün həqiqi mənasında qu quşunun son nəğməsini xatırlatdı mənə... Ruhu şad olsun ustad sənətkarın, mənim sevimli müəllimimin!

Rafiq Yusifoğlu,

Şair, filologiya elmləri doktoru, professor.

16-18.12.2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri