Icma.az
close
up
RU
Orlyonok. İyun. 1972 Nəriman Qasımoğlu yazır

Orlyonok. İyun. 1972 Nəriman Qasımoğlu yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Nəriman QASIMOĞLU

Sovet məktəblilərinin əlçatmaz arzusu beynəlxalq Artek düşərgəsində olmuşdum. Artek Krımda, Ukrayna ərazisində idi. Sovet rəhbərliyi ona tay başqa birini Rusiyada yaratmaq istəmişdi və bu planını Krasnodar vilayətinin mənzərəli, Qara dənizli bir guşəsində, Tuapse  limanından 45 km aralıda, Novomixaylovsk kəndinin yaxınlığında gerçəkləşdirmişdi.

Düşərgə 1960-ci ildən uşaqları qəbul etməyə başlamışdı. 11-16 yaşlı məktəblilərin istirahəti üçün hər növ şəraitli bu nəhəng düşərgədə uşaqlar və dəstə rəhbərlərinin yaşayış korpusları, kino zalı, xeyli sayda təlim-tərbiyə otaqları olan bina, kafe, təyyarələr xiyabanı, üçmərtəbəli Aviasiya və kosmonavtika evi, müalicə-diaqnostika tibb mərkəzi fəaliyyət göstərir. Düşərgənin mərkəzində futbol meydançası, atletika qurğuları və olimpiya məşəlinin kasası olan iri stadion yerləşir. Stadionun arxasında trapez şəkilli Mədəniyyət və idman sarayı var, uşaqlar burada il uzunu dəniz suyu ilə dolu hovuzda çimir, idman zalında məşqlər, konsert zalında əyləncəli tədbirlər keiçirirlər. Saraydan dəniz sahilinə enmək üçün pilləkanlar var.

Aviasiya və kosmonavtika evində maraqlı eksponatlar sərgilənir: kosmonavt skafandrları, qırıcı təyyarə pilotlarının geyimləri, peyklər, paraşütlər, müxtəlif hərbi təyyarələr, kosmonavtların təlim üçün istifadə etdikləri simulyatorlar, kosmik gəmilərin idarəetmə panelləri, eləcə də kosmonavtların uçuşlarda özləri ilə apardıqları qida ehtiyatları və s.

Düşərgəyə Orlyonok adını sovetlərin eyniadlı məşhur bir mahnısının şərəfinə vermişlər. Mahnının tarixi də maraqlıdır.  Sözləri Yakov Şvedovun, musiqisi Viktor Belinindir, Mark Danielin 1936-cı ildə Mossovet teatrında səhnələşdirilmiş "Xlopçik" əsəri üçün yazılıbmış. Mahnının əsli idişdə, Rusiya yəhudilərinin danışdığı dildə yazılıb və tamaşanın əslində də mövcud imiş. Populyarlaşdıqca Şvedov sözlərini dəyişdirərək komsomolun qurucularından  Gerasim Feyqinə həsr etmişdir.  Mahnının inqilabi pafosu haqqında təsəvvür yaransın deyə mətnin poetik tərcüməsini də oxuculara təqdim edirəm:

Üç qartal balası, uç, uçduqca uç

Günəşdən ucaya, zillən bu çölə.

Tək mənəm sağ qalan, baxışınla quc

Susmuş oğulları, düşsünlər dilə. 

Bax qartal balası, qumbara atdım,

Yağı yığınını süpürüb sildi.

Dəstəmdə o məşhur “qartalcıq” adım

Yağılar dilində “qartal” bilindi.

Parlat lələyini, qartal balası,

Qoy örtsün vücudun günəşi, ayı.

On altı yaşımda ölmək olası

İş deyil, əlbəttə, məndən dolayı.

Ey qartal balası, sadiq yoldaşım,

Uç doğma kəndimə, görürsən sağam.

De sənin oğlunun qaldaydı başı,

Qurtulmuş edamdan, qalxmış ayağa.

Ey qanadlı yoldaş, dövran uçular,

Ot lələkli çöllər od içindədir.

Qartal balaları-komsomolçular

Zəfərə tələsir, müjdə səndədir.

Ey qartal balası, qatar-qatardır,

Axışır igidlər hey bölgə-bölgə.

Qartal balaları milyonlarladır,

Fəxr edir bizimlə müzəffər ölkə.

SSRİ-də gənclərin vətənpərvərliyi ideyasının fəal təbliği dövründə qələmə alınan və mahnıya çevrilən şeir ikinci dünya müharibəsi illərində daha da populyarlaşmış, komsomol kəşfiyyatçıları və partizanları üçün himnə çevrilmişdi.

Məktəb komsomol təşkilatının katibi kimi bütün bunları bilirdim və Artekdən sonra məndə Orloyonokda da olmaq həvəsi yaranmışdı.

Azərbaycan komsomolunun MK-dən putyovka alıram. Müəllimlərim, məktəbin müdiriyyətinin güzəştli icazəsi ilə imtahanlarımı fərdi qaydada, vaxtından əvvəl verib 1972-ci ilin iyun ayında yollanıram Orlyonoka.

Azərbaycan pioner və komsomolçularının bir qrupunun tərkibində Bakıdan təyyarə ilə Tiflisə, oradan da Krasnodar vilayətinin Adler şəhərinə uçuruq. Adlerdən avtobusla Soçiyə, sonra  qatarla Tuapseyə, oradan da avtobusla meşələr arası salınan enişli-yoxuşlu yollarla gəlib çatırıq Orlyonoka. 54 ildən sonra marşrutun belə dəqiqliklə təsviri günləyimdəki tələm-tələsik, səliqəsiz qeydlərimdən qaynaqlanır. Artekdə olduğu kimi, Orlyonokda da gündəlik tutmağa başlamışdım.

Məni Orlyonokda alt düşərgələrdən biri “Komsomoskiy”də 2-ci dəstəyə salırlar. Yaşıdlarımın arasında Azərbaycanlı tək mənəm. Qalanları rus, qırğız, qazax, ukraynalı, gürcü, eston, latış, litovdurlar. Beynəlmiləl tərkibin aşkar bir təyinatı da istirahətimizin SSRİ-nin yaradılmasının 50 illiyinə təsadüf etməsidir.

Elə gəldiyimiz gündən bu tarixi təntənəli bayram kimi keçirmək üçün tədbirlərə başlayırlar.

Mənə tapşırırlar başqa dəstələrdəki Azərbaycanlı uşaqlarla respublikamızı bayramda necə təmsil edəcəyimizi müzakirə edim, təşkilati işlərə baş vurum.

Hər respublika milli xörəklərin bişirilməsi və iştirakçılara təqdimi, milli rəqslərin, mahnıların bayram konsertində ifası ilə və paradda addımlayan ayrıca dəstələrlə təmsil edilməlidir.

Məndən ötrü işin ən asanı Azərbaycandan gəlmiş uşaqların bir cərgədə addımlamasını təmin etməkdir. Qalan məsələlər xeyli qəlizdir: Azərbaycanı təmsil edəcək tərkib ürəkaçan deyil. Əksəriyyət Bakının və bəzi rayonlarımızın rus məktəblərinin şagirdləridir, aralarında milliyyətcə ruslar və ermənilər də var. Qabiliyyətlərini bilmək üçün hər biri ilə ayrıca söhbət aparıram. Çaş-başam, aralarında nə milli rəqslərimizdən hansınısa oynaya, nə də mahnılarımızı ifa edə bilən var. Milli xörəklərimizdən nümunələrin təqdimindən isə danışmağa dəyməz. Nə edəsən? Hər respublika milli çoxluğu ilə Orlyonokdadırlar. Ermənilərin, gürcülərin öz dillərində oxuduqları nəğmələrin məşqlərinə həsədlə seyr etməkdən başqa çarəm yox. Erməni uşaqları “Yerevan” deyə-deyə bir mahnını səs-səsə verib xorla elə vəcdlə oxuyurdular ki, gözəl melodiyası beynimdə qaldı və bunun plagiat olduğunu çox sonralar bildim. Söhbət türk estrada müğənnilərinin ifasında indi ara bir səslənən bir melodiyadan gedir.

Azərbaycan məktəblilərinin əksəriyyəti Azərbaycan dilini də bilmir heç. Qalmışam mat-məəttəl. Təyin edildiyim 2-ci dəstədə isə bizimkilərin tam əksi – bir qırğız var, ruscadan qətiyyən xəbəri yox, başqaları ilə ünsiyyət qura bilmir, mənə sığınıb, mən öz dilimdə, o öz dilində danışır, çətinliklə də olsa çalışırıq bir-birimizi anlayaq. Boynuma düşüb, bəzən ondan ötrü ara bir tərcüməçilik edirəm. Azərbaycandan gələnlər isə, əksinə, öz dilimizi bilmirlər.

Bizimkilərdən bir-ikisi təklif edir o zaman televiziyada Elmira Rəhimovanın oxuduğu Tələbə mahnısını səsləndirək. Ancaq sözlərini bilmirlər, deyirəm, sizin üçün yazaram, əzbərləyərsiniz. Razılaşırıq. Konsertdə Səməd Vurğunun Azərbaycan şeirinin deklamasiyasını isə öz öhdəmə götürürəm. Mahnının sözlərini əzbərləyirlər, məcbur qalıram onları həm də fortepianoda  ifamla müşayiət edim.

Bir dəfə məşqimiz hələ başlamamışdı, uşaqları gözləyirdim gəlsinlər, fortepianoda o zaman SSRİ-də Qaya vokal kvartetinin ifasında məşhurlaşmış Həyat, sən nə qəribəsən (bəstəsi Oqtay Kazımlı, sözləri Cabir Novruzun) mahnısının melodiyasını səsləndirirdim. Bir rus qızı yaxınlaşıb dedi, dəhşətli dərəcədə pis çalırsınız. Dedim, bilirəm, piano mənlik deyil, mən milli musiqi alətimiz tar ifaçısıyam, sadəcə məcburam Azərbaycanlı uşaqların xorla oxuyacağı bir mahnını konsertdə müşayiət edim. Gülümsünüb keçdi fotepiano arxasına və bizim o melodiyanı bütün lazımi akkordları ilə elə gözəl canlandırdı ki...

Bayram tədbirinin keçirildiyi gündür. Müvafiq dəstələrin təmsil etdiyi milli respublikalara qiyabi, rəmzi səyahətə çıxırıq.

İlk getdiyimiz respublika Özbəkistandır, dəstə üzvlərinin hamısı onların milli geyimində bizə piyalələrdə yaşıl çay süzürlər, ölkələri, tarixi, mədəniyyəti barədə məlumat verəndən sonra milli rəqslərini nümayiş etdirirlər. Sonra yollanırıq Litvaya, orada duz-çörəklə qarşılanırıq, bu ölkə barədə söhbəti dinləyirik. Ardınca da gedirik Ermənistana, musiqi ilə qarşılanırıq. Musiqi yuxarıda yazdığım plagiat melodiyadır. Gündəliyimdə başqa respublikalara da rəmzi səyahətimiz haqqında ümumi bir qeyd var, amma dəqiq yadımdadır, Azərbaycana səyahət olmadı. Bizimkilərin qonaq qarşılamağa sadəcə hazırlığı yox idi deyə. Təmsilçiliyimiz qaldı axşam konsertində bir ifaya.

Tərslikdən tarımı da gətirməmişəm, yoxsa mədəniyyətimizi bizimkilərin əvəzindən konsertdə Azərbaycan muğamından bir nümunə-filan  səsləndirib tək ifamla daha peşəkar tərzdə yola verərdim. Səhnədə Azərbaycan şeirini oxumağımı, Tələbə mahnısının rus, erməni, rusdilli azərbauycanlılarımızın dilindən səslənməsi və mənim zəif müşayiətimi dinləyicilər alqışlarla qarşılasalar da, yaxşı bilirəm, bu, mədəniyyət təmsilçiliyimizi birtəhər yola verməkdən başqa şey deyildi.

Əhvalımı qaldıran isə təntənəli yürüş zamanı Azərbaycandan gəlmiş uşaqların önündə addımlayaraq onların rəhbəri kimi Azərbaycan Sovet Sosialist Respublikasının bayrağını əlimdə qürurla dalğalandırmağım olur. Bir dəfə də SSRİ xalqlarının dostluğuna həsr edilmiş paradda respublikamızın gerbini daşımağı mənə həvalə etmişdilər.

Orlyonokda fəaliyyət və istirahət rejimimizin sıx cədvəli vardı, sözün birbaşa mənasında saatbasaat yazılmış cədvəli. Buraya sovet vətənpərliyinin təlqininə xidmət edən tədbirlər – Lenin dərsləri, komsomol iclasları, beynəlxalq vəziyyətə dair söhbətlər, Böyük vətən müharibəsi qəhrəmanlarına həsr edilmiş mitinqlər, iməcilik, tonqal başında nədən başlayır vətən, mənim haqqımda mənə danış, beynəlmiləlçi və patriot olmaq nə deməkdir müzakirələri, komsomol aktivi məktəbi dərsi, Təyyarəçilər evində hərbi hazırlıq qismində tüfəngdən atəşaçma məşğələləri, eləcə də mədəniyyət və idman tədbirləri –  poeziya gecəsi, bəstəkar və şairlərlə görüş, konsertlər, idman yarışları, muzeylərə eksursiyalar, dəniz gəzintiləri, dənizdə üzgüçülük, demək olar hər axşam bədii filmlərə tamaşa və s. daxil idi.

Orlyonoka gəldiyim ilk günlərin birində siyasi terminlərə və mövzulara dair sorğu anketini doldurduq. Nəticəsi belə oldu ki, mən və bir nəfər başqası siyasi icmalçı seçildik. Bu barədə anama yazdığım məktubda və gündəliyimdə qeydlərim var.

Anamdan yeniyetmə lider ədəbazlığı ilə bütün azərbaycan xalqına salamımı, atama isə doktorluq dissertasiyasını Orlyonokdan qayıdağacağım günədək bitirmək tapşırığımı çatdırmağı da xahiş edirəm. O da cavabında yazırdı: “Atana dedim ki, Nəriman yazır mən gələnə qədər dissertasiyanı yazıb qurtarsın. Atan güldü və dedi ki, Nəriman mənim yerimə olsaydı, yəqin ki, indi yazıb qurtarmışdı”.

Bəzən səhərlər Pravda, İzvestiya qəzetlərini oxuyaraq dünyada baş verən hadisələr haqqında dəstəmizin üzvləri qarşısında icmal xarakterli çıxışlar edərək siyasi icmalçı vəzifəmi yerinə yetirirdim. Gündəliyimin 19 iyun qeydlərindən bir parçanı olduğu kimi verirəm: “Səhər idmanına getmədim. Çünki politinformasiyaya hazırlaşırdım. Uşaqlar üçün Sovet-Amerika danışıqlarından, kosmosda birgə əməkdaşlıq haqqında Niksonun Ağ evdə kosmonavtlarla görüşü barədə, Kanadada vəziyyət haqqında məlumat verdim...”

Bərkə-boşa düşdüyüm “poxod”

Orlyonokda bədən tərbiyəsi üzrə müxtəlif idman oyunlarından başqa uşaqların fiziki hazırlığının artırılması, sınağa çəkilməsini nəzərdə tutan bir “poxod”da – təbiət qoynunda müvəqqəti yaşamaq üçün zəruri olan şeylərlə (ərzaq, qab-qacaq, yataq kisələri, tentlər) dolu torbalar belimizdə uzaqlara piyada yürüşdə də iştirak etdim. Bu barədə gündəliyimdə qeydlərim var. Bunlar da qısa, tələsik yazılan cümlələrdən ibarətdirsə də başqa günlərdəki tədbirlərə aid yazdıqlarımdan daha əhatəlidir. İndi gündəliyimi gözdən keçirəndə səbəbini anlayıram: qürbətdə bir neçə günlük fiziki əziyyətdən yana Bakıda komforlu həyata öyrəşmiş 15 yaşlı gənc, görünür, istəyibmiş nə zülm çəkdiyini dəftərçəsinə danışsın. Həmin qeydlərimi azacıq istisna ilə necə var elə də təqdim edirəm.

20 iyun (çərşənbə axşamı)

Səhər yeməyimizi yeyəndən sonra əşyalarımızı yerbəyer etdik. İdman ayaqqabım yox idi. Dəstəmizdəki gürcü oğlan gətirdiyi artıq ayaqqabısını mənə verdi. Ayağımı bir az sıxsa da narahatlıq hiss etmədim.

Avtobusla yola düşdük. Az getmişdi ki, dayandı. Düşüb daşlıq yolla meşəyə yollandıq. Sıx, hündür ağacların arası ilə xeyli yol getdik. Yolumuzu dar bir çay kəsirdi. 10-15 dəfə çayın o tərəf-bu tərəfinə keçməli olduq. Ayaqqabıma su dolmuşdu. Ayaqqabı ayağımı bərk sıxmağa başladı. Güclə gedirdim. Çiyinlərimdən asılan yük, ayağımın ağrısı, yorğunluğum irəli getməyimə mane olurdu. Su içməyi qadağan etmişdilər. Gizlincə əyilib çaydan içdim. Barmaqlarımın ağrısı şiddətlənirdi. Allaha yalvardım ki, ağrı kəsilsin. Azacıq gedəndən sonra dincəlmək üçün dayandıq. Ayaqqabımı çıxardım. Ağrı kəsildi. Xeyli gedəndən sonra qarşımızda gözəl mənzərə açıldı. Biz bir dağın ətəyinə çatmışdıq. Komissar dedi, az qalıb, yolun çoxu qalıb arxada. Sevindim. Qabağımızda ot tayaları görünürdü. Ətrafda kiçik bir kənd vardı. Az gedəndən sonra deyilən yerə gəlib çıxdıq. Uşaqların bir qismi palatkaları qurdu. Ayaqqabımı çıxardım. Gəzmək çətin idi. Təzə biçilmiş otun quru qalıqları ayağıma batırdı. Odun yığanlara qoşuldum. İri bir ağac kötüyünü daşıyırdım, çətinliklə ocaq başına gətirdim. Uşaqların bəziləri xörək bişirirdilər.

Yeməkdən sonra badminton oynadım. Axşam göy guruldadı. Bərk yağış yağmağa başladı. Palatkalara doluşduq. Yağış kəsəndən sonra şam etdik. Tonqal başına yığışdıq. Gün ərzində olanları müzakirə etdik.

Yatmağa getdik. Əsl narahatlığım elə buradan başladı. Mən palatkanın küncündə yatırdım. Oraya su dolubmuş. Bir qolumum suya batdığını hiss etdim. İçində yatmaq üçün mənə kisə də çatmamışdı. Poxoda gəldiyimə peşman idim. Palatkamızda bir oğlan gitara çala-çala Bitlz oxuyurdu. Yaxşı ki, başım bir az onu dinləməyə qarışdı. Saat 2-yədək o tərəf-bu tərəfə çevrilirdim bəlkə yata bilim. Uşaqlardan biri gecə növbəsinə çıxanda onun kisəsinə girib yuxuya getdim. Növbəm çatanda məni oyatmalı idi. Səhər oyananda kisənin içində idim. Həmin oğlan yatdığımı görüb məni narahat etməyib, gecə növbəmi də mən əvəzdən yerinə yetiribmiş.

21 iyun (çərşənbə)

Səhər 10-da palatkalarımızı söküb, yemək azuqələrimizi götürüb yola düzəldik. Yenə idman ayaqqabısı ayağımı sıxırdı. Naəlac qalıb təp-təzə, rahat vilvet çəkməmi geyib palçıqlı yollarla yürüməyə başladım. Bir neçə kəndin yanından ötdük. Vaxt nisbətən tez keçirdi sanki. Fikrim-zikrim öz doğma evimizdə idi. Bir neçə yerdə dayanıb dincəldik. Yenə də poxoda gəldiyimə peşman idim. 8 km daşlı-palçıqlı, təpəli, dərəli, meşəli, çaylı yoldan sonra bir düzəngahda məskən saldıq. Yenə də yağış. Bu dəfə tez kəsdi. Yemək yeyəndən sonra yatmağa getdik. Yataqda “suyun içində üzürdüm”. Çox yorğun olduğum üçün hətta bu cür şəraitdə dərhal yuxuladım.

22 iyun (cümə axşamı)

Saat 9-da geriyə qayıtdıq. Bu dəfə həmin yolla deyil, bir dağın üstündən aşıb getməli idik. Çox uzun, yorucu yoldan sonra dağa çıxdıq. Təpəsində yarım saat dincəldik. Çox gözəl yer idi. Bərk külək əsirdi. Bir-iki qartal uçurdu. Lap uzaqda bir kənd görünürdü. Komissar dedi ki, biz ora getməliyik. Yola düşdük. Hər yan yaş olduğundan sürüşürdük. Bir neçə dəfə yıxıldım. Cığır kənarından çiyələk yığdım. Yaman dadlı idi. Bizə çiyələk yığmağı qadağan etmişdilər. Çünki gecikirdik. Eniş yolla 3 saat getdikdən sonra kəndə çatdıq. Avtobusa minib düşərgəyə gəldik. Axşam mitinq oldu. Bu, Vətən mqharibəsində həlak olmuş qəhrəmanlara həsr edilmişdi. Onlara aid filmə də baxacaqdıq. Yuxum gəldiyi üçün gedib yatdım.

Yürüş öncəsi keçirdiyim günə aid doğmalarıma yazdığım bir məktubda oxuyuram, demə, ovqatım lap əvvəldən təlx imiş: “...Sabah üç sutkalıq poxoda gedəcəyik. Yaman çətin olacaq. Dünən meşəyə gəzməyə getmişdik. Uşaqlar özləri yemək bişirmişdilər. 86 nəfər idik (iki dəstə ilə birlikdə). Çoxlu qazan asmışdılar. Birinin içində qurbağa üzürdü. Kimsə atmışdı. Uşaqlar (ruslar) gülüşdülər. Sonra heç bir şey olmamış kimi başladılar ləzzətlə yeməyə. Yaman iyrəndim. İştahım küsmüşdü. O qazandan heç nə yemədim. Axşam televizorda futbola baxdım. SSRİ uduzdu. Hamı dilxor olmuşdu...”

Əlbəttə, belə yürüşlərin təşkili uşaqları bərkə-boşa salmaqla onların təkcə fiziki deyil, mənəvi tərbiyəsi üçün də önəmli idi. Gündəliyimdə şikayətçi görünməyimə baxmayaraq bunu dərk etdiyimdəndi ki, atama rusca yazdığım bir məktubda əvvəl-əvvəl yürüşdən məmnun qalmadığımı, sonra isə çətinliklərə öyrəşmək lazım gəldiyini anladığımı yazırdım. Niyə rusca yazmışdım? Anamın tapşırığı idi.  İstəyirdi ruscanı dərindən öyrənməyimə düşərgənin faydası olsun. Amma həmin o məktubumda qəribə bir əda ilə yazırdım ki, bundan sonra ana dilində yazmağı qərarlaşdırmışam, çünki hamı ilə rusca danışmaq olar, təkcə valideynlərlə yox.

Orlyonokda yaşıdlarımla keçirdiyim günləri xoş ovqatla xatırladan bir də odur ki, yenicə tanış olmuş uşaqlar arasında qısa müddətdə mehribanlıq yaranmışdı. Gürcü oğlanın idman ayaqqabısını mənə verməsi, bir rus yaşıdımın palatkada yatarkən məni yuxudan oyatmayıb gecə mən əvəzdən keşikdə dayanması epizodları gündəliyimdə və məktublarımda qaldığına görə aydın xatırlaya bilirəm. Başqa xoş epizodlar da olmuşdu, əlbəttə...

Anama yazdığım məktubların birində dəstə üzvlərimizdən birinin alicənablığını da xüsusi qeyd edibmişəm. Yürüşdən qayıdandan sonra palçıqlı ayaqqabımı yumuşdum, geyinməyə ayaqqabım yox idi, hansısa tədbirə getməli idim. Həmin oğlan öz ayaqqabısını mənə verirdi ki, götür, geyinib get. Az qala onun yeganə ayaqqabısını götürüb geyinəcəkdim, o da bir müddət qalacaqdı ayaqyalın...

Orlyonokda komsomol fəaliyyətimdən də qalmırdım

İclaslarda iştirak edir, təkliflər verir, ara bir çıxışlar da edirdim. Ümumittifaq komsomolunun təcrübə mübadiləsi üzrə konfransında məktəblərdə 13 yaşlılar klubunun yaradılması ilə bağlı təklifimi bəyənərək nümayəndələrə nəzərə alınmasını tövsiyə etmişdilər. Valideynlərimə yazdığım bir məktubumda bunu qeyd etmişəm. Gündəliyimi nəzərdən keçirəndə diqqətimi bir də o çəkir ki, düşərgə üzrə böyük toplantıların birində Orlyonok düşərgəsi müdirinin müavini ÜİLKGİ mərkəzi komitəsinin plenumu haqqında danışarkən Azərbaycan və Gürcüstan məktəblərindəki komsomol komitələrini tənqid edibmiş. Azərbaycana dair tənqidin məzmunu barədə qeydlərimdə məlumat yoxsa da, yaddaşımda qalır. Deməli, natiqin dediyinə görə, Bakıda rus məktəblərinin birində bəzi şagirdlər Adolf Hitlerin Mənim mübarizəm kitabını mütaliə edirmişlər.

Valerka haqqında ballada

Düşərgəmizin qonağı olmuş bəstəkar V.Kikta ilə şair V.Tatarinovla görüşümüz qəlbimdə dərin iz buraxmışdı. Onlar Orlyonokda uşaqların oxuduğu məşhur bir mahnının – Valerka haqqında balladanın müəllifləri idilər. Valerka vaxtilə Orlyonokda dincəlirmiş.

Orlyonokda Dozornıy altdüşərgəsində uca təpəlikdə bir yer var, oradan dəniz, dağlar və meşəni əhatə edən gözəl bir mənzərə açılır. Valeri tez-tez bura gəlirmiş. Böyüyəndə təyyarəçi olmaq istəyirmiş. Böyüyüb arzusuna çatır. Bir gün idarə etdiyi təyyarədə nasazlıq yaranır, təyyarə aşağı enməyə üz tutur, aşağıda da bir şəhərin evləri. Valeri katapult etmir, insan fəlakətinə səbəb ola biləcək təyyarəni uzaqlaşdırmağa nail olur, fəqət qəzadan qurtula bilmir. Orlyonokda onun vaxtilə ora-bura qaçaraq oynadığı bir cığırı yola çevirib asfaltlamışlar. Yol Valierinin adını daşıyır. Düşərgədəkilər bir müddət o yoldan yalnız bir dəfə, sonuncu gün, hamı ilə vidalaşanda keçirmişlər.  Keçəndə də arxaya baxmadan yola düşürmüşlər...

Mahnı da təsirlidir. Mətndə Valerinin düşərgədən ayrıldığı, qartal balası kimi uçuşa can atdığı, uzaq bir diyarda uçuş məktəbinə daxil olduğu, bir uçuşunda qəzaya uğradığı zaman “Qartal balasısansa, qəhrəmanlıq et görək” sözlərini dilə gətirdiyinə dair sətirlər yer alır. Mahnının sözlərini poetik tərcüməmdə səsləndirirəm:

Bu nəğmə yoldaşımız

Valerka haqqındadır.

Oxuyuruq eşidir,

Ruhu lap yaxındadır...

Orlyonokla ayrılıq

Ağır bir yükdü ona,

Neyləsin ki, günləri

Bir gün yetişdi sona.

Gəlmişdi qartal oğlan

Bu dünyaya uşuşa,

Pilot dərsi gərəkdi

Arzusu gəlsin başa.

Dəstədən ayrılanda

Baxmadı qəmli-qəmli:

Qartal balasısansa,

qəhrəmansan, deməli.

Nəhs ulduz diyirləndi

Bir gün zülmət səmada.

Son kəz çarpan ürəkdən

Gəldi odlu bir səda:

Orlyonoklu olmusan,

Vuran ürəksən, ürək.

Qartal balasısansa,

Qəhrəmanlıq et görək...

Bağışlayın, uşaqlar,

Nəğməmiz çox kədərli.

İstərdik dar ayaqda

Hər kəs belə təpərli

Ola döyüş öncəsi,

Düşünə Varlerka tək:

Qartal balasısansa,

Qəhrəmanlıq et görək.

Orlyonoka Çəmbərəkənddən məktub

Arxivimə baxıram... Deməli, ictimai, siyasi, mədəni və idman tədbirlərinin doğurduğu ilhamlı ovqata kökləndiyim vaxtda Bakıdan bir məktub da alıbmışam. Məktəb yoldaşlarımdan birinin yazdığıdır. Orlyonok ünvanımı valideynlərimdən soruşubmuş. Məktubu təbəssümsüz oxuya bilmirəm. Riyaziyyat imtahanını uğurla verdiklərini (yuxarıda yazdığım kimi, Orlyonoka gəlməzdən əvvəl imtahanları mən fərdi qaydada vermişdim) bildirəndən sonra yazırdı: “Bura bax, Nəriman, orada hansı uşaqlarla dostluq edirsən, qızlarla, yoxsa oğlanlarla? Əgər qızlarla dostluq edirsənsə, onların yaxşılarının adreslərini alıb mənə yazarsan, bildin?”

Yeniyetməliyimiz yenicə başlayır, qanımızın qaynayan vaxtıdır, onu başa düşmək olar. Cavab yazmıram. Yəni onun sualını, xahişini cavabsız qoyuram. Qızların yaxşılarını (dəqiq bilmirəm bunu deyəndə necə birilərini nəzərdə tuturdu, gözəllərinimi, yaxşı xasiyyətlilərinimi, ya hər ikisini) seçmək bir yana, kimlərinsə ünvanlarını özlərindən icazəsiz Çəmbərəkəndli dostuma ötürə də bilməzdim. Oxucular üçün bəlkə maraqlı olar deyə dostumun sualını burada cavablayım. Dostluğumuz müvəqqəti günlərin dostluğu idi. Amma dəstəmizdə bir oğlanla bir qız vardı, elə Orlyonokdaca aralarında sevgi münasibəti yaranmışdı. Vidalaşanda bir-birindən ayrıla bilmirdilər. Mənim isə belə bir hekayətim yox idi, ilk sevgimi Bakıdakı 132 saylı məktəbdə qoyub gəlmişdim. Rəhbərlik etdiyim xalq çalğı alətləri ansamblında müğənni idi, konsertlərimizi onun və bir başqasının oxuduğu mahnılarla keçirirdik. Səsi indi də qulaqlarımdadır. Münasibətimizin bitməyi isə məktəbi bitirməyimizi gözləyirmiş...

Ayrılıq

Orlyonokla ayrılıq günü öncəsində gecə saat 3-də bizi oyadırlar. Üz qoyuruq on gün əvvəl ziyarət etdiyimiz yerə.

Dəniz kənarından yüksəkliklərdə sıldırım qayaları olan bir məkandır. Kənarları uçuruma baxan çığırlarla oraya ilk dəfə çıxanda qorxa-qorxa, bir-birimizdən tuta-tuta qalxmışdıq, bir qolum azacıq sıyrılmışdı da. Aşağıya, göz qaraldan uçuruma boylanmaq cəhdi belə canımıza üşütmə salırdı. Qayalar başında tonqal qalamışdıq. Tonqal başında Nədən başlayır vətən? mövzusunda söhbət etmiş, gəldiyimiz yolla deyil, meşənin içi ilə gedərək başqa yolla geri qayıtmışdıq.

İndi gecənin bir yarısı yenə oraya gedirik. Tonqal başında sonuncu yığıncağımızı keçiririk. Bəzi uşaqları, o cümlədən məni düşərgədəki fəaliyyətimizə görə diplomla təltif edirlər.

Səhər açılanda düşərgəyə qayıdırıq. Axşama yaxın vida mərasimi başlayır. Dostlarımızı bir-bir avtobuslaradək ötürürük. Artekdə olduğu kimi burada da ayrılıq günü qızlarımızın gözləri nəmlidir. Sevgili cütü isə bir-birindən ayırmaq olmur, gözlərimiz önündə sarmaşıb dayanıblar.

Çəkdirdiyimiz fotonun arxasında yadigar imzalarımızı qoyur, bir-birimizə ev ünvanlarımızı yazırıq. Və bir də əhdləşirik iki ildən sonra Moskvada, Qızıl meydanda, Minin və Pojarskinin abidəsi yanında görüşək. Təəssüf, danışılan vədədə görüşə gedə bilmirəm. Çox yəqin, işlərimin çoxluğundan, ya da ailə planlarımızın ucbatından. Bilmirəm məndən başqa daha kimlər bu əhdə vəfasız çıxdı. Təsəllim odur ki, elə bu qeydlərin özü, o romantik keçən günlərin xatirələri qiyabi də olsa bizi ara bir görüşdürür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri