Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və dirçəliş dövrünü yaşayır
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və dirçəliş dövrünü yaşayır. İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır. “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”, - deyə Prezident əlavə edib. Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranə qoyduğu yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi dörd il yarım əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır. İşğaldan azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir. Azərbaycanın işğaldan azad azad olunmuş torpaqlarında həyat yenidən əvvəlki məcrasına qayıdır. Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir. Genişmiqyaslı layihələrin icrası və Böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
Dövlət proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya olduqca mühüm tapşırıqlar qoydu. Hazırda "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində işlər uğurla davam etdirilir. Bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə həyata keçirilir. Düşmən əsarətindən azad edilmiş ərazilərə əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bu ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir. Bu məsələ Qarabağ və Şərqi Zəngəzurda dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin təmin edilməsinin əsas prioritetidir. Qarabağ və Şərqi Zəngəzurda, ümumilikdə, 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması planlaşdırılıb. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Artıq bir çox şəhər və kəndlərdə inşaat işləri başlanılıb. Böyük Qayıdış proqramının birinci mərhələsi isə 2026-cı ilin sonunda başa çatdırılacaq. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür. Azərbaycan dövləti öz gücü ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb.Bu gün Qarabağ və Şərqi Zəngəzura səfər edən hər bir kəs bu yerlərin simasının necə sürətlə dəyişdiyini heyrətlə müşahidə edir. Bir daha vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. İndiyə qədər ölkəmizin rəhbəri dəfələrlə həmin ərazilərə səfər edərək orada yeni layihələrin təməllərini qoyub və yaxud açılışlar edib. Prezident İlham Əliyev söylədi ki, əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib: "Yəni biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür". Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək.
Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. artıq 5-ci ildir ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr - yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın da diqqətini cəlb edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilir. Şəhər və kəndlərdə yollar çəkilir, elektrik, su və qaz xətləri yenilənir, internet və rabitə şəbəkələri qurulur. Hazırda bölgənin müxtəlif ərazilərində 30-dan artıq məktəb, 20-dən çox səhiyyə müəssisəsi və bir neçə sənaye parkı tikilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün etibarlı bünövrə yaradır. Zəfərdən sonra Xankəndi daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb. Artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır və çalışırlar. 15 mindən çox keçmiş məcburi köçkünlər isə öz dogma yurdlarına qayıdıblar. Gələn ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda məskunlaşanların sayı 140 min, o tarixi ərazilərimzdə yaşayanların sayı isə 200 mindən çox olacaq. Məşğulluq məsələsi də işğaldan azad olunmuş ərazilərdə prioritet istiqamətlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunu təmin etmək məqsədilə aktiv proqramlar həyata keçirir. 2025-ci ilin may ayında verilən məlumata görə, artıq 4300 nəfər sakin işlə təmin edilib. Bundan əlavə, 206 nəfər peşə hazırlığı kurslarına cəlb olunub və 284 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını qurub. Hazırda daha 680 nəfərin məşğulluğu təmin olunması istiqamətində işlər davam etdirilir. Budur əsası Milli Lideri tərəfindən formalaşdırılan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müasir Azərbaycanın gücü”.bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır. 30 ildən sonra bu torpaqlarda yaşanan tikinti bumu getdikcə daha da geniş vüsət alır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyəti, hərbi və siyasi iradəsi ilə torpaqlarımızı azadlığına qovuşduran düşmənin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir və əzəli sahiblərinə qovuşdurur, Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Görülən işlərin miqyası bu gün soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışlarında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə istiqamətləndirir. Sözsüz ki, Prezidentimizin dönməz iradəsi bu prosesi də uğurla başa çatdırmağa imkan verəcək.
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri


