Qalib Azərbaycan modeli: sülhə sadiqlik, güclü ordu strategiyası...
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Prezident İlham Əliyev: Sülh olması üçün güclü olmalısan
Ötən il 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin beşinci ildönümü tamam oldu. Azərbaycan bu müharibənin qalib tərəfi olsa da, düşməni qısa müddətdə tam kapitulyasiyaya məruz qoysa da, ordu quruculuğu dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi qalır. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində ölkə gündəliyinin ən mühüm məsələlərinə diqqət çəkib. Dövlət başçısısnın vurğu etdiyi kimi, silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması da strateji hədəflər sırasında yer alır ki, bu da təsadüfi deyil. Çox doğru olaraq ordunun möhkəmləndirilməsi indiki mərhələdə ölkəmizin yeni təhlükəsizlik arxitekturasının çox vacib elementi kimi dəyərləndirlir.
Azərbaycan müharibəni udsa da, arxayınlaşmadı
Ötən beş ildə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində bir sıra mühüm hadisələr baş verib və 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri tərəfindən yekun sülh sazişi paraflanıb, həmçinin bir sıra digər razılaşmalar əldə olunub. Beləliklə, tənzimləmə prosesində yeni mərhələ başlayıb. İndi təxminən otuz il ərzində müharibə təhdidləri ilə üz-üzə qalan Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxındır.
Hər kəsə bəllidir ki, sülh prosesinin məntiqi sonluğa doğru irəliləməsi ilk növbədə Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olub. Məhz qalib Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatandan sonra 5 bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə ünvanladı və sonra da davamlı səylər göstərməklə prosesin irəliləməsinə nail oldu.
Eyni zamanda, respublikamız ötən beş ildə sülhə möhkəm sadiqlik nümayiş etdirməklə paralel şəkildə, ordusunun möhkəmləndirilməsi qayğısına da qalıb. Bunu açıq şəkildə bəyan edən Prezident İlham Əliyev “Bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq. Mən şanlı Zəfərimizdən dərhal sonra demişəm ki, biz arxayınlaşmamalıyıq, həyatımızı bu Qələbəni bayram etməyə həsr etməməliyik”, - deyə vurğulayıb.
Sülh şəraiti və güclü ordu quruculuğu ilk baxışda ziddiyyətli təəssüratlar yaradır. Ancaq regiondakı və dünyadakı reallıqları nəzərə aldıqda bunun nə qədər zəruri olduğu barədə konkrret təsəvvür yaranır. Prezident İlham Əliyev dünyanın hazırkı narahatlıq doğuran mənzərəsinə xüsusi diqqət çəkib. Vurğulandığı kimi, bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Dünyadakı hazırkı vəziyyət milli dövlətlər üçün çağırışlar yaradır.
Digər tərəfdən isə Ermənistanda İkinci Qarabağ müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrini qəbul etməyən qüvvələr var. Ermənistanda həm iqtidarda, həm də müxalifət daxilində olan həmin qüvvələr revanşizm əhval-ruhiyyəsindədirlər və çox aqressiv çağırışlar edirlər. Eyni zamanda, Ermənistan yenə də silahlanma yolu tutub. Sual olunur: Əgər bu ölkə sülh açıqlamalarında səmimidirsə, onda nə üçün Hindistandan, Fransadan ardıcıl olaraq silahlar alınır? Bu silahların Azərbaycana tuşlana biləcəyinə heç bir şübhə yoxdur. Unutmaq olmaz ki, məhz 2022-2023-cü illərdə görülən ölçülü və məqsədyönlü hərbi-siyasi tədbirlər Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına və separatizmin tam aradan qaldırılmasına gətirib çıxarıb. Həmin illərdə məğlub Ermənistanın davranışlarına diqqət çəkən Prezident İlham Əliyev deyib: “Mina tədarükü, hərbi qulluqçuların rotasiyası, ordunun maliyyələşdirilməsi, silah tədarükü - bütün bunlar Qarabağın rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust olmazdı. İndiyədək heç bir sülh də olmazdı və separatçılar bu günədək özlərini qorunmuş hiss edərək və Azərbaycan dövlətinə meydan oxuyaraq sərbəst hərəkət edərdilər”.
Biz nə qədər sülh təşəbbüslərindən çıxış etsək də, keçmişin dərslərini də heç vaxt unutmamalıyıq. Qalib Azərbaycan öz niyyətini bəyan edib. Dövlətimizin başçısı ölkəmizin müharibə səhifəsini bağladığını və gələcəyə baxmaq əzmində olduğunu dəfələrlə ən müxtəlif tribunalardan diqqətə çatdırıb. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində indiki şəraitdə daha müasir ordu quruculuğunun yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından zəruri olduğunu əsaslanırıb. Qalib Azərbaycan Ordusunu hansısa bir qonşu dövlətə qarşı hücum məqsədilə gücləndirmir, bunu reallıqları nəzərə almaqla ölkənin müdafiəsini daha etibarlı şəkildə qurmaq məqsədilə edir. Müharibənin nə demək olduğunu Azərbaycan xalqı otuz il ərzində öz taleyində yaşayıb. Təxminən bir milyon soydaşımız Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində başladdığı işğalçılıq siyasətinə görə ev-eşiyindən məhrum qalıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu ədalətsiz müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb və 11 min kvadratkilometrdən çox ərazidə hər şey erməni vandalları tərfindən vəhşicəsinə dağıdılıb. Biz dünyanın gözü qarşısında humanitar fəakətlə üzləşmişdik, cəzasız qalan Ermənistan isə yeni ərazilər ələ keçirmək iddiaları səsləndirirdi. “..Müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə, sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Bakıda möhtəşəm hərbi parad - şanlı Zəfərin rəmzi və yeni reallığın nümayişi
Ötən il yaşanan digər bir mühüm hadisə isə Azərbaycanın şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm parad oldu. Parad təkcə Qələbənin rəmzi deyildi, həm də yeni bir reallığın nümayişi idi. Parad Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutdu. Azadlıq meydanından keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER”, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri, silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “SKİF” raket kompleksi, “BTR-82A” zirehli transportyorları, “PDM-3” Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirdi.
Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”, “İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket komplekslərinin keçidi oldu. Paradda silahlanmaya yeni qəbul edilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi nümayiş olundu. Həmçinin İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları və digər insansız vasitələri təqdim edildi. Bir sözlə, hərbi paradda ordu birləşmələrinin nümunəvi keçidləri, nümayiş olunan hərbi texnika qalib Azərbaycanın ötən beş ildə keyfiyyətcə yeni bir ordu formalaşdırdığını əyani şəkildə təsdiqlədi. Parada ordumuzun silahlanmasına cəlb olunan yeni texnikanın məlum səbəblərə görə yalnız bir hissəsinin nümayiş etdirildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir”.
Postmüharibə dövründə Ordumuzun gücləndirilməsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apardı. Döyüşlərdə yeni yanaşmaların, innovasiyaların tətbiqi və əlbəttə ki, şəxsi heyətin yüksək vətənpərvərliyi böyük Qələbəni təmin etdi. Azərbaycan postmüharibə dövründə ordu quruculuğunu İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla həyata keçirir. Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah-sursatla təminatı yenə də əsas vəzifələrdən biridir.
Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir. Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir, çevikliyi ilə fərqlənir.
Mübariz ABDULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















