Pakistanın səfiri: Azad edilmiş ərazilərin bərpasında iştirak bizim üçün böyük şərəf olardı MÜSAHİBƏ
Azərbaycanın Cənubi Asiya ölkələri aralarında sıx əməkdaşlıq etdiyi ölkə dost və qardaş Pakistan hesab olunur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub.
Bakı ilə İslamabad arasında münasibətlər təkcə diplomatik və siyasi müstəvidə inkişaf etmir, tərəflərin həm də iqtisadiyyat və müdafiə sahəsindəki əməkdaşlığı güclü bazaya malikdir. O cümlədən çoxtərəfli müstəvidə-beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan-Pakistan əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.
Bu yüksək səviyyəli münasibətlərin nəticəsidir ki, Azərbaycan və Pakistan siyasi liderləri tez-tez qarşılıqlı səfərlər həyata keçirirlər.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin “Report”a müsahibəsində qarşılıqlı yüksək səviyyəli səfərlərin detalları, həmçinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün atılmalı olan addımlar, ticarət dövriyyəsini artırmaq üçün görülən işlər, Pakistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı, müdafiə və ətraf-mühit sahəsində əməkdaşlıq, Pakistanın terrorla mübarizəsi, Pakistan-Hindistan münasibətləri kimi mövzularda sualları cavablandırıb.
- Cənab səfir, Pakistanla Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Səfir kimi Pakistan-Azərbaycan münasibətlərini növbəti səviyyəyə çıxarmaq üçün hansı addımlara ehtiyac duyursunuz?
- Ölkələrimiz ortaq din, mədəniyyət və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinə malikdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri və Ermənistanı tanımayan yeganə ölkədir. Azərbaycan və Pakistan arasında ərazi bütövlüyü və suverenlik kimi əsas məsələlərdə qarşılıqlı dəstəyin güclü təməli mövcuddur. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Azərbaycan Prezidenti İlham Əliyev arasında tez-tez baş tutan görüşlər ikitərəfli əməkdaşlığımızı daha da dərinləşdirib.
Doğrudur, iki ölkə arasındakı ticarət istədiyimiz səviyyədə deyil və potensialımızdan aşağıdır. Ancaq müxtəlif sektorlarda əlaqələrin genişləndirilməsinə ciddi səy göstərilir, ticarətin şaxələndirilməsi və ticarət həcminin artırılmasına böyük diqqət yetirilir. Bu çərçivədə biz son zamanlar Preferensial Ticarət Sazişini (PTS) və Tranzit Ticarət Sazişini (TTS) həyata keçirmişik. Həmçinin hazırda enerji sektoru və infrastruktur inkişafı sahəsində əməkdaşlıq müzakirə olunur.
Ötən həftə İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclası və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirildi. Tərəflər qarşılıqlı maraq doğuran xarici siyasət məsələlərində mövqelərimizi daha da uyğunlaşdırmaq üçün tədbirləri müzakirə etdilər. Həmçinin ticarət və investisiya, enerji, müdafiə, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Düşünürəm ki, ölkələrimizin biznes strukturları arasında daha çox əməkdaşlığa ehtiyac var. Ona görə də burada biznes sektorları arasında daha sıx qarşılıqlı əlaqələri təşviq etməyə çalışıram. Bu istiqamətdə müsbət inkişaf iki ölkənin fond birjaları arasında görüşün keçirilməsidir.
Bu gün ikitərəfli əlaqələrimizin sütununu insanlarımız arasındakı sevgi və hörmət təşkil edir. Artıq Azərbaycan pakistanlı turistlər üçün aparıcı istiqamətlərdən birinə çevrilir. Ötən il Pakistandan 80 mindən çox insan Azərbaycana səfər edib. Bakıdakı müxtəlif təhsil müəssisələrində Pakistandan olan tələbələrin sayı getdikcə artır. Bu cür qarşılıqlı əlaqələr isə xalqlarımız arasında münasibətləri daha da gücləndirməyə kömək edən körpü rolunu oynayır. Əminəm ki, 2025-ci il ikitərəfli əlaqələrimizin bütün aspektlərində şad xəbərlər eşidəcəyik.
- Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır. Səfər zamanı yeni əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulubmu?
- Baş nazir fevralda Azərbaycana səfər etməyi səbirsizliklə gözləyir. Hökumətlərimiz bir neçə yeni təklifi müzakirə edir və mövcud sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını nəzərdən keçirirlər. Müzakirə etdiyimiz əsas sahələrdən biri enerji sektorudur. Müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün çalışırıq. Yaxşı xəbərlərin olacağına ümidliyik.
- Ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün hansı yeni təşəbbüslər nəzərdən keçirilir? Pakistan və Azərbaycan arasında ticarəti genişləndirmək və sərmayəni artırmaq üçün hansı mexanizmlər mövcuddur? Həmçinin illik ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hansı addımlar atılır?
- Preferensial Ticarət Sazişi və Tranzit Ticarət Sazişinin bağlanması, eləcə də icrası ikitərəfli iqtisadi münasibətlərimizdə mühüm mərhələdir. Yeni institusional dəyişikliklər tarifləri, eləcə də yükdaşıma müddətini və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Bu, hər iki ölkənin iş adamlarını yalnız mövcud malların ticarət həcmini genişləndirməyə deyil, həm də bir-birinin bazarlarında satıla biləcək məhsulları şaxələndirməyə təşviq edəcək. Bunların fonunda iki milyard dollarlıq hədəfə çatmaq mümkün görünür. Bu, müəyyən qədər vaxt ala bilər, ancaq yekunda hədəfə çatacağımıza inanıram. Bu məbləğin əldə edilməsi üçün bir və ya iki böyük investisiya sazişi imzalamaq yetərli olar.
Hazırda tərəflər enerji, İKT, əczaçılıq, mühəndislik və infrastruktur inkişafı daxil olmaqla, yüksək gəlirli sektorlarda əməkdaşlığı da araşdırırlar. Həmçinin qarşılıqlı iqtisadi fayda üçün ortaq müəssisələr yaratmağı müzakirə edirik.
Ötən həftə İslamabadda Birgə Komissiyanın iclasında nümayəndə heyətlərinə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev rəhbərlik ediblər. Elə orada da müzakirələr enerji, kommunikasiya, ticarət və investisiya, müdafiə sənayesi, İKT, bank, kənd təsərrüfatı, turizm, səhiyyə və iqlim dəyişmələri kimi sahələri əhatə edib.
- Cənab səfir, bildiyiniz kimi, Pakistan şirkətləri qısa müddət əvvəl Azərbaycanın tekstil sənayesinə investisiya qoymaq istəyirdilər. Bilmək istərdik ki, şirkətləriniz Azərbaycanda daha hansı sahələrə investisiya yatırmaqda maraqlıdırlar? Ümumiyyətlə, yeni investisiya layihələri varmı?
- Tekstil sahəsində əməkdaşlıq üçün, həqiqətən də, böyük potensial var. Çünki Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib və olduqca dinamikdir. Pakistanda, demək olar ki, bütün əsas beynəlxalq brendlər üçün məhsul istehsal olunur. Azərbaycanın keyfiyyətli geyimlərə olan tələbatı və Pakistanın hazır geyim sahəsindəki təcrübəsi nəzərə alınmaqla geyim istehsalı sahəsində səmərəli əməkdaşlıq qurmaq mümkündür.
Bundan başqa, Pakistanda Azərbaycanın tikinti sektoruna sərmayə qoymağa böyük maraq var. İşğaldan azad edilmiş ərazilərin bərpa işlərində iştirak etmək bizim üçün böyük şərəf olardı.
Pakistan həmçinin bərpa olunan enerji, xüsusilə günəş enerjisi vasitəsilə enerji qarışımının inkişafı və diversifikasiyasında böyük irəliləyişlər əldə edib. Bu mühüm sahədə də iki ölkə arasında təcrübə mübadiləsi və birgə müəssisələrin qurulması üçün böyük potensial mövcuddur. Ümumiyyətlə, enerji, nəqliyyat və infrastruktur kimi sahələrdə əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılır. Bu barədə fevralda Baş nazir səfər edəndə də daha ətraflı məlumat əldə edəcəksiniz. Bəzi layihələr hazırlanır, tezliklə onların elan olunacağına ümid edirəm.
Kənd təsərrüfatı və heyvandarlıq sektorlarında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və faydalı əməkdaşlığa başlamaq üçün müzakirələr aparılır.
Əməkdaşlıq üçün perspektivli olan digər bir sektor əczaçılıqdır. Burada böyük potensial var. Azərbaycan hazırda dərmanları Avropadan yüksək qiymətlərlə idxal edir və bir çox hallarda həmin məhsulların istehsal yeri Pakistan olur. Bu məhsullar Pakistandan digər ölkələrə göndərilir və nəticə etibarilə əlavə dəyər qazanır. Yəni Azərbaycan eyni məhsula əlavə pul ödəyir. Əgər biz bu vasitəçiləri aradan qaldıra və birbaşa əlaqə qura bilsək, Azərbaycan Pakistandan keyfiyyətli dərmanlar əldə edə bilər. Bu baxımdan, sərmayə ikitərəfli ola bilər. Yəni bizim şirkətlərimiz Azərbaycana sərmayə qoya, burada fabriklər və sənaye müəssisələri qura bilərlər. Hətta birgə müəssisə yaratmaq da mümkündür.
- Bir müddət əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif “Bir kəmər, bir yol” və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihələrinin genişləndirilməsinə nail olmağı vacib hesab etdiyini bildirib. Şimal-Cənub dəhlizində Hindistanın əsas tərəflərdən biri olduğunu nəzərə alsaq, Pakistanın bu layihədə iştirakı necə tənzimlənə bilər?
- Pakistan regionumuzdakı bütün ölkələrin əlaqələrini yaxşılaşdıracaq təşəbbüs və layihələrlə maraqlanır və onları dəstəkləyir. “Bir kəmər, bir yol” təşəbbüsü və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihələri də bu baxımdan olduqca önəmlidir.
Ümid edirik və gözləyirik ki, regionumuzdakı bütün ölkələr müsbət mövqe tutaraq Hindistanın kiçik və dar düşüncəli siyasətindən yüksəyə qalxacaqlar. Təkmilləşdirilmiş regional əlaqələr daha güclü regional iqtisadi əməkdaşlığın yaranmasına kömək edəcək ki, bu da öz növbəsində vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdıracaq.
Bu cür əməkdaşlıq regional təhlükəsizlik baxımından da vacibdir, çünki regional əlaqələr regional təhlükəsizlik və sabitliyə gətirib çıxarır.
- Pakistan və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq barədə də fikirlərinizi bilmək istərdik. İki ölkə arasında hərbi əməkdaşlıqda diqqət mərkəzində əsas nə dayanır? Hərbi texnikanın birgə istehsalı hansı səviyyədədir?
- Hər iki ölkə bütün sahələrdə, o cümlədən müdafiə sahəsində sıx əməkdaşlığa malikdir. Biz keçən ilin dekabrında Pakistanda keçirilən Müdafiə Sərgisində (IDEAS) Azərbaycanın iştirakını yüksək qiymətləndiririk. Pakistan isə ötən ilin sentyabr ayında Bakıda keçirilən Müdafiə Sərgisində (ADEX) yüksək səviyyədə iştirak edib.
ADEX-də nümayiş etdirilən Pakistanın müdafiə texnikası arasında yerli istehsal olan “JF17 Thunder” qırıcı təyyarələri diqqət mərkəzində idi. İndi onlar Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilir.
Pakistan bir sıra ölkələrin, o cümlədən Hindistanın Ermənistana müasir və öldürücü silah satışının artması səbəbindən regional sabitliyi təmin etmək üçün Azərbaycanın müdafiə qüvvələrini modernləşdirmək ehtiyacını və səylərini tam başa düşür. Sizin çox güclü hərbi hava qüvvələriniz və silahlı qüvvələriniz var. Lakin “JF17”yə sahib olmaq sizə bütün regionda əlavə üstünlük verəcək. Biz hər məsələdə bir yerdəyik. Deyərdim ki, ölkələrimiz arasında müdafiə sahəsindəki əməkdaşlıq qardaşlar arasında olan əməkdaşlıq kimidir.
- Bəs Pakistan Azərbaycanın regionda sabitliyin təmin edilməsində rolunu necə qiymətləndirir?
- Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi, Rusiya, İran, Ermənistan, Gürcüstan və Türkiyə ilə sərhədləri ölkənin regional sabitlikdə mühüm rol oynadığını göstərir. Bunu Pakistan səfiri olduğum üçün demirəm, reallıq ondan ibarətdir ki, Azərbaycanın regionda həlledici rolu var.
Dünyanın əsas enerji istehsal edən ölkələrindən biri olduğuna görə Azərbaycan bu gün Avropanın əhəmiyyətli enerji təchizatçısıdır. Bu, ölkənin regionda ən güclü müdafiə qüvvələrindən birinə sahib olması faktı ilə birlikdə tarixən Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin təmin edilməsində həlledici amil olub. Lakin fikrimcə, Azərbaycanın əsl gücü Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və Azərbaycan xalqının mərdliyi, etimadı sayəsində dinamik və səmərəli xarici siyasət yürütməsidir.
Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsi, sülh və inkişafa inamı təkcə regional təhlükəsizlik və sabitlik üçün deyil, həm də regionun sosial-iqtisadi inkişafı üçün həlledici rol oynayır.
Mən bu fürsətdən istifadə edərək Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına, məcburi köçkünlərin qayıdışına və iqtisadi inkişafa diqqət yetirmək səylərini təqdir edirəm.
Lakin 2020-ci ildə İkinci Qarabağ Müharibəsində və 2023-cü ildə antiterror əməliyyatlarında qəti və tam qələbə qazanmasına baxmayaraq, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müsbət jestlərinə qarşılıq verilməməsi narahatlıq doğurur.
Prezident İlham Əliyevin cari ildə Azərbaycanın televiziya kanallarına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, silahlanma yarışı yerinə, səylər regional rifaha yönəldilməlidir. Çox təəssüf ki, Ermənistan hökuməti öz xalqına da fayda verəcək belə məsləhətlərə məhəl qoymur. Ermənistan anlamalıdır ki, Azərbaycan silahlanma yarışı istəmir. Azərbaycan vəsaitini Ermənistan işğalı səbəbindən məcburi köçkün düşmüş insanların yurdlarına qayıtmasına yönəltmək istəyir. Düşünürəm ki, Ermənistanın Baş naziri müdrik məsləhətləri dinləməlidir, çünki Azərbaycan hərbi cəhətdən regionun ən güclü və sülhsevər ölkəsidir. Ancaq həm də Azərbaycanın özünümüdafiə hüququ var.
Bu gün görürük ki, həll olunmuş münaqişəni (Ermənistan-Azərbaycan münaqişəsi – red.) yenidən qızışdırmaq üçün cəhdlər var. Azərbaycan, Pakistan və Türkiyə üçün isə sözügedən münaqişə bitib. Belə olan təqdirdə Hindistan da daxil olmaqla bəzi ölkələrin Ermənistanı çox təhlükəli silahlarla təmin etməsini başa düşmək olmur. Bunların fonunda bir daha bildirmək istəyirəm ki, Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və Qarabağla bağlı ölkənin ədalətli mövqeyini dəstəkləməyə davam edəcək.
- Pakistan iqlim dəyişikliyi ilə mübarizədə də fəallıq nümayiş etdirir. Maraqlıdır, xüsusilə, COP29-dan sonra Azərbaycanla ətraf-mühit məsələləri ilə bağlı əməkdaşlıq planları varmı?
- Baş nazir Şahbaz Şərif də COP29-da iştirak etdi. Bu yüksək səviyyəli iştirak Pakistanın iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanla tərəfdaşlığa və ona dəstək verməyə hazır olduğunu əks etdirirdi.
Pakistanın iqlim dəyişikliyinə qarşı həssaslığı 2022-ci ildəki daşqınlar kimi hadisələrlə daha da üzə çıxır və qlobal istixana qazı emissiyalarına minimal töhfə verən ölkələr üzərindəki qeyri-mütənasib təsiri açıq şəkildə göstərir. Daşqınlar 33 milyondan çox insana təsir göstərib, əhəmiyyətli itki və ziyana səbəb olub.
Pakistan qlobal miqyasda iqlimə ən həssas ölkələrdən biridir. Bu həssaslıq, xüsusilə də tarixən iqlim böhranına səbəb olan əsas emissiyaçılardan güclü beynəlxalq dəstək tələb edir. Adekvat maliyyələşdirməyə ehtiyac təkcə fəlakətlərin aradan qaldırılması üçün deyil, həm də “yaşıl enerji”yə keçid də daxil olmaqla uzunmüddətli adaptasiya və yumşaltma strategiyaları üçündür.
- Azərbaycan və Türkiyə dəfələrlə yüksək səviyyədə bəyan ediblər ki, BMT-nin, xüsusilə də Təhlükəsizlik Şurasının (TŞ) islahata ehtiyacı var. Bu məsələdə Pakistanın mövqeyi necədir?
- Tamamilə razıyıq ki, Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də Təhlükəsizlik Şurasının islahata ehtiyacı var. Pakistan BMT-də daimi üzv yerlərinə qarşıdır, çünki daimi üzvlük İkinci Dünya Müharibəsindən sonrakı danışıqların məhsuludur və bu gün BMT daxilində yeni "imtiyaz mərkəzləri" yaratmağa heç bir əsas yoxdur. Biz Təhlükəsizlik Şurasının bir neçə ölkə tərəfindən inhisarlaşdırılmasına qarşıyıq.
Təhlükəsizlik Şurasında daha tez-tez təmsil olunmaq istəyən ölkələr üçün daha şəffaf üsul daimi imtiyazların möhkəmləndirilməsi deyil. Bununla belə, Pakistanın da dəstəklədiyi ikiillik qeyri-daimi yerlərin genişləndirilməsi mövzusunda razılaşma mövcuddur. Bu, üzv dövlətlər arasında uçurumu dərinləşdirmədən daha ədalətli təmsilçiliyi təmin edir. Pakistan daimi olmayan üzvlərin Baş Assambleya tərəfindən seçilməsini təklif edir. Bu məsələnin müzakirəsi davam edir. Yekun nəticənin olmaması isə özlüyündə BMT-nin ləng bürokratiyasını əks etdirir ki, onilliklər boyu müzakirələr aparılır, amma heç bir nəticəyə gəlinmir. Bu isə BMT sisteminin islahata ehtiyac duyduğunu göstərir.
Pakistan, 11-12 yeni qeyri-daimi üzv əlavə edilməsi barədə təklifi də dəstəkləyir, çünki bu, Təhlükəsizlik Şurasında heç vaxt xidmət etməmiş kiçik və orta dövlətlərə daha geniş təmsilçilik imkanı verir. Bu, BMT TŞ-nin hesabatlılığı və demokratikləşməsini də təşviq edəcək.
- Cənab səfir, Pakistanın qonşu ölkələrlə birlikdə terrora qarşı mübarizə səyləri hansı səviyyədədir?
- ABŞ-nin Əfqanıstandan çıxması və 2021-ci ildə “Taliban”ın Əfqanıstanda hakimiyyətə qayıtması Pakistanın terrorla mübarizə strategiyasını yenidən formalaşdırdı. Biz hazırda Əfqanıstanda fəaliyyət göstərən terror qrupları ilə əlaqəli hücumların artdığını müşahidə edirik. Pakistan dəfələrlə Əfqanıstandan öz ərazisinin yenidən terror yuvasına çevrilməməsi üçün müvafiq tədbirlər görməsini tələb edib. Hətta bu istiqamətdə “Taliban”la işləməyə hazır olduğumuzu da bildirmişik. Çünki Pakistan terrorla mübarizədə həmişə ön cəbhə olub və hazırda da bu mövqedədir.
Biz əfqan xalqını qardaşlarımız hesab edirik. Pakistan 40 ildən artıq müddətdə 4 milyondan çox əfqanı qaçqın kimi qəbul edib. Sovet ittifaqının Əfqanıstana müdaxiləsindən bəri biz ən çox əfqan qəbul edən ölkə olmuşuq. Hazırda da Pakistanda təxminən bir milyon əfqan yaşayır. Biz onlara qucaq açırıq, ancaq əvəzində aldığımız cavab sadəcə təəssüf doğurur. Görünən odur ki, Əfqanıstandakı hökumət vəziyyəti idarə etməyə qadir deyil və ya bunun üçün iradəsi yoxdur. Onun nəticəsidir ki, Əfqanıstandan Pakistana qarşı hücumlar edilir.
Əfqanıstan rəhbərliyinə məsləhət görürük ki, diqqətlərini ölkənin yenidən qurulmasına və xalqın sosial-iqtisadi yüksəlişinə, həmçinin sərhədyanı terror həyata keçirən terrorçulara sığınacaq verilməməsi üçün effektiv tədbirlər görülməsinə yönəltsinlər.
Lakin Əfqanıstan tərəfindən adekvat tədbirlər görülmür. Bu səbəbdən Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları artıb. Nəticədə Pakistan Silahlı Qüvvələri hərbi cavab verməyə məcbur qalır. Ancaq qeyd etmək lazımdır ki, bizim cavabımız daha sərt ola bilərdi, sadəcə biz Əfqanıstan tərəfini məsləhətlərimizə qulaq asmağa təşviq etmək üçün çalışırıq.
Əfqanıstandakı terror qruplarının artmasının səbəbi onların maliyyələşdirilməsidir. Bu gün Hindistan da daxil olmaqla, üçüncü ölkələrin Pakistana qarşı terroru maliyyələşdirmək və dəstəkləmək kimi təhlükəli siyasət yürütdüyü sirr deyil. Bizim Hindistanın Pakistandakı terror təşkilatlarını maliyyələşdirməsi ilə bağlı sənədli sübutlarımız var. Pakistanda həbs olunmuş Hindistan kəşfiyyatının zabiti var. O, yeddi il əvvəl həbs edilib və Pakistana qarşı hücumlar həyata keçirdiyini etiraf edib. Biz bütün məsələlərdə Hindistana qarşı səmimi olmağa çalışırıq, lakin əvəzində terrorun maliyyələşdirildiyini görürük.
Belə səhv addımlar isə regional sabitliyi sarsıdır və sülhə ciddi təhlükə yaradır. Buna görə də Hindistanın terroru dəstəkləmə və maliyyələşdirməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin effektiv tədbirlər görməsi çox vacibdir. Çünki Hindistanın dəstəklədiyi terror təkcə Pakistana qarşı yönəlməyib. Kanada və ABŞ-də Hindistan tərəfindən maliyyələşdirilən terror və qətl hadisələri bu ölkənin dəstəklədiyi terrorun bölgə hüdudlarını çoxdan aşdığını göstərir. Ona görə də yaxşı olardı ki, “Taliban” bizim məsləhətlərimizə qulaq assın.
- Bu gün Hindistanla Pakistan arasında əsas problemlərdən biri də Cammu və Kəşmir məsələsidir. Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir. Bilmək istərdik ki, bu məsələ ilə bağlı Hindistanla danışıqlar nəzərdə tutulurmu?
- Pakistan İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə Əlaqə Qrupunun üzvü kimi Hindistanın işğalı altında qalan Cammu və Kəşmir məsələsində Azərbaycanın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.
Cənubi Asiyada real və davamlı sülh Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, eləcə də Kəşmir xalqının arzu və istəklərinə uyğun olaraq ədalətli həllindən asılıdır.
Pakistan Hindistanla istənilən səviyyədə, istənilən formatda danışıqlara hazırdır. Lakin bizim xoş niyyətimizə Hindistan adekvat cavab vermir, çünki bu ölkənin rəhbərliyi siyasi qazanc əldə etmək üçün islamofobiya siyasətinə fokuslanıb. 2019-cu ildən etibarən Hindistanın müsəlmanlara qarşı siyasəti daha da amansız olub. Fikrimcə, danışıqların baş tutması üçün hər iki tərəf səmimi olmalıdır. Əgər bir tərəfdə səmimiyyət yoxdursa, bu, vaxt itirməkdir.
Azərbaycan 30 il sonra öz ərazilərini uğurla işğaldan azad etdi. Bu, tarixi faktdır və göstərir ki, insanların iradəsini əbədi olaraq boğmaq olmaz. Hazırda Pakistan da, Azərbaycanın uzun illər etdiyi kimi, məsələnin diplomatik yolla həll olunmasını istəyir. Kəşmirlilərin hüquqları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq onlara geri verilməlidir. Hindistan bununl razılaşana qədər Cammu və Kəşmir üçün diplomatik və mənəvi dəstəyimizi davam etdirəcəyik.
Foto: Vüqar Xanlarov