Qədim Gəncənin yeni düşüncəli memarı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Memarlıq təkcə binaların layihələndirilməsi, şəhərlərdə küçə və meydanların qurulması və yaşayış məkanlarının estetik baxımdan formalaşdırılması ilə məhdudlaşan bir sənət deyil. Bu, eyni zamanda, cəmiyyətin həyat tərzini, dünyagörüşünü, zövqünü və tarixi yaddaşını özündə yaşadan mühüm mədəniyyət sahəsidir.
Hər şəhərin simasında onun tarixi, milli kimliyi və gələcəyə baxışı, müəyyən mənada, öz əksini tapır. Bu baxımdan memar həm də zamanın izlərini gələcəyə daşıyan, insanla məkan arasında estetik və mənəvi bağ yaradan yaradıcı şəxsiyyətdir.
Tarixə nəzər saldıqda görürük ki, böyük memarlıq nümunələri dövrün çağırışlarına cavab verməklə bərabər, sonrakı nəsillərin də estetik düşüncəsinə və şəhər mədəniyyətinə müsbət təsir göstərib. Memarlıq əsrlər boyunca insanın təbiət, cəmiyyət və yaşadığı məkanla münasibətlərini ifadə edib. Ona görə də memarın ideyası, layihəsi, şəhərsalma ilə bağlı baxışları gələcək nəsillərin gündəlik həyatının bir hissəsi kimi diqqət çəkib.
Azərbaycanın qədim şəhərləri, xüsusilə Bakı, Gəncə, Şəki, Şamaxı və digər yaşayış məkanları bu baxımdan zəngin memarlıq ənənələrinə malikdir. Bu şəhərlərin tarixi simasının qorunması, qədim tikililərin gələcək nəsillərə çatdırılması bərpa işləri ilə yanaşı, həm də həmin irsi dərindən öyrənən, onun mahiyyətini dərk edən və müasir şəhər mühiti ilə uzlaşdırmağı bacaran mütəxəssislərin fəaliyyəti ilə sıx bağlıdır.
Belə memarlar sırasında professor Bahəddin Xəlilovun özünəməxsus yeri var. Onun həyat və yaradıcılıq yolu memarlığın müxtəlif istiqamətlərini – layihələndirməni, qrafik dizaynı, rəssamlığı, elmi tədqiqatı, pedaqoji fəaliyyəti və şəhərsalma məsələlərini bir araya gətirən çoxşaxəli yaradıcılıq nümunəsidir.
Bahəddin Xəlilov 1949-cu il mayın 5-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dünyaya göz açıb. Orta məktəbi burada bitirdikdən sonra Bakı Politexnik İnstitutunda memarlıq ixtisasına yiyələnib. Əmək fəaliyyətinin ilk illərində “Azdövlətlayihə” İnstitutunun Gəncə filialında və şəhərdəki çörək-qənnadı fabrikində çalışıb, daha sonra isə Baza İnşaat Texnikumunda ixtisas müəllimi kimi fəaliyyət göstərib.
Həyat yolunun hələ ilk mərhələsində çalışdığı müxtəlif sahələrdə öz bilik və bacarıqlarını tətbiq etməyə səy göstərən Bahəddin müəllim memarlıq təfəkkürünü rəssamlıq, dizayn, istehsalat və təhsillə də əlaqələndirib. Bu xüsusiyyət sonrakı yaradıcılıq fəaliyyətində də diqqət çəkib. Məsələn, Gəncə çörək-qənnadı fabrikində konstruktor şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrdə istehsalat prosesləri ilə bərabər, həm də keçmiş SSRİ-nin müxtəlif bölgələrində geniş alıcı rəğbəti qazanan “Çinar” şokolad məhsullarının qablaşdırılmasının nəfis tərtibatla hazırlanmasında yaxından iştirak edib. Təkcə bu fakt onun memarlıq təhsilinin verdiyi kompozisiya və forma bacarıqlarını digər yaradıcı sahələrdə də uğurla tətbiq etdiyini göstərir.
Yeri gəlmişkən, Bahəddin Xəlilovun həyat və yaradıcılığında Gəncənin xüsusi yeri var. Qədim şəhərin memarlıq siması, tarixi tikililəri, şəhərsalma ənənələri və mədəni irsi onun elmi və yaradıcı fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan professorun qədim şəhərdə qorunub saxlanılması vacib olan tarixi binaların görünüşünün mühafizəsi ilə bağlı şəhər icra hakimiyyətinə 100-dən artıq layihə təqdim etməsi xüsusi qeyd olunmalıdır. Həmin layihələr arasında Gəncə Cümə məscidi və onun ətrafındakı meydanın memarlıq ansamblının qorunmasına yönələn təklifləri xüsusi yer tutur.
Xatırladaq ki, Gəncə Cümə məscidi şəhərin tarixində xüsusi əhəmiyyət daşıyan memarlıq abidələrindəndir. XVII əsrin əvvəllərində, 1606-cı ildə inşası başa çatdırılmış bu möhtəşəm ibadət ocağı tarix boyu şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynayıb. Maraqlıdır ki, burada tarixlə müasir dövr arasında simvolik bir bağ da yaranır. Belə ki, Gəncə Cümə məscidinin memarı Şeyx Bəhaəddin olduğu halda, əsrlər sonra başqa bir Bahəddin – memar, alim və pedaqoq Bahəddin Xəlilov həmin tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması üçün layihələr hazırlayıb.
Bu adaşlıq zahirən sadəcə təsadüf kimi görünə bilər. Lakin məhz burada diqqətçəkən bir mənəvi paralel yaranır: əsrlər əvvəl Gəncənin memarlıq simasına öz möhürünü vuran bir Bahəddindən sonra başqa bir Bahəddinin həmin şəhərin tarixi memarlıq irsinin qorunmasına ömrünün mühüm hissəsini həsr etməsi sanki zamanın bir ucundan digərinə uzanan mənəvi estafet təsiri bağışlayır.
Bu, yalnız adaşlıq deyil. Eyni zamanda, insanın öz şəhərinin tarixinə, xalqının mədəni irsinə və seçdiyi peşəyə bağlılığının ifadəsi kimi də dəyərləndirilə bilər. Bahəddin Xəlilovun fəaliyyəti göstərir ki, memarlıq onun üçün yalnız peşə deyil, həm də tarixi yaddaşa xidmət missiyası olub.
Onun yaradıcılıq dünyası bununla məhdudlaşmayıb. Memar-rəssam kimi yağlı boya ilə işləyən Bahəddin Xəlilov Azərbaycan tarixi və ədəbiyyatının görkəmli simalarına da müraciət edib. Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh obrazlarını kətan üzərində yağlı boya ilə canlandırması memarın məkan və forma duyğusu ilə obraz yaratmaq qabiliyyəti, eyni zamanda, ideyanı insanın düşüncəsinə və duyğularına çatdırmaq prinsipinə sadiqliyi mütəxəssislərin də diqqətini çəkib.
İxtisasca memar olan Bahəddin Xəlilov əmək fəaliyyətində pedaqoji istiqamətə xüsusi üstünlük verib. Azərbaycan Ekologiya İnstitutunda, Gəncə Elm-Təhsil Mərkəzində, Nizami adına Gəncə Universitetində, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş rəssam, rəssam-tərtibatçı, mühəndis və digər vəzifələrdə çalışaraq topladığı zəngin təcrübəni gənclərlə bölüşüb. Onun üçün müəllimlik, sadəcə, müəyyən fənnin tədrisi ilə məhdudlaşmayıb. O, tələbələrə peşənin texniki tərəfləri ilə yanaşı, həm də sənətə yaradıcı münasibətin, estetik düşüncənin və milli memarlıq irsinə bağlılığın vacibliyini aşılamağa səy göstərib.
Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü olan Bahəddin Xəlilov uzun illər Azərbaycan Dövlət Aqrar Universitetinin Memarlıq və dizayn kafedrasında əvvəlcə baş müəllim, daha sonra kafedra müdiri vəzifəsində çalışıb. Bu dövrdə kafedrada müxtəlif istiqamətlər üzrə tədqiqatların aparılmasında fəal iştirak edib, gənc mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verib.
Bahəddin Xəlilovun elmi maraq dairəsinin genişliyi müəllifi və həmmüəllifi olduğu tədqiqatların mövzu müxtəlifliyində də aydın görünür. “Müasir şəhərsalmada landşaft formalarının seçilməsi”, “Təbii iqlim şəraitinin yaşayış binalarının quruluşuna təsiri”, “Gəncə memarlığının tarixi inkişaf mərhələləri”, “Qədim dövrün dini və xatirə tikililəri”, “Qarabağda memarlıq abidələri”, “Abşeron məscidləri”, “Yeni şəhərsalma konsepsiyaları” və digər elmi məqalələr onun araşdırmalarının əhatə dairəsinin nə qədər geniş olduğundan xəbər verir.
Bu tədqiqatlarda memarlıq təkcə tikililərin quruluşu kimi deyil, həm də tarix, mədəniyyət, təbiət, şəhər mühiti, incəsənət və insan amili ilə qarşılıqlı əlaqədə araşdırılır. Eyni zamanda, bu yanaşma onun elmi yaradıcılığının əhəmiyyətli xüsusiyyətləri sırasında xüsusi yer alır.
...Zaman dəyişir, şəhərlər yenilənir, yeni binalar ucalır, memarlıq üslubları və texnologiyalar inkişaf edir. Lakin şəhərlərin yaddaşı qalır. Həmin yaddaşı qoruyan, onu öyrənən və gələcəyə çatdıran insanların əməyi də şəhərin daş-divarları kimi öz izini saxlayır.
Bahəddin Xəlilovun yaradıcılıq yolu da məhz belə bir izdir – memarlıqdan başlayan, rəssamlıqdan keçən, elmi araşdırmalarla zənginləşən və müəllimliklə gələcək nəsillərə ötürülən mənalı bir sənət yoludur.
V.BİNYATOĞLU
XQ
Baxış sayı:73
Bu xəbər 06 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















