Icma.az
close
up
RU
Peşə bayramına dörd gün qalmış... Tahir Abbaslının vəfatından dörd il ötdü...

Peşə bayramına dörd gün qalmış... Tahir Abbaslının vəfatından dörd il ötdü...

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

18 iyul 2021-ci il... “Taclı” xəstəliyin hələ tüğyan etdiyi, çoxumuzun can hayında olduğu, karantin rejiminin hələ aradan qalxmadığı, küçəyə bəlli saatlar içində, icazə ilə və maskalı çıxdığımız o gün Azərbaycan mətbuatı ustad simalarından birini – Tahir Abbaslını itirdi...

Bir aya yaxın idi xəstəxanada, reanimasiya palatasında yatırdı. Qapalı xəstəxana rejimində, təəssüf ki, onu ziyarət etməyimiz mümkünsüz, halından xəbərdar olmağımız müşkül idi. Həkimlərin verdiyi iki-üç kəlməlik növbətçi məlumatlardan savayı...

Bir neçə gün əvvəl vəziyyətinin qismən sabitləşdiyini öyrənmişdik. Redaksiya kollektivi olaraq arzumuz idi ki, heç olmasa, Milli mətbuat günündə, onun illərini verdiyi peşəsinin bayramında özü ilə telefonla danışa biləydik...

Amma həmin gün bu dünyadan köçdüyü xəbərini aldıq...

***

... Hər iki başında boyaboy pəncərə olan uzun dəhliz. Gün çıxanda işıq aşağı başdakı pəncərədən dəhlizə dolur, gün batanda yuxarı başdakı pəncərədən süzülür. Səhər pilləkənlə beşinci mərtəbəyə qalxaraq dəhlizə bir nəfər daxil olur və asta addımlarla gəlir. Arxasındakı pəncərədən düşən işıqda ortaboylu, arıq bədənli olduğu sezilir. Onunla qabaq-qənşər qalanda ilk olaraq eynəyi və qalın böyüdücü şüşədən baxan yorğun gözləri diqqətimi çəkir...

Tahir Abbaslı ilə “Mədəniyyət” qəzeti redaksiyasında ünsiyyətdə olduğumuz 11 ili (2010–2021) xatırlayanda təsəvvürümdə öncə bu mənzərə canlanır.

İş otaqlarımız dəhlizin yuxarı başında, yanaşı idi. İşə gələndə çox vaxt qapıda rastlaşardıq. Şənbə və bazar günləri redaksiyada iş olmasa da, o, demək olar ki, hər həftəsonu gələrdi. Əslində, qəzetçiliyin gündəlik qaçaqaç-qovhaqovlu, qaynar iş havasından daha çox məhz bu sakit-sükutlu mühitdə onu kənardan seyr etmək, “yazı laboratoriyası”nı görmək imkanım olurdu.

Yazılarının əksəri iş otağında təkbaşına, kağız-qələmlə (son illərdə isə, çətinliklə də olsa, “ram etdiyi” kompüterlə) üz-üzə qalanda doğulurdu. Arabir bu sükutu qapının açılıb-örtülməsi pozurdu. Bu zamanlar ya çayını təzələmək üçün çıxırdı, ya da “qəm tütəyi”ni yandırmaq üçün. Papiros tüstüsündə var-gəl etdikcə gözləri bir nöqtəyə zillənir, çox vaxt yerə baxırdı. Belə vəziyyətdə onu müşahidə edəndə mənə elə gəlirdi ki, o, beynindəki fikirləri, yazacağı cümlələri içinə çəkdiyi tüstünün acısından da keçirərək ərsəyə gətirir, cilalayırdı.

Axır vaxtlar səhhəti əvvəlki kimi işləməyə imkan vermirdi; qəzetdə həftədə, bəzən iki həftədən bir yazıları dərc olunurdu. Amma nə yazılar!... Sərlövhəsindən son nöqtəsinədək oxucunu fikir ümmanının, söz düzümünün, məna dərinliyinin sehrində saxlayan, hər abzası publisistik takt, bədii lövhəı olan mətnlər...

Əslində, onların redaktəyə ehtiyacı yox idi. Düzəliş və dəyişikliklər əsasən texniki xarakterli (bəzi faktların dəqiqləşdirilməsi kimi) olurdu. Hər yazısını iş (vəzifə) gərəyi redaktor kimi oxusam da, özümü daha çox bu mətnlərin ilk oxucusu qismində hiss edirdim.

Yazı ərsəyə gəlib çapa qədər mərhələlərdən (korrektura, səhifələmə) keçənədək onun üzərində əsirdi. Belə zamanlarda istədiyinə nail olmayınca tişəsini yerə qoymayan heykəltəraşa, əlində fırça molbert önündən çəkilməyən rəssama, not vərəqindən ayrılmayan bəstəkara bənzəyirdi. Yəqin ona görə, mövzusu nə olursa-olsun, hər yazısında daxili bir musiqi ecazı, sözlə rəng palitrası, məxsusi kompozisiya effekti vardı.

Onun bədii publisistikasının mövzu və əhatə dairəsi çox geniş idi: əsrlərin o üzündə qalmış tarixdən şahidi olduğumuz günlərə, mədəniyyətdən ədəbiyyata, incəsənətdən elmədək. Söz mülkünün sultanları, musiqi, teatr, kino, təsviri sənət korifeyləri haqqında yazıları təkcə Azərbaycanla məhdudlaşmır, Şərqli-Qərbli dünya mədəni irsinin bir çox simalarının ədəbi-bədii portretlərini fərqli çalar və rakursdan oxuculara tanıtmışdı...

***

Oxucusunu fikir dəryasına qərq edən, söz ümmanında batıran qələm sahibinin yaddaşıma ilk həkk olunmuş yorğun gözlərini, dərin düşüncəli simasını bir də könlünə yatan məclislərdə, redaksiyadakı əlamətdar tədbir-toplantılarda seyr etmək vardı. Belə zamanlarda onun məclisi dərhal ələ almağı bacaran, ekspromt mizanlar quran bir rejissor təbində də görürdük...  

Ondan sonrakı illərdə keçirdiyimiz hər belə tədbir-toplantıda yeri görünürdü...

Yazının bu yerində əlimi klaviaturadan ayırıb ayağa qalxdım, Tahir müəllimin iş masası və kompüterinin olduğu otağa keçdim...

Ondan sonra o masa arxasında nə əyləşən oldu, nə də yazı yazan...Sanki redaksiyada muzey eksponatına çevrildi...

İndi həmin otaq sükuta qərq olub. Çünki “Mədəniyyət” redaksiyasının əməkdaşlarla, müsahib-qonaqlarla dolub-daşan dövrü də artıq keçmişdə qalıb...

***

... Tahir Abbaslının böyük jurnalist, mütəfəkkir yazar olduğunu onu tanıyanlar, yazdıqlarını oxuyanlar yaxşı bilirlər.

2022-ci ildə, mərhum həmkarımızın vəfatının ildönümündə, onun “Mədəniyyət” qəzetində dərc edilmiş bədii publisistikasından seçmələri kitab halında nəşr etdik...

Həm onu xatırlayıb, bənzərsiz yazılarından bir daha zövq almaq istəyənlər, həm də Tahir Abbaslı imzasını hələ tanımayanlar üçün...  

Tahir Abbaslı imzası, qəzet və kitab səhifələrindən savayı, bir də hər kəs üçün əlçatan olan elektron resurslarında yaşayır. O cümlədən indi səhifəsində olduğunuz bu internet ünvanında: medeniyyet.info.az-da axtarış üçün Tahir Abbaslı yazmağınız yetər...

Oxuduqca əmin olacaqsınız: o, həqiqətən də, Azərbaycan mətbuatı üçün bir ustad idi...

Allah rəhmət eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri