Orxan Məmmədov: Biznes subyektlərinin yaşıl iqtisadiyyata transformasiyası əsas istiqamətlərdəndir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 may, AZƏRTAC
Bu gün biz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasını keçirdik. İclasda iştirakçı dövlətlərdə kiçik və orta biznesin inkişafı və bu sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini nəzərdən keçirdik.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri (KOBİA) Orxan Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, AQEM-ə sədrlik çərçivəsində Azərbaycanda kiçik və orta biznesin inkişafına dair tədbirlər keçiriləcək.
“Qadın sahibkarlığının inkişafı, həmçinin yüksək texnologiyalar, yaşıl enerji, kiçik və orta biznes subyektlərinin “yaşıl iqtisadiyyat”a transformasiyası əsas istiqamətlərdəndir. Biz Azərbaycan olaraq öz müsbət təcrübəmizi bölüşdük. Xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində KOB evlərini nümunə göstəririk. Bu gün, həmçinin iclasdan sonra biznes-forum keçiriləcək. Forum çərçivəsində sahibkarların iştirakı ilə konkret sahələr üzrə əməkdaşlığı müzakirə edəcəyik. Ümid edirik ki, bu əməkdaşlıq sahibkarlar üçün, ümumilikdə isə Azərbaycanın sədrliyi çərçviəsində ticarət evlərimiz üçün xeyirli olacaq”, - deyə O.Məmmədov vurğulayıb.

