Pişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlər
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Pişiklərin davranışlarını anlamaq bəzən olduqca çətin olur. Onlar da insanlar kimi narahatlıq və narazılıq hiss edə bilirlər. Lakin bu duyğuları fərqli şəkildə büruzə verdiklərindən sahibləri çox vaxt öz hərəkətləri ilə ev heyvanlarını narahat etdiklərinin fərqinə varmırlar. Mütəxəssislər pişiklərin sahiblərindən inciməsinə və onlardan uzaqlaşmasına səbəb ola biləcək üç geniş yayılmış səhvi açıqlayıblar.
Lent.az bu 3 səbəbi təqdim edir:
1. Pişiyin diqqət və sevgi istəyinə məhəl qoymamaq
Pişiklər sevgilərini özünəməxsus şəkildə ifadə edirlər. Onlar sahiblərinin ayaqlarına sürtünür, yaxınlarında oturur, yemək və ya diqqət istədikdə miyoldayırlar. Lakin insanlar bu davranışlara cavab verməyin nə qədər vacib olduğunu həmişə başa düşmürlər.
“The Dog Agency” agentliyinin nümayəndəsi Emili Sleyvenin sözlərinə görə, pişiyin sahibinə yaxınlaşması, yanında oturması və ya ayağına sürtünməsi ona güvəndiyini göstərir. Əgər sahibi bu davranışlara əhəmiyyət vermirsə və heç bir reaksiya göstərmirsə, heyvan özünü diqqətdən kənarda qalmış hiss edə bilər. Zaman keçdikcə pişik insanla ünsiyyət qurmaq cəhdlərini azalda, hətta tamamilə dayandıra bilər. Buna görə də ev heyvanı sahibini işdən qayıdarkən qarşılayırsa və ya sığallanmaq üçün pəncəsi ilə ona toxunursa, bu istəyinə diqqət yetirmək tövsiyə olunur.
2. Pişiyə qışqırmaq və onu cəzalandırmaq
Sahiblərin yol verdiyi digər geniş yayılmış səhv pişiklərə qışqırmaq və onları danlamaqdır. Pişiklər günahkarlıq hissini insanlar kimi dərk etmirlər. Onlar divanı cırmaqladıqda və ya evdəki əşyaları aşırdıqda hərəkətlərinin düzgün olub-olmadığını insan kimi qiymətləndirmirlər. Buna görə də qışqırmaq arzuolunmaz davranışın qarşısını almağa kömək etmir, əksinə, heyvanı qorxudur.
Baytar həkim Anna Hartın sözlərinə görə, fiziki cəza, pişiyin üzərinə su çiləmək və ya ona qışqırmaq heyvanda qorxu yarada bilər. Nəticədə pişik sahibindən uzaq durmağa çalışa bilər. Hətta ev heyvanı hansısa əşyanı korlasa belə, aqressiv reaksiya onunla sahibi arasındakı münasibətləri daha da pisləşdirə bilər. Mütəxəssislər xatırladırlar ki, pişiklər min illər əvvəl əhliləşdirilsələr də, vəhşi təbiətə xas bəzi instinktlərini hələ də qoruyub saxlayırlar.
3. Pişiyi həddindən artıq sığallamaq və qucaqda saxlamaq
Maraqlıdır ki, həddindən artıq diqqət və nəvaziş də pişiklərdə narahatlıq yarada bilər. Bu heyvanlar insanla ünsiyyəti dayandırmaq istədiklərini bədən hərəkətləri ilə bildirirlər. Məsələn, quyruqlarını sağa-sola sürətlə hərəkət etdirir, göz bəbəkləri böyüyür və bəzən narahat davranmağa başlayırlar. Bu əlamətlər pişiyin artıq sığallanmaq istəmədiyini göstərə bilər. Lakin bəzi sahiblər belə xəbərdarlıqlara məhəl qoymur, heyvanı sığallamağa və ya qucaqlarında saxlamağa davam edirlər. Emili Sleyven bildirir ki, pişiklər üçün insanla nə vaxt ünsiyyət quracaqlarına özlərinin qərar verməsi vacibdir.
Əgər heyvan artıq təmas istəmədiyi halda sahibi onu sığallamağa və ya qucağına almağa davam edirsə, bu, pişikdə narahatlıq yarada bilər. Zaman keçdikcə belə davranışlar onun sahibindən uzaqlaşmasına səbəb ola bilər. Pişiyin özünü rahat və təhlükəsiz hiss etməsi üçün onun istəklərinə hörmətlə yanaşmaq, ünsiyyət qurmaq istəmədikdə isə sərbəst buraxmaq lazımdır.
Pişiklərin davranışları haqqında daha nələri bilmək lazımdır?
Mütəxəssislər daha əvvəl pişiyin sahibini ailəsinin bir üzvü hesab etdiyini göstərən yeddi əlaməti də açıqlayıblar. Pişiklər adətən müstəqil və soyuqqanlı heyvanlar kimi tanınsalar da, onların insanlarla güclü emosional bağ qurmaq qabiliyyəti var. Buna görə də sahiblərin heyvanların bədən dilini öyrənməsi, onların ehtiyaclarını və duyğularını daha yaxşı anlaması vacibdir.
Baytar həkimlər pişiklərin yuxu rejiminə də diqqət yetirməyi tövsiyə edirlər. Soyuq havaların başlaması və temperaturun aşağı düşməsi ilə bəzi pişiklər daha çox yata bilərlər. Lakin mütəxəssislərin fikrincə, əsas məsələ heyvanın neçə saat yatması deyil, onun gündəlik vərdişlərində və davranışlarında nəzərəçarpacaq dəyişikliklərin olub-olmamasıdır. Pişiyin davranışında qəfil dəyişiklik, iştahasızlıq və ya qeyri-adi süstlük müşahidə edilərsə, baytar həkimə müraciət etmək məsləhətdir.
Baxış sayı:57
Bu xəbər 20 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















