Icma.az
close
up
RU
Qarabağ qazisi, doqquzqat Avropa çempionu

Qarabağ qazisi, doqquzqat Avropa çempionu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Onun yarımçıq döyüş yolu güc yarışlarında qələbələrlə davam edib

Azərbaycan paralimpiya idmanının simvoluna çevrilmiş İlham Zəkiyev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmiş, dəfələrlə çempion adına layiq görülmüşdür. Qazandığı uğurlar heç də asan başa gəlməyib. Həyatın ağır sınaqlarından çıxaraq, Azərbaycan cəmiyyətində xüsusi hörmət, ehtiram qazanmışdır.

İlham hələ uşaq yaşlarından prinsipiallığı ilə həmyaşıdlarından fərqlənir. Sumqayıt məktəbliləri arasında xüsusi ad-sana malik gələcək çempion 15 yaşında peşəkar idmanla məşğul olmağa başlayır.

İlham idmana gəlişini belə xatırlayır: “İdmana həvəs qardaşım Fikrətdən yarandı. O, güləşlə məşğul olurdu. 1995-ci ildən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başladım. Çox qısa müddət ərzində uğurlara imza atdım. Sumqayıt şəhərində keçirilən yarışda qalib gəldim. Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyində yer tutdum. Sambo üzrə yeniyetmələr arasında isə respublika çempionu oldum”.

1996-cı ildə cüdo üzrə təsnifatı keçə bilməyən İlham yığmanın heyətində yer almır. 1998-ci ilin iyun ayında isə Azərbaycan kubokunun qalibi olur. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırsa da, getmək müyəssər olmur. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılır.

1999-cu il fevralın 4-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmənin snayper gülləsinə tuş gəlir. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxır. Beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirirlər. Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib özünə gəlir. Anasının “İlham, oğlum, ayıl” çağırışına “Ana, mənə soyuqdur, üstümü ört” deməklə reaksiya verir. Ölümün pəncəsindən xilas olan İlham ayılanda başa düşür ki, bir daha bu işıqlı dünyanı görməyəcək. 19 yaşında görmə qabiliyyətini itirməsi onu çətin vəziyyətə salır. Evə I qrup Qarabağ müharibəsi əlili kimi qayıdır.

Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. 2002-ci ildə Gənclər və İdman Nazirliyinin xətti ilə müalicə almaq üçün Moskvaya gedir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışlara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər. O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayır.

2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxır. Püşkatmaya görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışır və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olur. Buna baxmayaraq, İlham təsəlliverici görüşdə bürünc medalla kifayətlənir və 2004-cü ildə Afina Paralimpiya Oyunlarına vəsiqə qazanır.

İlham Zəkiyev Afinada Azərbaycanı təmsil edən yeganə cüdoçu idi. Onun Afinada ilk qarşılaşdığı idmançı Kvebekdəki yarışmada məğlub olduğu kubalı dünya çempionu olur. 1 dəqiqə 40 saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala yüksəlir. Yarımfinalda İspaniyadan olan idmançını 37 saniyə ərzində məğlub edir. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə 1 dəqiqə 2 saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları Çempionu olur.

İlham deyir: “İdman həyatımın ayrılmaz hissəsidir. Tatami üzərində mən yalnız rəqiblə deyil, eyni zamanda, özüm və taleyimlə mübarizə aparıram. Əsas məqsədim ölkəmi layiqincə təmsil eməkdir”.

Gündəlik həyatında İlham özünü hər zaman inkişaf etdirməyə, fərqli sahələrdə yeni biliklər qazanmağa, oxumağa, motivasiyaedici seminar və tədbirlərdə iştirak etməyə üstünlük verir. O, insanlarla ünsiyyətdə açıqlığı, pozitivliyi və səmimiyyəti ilə seçilir. Hər bir insanla dost kimi davranır, hamının fikrinə hörmətlə yanaşır. İlham təbiəti və gəzintiləri çox sevir, Azərbaycanın müxtəlif bölgələrində təbiət qoynunda olmaq, yeni insanlarla tanışlıq və həyat hekayələri dinləmək onun üçün xüsusi dəyər daşıyır.

İlham Zəkiyevin həyatı boyunca qarşılaşdığı çətinliklər onu nəinki ruhdan salıb, əksinə, daha dözümlü, mərhəmətli və anlayışlı insana çevirib. O, əlilliyi olan insanlar və müxtəlif sosial qruplarla işləməyi, onlara dəstək olmağı mənəvi borc hesab edir. Öz şəxsi təcrübəsini bölüşərək, “İnsan üçün ən böyük qələbə, məğlubiyyətdən güc tapmaq və heç vaxt təslim olmamaqdır”, – deyir.

İlham başına gələn bir əhvalatdan da söz açır. Qeyd edir ki, cüdoçularımız “London 2012” Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Antalyada olarkən, iki dünyaşöhrətli azərbaycanlı tatami ustasının iştirakı ilə baş verən həmin əhvalat idmançılar arasında kifayət qədər məşhurdur. Belə ki, adəti üzrə, olimpiyaçılarla birgə təlim-məşq toplanışında iştirak edən paralimpiya çempionu İlham Zəkiyev yorucu məşqdən sonra birbaşa köməkçisi ilə birgə qaldığı otel otağında istirahət edir. Uzun müddət ondan səs-soraq çıxmamasından narahatlıq keçirən heyətin üzvü Elnur Məmmədli məşq yoldaşını yoxlamaq niyyəti ilə yuxarı qalxıb otağın zəngini basır. Qapının İlhamın elə özü tərəfindən açıldığını, üstəlik, otağın işıqsız olduğunu gördükdə, olimpiya çempionu təəccübünü gizlədə bilməyərək soruşur:

– Ay İlham, axı, qaranlıqda qapını necə açdın?

– Mən qaranlıqda iki olimpiada udmuşam, qardaş, sən isə bir qapının açılmasına təəccüblənirsən…

Ötən il sentyabrın 20-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında da İlham qızıl medal qazanıb. Həmin tarix İlham üçün 2 əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, Yunanıstanda keçirilən “Afina-2004” Yay Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazanıb. Gürcüstandakı qələbəsi isə Azərbaycanda Dövlət Suverenliyi Gününün qeyd olunmasına təsadüf edib. İlham bu möhtəşəm qələbəsini Azərbaycan xalqına, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Vətən müharibəsi şəhidlərinə və qazilərə həsr edib.

İlham, həmçinin ötən ilin sentyabrından Azərbaycan İdman Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 2025-ci ildə müəllifi olduğu “Təlim-məşq toplanışlarının təşkili” adlı metodik vəsait və “Məşqçinin əxlaq kodeksi” adlı metodik göstəriş işıq üzü görüb. Vəsait idman sahəsində çalışan əməkdaşlar, məşqçilər, idmançılar, toplanış iştirakçılarını qəbul edən təşkilatların əməkdaşları və oxucu kütləsi üçün nəzərdə tutulub.

İlham Zəkiyev 2 dəfə “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Vətənə xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli orden, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib, Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına və “Əməkdar idman ustası" adına layiq görülüb. İkiqat Paralimpiya Oyunları, üçqat dünya və doqquzqat Avropa çempionu, Əməkdar məşqçi, 7-ci dan sahibidir.

O, beynəlxalq yarışlarda qazandığı qələbələrlə Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırmışdır. Onun üçün qələbə təkcə idman uğuru deyil, həm də Vətənə xidmətdir. Nailiyyətləri ilə ölkəmizin idman nüfuzunun artmasına mühüm töhfə vermişdir. Qazandığı medallar yalnız şəxsi uğuru deyil, həm də Azərbaycan paralimpiya idmanının inkişafının göstəricisidir. Bu nailiyyətlər gənc idmançılar üçün nümunədir və cəmiyyətdə sağlam həyat tərzinin təbliğinə xidmət edir.

İlham Zəkiyev son olaraq Azərbaycan idmançılarını əlamətdar gün münasibətilə təbrik edərək, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanmasını arzuladı. Növbəti yarışda – 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək və çempion olmaq əsas hədəfidir. Uğurlar olsun!

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri