OTUZ ÜÇ YAŞINDA QOCA Rafael Hüseynov yazır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rafael HÜSEYNOV
Akademik
Şanlı Qacarlar nəslinin parlaq təmsilçiləri Azərbaycanın da, bütövlükdə Yaxın və Orta Şərqin də tarixində silinməz izlər qoyub. İctimai-siyasi həyatın ən müxtəlif istiqamətlərindən tutmuş ədəbiyyat və mədəniyyətin bir neçə əsr içərisindəki tərəqqisinədək Qacarlar mütəmadi olaraq əvəzsiz töhfələrini verib.
Ayrı-ayrı Qacarların həyat yolu və fəaliyyətlərinin müfəssəl öyrənilişi bir tərəfdən bu nəslin tarix səhnəsindəki yerini daha aydın və dəqiq görməyə xidmət edirsə, digər yandan tarixin bir sıra vacib mərhələləri və hadisələri barədə yetərincə dolğun bilgi almağa meydan açır.
Bu şəcərənin dəyərli təmsilçilərindən olmuş Xurşid Qacarın mübarizəli və bəhrəli ömür və sənət taleyi zahirən uzaq olmayan bir dövrün və qaynaqlarının sanki yaxında göründüyü tarix parçasının hadisəsi olsa da, təəssüf ki, bu gün nə elmi mühitdə, nə də ictimaiyyət arasında yaxşı bilinir.
İctimaiyyətə artıq bu adın səslənincə nəsə deyə bilməməsinin ilk səbəbi, təbii ki, dəyişmiş vaxtdır. Xurşid Qacarın yaş nəslinə mənsub olan, onu görmüş, eşitmiş, fədakar əməklərindən bilavasitə xəbərdar insanların ən qocamanları da XX yüzilin sonlarında həyatdan getdilər.
Gedən nəsillərlə əgər onların söylədikləri yazılmayıbsa, ya özləri hafizələrindəkiləri sabahlara da çata biləcək memuar irsinə çevirməyiblərsə, istər-istəməz tədricən unuduluşa məhkumdurlar.
Elmsə bu yoxolmanın qarşısını da ala bilər, aradakı üzdən bəzən iri təsir bağışlayan vaxt körpülərini də qısalda, dünənki mühüm şəxsiyyətləri, onların unudulmamalı xidmətlərini də gələcək zamanlara rahatca çatdıra bilər.
O baxımdan bu nəslin Azərbaycan musiqisi mədəniyyəti və təhsili, bütövlükdə Azərbaycan ziyalılığı tarixində müstəsna zəhmətləri olmuş nümayəndəsi Xurşid Qacarın gerçək və dolğun surətinin tarixi sənəd və şəhadətlər əsasında bərpa edilməsinə, bugünkü və sabahkı nəsillərə olduğu böyüklüyündə göstərilməsinə ehtiyac var. Həm də bunun üçün mötəbər təməllər də mövcuddur.
Etibarlı söykənəcəklərin ən ilkini elə Xurşid Qacarın özünün vaxtında səliqə ilə toplayaraq nizamladığı, hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sənətkarın adına açılmış memorial fondda (inventar № 2540) qorunan tərcümeyi-hal sənədləri, məktublar, yazışmalar, fotolar və digər materiallar, ikincisi isə XX əsrin ilk onilliklərinin mətbuatında dərc edilmiş yazılardır.
Bu gün az adama bəllidir ki, Azərbaycanın XX əsrdə Xurşid Qacar adlı bir opera müğənnisi olub. Nəinki geniş kütlələr və cəmiyyətin mədəniyyətə mail kəsimi, hətta mütəxəssislərə də bu ad tanış olmayan kimidir.
Bir zamanlar Xurşid Qacarın daimi müşayiətçisi olmuş alqışlar, həyəcanlar, sevinclər, narahat günlər, gecikmiş təəssüflər, sabaha ümidlər hamısı çoxdan arxada qalıb.
İndi Xurşid Qacar yadigarı yazıları qaldırdıqca, onun və məsləkdaşlarının sabaha bağlı arzuları, niyyətləri haqqında düşündükcə, baxırsan ki, nələrsə gerçəkləşib, hansı istəklərsə elə ümid olaraq qalıb. Onların görməyi umduğu yaxın sabahlar lap çoxdan keçmişləşib, bütün olanlarla və onların baxışınca olmalılar çöküb dünənin dibinə. Ancaq bütün bunları araşdırmağın, üzə çıxarmağın bir əhəmiyyəti də odur ki, keçmişin aydın görünən mənzərəsi sadəcə yaşanmış tarixi dürüst bilməyimizə yardımçıya çevrilmir, həm də dünəndə qalan, lakin orada susub qalmalı olmayan, bu gün təzədən bərpasına, tətbiqinə zərurət duyulan layihələri, təşəbbüsləri, mülahizələri də həmin dərin sükutdan qurtararaq indimizə gətirir.
Həm də bütün bunlar sadəcə mədəniyyət məsələləri yox, bütöv tariximizin yaxşı bilinməli və dərslərindən ibrət götürülməli başvermişləridir.
Azərbaycan mədəniyyətinin nisbətən cavan hadisəsi olan, 1908-ci ildə yaranmış operamızın keçdiyi enişli-yoxuşlu yolda artıq yüzlərlə deyil, minlərlə ad pozulmaz yaddaş lövhəsinə həkk olunub. Xüsusən bu yolun çətin başlanğıcında əməkləri olanları, fədakar təməlçiləri biz gərək həmişə minnətdarlıqla yad edək.
XX yüzilin ilk iki onilliyinin afişalarında, proqramlarında adları keçən, bəzən hətta bircə tamaşada çıxış etmiş olan şəxsin də bu gün anılmasına, tanınması və tanıdılmasına lüzum var.
Xurşid Qacar isə sıradan olan opera müğənnilərindən biri deyilmiş.
1920-30-40-cı illər Azərbaycan mədəni həyatında onun xüsusi yeri olub və demək, bir çox başqa müasirlərindən də daha geniş və diqqətlə öyrənilməsi gərəkdir. Axı Xurşid Qacar yalnız müğənnilik də etməyib.
Vaxtilə Bakıda ilk dəfə yaradılan Opera studiyasına da rəhbərlik edib, yenicə təşkil edilmiş Musiqi nəşriyyatının da direktoru olub. Və daha ümdəsi - o, Azərbaycan qadınının səhnədə hələ seyrək göründüyü çağlarda ən öndəgedən ilklərdən və ən fəallardan idi.
O, Azərbaycanın xaricdə ali musiqi təhsili almış ilk qadınlarından biri idi.
Əgər qarşımızda olan, Xurşid Qacarı bütün yönləriylə bizə göstərə biləcək sənəd qovluqları indi, 2000-ci illərin sürətlə irəlilədiyi vaxtlarda deyil, XX əsrin son çərəyində, heç olmazsa 25-30 il əvvəl qabağımıza çıxsaydı, vərəqləndikcə bu gün yazıla biləcəklərdən qat-qat artıq və daha təfərrüatlı, ondan da 5-10 il əvvəlki dövr olsaydı, əlbəttə, daha canlı və daha təsirli yazmaq üçün fürsət verərdi. Çünki yarım əsr öncə, hələ ondan da 10-15 il sonra belə Xurşid Qacarla bağlı yaddaşları daşıyanların, onu şəxsən tanımışların xeylisi sağ idi və onların xatirələri bu sənədlərə canlı dayağa çevrilmək, Xurşid Qacarı bir insan və sənətkar kimi ən xırda cizgiləri, ömür və sənət yolunu bütün rəng çalarları ilə təsvir etməyə yardımçıya çevrilmək gücündə idi.
Təəssüf ki, illər söz soruşa biləcəyimiz təqribən bütün şahidləri özü ilə aparıb.
Şəmsi Bədəlbəyli, Niyazi, Bəhram Mansurov, Azər Rzayev, Qubad Qasımov, Qulam Məmmədli və daha neçə-neçə başqa doğruçu şahid Xurşid Qacar haqqında çox həqiqətləri çatdıra bilərdilər.
İndi isə ümid yalnız arayışlar, afişalar, proqramlar və digər dilsiz sənədlərədir.
Əlbəttə ki, şahidlərin iştirakı ilə bu iclas protokolları, afişalar, proqramlar, çeşidli sənədlər dinməzcə durmazdılar. Yada neçə maraqlı, heç vəchlə unudulmayan anı salardılar. Hər halda cəhd edəcəyik ki, hətta bu quru sənədlərin belə arxasındakı insan səsləri və surətlərini o vaxtın nəfəsi ilə isidək.
1970-ci illərin ortalarından başlayaraq Azərbaycan Radiosunda hazırlamağa başladığımız və indi də davam edən "Axşam görüşləri" musiqi proqramı artıq yarım əsrə yaxınlaşan mövcudluğu boyunca Azərbaycan musiqi mədəniyyətinin bir çox görkəmli simaları ilə ünsiyyətlərimizə imkan yaradıb, onların yaddaşımıza köçən söhbətləri indi özümüzü də bir mənbəyə çevirib. Amma daha diqqətəlayiq mənbə görkəmli musiqi xadimləri ilə lentlərin yaddaşına hopmuş və radionun səs xəzinəsində fondlaşmış, arxivləşmiş söhbətlərimizdir ki, həmin səs saxlancları indi bütün başqa məziyyətləri və bələdçilikləriylə yanaşı həm də Xurşid Qacarın dövrü və ömrünə işıq salmağa qiymətli vasitəçidir.
Xurşid Qacar bəlkə də ayrı bir zaman içərisində yaşasaydı, tutalım, 1894-cü ildə deyil, 20-30 il əvvəl dünyaya gəlsəydi, bu qabiliyyətləri və fitri istedadı, bu əsli-kökü ilə artıq tarixə bəlli olandan dəfələrlə yüksək nailiyyətlərə çatardı. Bu ehtimal heç vəchlə sadəcə hissiyyat kimi qavranılmasın.
Naxçıvanlı Xurşid xanım 1912-ci ildə əslən şuşalı olan şahzadə Mirzə Feyzulla Qacara (1872-1920) ərə getmişdi. Mirzə Feyzulla Qacar İran taxt-tacına namizədlərdən olan Şəfi xan Qacarın yeganə oğlu idi. Onun həyat ssenarisini tale başqa cür yazır. Çar ordusunda xidmətə başlayır, rus-yapon müharibəsində, sonrakı bir sıra döyüşlərdə böyük igidliklər göstərir, general-mayor rütbəsinədək ucalır. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda o, artıq Milli Orduda idi və əvvəlcə süvari diviziyasının, daha sonra isə Gəncə qarnizonunun komandiri təyin edilmişdi. 1920-ci ilin Gəncə üsyanında da Mirzə Feyzulla Qacar bolşevik işğalına qarşı döyüşən xalqın önündə gedənlərdən idi və üsyan yatırıldıqdan sonra işğalçılar tərəfindən ilkin qətlə yetirilənlərdən biri də o idi.
Əlbəttə ki, həmin tarixdən sonra onun həyat yoldaşı Xurşid Qacarın da aqibətinin sovet rejimi içərisində necə olacağını təsəvvür etmək çətin deyil. Azərbaycan Xalq Cümhuriyyətində xidmətdə olmuş, xüsusən bolşevizmə qarşı silahlı mübarizə aparmış Mirzə Feyzulla Qacar kimilərin ailə üzvləri də, tarixdən bəllidir ki, repressiya qurbanlarına çevrilir, həbs və sürgünlərə məruz qalırdılar.
Xurşid Qacarı xilas edənsə dövlətdə yüksək vəzifə tutan Nikolay Nikolayeviç Xudyakovla ailə qurması olur.
Lakin istənilən halda onun bioqrafiyasının yeni hökumətə və quruluşa qətiyyən xoş gəlməyən səhifələrini silib atmaq mümkün deyildi, dövlət də bundan xəbərdar idi və bütün bunlar Xurşid xanıma sovet onillərində nə layiq olduğu səviyyədə parlamağa, nə də haqq etdiyi ən yüksək məqamlara çatmağa imkan verdi. Nail olduqlarısa onun zəmanəsində istedadı ilə ən seçilmişlərdən olmasının, onun tipli insana ehtiyacın böyüklüyünün sayəsində mümkünləşdi. Bəlli siyasi məhdudiyyətlər olmasaydı, təbii ki, müqayisəedilməz dərəcədə çox iş də görə, izlər də qoya bilərdi. Mürəkkəb zəmanə bu qədər imkan verdi.
1920-ci illərin Azərbaycan qadın intibahını bütün yönləriylə əks etdirməyə səy göstərən "Şərq qadını" dərgisi elə Xurşid xanımın Rusiyadan Azərbaycana qayıtdığı ilk ildəcə ona ayrıca məqalə həsr etmişdi. Azərbaycan auditoriyasına Xurşid xanımı ilk dəfə təqdim edən jurnal onun haqqında qısa da olsa əhəmiyyətli bilgilər verir və yazının başlanğıcındaca Azərbaycan mədəniyyətinin yeni dövr içərisindəki mühüm bir nailiyyəti - səhnəmizə gələn Şövkət Məmmədova, Fatma Muxtarova, Sona Hacıyeva, Xurşid Qacar və digər bu qəbil aktrisaların hesabına teatrımızda qadınlarıın artıq kişiləri üstələməyə başladığı vurğulanırdı: "Azərbaycan türk səhnəsi get-gedə irəliləyir. Teatro məktəbi, xüsusi təhsil görmüş türk qadın artistkalarımızın sayı hər ildən artır. Bu anda səhnə xadimlərimizdən sənət cəhətcə qadın qüvvələrimiz kişi qüvvələrimizdən yüksəkdir. Məktəb təhsili görmüş və ali təcrübə hasil etmiş türk qadın aktrisalarımızdan ikisi də daha bu il Azərbaycan türk səhnəsinə qədəm qoydular.
Xurşid xanım Qacar və Fatma xanım Gəncinskaya yoldaşlar öz vətənləri olan Azərbaycan türk səhnəsini yadlarına salıb içrə (mərkəzi - R.H.) Rusiyadan Bakıya gəlmişlər.
Xalq Maarif Komissarlığı səhnəmizin tərəqqi və təalisini (şan-şöhrət qazanması, yüksəlməsini - R.H.) ancaq məktəb və təhsil görmüş səhnə qüvvələrində görüb var qüvvəsi ilə böylə hazırlıq görmüş sənaye-i nəfisə xadimlərini səhnəmizə cəlb etməkdə çox böyük ciddiyyət göstərir. Yeni artistkalarımızdan Xurşid xanım Qacar əslən naxçıvanlı olub əsl familiyası Naxçıvanskayadır. Orta təhsilini Qafqasiyada bitirib, musiqi təhsilini Moskvada professor Mazettinin təht-i nəzarətində təkmil etmişdir.
Xurşid xanım teatroçılıq sənətindən başqa ədəbiyyat sahəsində də fəaliyyət göstərməkdədir. Bakıya gələndən sonra mətbuatda türk teatrosu və sənəti haqqında bir neçə müfid (faydalı - R.H.) məqalələri də çıxmışdır.
Xurşid xanımın şairlik istedadı da vardı".
Şübhəsiz, Fatma Muxtarova çox parlaq idi və onun Bakı səhnəsində hər görünməsi Azərbaycanın opera həyatında bayrama çevrilirdi, qəzetlər bu haqda heyran yazılar dərc edirdilər. Lakin Fatma xanım bura öz vətəni olsa da, qastrola gəlir, çıxış edib gedirdi.
Xurşidsə buradakı musiqi həyatının bir parçası idi, Bakıya həmişəlik qalmaqçün gəlmişdi.
Xurşid xanım Qacar 1920-ci illərin yeniləşmə ehtiyacı ilə çırpınan Bakı, Azərbaycan mühitinə gəlincə, ictimai həyata daxil olunca onun böyüklüyü, digərlərinə də örnək olması dərhal sezilmişdi. Onun 1925-ci ildə "Şərq qadını"nda dərc edilmiş "Türk qadınlığı və sənaye-i nəfisə" ("Türk qadınlığı və gözəl sənətlər") adlı yazısı da elə ilk cümlələrindən məhz örnək ola biləcək qadınlara bir çağırış kimi səslənirdi: "İstedad və zəkaları sayəsində qadınlar ictimai həyata girir və böyük görsənir. Başqalarından ötrü dəxi nümunə ola bilirlər. Ədədi pək məhdud olan qadınların ictimai həyatda sayı artıq yüzlərə, minlərə baliğ (çatır - R.H.) olur".
Və Xurşid xanım mətləbi yönəldir musiqi sarı. Çünki o, vətənə qayıtmışdısa, ən əvvəl daha çox fayda verə biləcəyi bu sahədə sözünü deməliydi və Bakı mətbuatında dərc edilmiş bu ilk irihəcmli yazısı əslində onun məramnaməsi kimi idi: "Tar, kaman nəğmələri, şirin və ahəngdar xalq mahnıları bizə həqiqi həyatın zövq və səfalarını bərəks etmirlərmi? Zülm və təhkim altında əzilən qadınların dərd və ələmlərini tərənnüm etməyirlərmi? Hərgah təbiri caizsə, deyə bilərik ki, musiqi və şərqi həmişə qadınlarımızın ruhunda yaşamış və yaşayacaqdır. Lakin buna min bir şəkil verib sənaye-i nəfisəyə idxal etməyə müvəffəq olmurlardı. Buna səbəb də, təbii, onların keçirdikləri qaranlıq həyat olmuşdur. Öz hərəmxanələrinin yüksək divarları arasında məhbus həyatı keçirməkdə olan qadınlarımızın ürəkləri dərddən şişir və ruhlarından incə və ahəngdar təranə yüksəlirdi. Öz qülub xanəsindən (könül evindən - R.H.) kimsəyi görmədən - kəndi başına oxumaq, şərqi söyləmək və dərdlərini ovutmağa məcbur idi.
Qadınların təbii olaraq sənaye-i nəfisəyə meyl edəcəkləri aşkar olur. Çarşab əsarətindən qurtulunca biz qadınları teatr səhnələrində və sinema lövhələrində görürük. Onlar sayir ictimai işlər ilə bərabər, zülm və əsarət dövründə onun ruhunu tərənnüm edən və onun dərdlərini ovudan sənaye-i nəfisəyə qarşı öz borcunu ifa edəcəklərdir. Cocuqluğundan bəri eşitmiş olduğu bəstəkar və faciənevislərimiz tərəfindən yaradılmış olan nəğmə və muğamatı öz gənc ruhilə qəbul edib təcəssüm etdirməyə çalışacaqdır".
Xurşidin vətənə dönüşü qadınlarımızın səhnəyə gəlişinin başlandığı çağlara düşürdü və o, həmin sıraların getdikcə daha da sıxlaşmasını arzulayırdı. Bu yazısı hələ bir dəvət idi, amma aylar ötdükcə həmin niyyətin gerçəkləşməsindən ötrü çox zəhmətlərə də qatlaşacaqdı. Hələliksə belə davam edirdi: "Qadınların təbii olaraq tamaşa səhnələrində görünmələrini təbrik etməklə bərabər hər vasitə ilə vüsətləndirməyə çalışılmalıdır.
Burjuaziya teatrosundan indiki teatroda məarifliə artistin əhəmiyyəti pək böyükdür. O, geniş xalq kütlə arasına elm, ürfan yayan diri və canlı amildir. Qadın səhnəyə girməklə, öz cinsinə məxsus şəkil və rolları ifa etməklə bu yoldakı nöqsanı bərtərəf edir. Və kişi artistləri özlərinə uymayan qadın rollarını oynamaqdan qurtarır. Və heyət-i ümumiyyəsiylə səhnə nöqsanlarını rəf etməklə teatro aləmini gözəlləşdirir".
Xurşid Qacar müğənniliyindən savayı düşüncəsinin, yanaşmasının tərzi ilə həm də təhsil, mədəniyyət təşkilatçısı və qurucusu olan bir insan idi və bütün ömrü boyu da belə oldu. Elə həmin proqram səciyyəli yazısında da qısaca da olsa məqsədlərini, diləklərini çatdırır. Ən ümdə istəklərindən biri qadınları sadəcə səhnədə, ekranda görmək deyil. Bu yol artıq onsuz da açılıb, deməli, getdikcə daha mütəşəkkil olacaq. O, qadınlarımız arasında Azərbaycanın öz bəstəkarlarını da görmək istəyir. Yəni niyyət budur ki, qadınımız sadəcə başqalarının yazdıqlarının ifaçısı olmasın, özü də başqalarının ifa etməsindən ötrü yazıb-yaratsın: "Qadınların səhnə və sinemalardakı iştirakı onların mücəddədən (yenidən - R.H.) hisslərini tərbiyə edir. Ola bilsin ki, qadın bəstəkar və dramaçılarımızın artması zamanları bir o qədər uzaq deyildir. Bu qayda ilə qadınlardan birisi Şərq qadınlarının uyuşmuş fikirlərini və keçirmiş olduqları cəhalət və qəflət həyatından qurtulub azadlıq və geniş kəndli və zəhmətkeş yoluna düşdüyündən hasilə gələn şadlıq və sevinci bəstələmiş olduğu bir nota və yaxud qələmə almış olduğu bir pyesada səhne-yi tamaşaya qoyar, musiqisində çalar və tərənnüm edər, vücuda gətirilmiş olan nümunələr onların özlərinin çəkmiş olduqları cəfaları və azadlığın həqiqi mənzərələrini tamaşaçılara göstərər.
Axırda bizim yerli bəstəkarlarımız yaratmış olduqları və bir vaxtlar operalarımızın diri qəhrəmanı olan Leyli və Əsli rollarımızın türk qadınları tərəfindən oynandığını görüncə uzun illərdən bəri gözləməkdə olduqları mənəvi mükafatlara nail olacaqlardır. İşbu mənəvi mükafat yeni yaradıcılar qafiləsi doğuracaqdır. Qadın səhnəmizi canlandıracaqdır. Qadın xalq ürfan və mədəniyyətinin çərxi başında durur!"
Qadının yeniləşən cəmiyyətdə aparıcı yer tutmasına səsləyən Xurşid Qacarın bu bəyanatı verməyə hər kəsdən daha çox haqqı vardı. Çünki özü öndəgedənlərdən, nümunə olanlardan idi. Azərbaycan qadınını oxumağa, öyrənməyə, öncül olmağa, qətiyyətə dəvət edirdi: "Qonşularımızda bulunan və qəflət uyğusuna dalmış olan İslam ölkələri qadınlarından ötrü artist türk qadınlarımız qızğın bir təbliğatçıdırlar. Qoy Azərbaycana bilikli və azad həyata təşnə olan minlərcə əllər uzansın...
Şərq də uyğusundan oyanıb ayağa qalxacaqdır. Bu işdə haqq olaraq ən baş hissə türk qadınlarının payıdır. Azərbaycan qadınları, oxuyunuz! Qüvvət və qüdrətinizi toplayınız! Səhnədə işləmək arzu edirsinizsə, ora gediniz! Amma ciddi hazırlıq işlərini gördükdən sonra gediniz".
lll
Keşməkeşli bir tarix arxada qalıb. Həm də məsafəcə çox da uzaqda olmasa da, həmin dövr haqqında bir çox səbəblərdən sanki orta əsrlərə nisbətən daha az məlumatlıyıq.
Azərbaycanda sovetləşmənin ilk onilliklərindəki həmin həyəcanlı tarix parçasında mədəni həyat necə cərəyan edirdi və tariximizdə qalmaq haqqı qazanmış neçə məşhur sənətkar hansı sıxıntılarla qarşı-qarşıya idi suallarına tutarlı cavablar tapmaq təşəbbüsləri bizi o çağın mətbuatına, qorunub saxlanmış yazışmalara, vaxtilə xüsusi xidmət orqanlarında açılmış cinayət işlərindəki dindirmələrə sarı səmtləndirir.
Qəribədir ki, 1920-30-cu illərin istər mətbuat, istər istintaq ritorikasında heyrətli bənzəyiş, qeyri-adi səsləşmə duyulur.
Örtülü - "Ə.T." imzalı bu məqalə 1929-cu il aprelin 14-də "Bakı" qəzetində dərc edilib. Zənnimcə, bu, Əhməd Triniçdir. "Türk operası mövsümünün yekunları" adlı məqalənin məhz bu müəllifə aidliyi ehtimalımızı mövzunun özü və Əhməd Triniçə xas olan cod tənqidi üslub nişan verir: "Türk operası mövsümi (məqalənin dili və üslubu olduğu kimi saxlanılır - R.H.) aprelin birindən rəsmi surətdə bitmişdir. Bundan sonra "türk operasının son iki tamaşası" deyə iki gün dəxi opera oynanmış və nihayət, bir gün əvvəl bütün operaların bir yerdə quraşdırılaraq "cır-bır" halinə gətirilməsi ilə məsələyə xitam verilmişdir.
Bu il türk operasının nələr etdiyini nəzərdən keçirəcək olursaq, onun ayağına heç bir müvəffəqiyyət yaza bilməriz.
Bu il bütün mövsüm içərisində bircə dəfə də olsun yeni quruluş üzü görmədik.
Bu il yeni opera meydana çıxmadı. Halbuki yeni musiqi əsərləri yox degildir. Bu il opera teatrosu türk operasına heç bir xərc qoymamış və yalnız kassa gəliri ilə maraqlanmışdır. İlin ortasında "Şah İsmayıl" operasını "yeni quruluş"da vermək təşəbbüsü meydana gəlib, dekor və əlbisə için eskizlər belə hazırlandı, fəqət qəzetlərdə türk operası ətrafında böyük gurultu qopması ilə bu təşəbbüs yatmış oldu.
İmdi oynanılan operalar və iştirak edən aktyor qüvvələrinin gördüyü işlərə yekun vurmaq və qiymət vermək lazımdır. Operaların dəgəri haqqında dəfələr ilə yazılmış və yararsız olduqları göstərilmişdir. Bunu bir daha təkrar etmək və qəti surətdə göstərmək lazımdır ki, bu operalar gələcək il mövsümündə heç bir surətdə oynanmamalıdır (yalnız "Şah İsmayıl" istisna olmaq şərtilə. Zira bu opera səhnəmizdəki başqa operalardan yaxşı və yüksəkdir. Aktyor və aktrisalar qüvvəsində, hər il olduğu kibi, bu il dəxi bir yenilik görünmədi, zatən opera səhnəsinə yeni qüvvələri konservatoriya yetişdirə bilərdi, hələ ki oradan bir səs gəlmir. Mövsümü ən yaxşı aparanlar içərisində ilk növbədə Bağırof qeyd edilməlidir. Zira quruluşunun tamamilə düzgün olmadığına baxmayaraq, Avropa üsulu ilə oxumaqdan bir addım belə geri durmamışdır)".
İlin bitəcəyində hər hansı Azərbaycan teatrının fəaliyyətini geniş təhlil edən, olsun ki, dəyərləndirmələri və tənqidləri bəlkə də sərt səslənsə də, belə müfəssəl təhlil münasibətini mətbuat səhifələrində onillərdir ki, görmürük. O çağlarsa bu cür yanaşmalar adi hal idi.
Həm də belə sərt ifadə tərzi və nöqsanlara qarşı barışmaz münasibət heç də 1930-cu illərin ortalarından, siyasi repressiya dalğalarının qalxması ərəfəsindən başlanmır.
Belə kommunistcəsinə, qırmızılıqla, bəzən də həddi pozmaqla, insafı aşmaqla yazılmış bu qəbil məqalələri indi oxuyarkən bir tərəfdən onların yanaşma tərzindən və üslubundan narazı qalırıqsa da, digər tərəfdən məhz bu cür barışmaz münasibətin, qeyd-şərtsiz tənqidin həm də səfərbər etdiyini, özünü yığışdırmağa məcbur qoyduğunu etiraf etməliyik. Lap qərəzli olsa da, lap çox məqamları ilə barışmasan da, hər halda bu qəbil əks baxışların da olduğunu diqqətdə saxlamaq zəruriyyəti daha ciddi çalışmağa sövq edirdi. Xüsusən də mətbu sözə rəsmi dairələrin etinasız qalmadığı həmin illərdə.
Qərəzə gəlincə, sonacan sağlam olmayan mövqe bu kiçik yazıda aşkar hiss edilməkdədir. Əvvələn, müəllifin sırf milli operalardansa Avropa tipli operalara rəğbəti hiss edilir. Ad çəkməsə də, üstüörtülü eyhamla Üzeyir bəyə xoş olmayan münasibətini də hiss etdirir. "Şah İsmayıl"dan savayı, digər operaların növbəti mövsümdən səhnəyə çıxarılmaması fikrini ortaya atmaq nə deməkdir ki!
"Şah İsmayıl"la işi yoxdur, əksinə, bu əsəri həm tərifləyir, həm də onu daha yaxşı təqdimetmələrin ən arzulanan olduğu rəğbətini gizlətmir.
"Şah İsmayıl"ın bəstəçisi Müslüm Maqomayevin gündəliyindəki qeydlər və 1920-30-cu illər dövri mətbuatında Əhməd Triniçin yazıları bu iki şəxs arasında mehriban münasibətlərin olduğunu təsdiqləyir.
Bu məqalədə Xurşid Qacar haqqında da sətirlər var. Müəllif Məmmədtağı Bağırovun ardınca Xurşid xanımı da təqdir edir: "İkinci növbədə X.Qacar göstərilməlidir. Yalnız bir cəhət vardır ki, aktrisa dilini düzəltmədən və səsinin aşağı registrinə diqqət vermədən ilərləyə bilməz".
"Vışka" qəzetinin 1929-cu il 28 oktyabr sayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Nəzarət Komissiyasının qərarı olaraq dərc edilmiş "Yoldaş Quliyev haqqında məqalə təsdiqini tapmadı" adlı təkzib yazısı Xurşid Qacar və bir sıra digər görkəmli ziyalılar və sənətkarların ətrafında necə qərəzli oyunlar getdiyini açıqca göstərir.
"Vışka"nın 1929-cu il 5 avqust sayında işıq üzü görən və komissar Mustafa Quliyevi silsilə cinayətlərdə ittiham edən "Xalq Maarif Komissarlığının kassasını öz şəxsi cibləri sayırdılar. Xalqmaarifkomun rəhbərləri və əməkdaşları dövlət pullarını şəxsi ehtiyacları üçün sərf etmişlər" adlı çox aqressiv məqalə əsasən bir nəfəri hədəf götürsə də, üstünə diş qıcadığı sənətkarlar çox idi və Xurşid xanım da ittiham olunanlar arasında idi.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin gündəlik rəsmi qəzetindəki bu yazının elə bircə sərlövhəsi hər kəsin kitabının bağlanmasına bəs edərdi. Amma hələ görün məqalənin içərisində nələr vardı!
Bu amansız yazının yalnız Xurşid xanıma aid olan hissəsindən deyil, bütövlükdə tam məzmunundan ona görə ətraflı yazırıq ki, bu, həm də o çağın yaradıcı insanının, o sıradan Xurşid xanımın axarında olduğu təlatümlü, narahat mühit deməkdir.
İri qəzet səhifəsinin yarısını tutan bu məqalə hərəsi ayrıca bir ittiham olan 8 yarımbaşlıqdan ibarət idi. "Onminlərlə qayıtmayacaq və ümidsiz borclar" adlı başlanğıc bölümdə göstərilirdi: "Xalq Maarif Komissarlığının başda komissar Quliyev və onun sabiq müavini Məmmədzadə olmaqla bir qrup işçisi 2 il ərzində xalq kassasını dağıtmaq və oğurlamaqla məşğul olublar.
Onlar dövlət xəzinəsi ilə öz şəxsi cibləri kimi davranmışlar. Onlar işçilərin min manatlarla borclarını silmişlər. Onlar hər cür geri qaytarılmayan yardımlar vermişlər".
Bir məhkəmə hökmünün müddəalarını xatırladan bu cümlələrin hər biri sadəcə uzunmüddətli həbs yox, güllələnmə vəd edirdi.
Elə N.Qalkin imzası ilə dərc edilmiş həmin məqalənin sonunda tələb məhz bu cür qoyulurdu: "Biz tələb edirik ki, onlar inqilabi qanunun bütün ciddiliyi ilə cəzalandırılsınlar!"
"İnqilabi qanunun ciddiliyi" isə elə "müharibə dövrünün qaydaları" demək idi.
Siz hələ yarımbaşlıqlara fikir verin: "Quzunu qurda tapşırıblar" (orijinalda: "Doverili kozlu oqorod"), "Öz əli, öz başı" ("Svoə ruka vladıka"). Qurda tapşırılmış quzu nə imiş? Məqalə "ifşa edir": "Xalq Maarif Komissarlığının Maliyyə idarəsi sabiq çar məmuru Yembayevə etibar edilib. Yembayev əvəzolunmaz işçi hesab edilir. Partiya özəyinin onun işdən xaric edilməsi ilə əlaqədar bir sıra qərarlarına baxmayaraq, Yembayev xidmətində qalmaqdadır. Bu Yembayev əslində Xalqmaarifkomun rəhbərliyi üçün əvəzedilməz şəxsdir. O, müxtəlif qaranlıq əməlləri məharətlə gizlətməyi bacarır".
Məqalənin üçüncü hissəsindəki "ifşa" atəşləri daha gurdur. Bu hissədə bilavasitə Xurşid xanımın da adı çəkilir. Ancaq Mustafa Quliyevin dağıdıcı surətini bir az da qabarıq etməkçün əvvəlcə onun dövlət vəsaitini şəxsən öz ehtiyaclarına yönəltməsi ilə bağlı rəqəmlər göstərilir: "Xalq komissarı Quliyev öz mənzilinin bütün mebelini təmir etdirərək ipək üzlük çəkdirib. Mebelin təmiri üçün 379 manatlıq hesab isə Xalqmaarifkomun kassasının hesabına ödənilib".
Bu məqalə yazılanda Xurşid xanımın 35 yaşı vardı. Bir opera müğənnisi üçün əsl parlayış dövrü sayılacaq yaş!
2 il əvvəl onu nazirlik xətti ilə təcrübə keçmək üçün Moskvaya yollamışdılar. 2 il əvvəl Xurşid xanım 33 yaşında imiş və bu yaşda olan adama qoca deyərlərmi? Ancaq gözlərini qəzəb örtmüş məqalə müəllifi (və bu tələnin təşkilediciləri) belə yazır: "O, qəfildən qoca, yaşlı, istedadsız artist Xurşid Qacarı Moskvaya təkmilləşdirməyə göndərir və ona aylıq dövlət müavinəti - 150 manatlıq təqaüd təyin edir. Lakin eyni zamanda İtaliyaya göndərilmiş türk artisti Bülbül aclıq çəkir.
Bütün tələbələr 50 manat təqaüd aldığı halda Moskvaya ezam edilmiş Verdiyevə 150 manat təqaüd müəyyən edilir. Məmmədzadənin sərəncamı ilə təqaüd azaldılsa da, Quliyev yenidən həmin məbləği 150 manata qaldırır və ödənilməmiş hissənin də verilməsi haqda əmr imzalayır".
(Xalq Maarif Komissarlığı Maliyyə şöbəsinin arayışında qeyd edilir ki, Dövlət Opera Teatrının artisti Xurşid Qacara 1929-cu il apelin 1-dən oktyabrın 1-dək 150 manat həcmində aylıq subsidiya verilsin.
Və digər sənəddən bu da məlum olur ki, Xurşid xanım Moskvaya əmrdə nəzərdə tutulduğu kimi aprelin 1-də deyil, həmin ayın 23-dən sonra yola düşə bilmişdir.
Mustafa Quliyevin bütün bu "cinayətləri" təkbaşına həyata keçirmədiyi, ətrafında bir "quldur şəbəkə" yaratdığı təsəvvürünü oyatmaq üçün bu şəri təşkil edənlər qazdıqları quyunu bir az da dərinləşdirirlər.
Məqalənin "Onminlər ciblərə sovrulub" adlı bölməsində: "Xalqmaarifkomun kollegiya üzvləri pulları özləri götürüb, özləri də silirlər. Məsələn, Pepinov, Manutsyan, Sultanov, Yembayev hərəsi 4 min manat geri qaytarılmayan müavinəti qapışdırmışlar. Kollegiyanın qərarı ilə bütün bu məbləğlər ilin sonunda onların adından silinmişdir".
Söz yox, bu məqalənin izi ilə yazıda adı çəkilənlərin hər birindən o vaxt izahat alınıb, hərəsi də lazımi cavabını verərək bu ittihamları rədd edib. Onlardan birinin - Azərbaycan Xalq Cümhuriyyəti dönəmində parlamentin üzvü və Məclis-i Məbusanın katibi, əmək naziri işləmiş, sovet dövründə də əvəzedilməz kadrlardan olduğundan güllələnənə qədər daim yüksək vəzifələr etibar edilmiş Əhməd Pepinovun ömür yolunu dərindən araşdırdığımdan yaxşı bilirəm ki, o, büllur kimi təmiz bir şəxsiyyət idi və müxtəlif istintaq dindirmələrində də heç vaxt ona dövlətin bir qəpiyinə belə əyri gözlə baxdığı haqda irad irəli sürməyə əsas olmayıb.
Ancaq irin saçan bu məqalə onu da, yəqin, elə əksəri onun kimi təmiz olan digər nazirlik əməkdaşlarını da korrupsioner elan edir və belələrinə qarşı amansız cəza istəyir: "Bu şəxslər öz vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət vəsaitini oğurlayırmışlar.
Biz tələb edirik ki, onlar inqilabi dövr qanunlarının bütün ciddiyyəti ilə cəzalandırılsınlar!"
Məqalə müəllifinin bu ifadələri elə "müharibə dövrünün qanunları ilə cəzalandırılsınlar" deməyə bərabərdir. Yəni güllələnsinlər!
Məqaləyə son söz olaraq redaksiyadan ayrıca bir hissə əlavə edilib: "Xalq Maarif Komissarlığının maliyyə işlərini təcili yoxlamalı".
Məhz bu hissədə redaksiya öz əməkdaşının qeydlərini məsələni siyasiləsdirməklə yekunlaşdırır: "Xalq Maaarif Komissarlığında maliyyə ilə əlaqədar baş verənlər ikicə sözlə ifadə edilə bilər: Dəhşətli biabırçılıq. Əsas məsələ odur ki, partiyanın və sovet hökumətinin böyük dövlət işinə rəhbərliyi etibar etdiyi adamlar bu etibardan sui-istifadə edirlər. Redaksiyada bizim əlimizdə olan materialları dərin qəzəb hissi keçirmədən oxumaq olmur. İş ondadır ki, bəzi məsul yoldaşlar öz müəssisələrinin kassasına öz ciblərinə baxan kimi yanaşırlar. Buna birdəfəlik son qoymaq lazımdır. Biz hələ bu məqalədə Xalq Maarif Komissarlığındakı biabırçılıqların heç də hamısından bəhs etmirik. Hətta bu çap olunanlar da bizi belə bir tələb irəli sürməyə vadar edir ki, Xalq Maarif Komissarlığının maliyyə işlərini araşdırmaq üçün təcili yoxlama təyin edilsin".
Hərdən düşünürsən ki, qəddar rejimlərin insanları küncə qısnadığı belə amansız əyyamlarda yaradıcı insanlar ruhdan düşər, həvəs solar, ilham sönər, gözəl sənət yaranmaz. Ancaq bu məntiqin əksinə olaraq dünyanın hər yerində və bütün dövrlərdə sənət və sənətkar nə qədər çox təqib olunubsa, zəmanə nə qədər yaşanılmaz olubsa, sanki İlahi İradənin hökmü ilə yaradıcı insana yox yerdən güc gəlib, yazıblar-yaradıblar, ağrıya dönüb ürəklərə çökənləri, hamı tərəfindən dilə gətirilməsi müşkül olanları sənətin qadir dili ilə ifadə ediblər. Zülm artdıqca, cəmiyyətdə insana göz verilib işıq verilmədikcə sənət məhrəm sığınacağa, etirazçılığın, müqavimətin mümkün meydanına çevrili, "Mən varam!" sədası bu təsəlli adasından daha inamla və qüvvətlə yüksəlib.
Tale, Xurşid Qacarın qismətinə belə bir fırtınalı zamanı yazmışdı.

