Peyvənd zamanı niyə həkimlər əlcək geyinmir? SƏBƏBİ AÇIQLANDI
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Peyvənd prosesində həkimlərin əlcək geyinməməsi bir çox insanlarda çaşqınlıq yaradır.
Bəziləri bunu gigiyena qaydalarının pozulması kimi qiymətləndirsə də, əslində tibbi protokollara görə peyvənd zamanı əlcək taxmaq zəruri hesab edilmir.
Bizim.Media mövzu ilə bağlı tibbi qaydaları və beynəlxalq qurumların tövsiyələrini araşdırıb.
Məlum olub ki, peyvənd inyeksiyası zamanı həkimlə pasiyent arasında qan və ya digər bədən mayeləri ilə təmas riski çox aşağı olduğundan, bu prosedurda əlcəkdən istifadə məcburi deyil.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bildirir ki, “Əlcəklər yalnız o halda tələb olunur ki, tibb işçisi qan və ya bədən mayeləri ilə təmasda ola bilər”. Yəni, adi peyvənd zamanı bu risk yaranmadığı üçün əlcək geyinməmək tibbi baxımdan tam doğrudur.
Beynəlxalq Səhiyyə Təşkilatının (ÜST) “İnyeksiya zamanı təhlükəsizlik qaydaları”na əsasən də, əgər həm tibb işçisinin, həm də xəstənin dərisi bütövdürsə və qanama riski yoxdursa, əlcək taxmaq vacib sayılmır.
Əllərin gigiyenası əsas şərtdir
Mütəxəssislərin fikrincə, burada əsas məsələ əlcək deyil, düzgün əl gigiyenasının qorunmasıdır.
Hər peyvənddən əvvəl və sonra əllərin dezinfeksiya edilməsi, inyeksiya yerinin spirtlə təmizlənməsi ən vacib təhlükəsizlik tədbiridir.
Əlcək geyinmək isə bəzi hallarda əksinə, infeksiya riskini artıra bilər. Çünki əlcək geyindiyi zaman tibb işçisi əllərini dezinfeksiya etməyə ehtiyac duymaya və ya əlcəkləri hər pasiyentdən sonra dəyişməyə bilər. Bu isə mikroorqanizmlərin ötürülməsinə səbəb ola bilər.
Bizim.Media


