Icma.az
close
up
RU
® “PAŞA Holdinq”: “İnanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik”

® “PAŞA Holdinq”: “İnanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik”

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

- Salam, Aytac xanım. Bizimlə söhbət üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. Bilirik ki, “PAŞA Holdinq” bir çox törəmə şirkəti olan iri bir strukturdur və cəmiyyətə təsiri də böyükdür. Müsahibədə elə bu təsir barədə danışmaq istərdik.

- Sabahınız xeyir, dəvət üçün təşəkkür edirəm! Həqiqətən də müsbət təsir yaratmaq və daha davamlı bir dünyanın qurulmasına töhfə vermək bizim strateji prioritetlərimizdən biridir. Fəaliyyət göstərdiyimiz cəmiyyət üçün müxtəlif istiqamətlərdə - yüksək səviyyəli müştəri xidmətləri göstərməkdən və iqtisadi artımı dəstəkləməkdən tutmuş dayanıqlı inkişaf, əməkdaşların rifahı, sosial məsuliyyət və innovasiyaların təşviqinə qədər - dəyər yaradırıq. Bu istiqamətlər pərakəndə təşəbbüslər deyil, uzunmüddətli nəticələrə yönəlmiş kompleks bir strategiyanın tərkib hissəsidir. Biz inanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik.

- Gəlin, elə ötən il ölkəmizdə baş tutmuş ən önəmli məqamlardan biri olan COP29 konfransı və dayanıqlılıq mövzusu barədə danışaq. “PAŞA Holdinq”in bu sahəyə verdiyi töhfələrlə tanışlıq bir çoxlarına maraqlı olardı. Bu istiqamətdə konkret olaraq hansı addımlar atılıb?

- Dayanıqlı inkişaf uzun illərdir ki, “PAŞA Holdinq”də strategiyamızın ayrılmaz hissəsidir - bu istiqamətdə fəaliyyətimiz Bakı COP29-u qəbul edən tərəf kimi seçilməsindən xeyli əvvəl başlamışdı. Lakin konfransın keçirilməsi bu sahədə daha fəal iş üçün əlavə stimul oldu. Ötən il ərzində biz ətraf mühitə mənfi təsirin azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı və dayanıqlı biznes praktikalarının tətbiqi istiqamətində bir sıra təşəbbüsləri genişləndirdik. Biz yaşıl maliyyə layihələrini dəstəkləyir, ekoloji baxımdan təmiz həlləri tətbiq edirik və davamlı yanaşmaları fəaliyyətimizin bütün sahələrinə inteqrasiya etməyə çalışırıq. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sektorlarında məsuliyyətli biznes təcrübələrinin yayılmasına şərait yaradan tərəfdaşlıqları inkişaf etdiririk. Banklarımız COP29 çərçivəsində razılaşdırılmış milli iqlim maliyyələşdirmə məqsədlərinə dəstək verməkdə mühüm rol oynayır. Biz, həmçinin bütün maliyyə və qeyri-maliyyə aktivlərimizin şirkətin iqlim prioritetləri və strateji hədəfləri ilə uzlaşdırılmasına nail olmağa çalışırıq.

- Bəs sırf konfrans zamanı “PAŞA Holdinq” nələr edib?

- “PAŞA Holdinq” COP29-da fəal tərəfdaşlardan biri kimi iştirak edərək, bir sıra dərin məzmunlu görüş və müzakirələr təşkil etdi, beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq qurdu və dayanıqlı gələcəyə dair öz baxışını təqdim etdi. Yaşıl Zonada holdinqimizin stendini quraşdırdıq və törəmə şirkətlərimiz — “PAŞA Bank”, “Kapital Bank”, “PASHA Insurance”, “PASHA Life”, “AgroDairy” və “PASHA Real Estate”in iştirakı ilə tematik sessiyalar keçirdik. Əsas diqqət iqlim maliyyələşdirilməsi, dayanıqlı kənd təsərrüfatı və özəl sektorun inklüziv “yaşıl” keçiddə rolu məsələlərinə yönəldi.

Bu iştirak bizə təcrübə mübadiləsi aparmaq, beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək və iqlim dəyişikliklərinə qarşı mübarizədə müxtəlif yanaşmaları araşdırmaq imkanı yaratdı. Dövlət strukturlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri ilə qarşılıqlı fəaliyyət çərçivəsində biz həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda davamlı təşəbbüslərin həyata keçirilməsi üçün potensialı genişləndirdik.

Ümumilikdə, qeyd etdiyim kimi, davamlı inkişaf strategiyamızın əsas istiqamətlərinə ekoloji izlərin minimuma endirilməsi, karbonsuzlaşdırma və yaşıl enerjiyə keçidlə bağlı layihələrə investisiyalar, habelə iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün texnoloji həllərin tətbiqi daxildir. Gələcəkdə bütün törəmə şirkətlərimizdə mövcud proseslərin hərtərəfli diaqnostikasını və təhlilini aparmaq, CO₂ emissiyalarının azaldılması üzrə aydın məqsədlər müəyyən etmək və müştərilərimizə onların ekoloji keçid çərçivəsində dəstək təklif etmək planımız var.

- Çox maraqlı məlumat oldu, təşəkkür edirəm. İndi isə, icazənizlə, digər, lakin az əhəmiyyətli olmayan mövzuya — ölkə iqtisadiyyatına keçmək istərdim. 2024-cü ilin əsas iqtisadi hadisələri barədə danışa bilərsinizmi?

- Bu, həqiqətən də, vacib mövzudur. 2024-cü ildə “PAŞA Holdinq” dövlət büdcəsinə 443 milyon manat məbləğində vergi ödəyib. Biz bundan sonra da ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalacağımıza ümid edirik. Eyni zamanda, fəaliyyətimiz yalnız vergi ödəməkdən ibarət deyil. Əmək yerlərinin yaradılması və əməkdaşlara dəstək göstərilməsi iqtisadi inkişafda mühüm rol oynayır. 2024-cü ildə “PAŞA Group”un strukturunda 22 mindən çox insan çalışıb. Bu, ölkənin ən böyük işəgötürənlərindən biri kimi rolumuzu və iqtisadi rifahın artırılmasına olan sadiqliyimizi əks etdirir.

Bununla yanaşı, 2023-cü ildə biz kiçik və orta sahibkarlığa və sığorta sektoruna dəstək göstərmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və digər qurumlarla birgə layihələr həyata keçirmişik. Bu layihələrinin nümunələrindən biri 2023-cü ilin aprel ayından etibarən “PAŞA Holdinq”in dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Qarabağ KOB-ları” proqramıdır. 2024-cü ilə qədər bu proqram çərçivəsində şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq və onların məşğulluğunu artırmaq məqsədilə təxminən 70 kiçik və orta sahibkarlıq subyekti yaradılıb və lazımi resurslarla təmin olunub. 2024-cü ildə biz “Ailə Biznesinə Asan Dəstək” proqramının həyata keçirilməsini davam etdirdik. Bu proqramın əsas hədəfi - kiçik biznesin inkişaf etdirilməsi və iqtisadiyyatın gücləndirilməsidir.

Biz kənd təsərrüfatının inkişafına da xüsusi diqqət ayırmışıq. Törəmə şirkətimiz olan “Agro Dairy” 2021–2024-cü illərdə Hacıqabulda 650 fermer üçün müasir aqrotexniki metodlar üzrə təlimlər keçirib. Eyni zamanda, aqronomların toxumçuluq sahəsində praktiki biliklərini paylaşdığı “açıq qapı günləri” mütəmadi olaraq təşkil olunub.

- Maraqlıdır. Elə sizin şirkətlərinizin fəaliyyəti də birbaşa olaraq iqtisadiyyata təsir göstərir.

- Elədir. 2024-cü ildə tərəfimizdən bazara iki şirkət təqdim edilib: “Future Lab” və “Bir Ecosystem” və bu şirkətlərin iqtisadiyyata verdiyi təhfəni ayrıca vurğulamaq istərdim. “Future Lab” “PAŞA Holdinq”in strukturunda yer alan innovasiya mərkəzidir və başlıca məqsədi yeni məhsulların və həllərin hazırlanması, sınaqdan keçirilməsidir. Daha önəmlisi isə odur ki, bu şirkət həm qrupumuzun biznes ehtiyaclarını qarşılamaq, həm də vətəndaşların tələblərinə uyğun məhsulları bazara sürətlə təqdim etmək məqsədini daşıyır ki, bu da birbaşa olaraq cəmiyyətə töhfə deməkdir.

“Bir Ecosystem”inə gəlincə, bu ekosistem ölkənin maliyyə və biznes mühitini transformasiya edir. “Birbank”, “m10”, “MilliÖN”, “Umico.az”, “BakıKart” və “Trendyol Azerbaijan” kimi xidmətlər vahid platformada bir araya gətirərək, ekosistem müştərilərə maliyyə və rəqəmsal xidmətlərə rahat çıxış imkanı yaradır, onların təchhizatçılarla arasında əməkdaşlığı stimullaşdırır. Məqsəd istifadəçilərin gündəlik həyatının təbii bir hissəsinə çevrilmək, fərdiləşdirilmiş həllər təqdim etməklə maliyyə imkanlarına çıxışı yaxşılaşdırmaq və ümumilikdə ölkədə müştəri təcrübəsini növbəti səviyyəyə qaldırmaqdır.

2024-cü ildə biz, məsələn, müştəri xidmətinin keyfiyyətini və rahatlığını artırmaq məqsədilə bir sıra rəqəmsal yenilikləri tətbiq etdik. Onların arasında rəqəmsal depozit funksiyaları, kartlara abunə imkanı, “BakıKart” üçün QR ödənişlər, “Umico” bonusları ilə hesabların ödənilməsi, süni intellekt əsaslı çat dəstəyi və kartların sadələşdirilmiş identifikasiyası yer alır.

- Müştərilər barədə danışdıq. Gəlin əməkdaşlara keçək. Siz qeyd etdiniz ki, əməkdaşların rifahı “PAŞA Group”un əsas prioritetlərindən biridir. Zəhmət olmasa, şirkətin bu sahədə gördüyü işlər barədə ətraflı danışardınız?

- Artıq qeyd etdiyim kimi, hazırda “PAŞA Group”da 22 mindən çox əməkdaş çalışır. Onların rifahı və işdən məmnunluğu bizim yalnız vəzifəmiz deyil, eyni zamanda, komandanın motivasiyasını və səmərəliliyini təmin edən əsas amildir. Biz mütəmadi olaraq əməkdaşlar arasında məmnunluq sorğuları keçirir, rəy toplayır və onu iş proseslərinin təkmilləşdirilməsi üçün istifadə edirik. Eyni zamanda, peşəkar təlim və inkişaf məsələlərinə xüsusi diqqət yetirilir.

Artıq bir neçə ildir ki, “PAŞA Hub” mərkəzi əməkdaşların inkişafına və yüksəlişinə yönəlmiş strukturlu proqramların keçirildiyi məkan kimi çıxış edir. Bu yaxınlarda “pashahub.az” adlı rəqəmsal platformanı istifadəyə verdik. Bu platformada daxili komandamız, rəhbərlər və əməkdaşlar tərəfindən hazırlanmış müxtəlif təlim məzmunları toplanıb. Qeyd edim ki, 2024-cü ildə biz təlim və inkişaf sahəsinə ümumilikdə təxminən 8 milyon manat sərmayə qoymuşuq.

Bununla yanaşı, 2018-ci ildən etibarən “Synergy” proqramını da həyata keçiririk. Bu proqram tematik tədbirlər, icma fəaliyyətləri, müsabiqələr həyata keçirərək daxili əməkdaşlığı, bilik və təcrübə mübadiləsini gücləndirməyi hədəfləyir. İnnovasiya mədəniyyəti və daimi peşəkar inkişaf şirkətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. İnnovativ təşəbbüsləri dəstəkləmək üçün “Kickbox” layihəsini tətbiq etmişik ki, bu layihə əməkdaşlara ideyalarını təqdim etmək və onları şirkət daxilində startap kimi reallaşdırmaq üçün sərmayə cəlb etməyə imkan yaradır.

- Son zamanlar sosial mediada “PAŞA Holdinq”in Liderlik DNT-si barədə geniş sayda paylaşımlar görürük.

- “PAŞA Holdinq” olaraq liderlik potensialının inkişafına da böyük önəm veririk. 2024-cü ildə biz “Liderliyin DNT-si” adlı yeni konsepsiyanı təqdim etdik. Bu yanaşma effektiv rəhbərin əsas keyfiyyətlərini – şəxsi inkişafı, komanda idarəetmə bacarığını və biznes proseslərinə təsir imkanını ehtiva edir. Bu çərçivədə “PAŞA Leadership Journey” adlı 9 aylıq proqram başlayıb. Proqram yüksək rəhbər vəzifəsində çalışanlar üçün nəzərdə tutulub və il ərzində qrupun müxtəlif strukturlarından 100-dən çox liderin iştirakı planlaşdırılır. Paralel olaraq, strateji təfəkkür, idarəçilik və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş “Leading Lights” proqramının gerçəkləşdirilməsi də davam etdirilir. Bu proqrama mentorluq, ekspert sessiyaları və komanda təlimləri daxildir.

Bütün bu təşəbbüslər şirkətin inkişafını səmərəli şəkildə təmin edə biləcək güclü və uzaqgörən rəhbərlik heyətinin formalaşmasına olan sadiqliyimizi əks etdirir.

- Çox maraqlıdır, təşəkkür edirəm. İndi isə korporativ sosial məsuliyyət mövzusuna keçmək istərdim. 2024-cü ildə “PAŞA Holdinq” tərəfindən bu sahədə həyata keçirilmiş layihə və təşəbbüslər barədə bir az ətraflı danışa bilərsiniz?

- Korporativ sosial məsuliyyət bizim fəlsəfəmizin mərkəzində durur. Biz səmimi olaraq inanırıq ki, biznes öz fəaliyyət göstərdiyi cəmiyyətin rifahına töhfə verməyə borcludur. Biz çox sadə bir qaydanı əsas tuturuq: nə qədər çox inkişaf ediriksə, cəmiyyətə bir o qədər çox geri qaytarırıq. Qeyd edim ki, biz hər il Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinə təxminən 50 milyon manat ayırırıq. Bizim KSM fəaliyyətimiz geniş sahələri əhatə edir; bunların arasında təhsil, qadınların imkanlarının genişləndirilməsi və səhiyyə əsas istiqamətlərdəndir.

Təkcə təhsil sahəsinə 2024-cü ildə 15 milyon manat vəsait ayrılıb. Təhsil sahəsində icra etdiyimiz əsas layihələrdən biri “Əlaçı” təqaüd proqramıdır. İstedadlı tələbələr üçün nəzərdə tutulan “Əlaçı Təqaüd Proqramı” çərçivəsində 110 tələbəyə maliyyə dəstəyi, mentorluq və peşə yönümü üzrə imkanlar təqdim olunub.

Səhiyyə istiqamətinə gəlincə, xüsusilə ehtiyac içində olan uşaqlar üçün tibbi yardımın əlçatanlığının təmin olunması bizim əsas prioritetimizdir. Məsələn, şirkətimizin dəstəyi ilə keçirilmiş “Soyuq Əllər, İsti Ürək” adlı xeyriyyə yarmarkası sayəsində ağır xəstəliklərdən əziyyət çəkən 7 uşağın əməliyyat və müalicə xərcləri tam qarşılanıb. Tərəfimizdən dəstəklənən oxşar layihələrin sayı həqiqətən çoxdur.

Nəhayət, qadınların dəstəklənməsi bizim strategiyamızın ayrılmaz hissəsidir. Beynəlxalq Qadınlar Günü münasibətilə 60 qadın sahibkarın, o cümlədən, kənd yerlərindən olan 15 qadının öz bizneslərini təqdim etməsi və inkişaf etdirməsi üçün “Qadın Bazarı” adlı festival təşkil edildi. Bundan əlavə, “Kapital Bank” həssas qruplardan olan qızlar üçün “Arzumuz var” adlı təqaüd proqramına start verdi. “PAŞA Bank” və ADA Universiteti qadın sahibkarlara əmək bazarının müasir tələblərinə uyğunlaşmağa kömək edən “Dəyişikliklər prosesində qadınlar” təşəbbüsünü həyata keçirdi. Biz, eyni zamanda, “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ” layihəsinə dəstəyi davam etdirdik. Bu çərçivədə aqrar sektorda fəaliyyət göstərən qadın sahibkarlara təlim və lazımi avadanlıqlar təqdim olundu. Süd vəzi xərçəngi və erkən diaqnostikanın əhəmiyyəti barədə məlumatlılığın artırılmasına yönəlmiş “GüclüSən” layihəsi çərçivəsində “PASHA Sığorta” da mühüm rol oynadı. Eyni zamanda, “PAŞA Bank Türkiye” Türk Təhsil Fondu (TEV) ilə əməkdaşlıq çərçivəsində “Gələcəyin qadın menecerləri” təqaüd fondunu yaradıb.

- Şirkətləriniz bu üç istiqamətdən kənarda sosial layihələr icra edir.

- Doğrudur. Məsələn, 2024-cü ilin ən əlamətdar layihələrindən biri Azərbaycanda ilk inklüziv “Kaşalata” kafesinin açılması oldu. Biz bu layihəni sponsor kimi dəstəklədik. Kafe 20 gəncə, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan şəxslərə iş imkanı yaratdı, onların sosial inteqrasiyasına və bərabər imkanlara töhfə verdi. “PAŞA Holdinq”in törəmə qurumu olan “PAŞA Bank” da “Gənclərin imkanlarını genişləndir: təhsilə sərmayə qoy” layihəsi çərçivəsində ADA Universiteti ilə birgə əlilliyi olan uşaqlara dəstək göstərdi. Bu təşəbbüs yaradıcılıq ustad dərslərini və şəxsiyyətin inkişafı ilə sosial inteqrasiyaya həsr olunmuş təlim sessiyalarını əhatə edirdi.

Şəhid və veteran ailələrinin dəstəklənməsi prioritet istiqamətlərdən biri olaraq qalır. 2024-cü ildə “PAŞA Holdinq” 44 günlük Vətən müharibəsi, sentyabr təxribatları və anti-terror əməliyyatlarında şəhid olanların ailələrinə dəstək məqsədilə 2 milyon manat ayırdı. “Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid övladlarına bayram hədiyyələri, məktəb ləvazimatları və normalda top menecerlərin əldə etdiyi səviyyədə premium tibbi sığorta təqdim olunur.

Biz hər zaman mədəni layihələri dəstəkləməyə davam edirik. Artıq bir neçə ildir ki, “PAŞA Holdinq” Bakı caz və fortepiano festivallarının təşkilinə dəstək göstərir. 2024-cü ildə Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi ilə birgə dahi alman bəstəkarı Yohann Sebastyan Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlı konsert təşkil olunub. "PAŞA Həyat" da mədəni irsin qorunması və təbliği məqsədilə IRS nəşriyyatının kitablarının nəşrinə dəstək verməklə bu sahəyə töhfə verir.

Həssas əhali qruplarının dəstəklənməsi də diqqət mərkəzindədir. 2024-cü ildə aşağı gəlirli insanlara yardım məqsədilə təxminən 5 milyon manat ayrılıb. Yeni dərs ili ərəfəsində aztəminatlı ailələrdən olan şagirdlər üçün “Birincilər” layihəsi həyata keçirilib. Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ölkənin müxtəlif bölgələrində 11 min 600-dən çox uşaq məktəbli forması, ləvazimat və çanta ilə təmin olunub.

Sonda isə idmanın inkişafına olan sadiqliyimizi vurğulamaq istərdim. Biz və törəmə şirkətlərimiz ənənəvi olaraq Azərbaycan Voleybol, Boks, Gimnastika, Atçılıq federasiyalarını və intellektual oyun klublarını dəstəkləyirik. 2024-cü ildə “PASHA Bank Georgia” Gürcüstan Şahmat Federasiyasının tərəfdaşı oldu. Birgə təşəbbüs şahmat təhsilinin inkişafı, istedadlı yeniyetmələrin yetişdirilməsi və uşaqlar arasında şahmatın populyarlaşdırılmasına yönəlib.

- Sonda daha bir mühüm mövzuya toxunmaq istərdim – innovasiyalar. Son xəbərlərdən və sosial şəbəkələrdəki aktiv iştirakınızdan görmək olur ki, “PAŞA Holdinq” bu sahəyə xüsusi önəm verir. 2024-cü ildə bu istiqamətdə görülən işlər barədə məlumat verə bilərsiniz?

- Bəli, tamamilə haqlısınız – biz innovasiyaların həm Azərbaycanda, həm də fəaliyyət göstərdiyimiz daha geniş regionda dəstəklənməsi və inkişaf etdirilməsinə səmimi şəkildə sadiqik. 2024-cü ildə innovativ inkişafın stimullaşdırılması strategiyamız çərçivəsində bu sahəyə təqribi 13 milyon manat sərmayə qoymuşuq.

Sirr deyil ki, “PAŞA Holdinq” Azərbaycanda ilk vençur fondunun yaradılmasına dəstək göstərib. Bununla yanaşı, şirkət kibertəhlükəsizlik məktəbinin təsis edilməsində iştirak edib. Xüsusilə “Holberton School” məktəbinin Azərbaycanda açılmasında iştirakımızı vurğulamaq istəyirəm – bu, gənc mütəxəssislərə informasiya texnologiyaları sahəsində nəzəri və praktiki bilikləri bir arada təqdim edən, Silikon Vadisində tətbiq olunan qabaqcıl proqramlara əsaslanan, dünya səviyyəli bir təhsil müəssisəsidir. Tədris istehsalat təcrübəsinə köklənmiş innovativ metodlardan istifadə ilə sahənin ekspertləri tərəfindən həyata keçirilir.

“PAŞA Holdinq”in təşkil etdiyi önəmli təşəbbüslərdən biri də “PASHA Hackathon 4.0” olub. Builki hakaton "PashaPay” üçün yeni həllərin tapılmasına həsr olunmuşdu və 48 saatlıq texnoloji yarış formatında keçirilərək innovativ məhsulların hazırlanmasına yönəldilmişdi. Artıq dördüncü dəfə keçirilən bu illik tədbir gənc istedadlar arasında innovativ düşüncə mədəniyyətinin formalaşmasına kömək edir və ölkədə dayanıqlı innovasiya mühitinin inkişafını dəstəkləyir.

Ümumiləşdirəsi olsaq, holdinq yalnız özü innovativ həll yolarını təqdim etməklə deyil, eyni zamanda ölkədə və regionda innovasiya ekosisteminin inkişafına dəstək göstərməklə innovativ mədəniyyətə sadiqliyini nümayiş etdirir.

- “PAŞA Holdinq” və innovasiya sözləri yanaşı gələndə ağıla ilk “İnmerge” sammiti gəlir. Bununla bağlı nə deyə bilərsiniz?

- 2024-cü ildə artıq dördüncü dəfə təşkil olunan bu sammit Bakıda 5000-dən çox iştirakçını bir araya topladı. Bu illik sammitin məqsədi Azərbaycanda və Mərkəzi Avrasiya regionunda innovasiya ekosisteminin inkişafını təşviq etməkdir. O, aparıcı korporasiyaları, tənzimləyici qurumları və startapları birləşdirir, əməkdaşlıq üçün imkanlar yaradır və ekosistemin bütün iştirakçıları arasında bilik və təcrübə mübadiləsinə şərait yaradan bir platforma rolunu oynayır.

2024-cü ilin zirvə toplantısında çıxış edən görkəmli şəxslər arasında “YouTube”un həmtəsisçisi Stiv Çen, “Amazon”un texniki direktoru və vitse-prezidenti Verner Foqels, “Starbucks”ın həmtəsisçisi Zev Ziql, “Waze”in qurucusu Uri Levin, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetinin professoru İlya Strebulaev və “Avito” şirkətinin keçmiş baş direktoru Vladimir Pravdivıy da var idi. Ümumilikdə sammitin proqramında dünyanın aparıcı şirkətlərini təmsil edən 160-dan çox spiker iştirak edib. Bu təşəbbüsü bu il də həm Azərbaycanda, həm də qonşu ölkələrdə davam etdirməkdən məmnunuq.

Eyni zamanda, qeyd etməliyəm ki, INMerge 2024 sammiti çərçivəsində “INMerge” Vençur Fondu təsis olunub. Fondun təsisçiləri "PASHA Innovations", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və “Trendyol Group” olub. Bu fond Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada, eləcə də, Yaxın Şərq və Şimali Afrika ölkələrində perspektivli startaplara sərmayə qoyacaq və bu dinamik bazarlarda innovativ həllərin inkişafına töhfə verəcək.

- Müsahibəyə görə təşəkkür edirəm, Aytac xanım. Bu, həqiqətən, çox faydalı və maarifləndirici bir söhbət oldu.

- Mənə də xoş oldu. Dəvətinizə görə təşəkkür edirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Çaki öldü

29 May 2025 00:07see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri