Onlayn alış veriş ənənəvi mağazaları sıradan çıxaracaq? Ekspertdən AÇIQLAMA KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Son illər onlayn alış-verişin sürətlə yayılması pərakəndə ticarət sektorunda ciddi dəyişikliklərə yol açıb. Vaxta qənaət, geniş məhsul çeşidi, qiymətləri müqayisə etmək imkanı və sifarişlərin ünvana çatdırılması istehlakçıları internet üzərindən alış-verişə daha çox yönəldir. Bu isə ənənəvi mağazalar üçün rəqabəti gücləndirir və onları fəaliyyət prinsiplərini yenidən nəzərdən keçirməyə vadar edir.
Bəs onlayn ticarətin inkişafı fiziki mağazaların gələcəyini təhlükə altına qoyurmu? Qarşıdakı illərdə ənənəvi mağazalar bazardan çəkilməyə məcbur qalacaq, yoxsa hər iki satış modeli paralel fəaliyyət göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, onlayn alış-verişin genişlənməsi pərakəndə ticarətdə struktur dəyişiklikləri yaradır. Bu proses təkcə istehlakçıların alış-veriş vərdişlərinə deyil, ənənəvi mağazaların biznes modellərinə, xərclərinə və rəqabət imkanlarına da birbaşa təsir göstərir.
İbrahimov qeyd edib ki, bu tendensiya ənənəvi mağazalar üçün rəqabət təzyiqini artırır. Belə ki, fiziki satış məntəqələrinin icarə, əməkhaqqı, kommunal xidmətlər, anbar və digər əməliyyat xərcləri mövcuddur. Onlayn fəaliyyət göstərən bəzi satıcılar isə daha aşağı sabit xərclərlə işləmək imkanına malikdirlər. Bu səbəbdən ənənəvi mağazalar qiymət, xidmət keyfiyyəti və müştəri təcrübəsi baxımından fəaliyyətlərini yenidən qurmağa məcbur qalırlar.Ekspertin sözlərinə görə, onlayn ticarətin inkişafını sürətləndirən əsas amillər istehlakçıların seçim imkanlarının genişlənməsi və alış-veriş xərclərinin azalmasıdır. İnsanlar internet platformaları vasitəsilə eyni məhsulun müxtəlif satıcılardakı qiymətlərini müqayisə edir, mağazaya getmədən sifariş verir və daha geniş çeşiddən yararlanırlar.
Bununla belə, mütəxəssis hesab edir ki, onlayn alış-verişin inkişafı fiziki mağazaların tamamilə aradan qalxmasına səbəb olmayacaq. Çünki istehlakçıların seçimləri məhsulun növündən asılı olaraq dəyişir. İnsanlar geyim və ayaqqabı alarkən məhsulu yoxlamağa, ölçüsünü sınamağa, elektronika alarkən xüsusiyyətlərini yerində görməyə, ərzaq məhsulları seçərkən isə onların keyfiyyətinə və təzəliyinə əmin olmağa üstünlük verirlər.
Ekspertin qənaətinə görə, gələcəyin ticarət modeli onlayn və ənənəvi satış kanallarının inteqrasiyası üzərində qurulacaq. Artıq bir çox şirkətlər hər iki satış imkanından istifadə edir. Müştərilər məhsulu internetdə seçir, mağazada yoxlayır və ya sifariş verir, daha sonra isə onu fiziki satış məntəqəsindən götürürlər.
Azərbaycan bazarına toxunan A. İbrahimov vurğulayıb ki, onlayn ticarətin inkişafı yalnız internet üzərindən sifariş imkanlarının yaradılması ilə məhdudlaşmamalıdır. Çatdırılma infrastrukturu, elektron ödənişlər, istehlakçı hüquqlarının müdafiəsi, məhsulların geri qaytarılması və satışdan sonrakı xidmətlər də təkmilləşdirilməlidir. Xüsusilə regionlarda logistika xərclərinin yüksək olması onlayn ticarətin genişlənməsinə maneə yaradan amillərdəndir.
Mütəxəssis əlavə edib ki, ənənəvi mağazalar da rəqəmsal transformasiyaya uyğunlaşmalıdırlar. Müştəri bazasının elektron idarə edilməsi, onlayn sifarişlərin qəbulu, fərdiləşdirilmiş təkliflər və rəqəmsal marketinq artıq rəqabət qabiliyyətinin vacib elementlərinə çevrilib.
Onun fikrincə, gələcəkdə əsas dəyişiklik mağazaların sayının azalmasından daha çox, ticarət sektorunda biznes modellərinin dəyişməsi ilə bağlı olacaq. Rəqabətə uyğunlaşa bilməyən, xərclərini optimallaşdırmayan və istehlakçıların dəyişən tələblərinə cavab verməyən mağazalar bazardan çıxacaq. Yeni texnologiyalardan istifadə edən və müştəri ehtiyaclarını nəzərə alan fiziki mağazalar isə fəaliyyətlərini davam etdirə biləcəklər.
Beləliklə, onlayn və ənənəvi ticarət bir-birini tamamilə əvəz etmək əvəzinə, gələcəkdə paralel şəkildə inkişaf edəcək. Lakin bu rəqabətdə üstünlük qazanan əsas amil istehlakçıya daha əlverişli qiymət, keyfiyyətli xidmət və rahat alış-veriş təcrübəsi təqdim etmək olacaq.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















