Professor: Prezidentin Sərəncamı Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini hədəfləyir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncam imzalaması strateji mahiyyət daşıyan bir qərar olmaqla yanaşı, Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini hədəfləyir. Bu təşəbbüs çərçivəsində prioritetlər sırasında insan mərkəzli planlaşdırma, dayanıqlı şəhər inkişafı, şəhər funksiyalarının rasional təşkili və memarlıqda milli-mədəni identikliyin müasir dizayn yanaşmaları ilə inteqrasiyası xüsusi yer tutur. Eyni zamanda, ekoloji tarazlığın qorunması, yaşıl infrastruktur, enerji səmərəliliyi və iqlim dəyişikliklərinə adaptasiya olunan şəhərsalma modellərinin tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Bu yanaşma şəhəri yalnız fiziki məkan deyil, sosial, mədəni və ekoloji sistemlərin qarşılıqlı əlaqədə olduğu canlı urbanistik mühit kimi dəyərləndirən müasir şəhərsalma fəlsəfəsinə əsaslanır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova deyib. O bildirib ki, regionlarda memarlıq irsinin qorunması istiqamətində əsas hədəf tarixi-memarlıq mühitinin kompleks inventarlaşdırılması, mühafizə zonalarının hüquqi-status baxımından dəqiq müəyyən edilməsi və bərpa-reabilitasiya proseslərinin elmi-metodoloji əsaslar üzərində qurulmasıdır: “Burada yanaşma yalnız fərdi memarlıq abidələrinin deyil, bütövlükdə tarixi şəhər toxumasının qorunmasını və müasir funksiyalarla uyğunlaşdırılmasını nəzərdə tutur. Paralel olaraq yeni şəhərsalma konsepsiyalarının tətbiqi çərçivəsində regionlar üçün yerli coğrafi, sosial-iqtisadi və mədəni xüsusiyyətlərə uyğunlaşdırılmış baş planların yenilənməsi, ictimai məkanların inklüziv və funksional dizayn prinsipləri əsasında yenidən təşkili, nəqliyyat-logistika sistemlərinin optimallaşdırılması və mühəndis-kommunikasiya infrastrukturunun kompleks inkişafı prioritet kimi çıxış edir. Müasir memarlığın inkişafı isə innovativ layihələndirmə texnologiyaları, rəqəmsal modelləşdirmə, enerji effektiv materiallar və gənc memarların yaradıcılıq potensialının stimullaşdırılması ilə bilavasitə bağlıdır.
Sumqayıt, Gəncə və Mingəçevir kimi iri şəhərlərdə şəhərsalma və memarlıq baxımından spesifik problemlər və çağırışlar mövcuddur. Sumqayıtda əsas çağırış sovet dövründən miras qalmış sənaye şəhəri strukturunun postindustrial şəhər modeli əsasında transformasiyası, köhnə yaşayış fondunun mərhələli yenilənməsi və ekoloji reabilitasiyanın təmin edilməsidir. Gəncədə əsas vəzifə tarixi şəhər mərkəzinin memarlıq simasının qorunması ilə şəhərin genişlənməsi arasında tarazlaşdırılmış urbanistik inkişafın təmin olunmasıdır. Burada tarixi-mədəni irs zonaları ilə yeni yaşayış və ictimai məkanların funksional əlaqəsinin düzgün qurulması mühüm əhəmiyyət kəsb edir. Mingəçevirdə isə enerji şəhəri statusundan irəli gələn funksional planlama, su hövzəsi ətrafında rekreasiya və ictimai məkanların səmərəli təşkili, şəhər məkanının vizual və ekoloji keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər sırasındadır”.
Professor qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” yalnız simvolik bir təqvim ili deyil, uzunmüddətli urbanistik strategiyanın və institusional islahatların başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir: “Xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan ağıllı şəhər və yaşıl şəhərsalma modelləri ölkənin digər regionları üçün konseptual nümunə rolunu oynayır. Paralel olaraq ali təhsil və elmi-tədqiqat sahəsində həyata keçirilən təşəbbüslər, o cümlədən Dünya Şəhərsalma Forumu çərçivəsində aparılan fəaliyyətlər bu prosesin elmi-intellektual və kadr təminatını gücləndirir. Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ixtisaslaşmış ali təhsil müəssisələri bu strategiyanın həyata keçirilməsində kadr hazırlığı, elmi araşdırmalar və innovativ ideyaların formalaşdırılması baxımından aparıcı rol oynayaraq, ölkədə şəhərsalma və memarlıq mədəniyyətinin davamlı inkişafına töhfə verməyə hazırdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















