Icma.az
close
up
RU
Paşinyan Qareginə qara günlər yaşadır

Paşinyan Qareginə qara günlər yaşadır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Eçmiədzinlə siyasi qarşıdurmanın kəskin mərhələsi başlayır

Ermənistanda hökumətlə Erməni Apostol Kilsəsi (EAK) arasında ötən ilin mayından davam edən qarşıdurmanın yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Hakimiyyətin Eçmiədzinə təzyiqi artıracağı, bütün ermənilərin katolikosu II Qaregini postundan uzaqlaşdırmaq üçün yeni mexanizmlər hazırladığı barədə indiyədək ayrı-ayrı məlumatlarda yazılırdı. İndi isə ölkənin “İravunk” qəzeti qarşıdurmanın yaxın vaxtlarda daha da kəskinləşəcəyini bildirir.

Nəşr yazır ki, EAK-a, xüsusilə də II Qareginə qarşı yeni tədbirlər dalğası hazırlanır. “İravunk”un məlumatına görə, hakim “Mülki müqavilə” partiyasının nümayəndələri arasında bu məsələ artıq açıq şəkildə müzakirə edilir. Qəzet hakim partiya təmsilçilərinin “parçalanma tərəfdarı olan ruhanilərin yenilənmiş güclə yenidən meydana çıxacaqlarını”, baş nazirin mövqeyini bölüşən həmin şəxslərin kilsə daxilində müəyyən proseslərə qoşulacağını və “hamını şoka salacaq” bəzi məsələlərin üzə çıxacağını müzakirə etdiklərini yazır.

“İravunk” bununla da kifayətlənmir. Nəşrin hakimiyyətə yaxın mənbələrə istinadən yazdığına görə, oktyabr ayında II Qareginə qarşı “çirkli kampaniya” (?) başlanacaq. Qəzet iddia edir ki, bu kampaniyanın həyata keçirilməsi üçün vaxtilə ruhanilikdən məhrum edilmiş Nşan Ovannisyan Ermənistan hökumətinin aparatında milli azlıqlar və din məsələləri şöbəsində müşavir vəzifəsinə gətirilib. Nəşrin məlumatına görə, onun əsas vəzifələrindən biri baş nazirin aparat rəhbəri Lilit Makuntsla birlikdə kilsə rəhbərliyinə qarşı çıxacaq ruhaniləri müəyyənləşdirməkdir. Qəzet öz mənbəsinə istinadən bildirir ki, Ovannisyan artıq gənc ruhanilər arasında tərəfdarlar toplamağa başlayıb və yaxın vaxtlarda təxminən 10 ruhaninin II Qareginə qarşı kampaniyanın əsas sözçülərinə çevrilməsi gözlənilir.

Əlbəttə, bunlar “İravunk”un iddialarıdır. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, qəzetin yazdıqları 2 gün sonra baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlərlə bir sıra mühüm istiqamətlər üzrə üst-üstə düşür.

Təhdidin əsas xətti

N.Paşinyanın dünən hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər “İravunk”un yazdıqlarının təsadüfi olmadığını düşünməyə əsas verir. Baş nazir artıq kilsə ilə bağlı qarşıdakı proseslərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmayacağını, hakimiyyətin konkret hüquqi və inzibati mexanizmlərdən istifadə etmək niyyətində olduğunu açıq şəkildə bildirib.

Paşinyanın sözlərinə görə, EAK-da yaranmış vəziyyətlə bağlı xüsusi istintaq komissiyası yaradılacaq. Komissiya hakimiyyət tərəfindən hazırlanmış və sentyabrın 24-də təqdim edilmiş 74 səhifəlik hesabatda əksini tapan məsələləri araşdıracaq. Həmin hesabatda EAK-da yaranmış böhranın səbəbləri, kilsənin faktiki rəhbərliyi və bir sıra yüksəkrütbəli ruhanilərin fəaliyyəti ilə bağlı hökumətin mövqeyi ortaya qoyulub.

Baş nazir bildirib ki, komissiya hesabatda göstərilən bütün məqamları araşdıracaq və bundan sonra qanunvericilik dəyişikliklərinin hazırlanması gündəmə gətiriləcək. Onun sözlərinə görə, əsas məqsəd kilsənin zəbt edilməsinə son qoymaqdır. Ermənistan hökumətinin başçısı burada kilsə anlayışını yalnız katolikos və yepiskoplarla məhdudlaşdırmır. Onun təqdim etdiyi yanaşmaya görə, kilsənin əsas subyekti inanan xalqdır və məhz dindar icma kilsənin idarə olunmasında daha geniş iştirak etməlidir.

Paşinyan bunu EAK-ın ənənələri ilə də əlaqələndirib. O bildirib ki, kilsədə kimin keşiş olacağı məsələsini icma müəyyən etməlidir. Baş nazir hazırkı idarəçilik modelini tənqid edərək qərarların “KQB agentləri vasitəsilə” qəbul edilməməli olduğunu deyib. Eyni zamanda, hakimiyyətin bu istiqamətdə atacağı addımların Ermənistan Konstitusiyasına əsaslanacağını vurğulayıb. Onun sözlərinə görə, dövlətlə kilsə arasındakı münasibətlər qanunla tənzimlənir və buna görə də qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir.

Bu, artıq sadəcə II Qareginin şəxsiyyətinə yönəlmiş siyasi tənqid deyil. Paşinyanın açıqlamalarından görünür ki, hakimiyyət EAK-ın idarəçilik sisteminə müdaxilə etmək və bu sistemi qanunvericilik yolu ilə dəyişdirmək niyyətindədir.

Baş nazir kilsənin maliyyə məsələlərinə də xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, kilsəyə daxil olan vəsaitlərin hər qəpiyi barədə məlumat olmalıdır. Nə qədər pul daxil olur, nə qədər xərclənir və bu vəsait hansı məqsədlərə yönəldilir – bütün bunlar şəffaf şəkildə müəyyənləşdirilməlidir. Paşinyan, eyni zamanda, maaş almayan ruhanilərin olmamasını və keşişlərin sosial təminatla əhatə edilməsini vacib sayıb. Beləliklə, hakimiyyətin kilsə ilə bağlı gündəliyində artıq yalnız II Qareginin istefası deyil, bütövlükdə, EAK-ın idarəçilik, maliyyə və hüquqi mexanizmlərinin yenidən qurulması məsələsi dayanır.

Amma Paşinyanın açıqlamasında ən sərt məqam yenə də bütün ermənilərin katolikosunun taleyi ilə bağlı olub. Ermənistanın baş naziri bir daha bildirib ki, II Qaregin vəzifədən getməlidir və dövlət bunun üçün bütün vasitələrdən istifadə edəcək. “O kimdir ki, bizim müqəddəslərin müqəddəsi olan yerdə otursun? O, heç kimdir”, – deyə Paşinyan bildirib.

Baş nazir bununla kifayətlənməyərək, II Qareginin uzaqlaşdırılması üçün bir tərəfdən baş nazir kimi bütün mümkün vasitələrdən, digər tərəfdən isə EAK-ın davamçısı kimi öz imkanlarından istifadə edəcəyini deyib. Bu açıqlamalar göstərir ki, Paşinyan məsələyə artıq geri dönüşü çətin olan siyasi xətt kimi yanaşır. O, II Qareginin istefasını arzuolunan nəticə kimi deyil, hakimiyyətin həyata keçirməli olduğu konkret məqsəd kimi təqdim edir.

Seçkidən əvvəl ehtiyatlılıq, sonra sərbəstlik

Burada bir məqam xüsusilə diqqət çəkir. Ermənistan hakimiyyətinin kilsəyə münasibətində zaman amilinin mühüm rol oynadığı görünür. Yaxın keçmişdə ölkədə seçkiqabağı proses gedirdi və Paşinyan üçün Eçmiədzinə qarşı açıq və daha radikal addımların müəyyən siyasi nəticələri ola bilərdi. Kilsə məsələsinin cəmiyyətin dini hisslərinə toxunan həssas mövzu olması hakimiyyət üçün əlavə ehtiyatlılıq tələb edirdi.

Başqa sözlə, seçkiqabağı mərhələdə Paşinyanın qarşısında təkcə Eçmiədzin yox, həm də mümkün ictimai reaksiyalar dayanırdı. Hakimiyyət kilsə ilə mübarizəni həddən artıq sərtləşdirməklə bunun əks-effekt verməsi ehtimalını nəzərə almalı idi. Belə bir vəziyyətdə kilsəyə qarşı radikal addım onun ətrafında parçalanmış qüvvələrin yenidən bir araya gəlməsinə, hakimiyyət əleyhinə əlavə narazılıq dalğasının yaranmasına səbəb ola bilərdi.

İndi isə vəziyyət dəyişib. Paşinyan seçkidən sonra yenidən xalq mandatı aldığını əsas gətirərək özünün siyasi manevr imkanlarını genişləndirə bilər. Deməli, hakimiyyətin kilsə ilə bağlı daha sərt qərarlar qəbul etməsi üçün qarşısında əvvəlki kimi ciddi siyasi maneələr qalmayıb. Əksinə, Paşinyanın son açıqlamalarından belə nəticə çıxır ki, seçkidən sonrakı mərhələdə Eçmiədzin məsələsi onun siyasi gündəliyinin əsas istiqamətlərindən birinə çevrilə bilər.

Moskvanın mesajı

Eçmiədzin ətrafında qarşıdurmanın yeni mərhələyə keçdiyi bir vaxtda Rus Pravoslav Kilsəsinin başçısı, Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin EAK-ın Rusiya və qondarma “Novo-Naxçıvan” yeparxiyasının rəhbəri, II Qareginin qardaşı, arxiyepiskop Yezras Nersisyana göndərdiyi məktub da diqqətdən yayınmır. Məktub Yezras Nersisyanın yepiskop təyin olunmasının 25 illiyi münasibətilə göndərilib. Patriarx Kiril təbrikində Yezrasın xidmət yolunun uzun illər Rusiya ilə bağlı olduğunu xüsusi vurğulayıb: “Gənc yaşlarınızda keşişlik yolunu seçərək Gevorkyan ruhani seminariyasında və Neva şəhərinin ruhani akademiyasında təhsil almısınız. O vaxtdan etibarən xidmətiniz Rusiyamızla ayrılmaz şəkildə bağlı olub. Burada Sankt-Peterburq şəhərinin erməni icmasının pastoru, daha sonra isə Erməni Apostol Kilsəsinin Rusiya və Novo-Naxçıvan yeparxiyasının rəhbəri olmaq sizə nəsib olub”.

Məktubun məzmununda siyasi çağırış yoxdur və onu birbaşa Paşinyan hakimiyyəti ilə Eçmiədzin arasındakı qarşıdurmaya verilmiş siyasi cavab kimi təqdim etmək düzgün olmaz. Lakin məktubun məhz indiki məqamda göndərilməsi və patriarx Kirilin Yezrasın Rusiya ilə uzunmüddətli bağlılığını xüsusi vurğulaması diqqətçəkən məqamdır.

Yezras Nersisyanın II Qareginin doğma qardaşı olması da bu mənzərəyə əlavə çalar verir. O, 25 ildir EAK-ın Rusiya və Novo-Naxçıvan yeparxiyasına rəhbərlik edir. Deməli, Eçmiədzində hakimiyyətlə kilsə arasında qarşıdurmanın dərinləşdiyi bir vaxtda II Qareginin ailə və dini çevrəsinə daxil olan nüfuzlu ruhanilərdən birinə Moskva Patriarxının yüksək səviyyəli təbrik məktubu göndərməsi də ayrıca diqqətə alınmalı hadisədir.

Ermənistan daxilində kilsə–hakimiyyət qarşıdurması artıq yeni mərhələyə daxil olur. Paşinyan hakimiyyəti II Qareginin istefasını açıq məqsəd kimi müəyyənləşdirib, kilsənin idarəçilik modelinin dəyişdirilməsindən, xüsusi istintaq komissiyasının yaradılmasından və qanunvericilik dəyişikliklərindən danışır. “İravunk” isə bu siyasi xəttin EAK daxilində yeni ruhanilərin önə çıxarılması ilə müşayiət olunacağını yazır.

Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə mübarizə təkcə baş nazir ilə katolikos arasında getməyəcək. Hakimiyyət kilsənin öz daxilində yeni münasibətlər sistemi yaratmağa, Eçmiədzinin idarəçilik mexanizmini dəyişməyə və II Qareginin mövqeyini zəiflətməyə çalışacaq. Seçkiqabağı dövrdə mümkün əks reaksiyalardan çəkinən Paşinyan indi aldığı yeni mandatdan sonra daha sərbəst hərəkət etmək imkanına malikdir.

Ona görə də “İravunk”un oktyabr ayı üçün proqnozlaşdırdığı yeni kampaniya, Paşinyanın açıqladığı istintaq komissiyası və qanunvericilik dəyişiklikləri bir-birindən ayrı hadisələr kimi deyil, eyni prosesin müxtəlif tərəfləri kimi görünür. Ermənistan hakimiyyəti Eçmiədzin məsələsini artıq siyasi gündəmdən çıxarmaq niyyətində deyil. Əksinə, verilən açıqlamalar göstərir ki, kilsə ilə bağlı qarşıdurmanın ən sərt mərhələsi hələ qarşıdadır.

S.HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri