Qarabağ Dirçəliş Fondunun sədri: Minatəmizləmə sahəsində beynəlxalq sənədli film hazırlayırıq
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan üzərinə heç bir öhdəlik götürmədən könüllü şəkildə Ottava Konvensiyasının, demək olar ki, bütün tələblərini yerinə yetirir. Bosniya, Laos və digər ölkələrdən fərqli olaraq, demək olar ki, Azərbaycana heç bir beynəlxalq institut və təşkilat tərəfindən ciddi maliyyə ayrılmır. 95%-dən artıq bütün xərclər bizim öz hesabımıza baş tutur".
Oxu.Az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
O qeyd edib ki, Qarabağın dirçəlişi ən müasir, ən innovativ standartlar əsasında həyata keçirilir: "Biz müxtəlif sahələrdə bunun şahidiyik. Məsələn, beynəlxalq hava limanlarının inşasını qeyd edə bilərəm. Hava limanlarının inşası dünyada olmayan bir sürətlə həyata keçirilmişdi".
R.Hacıyev vurğulayıb ki, hazırda Qarabağda minatəmizləmə sahəsində həyata keçirilən işlər bəlkə də dünyada presedenti olmayan bir sürət və yanaşma ilə icra edilir: "Bu yaxınlarda Azərbaycan Minatəmizləmə Agentliyi ilə birgə təqdim edəcəyimiz yeni layihə çərçivəsində minatəmizləmə sahəsində beynəlxalq sənədli film hazırlayırıq. Bu film Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanır.
Film çərçivəsində bizim yaradıcı heyət Azərbaycanın Qarabağ bölgəsində Laos, Kolumbiya, Bosniyada minatəmizləmə əməliyyatları ilə tanış olublar. Bu işləri həyata keçirən dövlət qurumları, qeyri-hökumət təşkilatları minatəmizləmə üzrə ekspertlərlə, mina qurbanı olmuş şəxslərin ailə üzvləri ilə görüşlər keçiriblər".
"Qarabağın dirçəlişi bizim üçün böyük bir fürsətdir. Bu gün Qarabağ bizim üçün innovasiyalar poliqonudur. İlk dəfə "ağıllı kənd", "ağıllı şəhər" ifadələrini Qarabağda eşitdik. Qarabağda müəyyən testdən keçən yanaşmalar Azərbaycanda digər sahələrdə də tətbiq olunmağa başlayıb", - deyə R.Hacıyev əlavə edib.
Məhərrəm Əliyev


