Icma.az
close
up
RU
Özəl sektorda fiziki şəxslərin gəlir vergisinə dair mərhələli güzəştlərin tətbiqinə başlanılır ŞƏRH

Özəl sektorda fiziki şəxslərin gəlir vergisinə dair mərhələli güzəştlərin tətbiqinə başlanılır ŞƏRH

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin əlverişliliyinin artırılması və qeyri-neft sektorunda rəsmi məşğulluğun təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə hökumət 2026-cı ildən etibarən özəl sektorda fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlayır.

Bu addımın əsas məqsədi iqtisadi fəallığı dəstəkləmək, sahibkarların vergi yükünü azaldaraq yeni iş yerlərinin yaradılmasına təkan vermək və əmək bazarında rəqabətqabiliyyətliliyi artırmaqdır.2019-cu ildən özəl sektorda iş yerlərinin rəsmiləşdirilməsinə dəstək vermək üçün işçilərin gəlir vergisi 7 il müddətinə sıfırlanmışdır. Bu güzəştin müddəti bitən kimi mövcud qanunvericiliyə görə gəlir vergisi 2500 manatadək gəlirdə 14%, 2500 manatdan artıq gəlirdə isə 25% olacaqdı.

Lakin hökumət bu vergini ciddi şəkildə azaldaraq yeni dərəcələr təklif etdi və bu dərəcələri mərhələli şəkildə artırmağa qərar verdi. Bunun başlıca səbəbi əhalinin rifah halının yaxşılaşdırılması və dayanıqlı biznes mühitinin formalaşdırılmasıdır ki, bunun nəticəsində də ölkə iqtisadiyyatında inkişaf müşahidə olunacaq.

Növbəti ildən işçilərin əksəriyyətini əhatə edən 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 3 faiz olacaq. Bu mövcud qanunvericiliyə uyğun olaraq qüvvəyə minməli olan 14% yerinə 80% azalma deməkdir.

Vergi dərəcələrinin tədricən 2027-ci ildə 5 %-ə (65% azalma), 2028-ci ildən isə 7 %-ə (50% azalma) qədər artırılması nəzərdə tutulur ki, bu da region ölkələri və beynəlxalq praktika ilə müqayisədə ən aşağı səviyyələrdən biridir.

Məsələn, bir neçə ölkə nümunəsinə nəzər salanda da görürük ki, Azərbaycan üzrə 3–7% (mərhələli) dünyada ən aşağı göstəricilərdən biridir. Hansı ki, bu, Qazaxıstanda 10%, Yunanıstanda 9%, Macarıstanda 15%, İtaliya və Latviyada 20%-dən yuxarıdır. Eyni zamanda Rusiyanı götürsək burada fiziki şəxslərdən gəlir vergisi 2025-ci ildən etibarən qüvvədə olan 5 pilləli proqressiv vergi dərəcələri əsasında hesablanır:

13% (≤ 2,4 mln. RUB); 15% (2,4–5 mln.); 18% (5–20 mln.); 20% (20–50 mln.); 22% (> 50 mln.).

Həmçinin Qazaxıstanda mövcud vəziyyətdə proqressivlik elementli iki pillə tətbiq edilir.

10% illik 35 258 000 KZT-dək gəlirlər 15% bu həddən yuxarı olan gəlirlər.

2026-cı ildən başlayaraq isə illik ~35 mln. KZT (aylıq ~2,9 mln. KZT) həddindən yuxarı gəlir üzrə 15% artırılmış vergi dərəcəsinin tətbiqi nəzərdə tutulur.

Azərbaycanda “ümumi dərəcə yükü” 33–37% aralığında proqnozlaşdırılır ki, bu, Aİ-də orta yuxarı dərəcələrdən xeyli aşağıdır və region ortalamalarına yaxınlaşır. Hansı ki, bu yük Rusiya və Qazaxıstan üzrə 35–40%, Avropa İttifaqı ölkələri üzrə təxminən 45–55% təşkil edir.

Apardığımız müqayisələrdən də aydın olur ki, bu addım sahibkarlara və işçilərə yeni vergi dərəcələrinə rahat uyğunlaşmağa kömək edəcək. Yəni həm biznes subyektləri üçün, həm də işçilər üçün yük minimum olacaqdır.

Həmçinin verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və əmək haqlarının sabit qalmasına da dəstək verəcək. Nəticədə həm işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid təmin ediləcək.

Əlavə olaraq qeyd edək ki, hökumət mərhələli keçid tətbiq etməsəydi, əmək gəlirləri üzərindəki toplam dərəcə yükü 55%-ə qədər qalxa bilərdi. Başqa sözlə, mərhələli yanaşma həm biznesi qoruyur, həm də iş yerlərinin artırılmasına imkan yaradır.

Yeri gəlmişkən, 2019-cu ildən sonrakı dövrə islahatların nəticələrinə nəzər salaq: 2018-ci ildə əmək müqavilələri üzrə cəmi işçi sayı 1,402 min təşkil edirdisə, 2024-cü ildə 471 min artımla (və ya +34%) 1,873 min olmuşdur ki, bu artımın əsasını məhz qeyri-neft özəl sektoru təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində çalışanların sayı 443 min nəfər artmış, bu da 2018-ci il ilə müqayisədə 82%-lik artım deməkdir.

Əmək haqqı fondunda 14,4 milyard manat (+2,5 dəfə) artım müşahidə olunaraq 2018-ci ildəki 9,5 milyard manatdan 2024-cü ildə 24 milyard manata yüksəlib. Qeyri-neft sektorunun özəl bölməsində isə bu artım 6,1 milyard manat olmaqla 2,7 dəfə təşkil edib.

Sosial sığorta və icbari tibbi sığorta mexanizmlərində dəyişikliklər sosial təminat sisteminin maliyyə dayanıqlığını təmin etməyə xidmət edir

Qeyd olunanlarla yanaşı, 2026-cı ildən etibarən sosial təminat sistemində də mühüm islahatlar nəzərdə tutulur. Yeni mexanizmlər sosial müdafiə sisteminin maliyyə dayanıqlığını gücləndirməyə, əmək bazarında yüklərin balanslaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin qorunmasına xidmət edir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərinin 8000 manatdan yuxarı olan hissəsindən məcburi dövlət sosial sığorta haqqının cəmi dərəcəsi 25%-dən 21%-ə endirilir.

Bu o deməkdir ki, sosial sığorta haqlarının dərəcəsi işçinin 8000 manatdan artıq olan gəlirlərinin 10%-ni, işəgötürənin hesabına ödənilən hissə üzrə 8000 manatdan artıq olan hissənin 11%-ni təşkil edəcəkdir.

Bu dəyişiklik rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsini təşviq etmək üçün də şərait yaradacaq.

Eyni zamanda, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən icbari tibbi sığorta haqqının dərəcəsi də azaldılır. 01.01.2026-cı il tarixdən başlayaraq əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4%-dən 1%-ə endirilir.

Belə ki, icbari tibbi sığorta haqqının dərəcəsi işəgötürənin hesabına işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5%; işçinin hesabına isə əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5% təşkil edəcəkdir.

İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə olan qaydada davam etdirilir.

Onu da qeyd etmək lazımdır ki, Qanunda 2019-cu ildən etibarən mövcud olan tələbə əsasən, ölkə əhalisinin 8 milyon nəfərə yaxın hissəsi sığorta haqqı ödəməli şəxs kateqoriyasına daxil edilirdi. Lakin, Qanuna hazırda təklif edilən dəyişikliyə əsasən, sığorta haqqının ödənilməsi yalnız əmək müqaviləsi bağlamadan fəaliyyət göstərənlər və gəlirini gizlədən şəxslər ilə məhdudlaşdırılır. Yəni, növbəti ildən etibarən bu kəsimdən olan şəxslər birdəfəlik minimal sığorta haqqı ödəməklə icbari tibbi sığortadan yararlana biləcəklər.

Onu da qeyd edək ki, bu prosesə tədricən keçid edilməsi nəzərdə tutulur. Belə ki, növbəti il üçün 7.3 mln. nəfərin sığortalanması məqsədilə dövlət büdcəsindən 900 mln. manat vəsait ayrılacaqdır. Rəsmi əmək münasibətlərində olan şəxslər də nəzərə alınmaqla, növbəti il üçün ölkə əhalisinin 93 faizi sığorta olunan şəxslər hesab olunur.

Planlaşdırılan dəyişikliklər səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətini və maliyyə təminatını gücləndirəcək, eyni zamanda tibbi xidmətlərin əhatə dairəsinin genişlənməsinə də təkan verəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu istiqamətdə artıq Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması üzərində çalışır.

Bu qeyd edilənlərlə yanaşı onu da deyə bilərik ki, 2026-cı il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbari tibbi sığorta üzrə xərclər 2.6 milyard (73.2 faiz) manat proqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədə mütləq ifadədə 468 milyon manat və ya 21,7 faiz, 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16,5 faiz çoxdur.

Sosial siyasətin bir hissəsi olaraq əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlik addımları da qeyd etmək lazımdır. Hər il olduğu kimi, növbəti ildə də yaşayış minimumunun artımı üzrə təkliflər təqdim edilmişdir.

Belə ki, yaşayış minimumu 2026-cı il üçün proqnozlaşdırılan məbləğlər üzrə ölkə üzrə 300 manat, əmək qabiliyyətli üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat səviyyəsində planlaşdırılır. Bu da 2025-ci il ilə müqayisədə təxminən 5,3% artım deməkdir.

Həssas kəsimdən olan şəxslərə dövlət qayğısının təzahürü kimi 2025-ci ildə reallaşdırılan 5-ci sosial islahat zərfi çərçivəsində minimum əməkhaqqları 16 faiz artırılmışdır. Xatırladaq ki, son 6 ildə reallaşdırılan sosial islahat zərfləri çərçivəsində minimum əmək haqqı 3.1 dəfə artırılmışdır.

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə POS-terminal vasitəsilə nağdsız ödənişlərdə ƏDV qeydiyyat limiti iki dəfə yüksəldilir

Hökumət nağdsız ödənişlərin stimullaşdırılması və həcminin daha da artırılması məqsədilə növbəti mühüm addım atır. 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində Əlavə Dəyər Vergisi (ƏDV) qeydiyyat limiti iki dəfə - 200 min manatdan 400 min manata qədər artırılacaq. Hazırda bir sahibkarın bir il ərzində (12 ayda) apardığı əməliyyatların məbləği 200 min manatı keçirdisə, o, mütləq şəkildə ƏDV ödəyicisi olmalı idi. Yeni yanaşmaya əsasən, sözügedən fəaliyyət sahələrində POS-terminal vasitəsilə nağdsız ödənişlər üzrə dövriyyə 400 min manatı aşmadan sahibkarlar ƏDV qeydiyyatına düşmək öhdəliyi ilə üzləşməyəcəklər.

Naxçıvan Muxtar Respublikasında vergi islahatları

Naxçıvan Muxtar Respublikasında həm sahibkarlar, həm də bölgə əhalisi üçün daha əlverişli iqtisadi mühitin formalaşdırılması məqsədilə sahibkarlığa və məşğulluğa dəstək tədbirləri həyata keçirilməkdədir. İrəli sürülən yeni təşəbbüslər ondan ibarətdir ki, azad edilmiş ərazilərdə tətbiq olunan mövcud güzəştlərin Naxçıvan MR-də də analoji tətbiqi təmin ediləcək, yəni bütün sektorlar mənfəət (gəlir) vergisindən, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunacaq, işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılacaq. Bu tədbirlər sahibkarların maliyyə yükünün azaldılmasına, yeni iş yerlərinin yaradılmasına xidmət edəcəkdir.

İctimai iaşə sektorunda POS-terminal vasitəsilə nağdsız ödənişlər üçün vergi güzəştləri tətbiq olunur və vergi dərəcəsi azaldılır

Nağdsız ödənişlərin təşviqinə və iqtisadiyyatın şəffaflığının artırılmasına yönəlmiş növbəti mühüm addım kimi ictimai iaşə sektorunda vergi güzəştlərinin tətbiqi həyata keçiriləcəkdir. Belə ki, 2024-cü ildən etibarən klinikalar və özəl tibbi xidmət göstərən fiziki şəxslər üçün əhaliyə göstərilən tibbi xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi əlavə dəyər vergisindən azad edilir. Yəni, POS-terminal vasitəsilə ödəniş edildikdə, həmin məbləğin yarısı 3 il müddətinə əlavə dəyər vergisi hesablanarkən dövriyyədən çıxılır.

Eyni təşviqedici mexanizm ictimai iaşə sahəsinə də şamil olunacaq. Belə ki, 2026-cı ilin 1 yanvarından başlayaraq 3 il müddətinə aşağıdakı güzəştlər tətbiq ediləcək:

ƏDV ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 3 il müddətinə POS-terminal vasitəsilə qəbul etdikləri ödənişlər üzrə formalaşan dövriyyənin 50 faizini ƏDV hesablanarkən vergitutma bazasından çıxmaq imkanı əldə edəcək. 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə 6 faiz dərəcə ilə vergiyə cəlb olunacaqlar.

Bu dəyişiklik sahibkarlara nağdsız ödənişlərin payı artdıqca vergi yükünün azalmasına, daha çox qazanc əldə etməyə imkan yaradacaq və şəffaflığı gücləndirəcəkdir.

Növbəti addımlardan biri də kənd təsərrüfatı sektorunun inkişafını təmin etmək məqsədilə nəzərdə tutulan yeni vergi təşəbbüsüdür. Bildiyimiz kimi, hazırda mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır. Yeni layihəyə əsasən mineral gübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaqdır. Bu dəyişikliyin məqsədi kənd təsərrüfatı sahəsində istehsalçıları dəstəkləməklə yanaşı, əhalinin ekoloji təmiz məhsullarla təminatını artırmaqdan ibarətdir.

Bununla yanaşı, balıqçılıq sahəsi üçün də yeni vergi güzəştləri nəzərdə tutulur. Yeni yanaşma çərçivəsində balıqçılıqla məşğul olan sahibkarlar kənd təsərrüfatı sahəsindəki güzəştlərdən faydalana biləcək, torpaq vergisi istisna olmaqla, digər güzəştləri əldə edəcəklər. Bu dəyişiklik sektorun davamlı inkişafına təkan verəcək.

Vətəndaşların kirayə gəlirləri üzrə vergi yükü azaldılacaq

Hazırda mənzillərin kirayəyə verilməsi zamanı əldə olunan gəlir 14% dərəcə ilə vergiyə cəlb olunur. Əgər kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotdadırsa, vergi məhz onun tərəfindən tutulub dövlətə ödənilir. Əgər kirayəçi uçotda deyilsə, bu zaman kirayəyə verən şəxs özü uçota durmalı və 14 faiz vergi ödəməlidir.

Nəzərdə tutulan yeni yanaşmaya əsasən, fiziki şəxslər tərəfindən özlərinə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərindən tutulan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilir. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.

Burada hökumətin əsas məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin rəsmiləşdirilməsini stimullaşdırmaq və kirayə müqavilələri üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

Mənzilini kirayəyə verən vətəndaş kirayə gəlirlərini həm özü vergi orqanında uçota durmaqla bəyan edə bilər, həm də agent müəssisəni seçməklə özü uçota durmadan da gəlirlərini bəyan edə bilər.

Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi dəyişməz qalır.

Ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan vergi siyasətində yeni mərhələ

Hökumət ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqinə yönəlmiş siyasətdə daxili istehsalın inkişafı və yaşıl iqtisadiyyatın gücləndirilməsi istiqamətində yeni mərhələyə keçidi planlaşdırır.

2019-cu ildən başlayaraq elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilmişdir. Hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən etibarən 4 il müddətinə ƏDV güzəşti tətbiq olunmuşdur. Bu müddət ərzində ölkədə ekoloji təmiz avtomobillərə maraq sürətlə artmış, eyni zamanda bu tip nəqliyyat vasitələrinin yerli istehsalına hazırlıq prosesi başlamışdır.

Hazırda Vergi Məcəlləsinə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin (o cümlədən elektrik və hibrid modellərin) satışı 2023-cü ildən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.

Yerli istehsalı və texnoloji inkişafı təşviq etmək məqsədilə 2026-cı ildən etibarən vergi siyasətində növbəti mərhələyə keçid həyata keçirilir. Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışına tətbiq edilən ƏDV güzəştləri ləğv ediləcək və hibrid avtomobillərə verilmiş 4 illik güzəşt müddəti də uzadılmayacaq.

Bununla yanaşı, yerli istehsal məqsədləri üçün müəyyən güzəşt mexanizmi qalacaq: elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad ediləcək.

Həmçinin mobil cihazlar və kvadrisikllər üzrə vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində bir sıra dəyişikliklər gözlənilir, bu malların aksiz vergisinə cəlb olunması nəzərdə tutulur. Yeni yanaşma vətəndaşların şəxsi istifadəsini məhdudlaşdırmadan, eyni zamanda bazar tənzimlənməsi məqsədi daşıyır.

Belə ki, ölkəyə idxal olunan mobil cihazların hər birinə görə 20 manat aksiz vergisi tətbiq ediləcək, lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün təqvim ili ərzində idxal edilən bir ədəd cihaz bu vergidən azad olunacaq.

Eyni zamanda, kvadrisikllər (dörd təkərli motorlu nəqliyyat vasitələri) üzrə də vergi mexanizmi beynəlxalq təcrübəyə uyğunlaşdırılır. “Yol hərəkəti haqqında” Qanuna əsasən yüngül kvadrisikllər motosikletlərə bərabər tutulur.

Yeni dəyişikliklə dövlət qeydiyyatına alınmalı olan kvadrisikllər aksizli malların siyahısına daxil ediləcək və idxal zamanı mühərrikin hər kubsantimetrinə görə 0,5 manat dərəcə ilə aksizə cəlb olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see195

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see149

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see129

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see128

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see128

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see126

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri