Icma.az
close
up
RU
Qarabağ şikəstəsi nə vurğun sənətkar

Qarabağ şikəstəsi nə vurğun sənətkar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tofiq ABDULLAYEV,
Yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

...1950-ci illərin söhbətidir. O vaxt Kürdəmirdə kiçik bir mədəniyyət evi, yanında da sadə yay klubu vardı. Yerli sənətkarlar buraya yarızarafat "konservatoriya" deyirdilər. Rayonun az-çox tanınmış aşıq və xanəndələri, tar-kaman ifaçıları və başqaları tez-tez bu məkanda toplaşar, məşq üçün çalıb-oxuyardılar. Xanəndə Əliyusif Qəniyevi, aşıqlardan Pirməmmədi, Şakiri, Əhmədi, Mirzə Bilalın oğlu Ağaları burada tez-tez görmək olardı.

Növbəti məşqlərdən birində görürlər ki, yeniyetmə bir oğlan giriş qapısına söykənib ifaçılara maraqla tamaşa edir. Həmin oğlan aşıq Şakirin də diqqətini çəkir. Şakir oğlanı səsləyir: - A bala, orada niyə dayanmısan, bir yaxın gəl, görək kimsən, nə istəyirsən? - Sonra da gülümsər halda sözünə əlavə edir. - Deyəsən, sənin də çalıb-oxumağa həvəsin var, ona görə belə maraqla baxırsan...

Oğlan Şakirin mehribanlığından ürəklənib deyir: - Bəli, həvəsim var, mən də oxumaq istəyirəm.

Bu vaxt xanəndə Əliyusif Qəniyev tarçalan Ələddinə üz tutub deyir: - Bir "Segah" çal. "Segah" muğamların anasıdır, onu yaxşı oxuya bilsə, bu oğlandan xanəndə olacaq.

Ələddin başlayır çalmağa, oğlan da oxumağa. Səsi, oxumağı, boğaz xırdalıqları eşidənlərin xoşuna gəlir. Adını soruşurlar. Deyir, adım Eynulladı, özüm də Şüşün kəndindənəm...

Aşıq Şakir və sənət yoldaşları Eynullaya məsləhət görürlər ki, tez-tez məşqlərə gəlsin, oxuyub-çalanlara qaynayıb-qarışsın. Belə də olur. Burada oxuyub püxtələşən gənc Eynulla bir müddətdən sonra aşıq Şakirin dəstəsinə qoşulur...

Beləliklə, o vaxtdan Eynulla Cəbrayılovun sənət yolu başlanır. Əslində bu yol daha əvvəldən, Eynullanın balaca yaşlarından başlamışdı. Hələ uşaq ikən onun səsi kəndlərinin lap yanından axıb gedən Kür sahilindən, sahil boyunca uzanan bağ-bağatlardan, tut yediyi ağacın budaqlarından pərvazlanmışdı. Bu yerlərdə gəzib dolana-dolana oxuyan balaca Eynullanın zil səsi Kür sularında əks-səda verərək gedib kəndə çatırdı.

Eynullanı kənd məktəbinin tədbirlərində, hətta yeri gələndə, kənd toylarında oxudub ifalarından həzz alırdılar.

Beləliklə, Eynulla kənd camaatının nəzərində gələcəyin xanəndəsi kimi böyüyürdü.

lll

...Eynulla Cəbrayılov 1935-ci ildə Kürdəmir rayonunun Şüşün kəndində dünyaya gəlmişdi. Atasının qəfil ölümündən bir neçə ay sonra doğulan Eynullanın uşaqlıq illəri çox ağır keçib. Bir tərəfdən müharibə, o biri tərəfdən də yetimlik onun həyatında ağır izlər qoymuşdu. Buna görə də kənd məktəbində bir neçə sinfi oxumaqla kifayətlənmiş, az yaşında çörək dalınca getməyə, ailəni dolandırmağa məcbur olmuşdu. Bu yolda Allah vergisi olan səsi, fitri istedadı onun dadına çatmış, karına gəlmişdi.

Eynulla Cəbrayıov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət evində çalışıb. Eyni zamanda respublikanın muğam-musiqi həyatında yaxından iştirak edib. 1956-57-ci illərdə Azərbaycan gənclərinin I və II yaradıcılıq festivallarının iştirakçısı olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının Konsert-qastrol Birliyində çalışıb.

90 yaşlı həmsöhbətim, uzun illər Ağsu rayon Veteranlar Təşkilatının sədri olmuş Cəmaləddin kişi deyir:

- 1961-ci ildə radioda respublika üzrə bədii özfəaliyyət kollektivlərinin konserti təşkil olunmuşdu. Həmin konsertdə Eynulla "Kimdən öyrəndin?" mahnısını oxudu, çox gözəl də oxudu, Kürdəmir rayonunu layiqincə təmsil elədi. Elə o vaxtlardan istedadlı ifaçı kimi tanındı...

Cəmaləddin kişinın sözünə qüvvət olaraq deyim ki, "Sevgilim, sən maral kimi" misrası ilə tanınmış həmin mahnını, mən bilən, ilk dəfə Eynulla oxuyub, daha doğrusu, Eynulla yaradıb:

Sevgilim, sən maral kimi

Süzməyi kimdən öyrəndin?

Ay qabağa siyah teli

Düzməyi kimdən öyrəndin?

Kəklik kimi qayalarda,

Ceyran kimi səhralarda

Sona kimi dəryalarda

Üzməyi kimdən öyrəndin?

Bu mahnı 65 ildən çoxdur ki, radionun "Qızıl fond"unda saxlanılır. İndinin özündə də elə bir toy məclisi, el şənliyi yoxdur ki, Eynullanın bir vaxt sənət möhürü vurduğu həmin mahnı orada səslənməsin.

Təkcə adını çəkdiyim mahnı deyil, Eynullanın ifasında "Qızıl fond"da onlarla mahnı və təsnif, eləcə də üç muğam dəstgahı var.

Eynulla Cəbrayılov həm aşıq Şakirlə birlikdə və həm də ondan ayrılıqda Bakının, Abşeronun bir çox kəndlərinin toylarında xanəndə kimi iştirak etmişdi. O, ayrı-ayrı rayonlarda da yaddaqalan toylar aparmışdı. Hətta Orta Asiya respublikalarında, o cümlədən Özbəkistanda, Türkmənistanda toylarda olmuşdu.

Eynulla heç bir musiqi təhsili almamışdı. Özünün dediyi kimi, yalnız böyük ustad Xan Şuşinskinin bənzərsiz səsindən və ifalarından dərs alıb püxtələşmişdi. Ona "Qarabağ şikəstəsi"ni də Xanın ifası sevdirmişdi. Elə buna görə idi ki, Eynulla toy məclislərində, el şənliklərində və rayon tədbirlərində "Qarabağ şikəstəsi"ni həmişə böyük fəxrlə, xüsusi şövqlə oxuyurdu. Mən özüm dəfələrlə bunun şahidi olmuşdum. Ömrü boyu muğama ürəkdən bağlı olan bu sənətkar övladlarına da muğam adları vermişdi: Zabul, Mahur, Şahnaz...

lll

Bir gün aşıq Şakir haqqında Xalq artisti Arif Babayevdən müsahibə alırdım. Yeri gəlmişkən, Eynulla haqqında da soruşdum. Arif müəllim dedi ki, Eynulla güclü səsi olan xanəndə idi, Xanın yolu ilə oxuyurdu. Həm də ansamblın müşayiəti zamanı özünü sərbəst aparırdı. Çünki səsinə, ifasına güvənirdi.

Xalq artisti Əlibaba Məmmədovun da Eynulla Cəbrayılov barədə dəyərli fikirləri var:

- Bir gün bir nəfər məni toya aparmaq üçün bizə gəlmişdi. Soruşdum ki, hardansan? Dedi, Kürdəmirdən gəlmişəm. Kürdəmir adını eşidəndə dərhal Eynulla yadıma düşdü. Dedim, incimə, gedə bilməyəcəm. Ona görə ki, sən Eynulla kimi xanəndəni orada qoyub, o qədər yolu durub gəlmisən bura. Getmədim. Gələn adam səhvini başa düşdü və çıxıb getdi...

Xalq artisti tarzən Ağasəlim Abdullayev uzun illər bir çox xanəndə ilə çalışmış bir sənətkar kimi deyir ki, Eynulla Cəbrayılov öz gözəl ifaları ilə onun da diqqətini cəlb eləyib:

- Buna görə də rəhbərlik etdiyim ansamblın və eləcə də mənim müşayiətimlə üç muğam dəstgahını lentə yazdıq. O qədər yaxşı oxudu ki, həmin dəstgahları köçürüb radionun "Qızıl fondu"na verdilər.

Xalq şairi Musa Yaqub deyirdi ki, Eynulla nə oxuyubsa, hamısına öz sənət möhürünü vurub:

- Heç bir musiqi təhsili görməyən, ömrü boyu mərkəzdən xeyli uzaqda, sadə dillə desək, əyalətdə yaşayan bu adam yalnız öz istedadının, sənətə ürəkdən bağlanmasının hesabına tanınıb şöhrətlənmiş, layiqli sənətkarlar sırasında öz yerini tutmuş, öz sözünü demişdi...

lll

... Son vaxtlar çox az görünürdü. Toylara, məclislərə getməyə daha həvəsi qalmamışdı. Xəstəlik bir tərəfdən, adlı-sanlı xanəndələrimizin yurdu olan Qarabağın işğalı da bir yandan onu tamam ruhdan salmışdı. Olduğu toyları, məclisləri "Qarabağ şikəstəsi" ilə başlayıb "Qarabağ şikəstəsi" ilə qurtaran Eynulla üçündə Qarabağ itkisi çox böyük dərd olmuşdu.

1992-ci ilin sentyabrı idi. Həmişə deyib-gülən, necə deyərlər, musiqi dili ilə danışan, şən zarafatları ilə könül oxşayan Eynulla artıq yatağa düşmüşdü. Oğlu Mahur o günləri belə xatırlayır:

- Ömrünün son günləri idi. Bakıdan müğənni dostları ona baş çəkməyə gəlmişdi. Bir xeyli oturub söhbətləşdilər. Xudahafizləşib gedəndə onlardan biri atamın üzünə baxıb dedi ki, ustad, bir ağız "Qarabağ şikəstəsi" oxuyarsanmı? "Çalışaram" - dedi və oxudu. Bu, möcüzə idi: ağır xəstə ola-ola bu cür gözəl oxuyasan?! Bir neçə gündən sonra atam dünyasını dəyişdi. Ölümündən əvvəl bizə son sözü bu oldu: "Qarabağ şikəstəsi"ynən götürərsiz məni..."

Biz atamızın vəsiyyətini yerinə yetirdik. Onu son mənzilə öz ifasında lentə yazılmış "Qarabağ şikəstəsi" ilə yola saldıq...

Bu gün Eynulla Cəbrayılovun da, Qarabağ nisgili ilə dünyadan gedən digər sənətkarların da ruhu şaddır. Şükürlər olsun ki, qədim və gözəl Qarabağ azadlığına qovuşub! İnanırıq ki, başqa xanəndələrimiz kimi, Eynulla Cəbrayılovun da ifasında "Qarabağ şikəstəsi" o müqəddəs torpaqlarımızda yeri gəldikcə səslənəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see245

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see238

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see234

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see229

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see191

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see191

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see164

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see164

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see163

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see162

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see162

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see160

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see159

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see158

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see158

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see157

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see157

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see153

Messi və Ronaldu elə bir şey etdilər ki...

25 İyun 2026 01:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri