Paşinyanın yeni seçimi: İran, yoxsa ABŞ?
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketinə qoşulma ehtimalı İrəvan-Tehran münasibətlərində gərginlik yarada və Cənubi Qafqazdakı regional güc balansına təsir göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Tural İrfan Ermənistanın ABŞ-nin İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirməsinin mümkün nəticələrini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın sanksiyalara qoşulması İranın İrəvana münasibətində ciddi dəyişikliklərə səbəb ola bilər:
“İran rəsmiləri daha əvvəl qonşu ölkələrə ABŞ sanksiyalarını icra etməmək barədə xəbərdarlıq edib və əks halda cavab tədbirləri görəcəklərini bildiriblər. Ermənistanın sanksiyalara riayət etməsi İrəvanın Tehranın gözündə etibarlı tərəfdaş statusunu itirməsinə yol aça bilər”.
T. İrfan qeyd edib ki, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan üçün İran dünyaya açılan əsas quru yollarından biridir. Onun sözlərinə görə, Tehran mümkün cavab addımı kimi iqtisadi tranziti çətinləşdirə, eləcə də Ermənistana enerji və təbii qaz tədarükündə məhdudiyyətlər yarada bilər.

Tural İrfan: İran regionda kənar güclərin artan nüfuzuna hər zaman kəskin etiraz edib
Müsahibimiz hesab edir ki, Ermənistanın ABŞ-nin sanksiya siyasətinə qoşulması Vaşinqtonun Cənubi Qafqazdakı təsir rıçaqlarını da gücləndirə bilər:
“Bu, İrəvanın Rusiyadan uzaqlaşaraq Qərb orbitinə inteqrasiya olunmaq strategiyasının tərkib hissəsidir. İran regionda kənar güclərin artan nüfuzuna hər zaman kəskin etiraz edib. Ermənistanın sanksiyalara qoşulması Ermənistan-İran-Rusiya şərti oxunu zəiflədərək Tehranı regional təhlükəsizlik məsələlərində daha sərt mövqe tutmağa sövq edə bilər”.
T. İrfanın sözlərinə görə, Ermənistan ABŞ-nin vasitəçiliyi ilə sülh prosesini irəli aparmağa çalışdığı bir vaxtda İranla münasibətlərin pisləşməsi İrəvan üçün cənub sərhədində yeni gərginlik ocağı yarada bilər:
“Paşinyan hazırda iqtisadi təhlükəsizlik, ABŞ sanksiyalarından qorunma, strateji tərəfdaşlıq və İranla əlaqələri qorumaq arasında ciddi geosiyasi dilemma qarşısındadır. Ermənistanın sanksiyalara qoşulması İrəvanı mümkün təcriddən xilas etsə də, cənub qonşusu ilə münasibətləri kritik həddə çatdıra bilər. Bu da İrana qarşı ABŞ-nin daha geniş təzyiq siyasətinin bir hissəsi kimi qəbul oluna bilər. Hər bir halda Ermənistan-İran münasibətlərində gərginliyin artması ehtimalı yüksəkdir”, - deyə politoloq bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















