Paytaxt Zəfər Gününü öyünc və təntənə ilə qeyd etdi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Düz 6 il əvvəl qazanılan Qarabağ Zəfəri xalqımızın Vətən sevgisi adlı duyğusunun ali zirvəsi oldu. Artıq hər il noyabrın 8-də ölkəmizin hər yerində rəngarəng Zəfər təntənələri keçirilir. Şərəf tariximizin qızıl hərflərlə yazılmış 44 gününün sevinc və fərəh ovqatına bürünürük.
Dünən də hər yerdə eyni əhvali-ruhiyyə hökm sürürdü. Küçələr, meydanlar, parklar bayramsayağı bəzədilmişdi. Zəfər Gününün 6-cı ildönümünə sevinən hər kəs – dövlət və hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin kollektivləri, ali və orta ixtisas müəssisələrinin, mədəniyyət ocaqlarının təmsilçiləri, geniş ictimaiyyət nümayəndələri sonsuz qürur hissi ilə bayrama qatılmışdılar. Hər tərəfdə – uca dirəklərdə, eyvanlarda, vitrinlərdə Ay-ulduzlu, üçrəngli bayrağımız payız küləklərinin qanadlarında əzəmətlə dalğalanır, şən musiqi sədaları ətrafa yayılırdı.
Paytaxt Bakıda, onun ayrı-ayrı rayonlarında düzənlənən rəngarəng bayram tədbirləri, yürüş, aksiya və konsertlər hər kəsə ecazkar təsir bağışlayıb. Vətən müharibəsində 44 günlük Zəfər yürüşünün tarixi, ictimai-siyasi önəmindən, qəhrəmanlıq salnaməmizin silinməz səhifələrinə çevrilməsindən sonsuz iftixarla bəhs olunub. Həmin bayram mərasimlərinin bir qismindən qeydləri oxucularımıza təqdim edirik.
Nəsimi
Paytaxtın Nəsimi rayonundakı idarə və müəssisələrdə, təhsil ocaqlarında Zəfər Günü silsilə tədbirlərlə əlamətdar olub.
Mərasim iştirakçıları Zəfər bağında yerləşən xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Natiqlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrin rəşadəti, şəhidlərin və qazilərin qəhrəmanlığı nəticəsində 30 ildən artıq işğal altında olan ərazilərimiz azad edilib. Şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq duyğuları ifadə olunub.
Tədbirlər rəngarəng musiqi nömrələri ilə davam etdirilib, sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirilib.
Yasamal
8 Noyabr – Zəfər Günü Bakının Yasamal rayonunda da təntənə ilə qeyd olunub. Mərasim rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Yasamal rayon komitəsinin birgə təşkilatçılığı ilə düzənlənib.
Natiqlər Vətən müharibəsində Qələbənin əldə olunmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, sərkərdəlik bacarığının, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığının və tarixi həlledici rol oynadığını vurğulayıblar.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, iştirakçılara xoş bayram əhvali-ruhiyyəsi bəxş edilib.
Nizami
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümü ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhəri Nizami rayonunda da böyük təntənə ilə qeyd olunub.
Nizami Rayon İcra hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə millət vəkillərinin, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin, qazilərin və gənclərin iştirakı ilə bayram tədbiri təşkil edilib. Milli Məclis sədrinin 1-ci müavini Əli Əhmədov, digər natiqlər Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib, qəhrəmanlıq dastanını yazmış Vətən övladlarının heç vaxt unudulmayacaqlarını, xalqımızın qəlbində daim yaşayacaqlarını bildiriblər.
Tədbirdə, həmçinin Vətən müharibəsi qəhrəmanı, şəhid Amid Heydərovun həyat yoldaşı Nuranə Heydərova və Vətən müharibəsi qəhrəmanı, mayor Ramazan Udulov çıxış edərək göstərilən hərtərəfli diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Suraxanı
“8 Noyabr - Tarixin Zəfər imzası” - Suraxanıda keçirilən mərasim belə adlanırdı.
İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda rayonun rəsmiləri, Milli Məclisin deputatları, YAP Suraxanı Rayon Təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli liderin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra rayon icra hakimiyyətinin akt zalında davam edən tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edənlər Zəfər Gününün 6-cı ildönümü münasibətilə şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını təbrik edib, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda daim əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıblar. Qeyd edilib ki, bu möhtəşəm Zəfərin təməlində Ulu öndərin hakimiyyətə qayıdışı ilə əsası qoyulan dövlət quruculuğu və inkişaf siyasəti dayanır. Məhz həmin siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə, müasir və güclü ordunun formalaşmasına, xalqımızın uzun illər həsrətində olduğu tarixi torpaqlarına qovuşmasına zəmin yaradıb. Vurğulanıb ki, bu gün xalqımız qalib xalq, Azərbaycan isə qalib dövlət kimi tarixinin ən şərəfli dövrünü yaşayır.
Mərasimdə bədii proqram da təqdim edilib. Daha sonra Bülbülə qəsəbəsində yerləşən istirahət parkında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş abidə kompleksinin açılış mərasimi keçirilib.
BDU
Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü və bayram günləri münasibətilə təşkil edilən silsilə tədbirlər, konfranslar və sərgilər yaddaqalan olub.
Rəsmi konfransda rektor Elçin Babayev bildirib ki, Zəfər Günü tariximizin ən şərəfli və qürurverici səhifələrindən biri, milli iradəmizin, sarsılmaz birliyimizin, Vətən sevgimizin və yenilməz ruhumuzun təntənəsi günüdür. Azərbaycan xalqı və dövləti 44 günlük Vətən müharibəsində bütün dünyaya milli birlik və sarsılmaz iradənin qarşısında heç bir qüvvənin duruş gətirə bilməməsini sübuta yetirib.
Digər natiqlər Zəfər Gününün xalqımızın yaddaşında qürur və şərəf səhifəsi kimi əbədi qalacağına və Azərbaycanın tarixi Zəfərdən aldığı güc ilə daha da qüdrətlənəcəyinə inamlarını ifadə ediblər. Mərasim BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqramla davam edib. Universitetin Elmi Kitabxanasında isə Zəfər Gününə həsr olunmuş kitab sərgisi açılıb. Sərgidə Vətən müharibəsini, milli birliyi, şəhidlərin döyüş yolunu və tarixi Qələbəni əks etdirən 100-ə yaxın nəşr, o cümlədən “44 günlük diplomatiya dərsləri”, “Müzəffər Komandan” və “Zəfər salnaməsi” kimi kitablar nümayiş olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















