Peşəkar jurnalist, yurdsevər dövlət xadimi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Xalqın maariflənməsində, milli özünüdərkində əvəzsiz xidmətləri olan ziyalıların Vətən naminə gördükləri işlər qərinələr, əsrlər keçsə belə unudulmur. Bu fədakarlıq nəsillərdən-nəsillərə ötürülərək yaddaşlara həkk olunur, örnəyə çevrilir. XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixində mötəbər yeri olan söz adamı, təşkilatçı və dövlət xadimi Bağır Seyidzadənin də adı belə işıqlı şəxsiyyətlərin sırasında çəkilir.
Görkəmli ziyalı ötən əsrin əvvəllərində ölkəmizdə peşəkar jurnalistikanın təşəkkülü, mədəni quruculuq, dövlət informasiya sisteminin və tərcüməçilik məktəbinin formalaşması kimi mühüm proseslərdə yaxından iştirak etmişdir.
Maarifçi və ictimai xadim Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci ildə qədim İrəvan mahalında dünyaya göz açmışdır. Kiçik yaşlarından həyatın çətin sınaqları ilə üz-üzə qalmış, atası İrəvanda millətlərarası münasibətlərin kəskinləşdiyi 1918-ci ildə daşnakların törətdikləri qanlı hadisələr səbəbindən ailəsini Tiflisə köçürməli olmuşdu. Lakin Tiflis həyatı da Seyidzadələrə rahatlıq gətirmir, Xədicə xanımın vəfatı ailənin düzənini pozur. Anası dünyasını dəyişəndə Bağırın 12 yaşı var idi, “Əncümən” məktəbində oxuyurdu. Oğlunun dərin sarsıntı keçirdiyini görən Mirqasım kişi Tiflisdən Bakıya köçməyə qərar verir.
1925-ci ildə Bağır Seyidzadə Bakıda Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmiş, həm də fəhlə fakültəsində oxumuşdu. Bir müddət sonra isə “Kəndli” qəzetində korrektor kimi işə başlamış və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil almışdı. Ömrünü maarifçiliyə, cəmiyyətin tərəqqisinə həsr etmiş müdrik ziyalı enişli-yoxuşlu həyat yolunda peşəkar fəaliyyətə isə jurnalistika sahəsində başlamışdı. 1930-cu illərin əvvəllərində “Gənc işçi” qəzetində tərcüməçi işləyən gənc jurnalist qısa müddətdə məsul katib, sonra isə redaktor vəzifəsinə yüksəlmişdir. O, mətbuatı maarifçiliyin və ictimai fikrin formalaşdırılmasında mühüm vasitə kimi qəbul edir, yazılarında dövrün mühüm məsələlərinə toxunurdu. Məlumatın oxucuya operativ və anlaşıqlı çatdırılması, insanların maarifləndirilməsi, milli-mədəni dəyərlərin yaşadılması onun jurnalist fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi.
1941-ci ildə böyük bir qrupun tərkibində İrana gedən Bağır Seyidzadənin bilik və bacarığı, geniş dünyagörüşü həmin qrupa rəhbərlik edən görkəmli dövlət xadimi Əziz Əliyevin diqqətini cəlb etmiş, onun tövsiyəsi ilə Moskvaya, SSRİ Xarici İşlər Nazirliyinin Ali Diplomatiya Məktəbinə göndərilmiş və burada xüsusi kurs keçmişdir. Fars dilini mükəmməl bilməsi, bölgənin ictimai-siyasi mühitinə yaxından bələdliyi və jurnalist kimi qazandığı təcrübə onu diplomatik fəaliyyəti üçün böyük üstünlüklər idi.
1944-cü ildə İrana göndərilən Bağır Seyidzadə əvvəlcə Makuda, sonra Təbrizdə vitse-konsul və konsul vəzifələrində çalışmışdı. Bu, Cənubi Azərbaycanda milli özünüdərkin yüksəldiyi, siyasi proseslərin getdikcə daha da fəallaşdığı mürəkkəb dövr idi. Belə bir şəraitdə o, bölgədə sovet diplomatiyasının mövqelərini qorumaqla yanaşı, azərbaycanlı əhalinin maraqlarının müdafiəsində də fəal iştirak etmişdi.
Həmin illərin hadisələrinə şahidlik edən yazıçı Qılman İlkin Bağır Seyidzadə ilə Təbrizdəki görüşlərini belə xatırlayırdı: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.
1949-cu ildə İrana diplomatik ezamiyyətdən qayıdan Bağır Seyidzadə kinematoqrafiya naziri təyin edilmiş və 1952-ci ilədək bu vəzifədə çalışmışdır. Məhz həmin dövr Azərbaycan kinosunun inkişafında mühüm dəyişikliklərin baş verdiyi dövr kimi səciyyələnir. Kino sahəsinin ideoloji və texniki əsaslarının təkmilləşdirilməsi, istehsal prosesinin sistemli şəkildə qurulması, texniki bazanın gücləndirilməsi ilə yanaşı, sənədli və elmi-kütləvi filmlərin çəkilişinə də geniş imkanlar yaradılmış, kino yalnız ekran əsərlərinin istehsal olunduğu sahə deyil, ölkənin ictimai-mədəni həyatının mühüm istiqamətlərindən biri kimi mövqeyini möhkəmləndirmişdi.
Bakı Kinostudiyasında ekran əsərlərinin mövzu dairəsi də genişlənmişdi. O illərdə “Bakının işıqları” bədii filmi ilə yanaşı, Azərbaycanın ayrı-ayrı bölgələrinə, təbiətinə, sənayesinə, elminə və sosial həyatına həsr olunan “Böyük yol”, “Hədiyyə xalçası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Sovet Azərbaycanı”, “Azərbaycanın müalicə ocaqları”, “Elmlə dostluq şəraitində”, “Arazın sahillərində”, “Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri haqqında dastan” və digər sənədli və elmi-kütləvi filmlər çəkilmişdir.
1951-ci ildə Kann Beynəlxalq Kinofestivalında “Sovet Azərbaycanı” sənədli filmi xüsusi mükafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinin yaradıcı qrupunun bir neçə üzvünün o dövrün ən yüksək mükafatı olan Lenin mükafatına layiq görülməsi, “Dənizi fəth edənlər” filminin I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılması isə qazanılan uğurların davamı idi.
1953-cü ildə Radioinformasiya Baş İdarəsində müavin vəzifəsinə təyin olunan Bağır Seyidzadənin qarşısında daha bir mühüm bir vəzifə dayanırdı. Mərkəzi Komitə ona Poliqrafiya və Nəşriyyat İdarəsinin yaradılmasını tapşırmışdı. Bu məsuliyyətli işi də uğurla həyata keçirən Bağır Seyidzadənin rəhbərliyi ilə nəşriyyat işinin mərkəzləşdirilməsi prosesi sürətlənmiş, sahənin dövlət səviyyəsində idarə olunması üçün yeni mexanizmlər formalaşdırılmışdır.
1958-ci ildə Poliqrafiya və Nəşriyyat İdarəsinin Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə Bağır Seyidzadənin fəaliyyətində daha bir mərhələ başlamış, o, nazir müavini vəzifəsinə təyin edilmişdi. Xalq yazıçısı Qılman İlkin xatirələrində yazırdı: “Mədəniyyət sahəsindəki böyük xidmətlərinə görə 1967-ci ildə Bağır Seyidzadəyə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdi. Bu sahədəki xidmətlərinə, xeyirxah olmasına baxmayaraq, həsəd aparanları və bədxahları vardı. Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yoxdur, yarımçıq işlərini bitirmək üçün işdən sonra qalır. Gecələr isə yuxunu israfçılıq sayaraq bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. O, pulsuzluğu özünə rəva görə bilməzdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun, bu halallığa zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr gülünc səslənirdi. Orada yazılmışdı: tərcümələrinə və böyük məbləğdə qonorarlar aldığı üçün vəzifəsindən azad edilsin. Sonralar bundan xəbər tutan MK-nın birinci katibi deyəcək ki, onu işdən əbəs yerə çıxarmışlar. Bu, tarixdə görünməmiş bir əmr idi!”.
Tərcümələrində ana dilinin zəngin ifadə imkanlarından məharətlə istifadə edən B.Seyidzadənin çevirmələri dil, üslub və bədii ifadə baxımından yüksək səviyyəsi ilə seçilirdi. “Görkəmli insanların həyatı” silsiləsindən Azərbaycan dilinə çevirdiyi N.Muravyovanın “V.Hüqo”, Leopold İnfildin “Evarist Qalua”, Pestalotsinin “Seçilmiş pedaqoji görüşlər” kitabları onun zəngin tərcümə irsinin qiymətli nümunələrindəndir.
1963-cü ildən 1968-ci ilədək “Azərinform”un (indiki AZƏRTAC) sədr müavini vəzifəsində çalışan Bağır Seyidzadənin rəhbərliyi ilə milli informasiya siyasəti sistemləşdirilmiş, dövlət xəbərlərinin yayımında vahid metodoloji yanaşma formalaşmışdı. Nüfuzlu tarixçi və tanınmış dövlət qulluqçusu olan qızı Dilarə Seyidzadə atasının agentlikdəki fəaliyyəti barədə yazır: “Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri – İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə “Gənc işçi” qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Atam Vətənini, məşğul olduğu işi, doğma jurnalistikanı çox sevirdi”.
Bağır Seyidzadə maarifçi ziyalı, diplomat, sözün məsuliyyətini dərk edən jurnalist, vicdanlı və yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət kimi tanınmışdır. Sovet dönəminin mürəkkəb siyasi və ideoloji mühitində belə milli düşüncəni və xalqın mənəvi dəyərlərini qorumağa, yaşatmağa və təbliğ etməyə çalışmışdır. Jurnalistika sahəsində qələmi, dövlət xidmətində prinsipial mövqeyi, tərcüməçilikdə isə səlist dil və üslubu ilə seçilən Bağır Seyidzadənin müasir Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri əvəzsizdir. Onun adı mətbuatın intibahı, nəşriyyat işinin mərkəzləşdirilməsi, milli kinonun təşkili və informasiya agentliklərinin dövlət siyasətinə uyğun inkişaf etdirilməsi ilə bağlı islahatlarla birgə çəkilir.
Ömrün mənası özündən sonra xatırlanacaq bir iz qoymaqdır. Sadə, təvazökar insan, mehriban ailə başçısı, 56 illik qısa həyat yoluna jurnalist, tərcüməçi, diplomat, nazir ömrü sığışdırmış Bağır Seyidzadənin həyat yolu gördüyü işlərdə, Azərbaycan mədəniyyətinə və söz sənətinə verdiyi töhfələrdə davam edir.
Mehparə ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















