Icma.az
close
up
RU
PSJ oynadı, “Liverpul” qalib gəldi

PSJ oynadı, “Liverpul” qalib gəldi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

İkinci oyun gününün ilk matçında “İnter” Rotterdama səfər etmişdi. Pley-offda “Milan”ı mübarizədən kənarlaşdıran “Feyenoord”un Milanın digər təmsilçisi ilə oyunda sürprizə gücü çatmadı.

Maraqlıdı ki, hesab açılana qədər iki komanda ümumilikdə yalnız 0,12 xG (qol fürsəti) yarada bilmişdi. 38-ci dəqiqədə gələn ilk qol oyunun qırılma anı oldu. Türam Barellanın asmasından sonra bir toxunuşla əla zərbə ilə topu tora göndərdi. İkinci hissənin əvvəllərində fərq artdı. Bu dəfə Martines topu tirin altına sancdı. Meydan sahiblərinin oyunboyu yaxaladıqları ən real fürsət zamanı Moderin zərbəsindən sonra top tirə tuş gəldi. Qalan vaxtda yeganə yaddaqalan epizod Vellenroyterin Zelinskinin penaltisini dəf etməsi oldu.
Gecənin matçları bol qollu alınmasa da, yetərincə maraqlı keçdi. Noyabrdan bəri heç kimi uduzmayan və mükəmməl formada olan PSJ bu mövsüm üçün ÇL-in əsas favoriti qismində göstərilən “Liverpul”a çox çətin anlar yaşatdı. Paris nəhəngi əvvəldən sona qədər aşkar, hətta bəzi anlarda qorxunc üstünlüyə malik oldu. Təkcə qapıya zərbələrin sayına (27:2) nəzər salmaq kifayətdi. Amma Luis Enrikenin komandası ən vacib olanı, yəni topu rəqib qapısına göndərməyi bacarmadı. İlk yarıda Kvaratsxeliyanın qolundan sonra VAR-da cüzi ofsayd qeydə alındı. Alisson karyerasının ən yaxşı oyunlarından birini keçirərək matçı 9 seyvlə tamamladı və son 22 ilin rekordunu təkrarladı. Bu oyun bir daha göstərdi ki, qol gəlmədikdən sonra topa nəzarət və statistikadakı üstünlük heç bir əhəmiyyət kəsb etmir.
Düşünmək olardı ki, “Liverpul” belə oyunla 0:0-a artıqlamasıyla razıdı. Amma çoxlu güc sərf edən PSJ oyunun sonlarına yaxın yorulmağa başladı. “Liverpul” bundan istifadə edərək oyunboyu yaratdığı yeganə ciddi fürsəti qola çevirdi. Salahın yerinə meydana çıxan Elliot ilk topa ilk toxunuşdaca Donnarummanı məyus etdi. Bu, qonaqların oyunboyu “çərçivə”yə ilk və yeganə zərbəsi oldu! Premyer-liqanın lideri cavab oyunu ərəfəsində samballı üstünlük yaxalasa da, bu PSJ-dən hər şey gözləmək mümkündü. Hər bir seriyanın sonu olduğu kimi Xabi Alonsonun da “Bavariya”ya qarşı məğlubiyyətsiz seriyası başa çatdı. İki ildi Almaniyada və Avropada xarüqələr yaradan “Bayer-04” Alonso ilə Münhen nəhənginə qarşı keçirdiyi 6 oyunun heç birində uduzmamışdı. Amma “Bavariya” bu dəfə çox inamlı performans sərgiləyərək tək bundesliqada yox, ÇL-də də iddialı olduğunu göstərdi. Heyətlə oynamağı sevən və nədənsə “Bavariya”ya qarşı matçlarda nominal hücumçusuz oynamağa üstünlük verən Alonsonun taktikası bu dəfə özünü doğrultmadı. “Rekordmayster” Keynin başla vurduğu qol sayəsində fasiləyə üstün yollandı. İkinci hissə qonaqlar üçün kabus kimi keçdi. “Liverpul”a 0:4 hesablı məğlubiyyətdən bu yana ispaniyalı mütəxəssis ÇL-də Qradetskiyə yox, Kovarja üstünlük verir. Amma ikinci qol məhz çexiyalı qapıçının kobud səhvi üzündən buraxıldı. Bu azmış kimi çox keçmədən “Bayer-04” azlıqda qaldı. Yekun nəticəni isə penaltini dəqiq yerinə yetirən Keyn müəyyənləşdirdi. Qonaqları iki epizodda tir və dirəyin xilas etdiyini nəzərə alsaq, 0:3 hətta belə oyun üçün yaxşı nəticədi... “Barselona” ilə “Benfika”nın yanvardakı duelində qapılara 9 qol vurulmuşdusa, budəfəki oyun tam başqa ssenari ilə keçdi. 22-ci dəqiqədə qonaqların gənc müdafiəçisi Kubarsi hədsiz sərt oyuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü.
Düzdü, Lissabondakı oyun Parisdəki qarşılaşma qədər təkqapı getmədi. Amma “Benfika” da eynilə PSJ kimi yaxşı fürsətləri boşa verdi. Şçensnı həmin gün sanki qol buraxmayacağına söz vermişdi. Mükəmməl performans sərgiləyən təcrübəli polşalı qapıçı oyunu 8 seyvlə tamamladı! “Benfika”dan fərqli “Barsa”ya qol vurmaq üçün yarım fürsət də kifayət etdi. 61-cı dəqiqədə Antonio Silvanın yanlış ötürməsini ələ keçirən Rafinya bir qədər irəlilədikdən sonra qapıya zərbə endirdi. Top yolüstü Otamendiyə də dəyərək tora daxil oldu. “Benfika”nın aramsız hücumlarına baxmayaraq, komanda evdə 70 dəqiqədən çox azlıqda oynayan bir rəqiblə bacara bilmədi!
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
Feyenoord – İnter 0:2 (0:1)

Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Mitçell, Beelen, Hantsko, Bueno, Moder, Small, Hac Mussa, Payşao, Osman, Karransa (Ueda, 59).
İnter (Milan, İtaliya): X.Martines, Dyumfris, Pavar, De Vrey (Bissek, 72), Açerbi, Bastoni, Zelinski, Asllani (Hakan Çalhanoğlu, 81), Barella (Frattezi, 72), Türam (Taremi, 62), L.Martines (Arnautoviç, 81).
Qollar: Türam, 38 (0:1). L.Martines, 50 (0:2).
65-ci dəqiqədə Zelinski penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Mitçell, 68. Vellenroyter, 71. Bastoni, 74. Osman, 76. Arnautoviç, 90+6 – sarı.
Hakim: Espen Eskos (Norveç).
5 mart. Rotterdam. 43789 tamaşaçı.
PSJ – Liverpul 0:1 (0:0)
PSJ (Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Vitinya, Neveş, Ruis (Zair-Emeri, 78), Kvaratsxeliya (Ramoş, 78), Barkola (Due, 66), Dembele.
Liverpul (İngiltərə): Alisson, Aleksander-Arnold, Konate, Van Diyk, Robertson, Makkalister, Qravenberx (Endo, 79), Salah (Elliot, 86), Soboslai, Dias (Cons, 67), Jota (Nunyes, 67).
Qol: Elliot, 87.
Vərəqələr: Markinyos, 38. Van Diyk, 70 – sarı.
Hakim: Davide Massa (İtaliya).
5 mart. Paris. 47511 tamaşaçı.
Bavariya – Bayer-04 3:0 (1:0)
Bavariya (Münhen, Almaniya): Noyer (Urbiq, 58), Laymer (Stanişiç, 58), Upamekano, Kim Min Ce (Dayer, 89), Devis, Kimmix, Qoretska (Palyinya, 89), Olise, Musiala, Koman (Sane, 68), Keyn.
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Mukiele, Ta, Ermoso, İnkapye, Palasios, Caka (Qarsiya, 81), Frimponq (Artur, 81), Virts (Şik, 81), Qrimaldo (Buendia, 87), Adli (Tapsoba, 68).
Qollar: Keyn, 9 (1:0). Musiala, 54 (2:0). Keyn, 75-p. (3:0).
Vərəqələr: Laymer, 39. Mukiele, 39. Qoretska, 51. Tapsoba, 73. Ta, 74 – sarı. Mukiele, 62 – qırmızı (ikinci sarı).
Hakim: Maykl Oliver (İngiltərə).
5 mart. Münhen. 75000 tamaşaçı.
Benfika – Barselona 0:1 (0:0)
Benfika (Lissabon, Portuqaliya): Trubin, T.Arauxo (Dal, 57), A.Silva, Otamendi, Fernandes, Eursnes, Barreyro (Belotti, 70), Orkun Kökçü (Sanşeş, 84), Kərəm Aktürkoğlu, Şelderup (Reqo, 70), Pavlidis (Kabral, 84).
Barselona (İspaniya): Şçensnı, Kunde, Kubarsi, İ.Martines, Balde, Pedri, De Yonq (Kasado, 79), Yamal (Torres, 56), Olmo (R.Arauxo, 28), Rafinya, Levandovski (Martin, 78).
Qol: Rafinya, 61.
Vərəqələr: Barreyro, 45. İ.Martines, 45+2. A.Silva, 45+5. Reqo, 90+1 – sarı. Kubarsi, 22 – qırmızı.
Hakim: Feliks Svayer (Almaniya).
5 mart. Lissabon. 62437 tamaşaçı.
Bombardirlər: Girassi (Borussiya D) – 10, Levandovski, Rafinya (hər ikisi “Barselona”), Keyn (Bavariya) – 9.
Faktlar
* “Barselona”lı Kubarsi 18 yaş 42 günlüyündə meydandan qovulmaqla XXI əsrdə ÇL matçında qırmızı vərəqə alan ən gənc futbolçu oldu. Turnirin tarixində isə yalnız 1994-cü ildə “Anderlext”in heyətində Selestin Babayaro daha gənc yaşında (16 yaş 86 gün) qırmızı vərəqə alıb.
* Noyer ÇL-də yubiley – 150-ci oyununu keçirdi. O, bunların 138-ni “Bavariya”nın, 12-ni “Şalke-04”ün heyətində keçirib. Noyer bunların 61-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 138 qol buraxıb.
* Keynin aktivində ÇL-də 38 qol, 10 məhsuldar ötürmə var. O, bu göstəricidə 48 bal toplamaqla Ueyn Runini geridə (47) qoydu və turnirin tarixində ingiltərəli futbolçular arasında 2-ci pilləyə yüksəldi. Siyahıya Devid Bekhem (52) başçılıq edir.
* Keyn ardıcıl 30-cü penaltini dəqiq yerinə yetirdi! O, bunlardan 21-ni “Bavariya”, 6-nı İngiltərə yığması, 3-nü “Tottenhem”in heyətində vurub. Keyn sonuncu dəfə DÇ-2022-nin 1/4 finalında Fransa ilə oyunda penalti qaçırıb.
* “Liverpul” bu mövsüm “böyük beşlik”də yer alan 5 ölkədən 4-nün çempionlarına qarşı keçirdiyi 4 oyunun hamısından qələbə ilə ayrılıb! Özü də komanda bu oyunlarda 11 qol vurduğu halda öz qapısından top buraxmayıb! Fransa çempionu PSJ-dən başqa “Liverpul” bu mövsüm iki dəfə İngiltərə çempionu “Mançester Siti”ni (2:0, 2:0), eləcə də İspaniya çempionu “Real”ı (2:0) və Almaniya çempionu “Bayer-04”ü (4:0) məğlub edib.
* Alisson “Liverpul”un heyətində ÇL-də 22-ci “quru” oyununu keçirdi. O, Pepe Reynanı (21) geridə qoyaraq klub tarixində ÇL-də ən çox “quru” oyun keçirən qapıçıya çevrildi.
* PSJ-nin 22 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (18 qələbə, 4 heç-heçə). Komandanın son 10 məğlubiyyətindən 9-u ÇL-də qeydə alınıb!
* Lautaro Martines “İnter”in heyətində ÇL-də 53-cü oyunda 18-ci qolunu vurdu. Bununla da o, əfsanəvi Sandro Matsolanı (38 oyun, 17 qol) geridə qoyaraq klub tarixinin ÇK/ÇL-də ən məhsuldar oyunçusuna çevrildi. Bu siyahıda 3-cü pillədə Adriano (26 oyun, 14 qol) qərarlaşıb.
* “İnter” bu mövsüm ÇL-də keçirdiyi 9 oyunun 8-də, yəni 88,9 faizində qol buraxmayıb. ÇL tarixində bir mövsümdə ən azı 5 oyun keçirən klublar arasında heç kimin bu cür göstəricisi olmayıb.
* Van Persi 1978-ci ildən bəri “Feyenoord”un başında çıxdığı ilk iki rəsmi oyunda qol sevinci yaşamayan ilk məşqçidi! 47 il öncə bu hal çexiyalı Vatslav Yejekin başçılığı altında yaşanmışdı.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Çox ədalətsiz bir nəticə oldu. ÇL-də bu mövsüm ən parlaq oyunlarımızdan birini keçirdik. Həm müdafiədə, həm də hücumda əla təsir bağışladıq. Alisson “Liverpul”un ən yaxşı oyunçusu oldu və bu məqam çox şeydən xəbər verir. “Liverpul”u bəlkə də bu mövsüm bu qədər təzyiqdə saxlayan komanda olmamışdı. Oyunçularımla fəxr edirəm. Futbol bəzən ədalətsiz olur. Barkolanın epizodunu şərh etmək istəmirəm. Bu oyun geridə qaldı. Artıq cavab oyunu barədə düşünməliyik. Ümidsizliyə qapılmaq üçün bir səbəb görmürəm. Paltardəyişmə otağında hər kəs üzgün idi. Onlara dedim ki, başınızı qaldırın və üzülməyin. “Enfild”də artıq itiriləsi bir şeyimiz olmayacaq. Geridönüş üçün əlimizdən gələni edəcəyik”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Oyundan öncə də demişim ki, bu, meydanda dominantlıq edə bilməyəcəyimiz oyunlardan biri olacaq. PSJ müəyyən mənada “Mançester Siti”yə bənzıyir. Parislilər də topa nəzarət etməyi xoşlayırlar və təkbətək mübarizələrdə çox təhlükəli vingerlərə sahibdilər. Komandama yönəldə biləcəyim əsas irad əks-hücumlardan lazımi səviyyədə istifadə edə bilməməyimiz oldu. Çünki 5-6 dəfə əks-hücuma çıxaraq rəqibi müdafiədə azlıqda yaxaladıq. Amma hər dəfə hücumun sonluğunu düzgün qura bilmədik. Bəlkə də bu, yorğunluqla bağlı idi. Çünki müdafiədə bizə çox güc düşdü. Artıq hücuma tam qüvvə ilə çıxa bilmirdik. Qalib gəlsək də, nəticə oyunun axarını əks etdirmir. Əminəm ki, PSJ cavab oyununda da belə futbol sərgiləməyə can atacaq”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Bizim üçün mövsümün ən önəmli oyunlarından biri idi. İnanıram ki, mərhələləri adlayaraq hər dəfə bu cür önəmli oyunlara çıxacağıq. Bu gün çox inamlı təsir bağışladıq və mövsümün həlledici dönəminə tam hazır olduğumuzu göstərdik. Meydanda çox şeyi düzgün etdik. Zatən başqa cür “Bayer-04” kimi güclü rəqibi yenmək mümkün deyil”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Bu gün sanki hər şey bizim əleyhimizə, “Bavariya”nın isə lehinə oldu. İkinci qol, qırmızı vərəqə, penalti... Amma günah özümüzdədi. Oyuna nəzarət edə bilmədik. Ən əsası çox kobud səhvlərə yol verdik. Bu, bizim üçün ciddi zərbədi. Bu nəticə ilə barışmaq üçün bizə bir neçə gün lazım gələcək. Bu cütdə hələ nöqtə qoyulmayıb. Qarşıda hələ 90 dəqiqə də var. Futbolda inanılmaz geridönüşlərin çox şahidi olmuşuq. Biz də buna can atacağıq”.


Bruno Laje, “Benfika”nın baş məşqçisi: “

Artıq 20-ci saniyədə hesabı aça bilərdik. Əvvəldən sona qədər üstünlüyə malik olduq və bir çox fürsətlər yaxaladıq. Nəticə belə olmamalıydı. Ancaq bu duelin yalnız bir hissəsi geridə qalıb. Bugünkü oyunumuzun yaxşı tərəflərini düşünməli, toparlanmalı və Barselonaya böyük ümidlə yollanmalıyıq. “Barsa” azlıqda qaldıqda sonra cinahlardan daha çox istifadə etməyə başladıq. Onların vingerlərinin geri qayıtmasına nail olmaq istəyirdik. Məğlubiyyətə baxmayaraq, ambisiyalarımız böyükdü”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Komandamla fəxr edirəm. Azlıqda qalandan sonra da əla oynamaqda davam etdik. Qapıçımız bu gün çox yaxşı performans sərgilədi. Komanda şəklində əla müdafiə olunduq”.


Robin van Persi, “Feyenoord”un baş məşqçisi:

“Matçın əvvəlini yaxşı keçirdik. Ümumiyyətlə, ilk yarıdakı oyunumuzdan razı qaldım. Sadəcə, rəqibə təzyiq göstərməyimizə baxmayaraq, real şans yaxalaya bilmədik. Təəssüf ki, “İnter” yaxaladığı ilk ciddi fürsətdəcə qapımıza qol vurdu. Türam yüksək səviyyəli forvard olduğunu bir daha göstərdi. İkinci qolu isə çox tez buraxdıq. 0:2-dən sonra özümüzə və qələbəyə olan inamı itirdik”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Futbolçularım yüksək ustalıq nümayiş etdirdi. Bu stadionda oynamaq heç də asan deyil. Bizi dəstəksiz qoymayan fanatlarımıza təşəkkür edirəm. Bəzi anlarda geri çəkilməli və dözməli olduq. Amma lazımi məqamda komanda şəklində düzgün oynadıq. Bu gün üçün xoşbəxtəm. Amma cavab oyununda bizi hansı çətinliklərin gözləyəcəyini bilirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see619

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see523

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see470

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see440

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see355

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see343

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see325

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see260

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see241

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see238

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see223

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see203

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri