Qədim Gəncə gəncləşir, müasirləşir, gözəlləşir
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bu bir həqiqətdir ki, şəhərlərin inkişafı təkcə statistik göstəricilərlə ölçülə bilməz. Hətta asfaltlanan yolların uzunluğu, salınan parkların, tikilən və əsaslı təmir olunan binaların sayı hesabatlarda öz əksini tapsa da, bu da yetərli deyil. Çünki şəhərin real vəziyyəti insanların gündəlik həyatında hiss olunan dəyişikliklərlə müəyyən olunur. Sevindirici haldır ki, Gəncə məhz bu baxımdan son illərdə fərqli mərhələyə qədəm qoymuş şəhərlər sırasındadır.
Əslində, 2025-ci il Gəncə üçün sadəcə bir təqvim ili olmayıb, ardıcıl proseslərin davamı və əvvəlki mərhələlərin nəticələrinin daha aydın göründüyü dövr olub. Şəhərdə aparılan abadlıq-quruculuq işləri, infrastruktur layihələri, sənaye və sosial sahədə atılan addımlar Gəncənin inkişafının epizodik yox, sistemli xarakter daşıdığını göstərir. Bu inkişaf bir mərkəzdə cəmlənməyib, şəhərin demək olar ki, bütün ərazilərini əhatə edib.
Gəncə tarixən Azərbaycanın mühüm şəhərlərindən biri olub. Müxtəlif dövrlərdə mədəniyyət, sənaye və inzibati mərkəz funksiyalarını daşıyan bu şəhər müasir dövrdə də həmin statusunu qorumaq və gücləndirmək mərhələsindədir. Lakin müasir şəhər anlayışı təkcə tarix və ənənələrlə məhdudlaşmır. Müasir şəhər rahat həyat mühiti, dayanıqlı iqtisadiyyat və sosial balans deməkdir. 2025-ci ildə Gəncədə aparılan işlər məhz bu anlayışlar üzərində qurulub.
İlin yekunlarına həsr olunmuş hesabat yığıncağı da bu baxımdan diqqət çəkib. Burada səsləndirilən məlumatlar sadəcə görülən işlərin siyahısı deyil, şəhərin hansı mərhələdən keçdiyini və hansı mərhələyə doğru irəlilədiyini göstərən göstəricilər kimi qiymətləndirilə bilər. Gəncə artıq yalnız problemlərini həll edən şəhər deyil, gələcək inkişaf modelini formalaşdıran şəhər mərhələsinə qədəm qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışı zamanı doğru olaraq qeyd etdi ki, 2025-ci il Azərbaycan üçün sosial və iqtisadi baxımdan uğurlu il olub. Şəhər rəhbəri bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ardıcıl islahatlar və çevik idarəetmə ölkənin dayanıqlı inkişafını təmin edib. Ötən ilin avqust və sentyabr aylarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfərləri şəhər əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Qədim tarixə və zəngin mədəni irsə malik olan Gəncə 2025-ci ildə MDB məkanında idman paytaxtı statusunu daşıyıb. Bunun özü Gəncəyə böyük etimadın göstəricisidir. Hesabat dövründə Gəncə, eləcə də Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri III MDB Oyunlarına ev sahibliyi edib. Sentyabrın 28-də Gəncədə keçirilən açılış mərasimində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər. On gün davam edən yarışlarda MDB ölkələri ilə yanaşı, Türkiyə, Pakistan və digər dövlətlərdən ümumilikdə 2400 nəfərlik idman nümayəndə heyəti mübarizə aparıb.
“Ağır günlərdə qolumuzdan tutan olmasaydı...”
Bir faktı xüsusi vurğulamaq istərdik ki, Niyazi Bayramovun Gəncəyə rəhbərlik etdiyi dövr ən ağır mərhələyə təsadüf edib. Bütün dünyanı cənginə alan koronavirus pandemiyası və onun fəsadlarının aradan qaldırılması, profilaktik tədbirlərin görülməsi və digər işlər asan başa gəlməyib. Yadımdadır ki, şəhər rəhbəri özü dəfələrlə avtobuslara daxil olur, insanların bir sıra məcburi tədbirlərə necə əməl etdiyini yoxlayırdı.
O ağır günlərdə Gəncənin ermənilər tərəfindən beş dəfə raket atəşinə tutulması, saysız-hesabsız insanların evsiz-eşiksiz qalması, 26 nəfər şəhər sakininin həlak olması, çoxlu sayda yaralının olması... Üstəlik, müharibədən gələn şəhidlər, onların dəfni və bu mərasimlərin yüksək səviyyədə təşkili... Yəni son dərəcə ağır bir dövr idi. O günlərdə şəhər rəhbəri işi elə təşkil etmişdi ki, bir nəfər də olsun narazı qalan olmamışdı. Olmuşdusa da, bu, diqqətsizlikdən yox, yaranmış ümumi çətinliklərdən qaynaqlanırdı.
Yeri gəlmişkən, Niyazi Bayramovun xarakterində diqqətsizlik, kobudluq, laqeydlik ümumiyyətlə yoxdur. Bunu bütün şəhər əhalisi bilir. İnsanlara qarşı səmimi və nəzakətli davranış onun gündəlik həyat tərzidir.
Bir dəfə Niyazi müəllimdən soruşdum ki, bunların hamısına necə nəzarət edə bilirdiniz və hər şeyi necə çatdırırdınız? Gülümsəyərək dedi: “-Mən icraçıyam. Cənab Prezidentimizin tapşırıqları sözsüz icra olunmalıdır. Bu şəhərdə görülən hər bir iş, şəhid ailələrinə göstərilən diqqət və qayğı ölkə başçımızın tapşırığı və dəstəyi ilə həyata keçirilir. Yoxsa şəhər, sizin ifadənizlə desəm, öz libasını bu qədər dəyişə bilməzdi. Yəni o ağır günlərdə qolumuzdan tutan olmasaydı, biz heç nə edə bilməzdik”.
Yadıma 2002-ci il sentyabrın 12-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Gəncədə keçirilən müşavirədə söylədiyi sözlər düşdü: “Bugünkü görüşümüzü sona çatdıraraq demək istəyirəm ki, mən Gəncə şəhərinə həmişə böyük diqqət yetirmişəm, bu gün də diqqət yetirirəm. Mənim bu həyəcanlı çıxışım da məhz Gəncə şəhərinin indiki xoşagəlməz mənzərələrini görəndən sonra belə narahat olmuşam. Gəncə həmişə gözəl şəhər olubdur. Onu daha da gözəlləşdirmək lazımdır. Çünki onun əsası gözəldir. Amma insanın özü nə qədər gözəl, sağlam olsa da, onun paltarından da çox şey asılıdır. İndi siz də şəhərin “paltarını” düzəltməlisiniz ki, küçələri abad olsun, mağazaları gözəlləşsin, binaları rənglənsin. Yoxsa nədir bu, mən gördüyüm binalarda 20-30 il bundan əvvəl qalmış rənglərdir. Mən güman edirəm ki, bundan nəticə çıxaracaqsınız. Təkcə icra hakimiyyəti deyil, burada müəssisə rəhbərləri, başqa vəzifəli şəxslər var, onlar da. Mən güman edirəm ki, bundan nəticə çıxaracaqsınız. Təkcə icra hakimiyyəti deyil, burada müəssisə rəhbərləri, digər vəzifəli şəxslər də var, onlar da bu məsuliyyəti dərk etməlidirlər”.
...Bu ağır sınaqlardan sonra Gəncənin MDB Oyunlarını yüksək səviyyədə təşkil etməsi xüsusi qeyd olunmalıdır. Oyunlar zamanı və ondan sonrakı günlərdə keçmiş ittifaq ölkələrinin qəzet və saytlarında Gəncə haqqında nə qədər xoş sözlər yazıldığını görmək olurdu. Gəncənin görməli yerlərində çəkilən şəkillər onların mətbuat səhifələrində geniş yer alırdı.
2025-ci ildə Gəncə şəhərində yol-nəqliyyat infrastrukturu prioritet istiqamətlərdən biri olaraq qalmaqda davam edib. Şəhərin müxtəlif ərazilərində, o cümlədən mərkəzi hissədə və kənar yaşayış massivlərində ümumilikdə 130-a yaxın küçə və prospektdə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Atatürk prospekti, Nizami Gəncəvi prospekti, Şah İsmayıl Xətai küçəsi, Azərbaycan Bayrağı küçəsi kimi əsas magistrallarda asfalt örtüyü yenilənib, yol yatağı möhkəmləndirilib, piyadalar üçün səkilər bərpa olunub. Bu işlər nəqliyyatın hərəkətində rahatlıq yaratmaqla yanaşı, şəhərin ümumi görünüşünə də müsbət təsir göstərib.
Məhəllədaxili yolların təmiri xüsusilə diqqət mərkəzində olub. Uzun illər asfalt üzü görməyən küçələrdə aparılan işlər sakinlərin gündəlik həyatına birbaşa təsir edib. Tozlanma azalıb, yağışlı havalarda yaranan problemlər aradan qalxıb.
“Mərkəz”, “kənar” məhəllə anlayışı aradan qalxır
Şəhərdə aparılan abadlıq-quruculuq işləri yalnız yollarla məhdudlaşmayıb. Çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri, dam örtüklərinin yenilənməsi, həyətlərin abadlaşdırılması şəhər mühitinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.
Xüsusilə köhnə yaşayış massivlərində aparılan bu işlər həmin ərazilərin sosial görünüşünü dəyişib. Həyətlərin işıqlandırılması, yaşıllıq sahələrinin salınması, uşaq oyun meydançalarının qurulması məhəllələrin yaşayış üçün daha əlverişli hala gəlməsinə səbəb olub.
Bu tədbirlər nəticəsində şəhərin mərkəzi ilə kənar ərazilər arasında sosial fərqlərin azaldılması istiqamətində mühüm addımlar atılıb.
2025-ci ildə Gəncədə kommunal təsərrüfat sahəsində aparılan işlər şəhər həyatının dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyıb. Elektrik təsərrüfatında köhnə xətlərin mərhələli şəkildə dəyişdirilməsi, transformator məntəqələrinin yenilənməsi enerji təminatının etibarlılığını artırıb.
Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi isə daha geniş zaman kəsiyini əhatə edən proses kimi həyata keçirilib. Bu layihə müəyyən müddət ərzində narahatlıqlar yaratsa da, uzunmüddətli perspektivdə şəhərin su təminatının dayanıqlılığı baxımından həlledici rol oynayır.
2025-ci ildə Gəncədə yaşıllaşdırma tədbirləri ardıcıl şəkildə davam etdirilib. Şəhərin əsas prospektlərində, park və istirahət zonalarında minlərlə ağac və dekorativ bitki əkilib.
Xan bağı, Fikrət Əmirov parkı, Bayraq meydanı kimi ərazilərdə aparılan abadlıq işləri bu məkanları şəhər sakinləri üçün daha cəlbedici istirahət zonalarına çevirib. Yaşıllıq layihələri təkcə estetik məqsəd daşımır, eyni zamanda, şəhərin ekoloji yükünün azaldılmasına xidmət edir.
Gəncə şəhərinin sənaye potensialının artırılması 2025-ci ildə də əsas istiqamətlərdən biri olub. Mövcud sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması məşğulluğun artmasına müsbət təsir göstərib.
“Parıltı Halı” müəssisəsi kimi istehsal obyektlərinin fəaliyyəti şəhərdə daimi iş yerlərinin yaranmasına imkan verib. Qərb Sənaye Parkının formalaşdırılması isə Gəncənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının əsas sütunlarından biri kimi dəyərləndirilir.
2025-ci ildə sosial sahədə görülən işlər şəhər sakinlərinin rifahının yüksəldilməsinə yönəlib. Şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət davamlı xarakter daşıyıb, sosial dəstək tədbirləri ünvanlı şəkildə həyata keçirilib.
Məşğulluğun artırılması məqsədilə əmək yarmarkaları təşkil olunub, özünüməşğulluq proqramları icra edilib. Bu tədbirlər sosial balansın qorunmasına xidmət edib.
İl ərzində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər görülüb. Məktəblərdə tədris şəraitinin yaxşılaşdırılması insan kapitalının inkişafına yönəlib.
Şəhər regional mərkəzə çevrilir
III MDB Oyunlarının Gəncədə keçirilməsi şəhərin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayıb. Bu tədbir Gəncənin böyükmiqyaslı layihələri qəbul etmək imkanını nümayiş etdirib.
2025-ci ilin nəticələri Gəncənin gələcək inkişaf xəttini daha aydın şəkildə göstərir. Şəhər tədricən güclü regional mərkəzə çevrilir. İnfrastrukturun yenilənməsi, sənaye parklarının genişləndirilməsi, nəqliyyat sisteminin təkmilləşdirilməsi bu prosesi sürətləndirir.
Gələcəkdə Gəncə iqtisadi baxımdan sənaye, xidmət və innovasiya sahələrinin balansı üzərində qurulacaq. Sosial sahədə insan kapitalının inkişafı əsas prioritet olaraq qalacaq. Şəhərsalma baxımından isə Gəncənin böyüməsi planlı və nəzarətli şəkildə həyata keçiriləcək.
Ekoloji baxımdan “yaşıl şəhər” konsepsiyası inkişafın əsas istiqamətlərindən biri olacaq. Tarixi və mədəni irsin qorunması isə modernləşmə prosesinin ayrılmaz hissəsi kimi saxlanılacaq.
2025-ci il Gəncə üçün yekun deyil, uzun yolun mühüm mərhələsidir. Şəhər bu gün dəyişir, yenilənir və gələcəyini planlaşdırır. Bu inkişaf prosesi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında hiss olunur.
Gəncə qarşıdakı illərdə daha rahat, daha müasir və daha yaşanıqlı şəhər kimi formalaşmaq yolundadır. Bu yol tələsik deyil, düşünülmüş addımlarla gedilir. Məhz buna görə də Gəncənin gələcəyi artıq bu gün görünür.
Bütün bu sadalananlar onu göstərir ki, Gəncədə həyata keçirilən inkişaf prosesi təsadüfi qərarların nəticəsi deyil. Bu, uzunmüddətli strategiyaya əsaslanan, mərhələli şəkildə icra olunan və real nəticələr verən bir xəttdir. Şəhərin siması dəyişdikcə, bu dəyişikliklər insanların həyat tərzində, gündəlik rahatlığında və şəhərə münasibətində də öz əksini tapır.
Ən önəmlisi isə odur ki, Gəncənin inkişafı yalnız bugünkü ehtiyaclara hesablanmayıb. Atılan addımlar gələcək nəsillərin maraqlarını da nəzərə alan, dayanıqlı və balanslı şəhər modelinin formalaşdırılmasına xidmət edir. İnfrastrukturun yenilənməsi, sosial sahəyə diqqət, sənaye və məşğulluq imkanlarının genişləndirilməsi bu modelin əsas sütunlarını təşkil edir.
Bu gün Gəncə artıq təkcə tarixi keçmişi ilə deyil, formalaşmaqda olan müasir şəhər siması ilə də seçilir. Şəhər sakinləri bu dəyişikliklərin birbaşa iştirakçısına çevriliblər. Məhz buna görə də Gəncədə baş verən inkişaf prosesləri statistik rəqəmlərdən daha çox, insanların həyatında hiss olunan reallıqlar kimi dəyərləndirilir.
Deməli, Gəncə qarşıdakı illərdə də inkişaf yolunda ardıcıl və inamlı addımlarla irəliləyəcək. Bu yol düşünülmüş qərarlarla, real ehtiyaclara söykənən yanaşma ilə davam etdirilir və artıq bu gün öz nəticəsini göstərir.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Fevral 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















