Qələmi də, kağızı da xəbərlər çatdıran Rafael Hüseynov yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Rafael HÜSEYNOV
Akademik
Üstün xalq, güclü yurd olmaq yolunda çalışmalar sonu olmayan gedişatdır. Dəyərlərimizi qorumaq, yaşatmaq, irəlilətmək, gələcək nəsillərə ötürmək səmtindəki çalışmalarda bir an belə ləngimək, addımları yavaşıtmaq yaramaz. Ləngiyiriksə, addımları yavaşıdırıqsa, bu, millət olmanın bu qədəri ilə razılaşmamız deməkdir. Tarixin dünənində xalqın ucalığını, onun mənəvi zənginliyini isbat edən nələr varsa, müdam onların axtarışına çıxmalıyıq.
Bizdən öncə əsrlərcə bunu ediblər. Bütün bunları ediblər ki, həmin səylərin nəticəsi olaraq belə zəngin mənəviyyat xəzinəsinə sahibik.
Tarix boyu Azərbaycanın istedadlı insanları yalnız burada, vətəndə yazıb-yaratmayıblar. Neçə-neçə böyük şəxsiyyətimiz orta əsrlərdən üzü bəri Yaxın-Orta Şərqin neçə ölkəsinə səfərlərə çıxıb. Bəziləri elə orada yaşayıb, ömürlərini də oralarda başa vurublar. Ona görə ədəbi irsimizin əks olunduğu qaynaqlar bu gün dünya boyuncadır. Onların axtarışı, əldə olunması bizləri hər zaman düşündürməlidir. XX yüzilin 20, 30, 40, 50, 60, 70-ci illərində, hətta 80-ci illərdə də bu səmtdə böyük iş görən insanlar vardı. İndi isə həmin səmtdə çalışmalar üçün meydan daha geniş, imkanlar daha çoxdur. XIX yüzilliyin sonları, XX əsrin əvvəllərində əski irsimizi aşkarlamaq, təhlil etmək, onları müasir kitablara döndərərək insanlara təqdim etməyin öz çətinlikləri vardı. Sanki o zaman məmləkətlər arasındakı məsafələr indikinə nisbətən daha böyük idi. Heç nə dəyişməyib. Dünya həmin dünyadır, məsafələr həmin məsafələrdir, ancaq həmin məsafələri qət etmək imkanları dəyişib. Köhnə əyyamlarda bu ölkə ilə o ölkə arasındakı yolu karvanlarla, gəmilərlə, uzun səyahətlərlə keçərdilər. XX yüzil gəldi, sürətlər artdı, sanki dünya boyu yayılmış irsimizi əldə eləmək imkanları da çoxaldı. Ancaq o dövrdə də bizim qarşımıza ayrı maneələr çıxdı. Qapalı dövlətdə yaşadıq, dünyaya giriş-çıxışımız çətin oldu. Bununla belə, fədakar tədqiqatçılarımız daim keçmiş irsin ardıncaydı, əlyazmaları axtarırdılar, dünənlərdə qalan ayrı-ayrı söz ustalarımızın "Divan"larını əldə edirdilər, bunlardan hansılarısa ərəbcə, farsca qələmə alınmışdısa, onları öz dilimizə çevirirdilər, həmin ədiblər haqqında tədqiqat əsərləri yazırdılar. Ona görə də bu gün ədəbiyyat tariximizin dünənindən bəhs edərkən göz qabağından həmin müstəsna millət salnaməsini yaratmış və borclu olduğumuz sıra-sıra adlar, surətlər keçir. Ancaq XX yüzilliyin birinci yarısında, qismən də ondan sonrakı 20-30 il ərzində əldə etdiklərimizə nəzər salanda və əlimizdə-ovcumuzdakı irsi ondan sonrakı dövrdə ortaya çıxarılmış, haqqında yazılmış şəxsiyyətlərlə müqayisə edəndə görürük ki, çox da irəli gedə bilməmişik. Dünən bir çox məhdudiyyətlərə baxmayaraq, sürətimiz də, tədqiqatlarımızdakı keyfiyyət də daha artıqmış. İndi imkanlar daha genişkən, dünyanın dörd bucağındakı əlyazma xəzinələrinə əlimiz rahatlıqla çatarkən sanki sürətimiz yavaşıyıb. Ancaq belə yaramaz. Azərbaycanın bir millət olaraq ən vacib özəllik və üstünlüklərindən biri, bəlkə də, birincisi elə onun söz sərvətidir. Zənginlik olanda, qanunauyğundur ki, zirvələr də çoxalır, ancaq zirvələrin yanında onların parlaqlığının işığını örtdüyü digər böyük yaradıcılar da həmişə olur axı!
Nizami XII əsrin coşqun tərəqqi yaşayan Gəncəsində yaşayıb-yaradırdı. O mühit Nizami kimi nəhəngi yetişdirmişdisə, əlbəttə ki, onun sağında, solunda da neçə-neçə istedadlı insan qələm çalmaqdaydı. Ancaq məhz Nizaminin işığının gurluğu onların bir çoxunun yetərincə parlamasına mane olub. Bəlkə də onların hərəsi ayrı bir əsrdə yaşasaydı, daha artıq şöhrətlər qazanar, daha geniş çərçivədə tanınardı.
Son 30-40 ilin içərisində bir çox əlyazmalar aşkarlanıb ki, onlar gözlərimizi sanki keçmişimizə daha geniş açıb. Elə Gəncənin özündə Nizamidən savayı, 40-a yaxın şairin adını və bir çoxunun yaradıcılığından örnəkləri müəyyənləşdirmişik ki, onlar da həmin dövrdə cilalı qələm sahibləri zümrəsində yer almışlar. Təzkirələrdə, ədəbi salnamələrdə həmin unudulmuşlardan bəzisinin ayrı-ayrı şeirləri var. Ancaq çox mümkündür ki, onların əksəri "Divan" da bağlayıbmış, məsnəviləri, digər əsərləri də varmış. Hansının ardınca olmuşuq, hansını aşkarlamışıq? Yalnız Nizami, Məhsəti, Qivami Mütərrizi, Əbül-üla Gəncəvi ilə iş bitərmi? Əslində Nizamidən, Məhsətidən başqa heç adı bəlli olan digərlərini də kifayət qədər öyrənməmişik. Əbül-üla Gəncəvini, Qivami Mütərrizini 70 il, 80 il, 100 il bundan əvvəl hansı səviyyədə tanıyırıqsa, o səviyyədə qalmışıq. Olarmı belə? Ya Şirvan mühiti. Bir Xaqani Şirvani, bir də qismən Fələki Şirvanini qismən tanıyırıq, az-çox onların irsi ortadadır, xalqa çatdırılıb. Ancaq bəs İzzəddin Şirvani, Qiyasəddin Şirvani və o dövrün neçə-neçə Şirvaniləri?
Əlbəttə ki, hələ də dünyanın ən müxtəlif ölkələrindəki kitabxanalarda, əlyazma xəzinələrində Azərbaycan irsinin bilinməyən nümunələri çoxdur. Bəzilərinin adları da bəllidir, "Divan"ları, məsnəviləri haqqında soraqlar da əldə olunub. Lakin təəssüflər ki, onlara doğru canatmalar da arzulanan səviyyədə deyil. Adlarını, ədəbi miraslarının izlərini tapdığımız və XIII-XIX əsrlər arası yaşamış xeyli söz ustamız olub ki, onları bütövlüyü ilə yeni zamana çatdırmağa inadkar tədqiqatçı əlləri çatmayıb. Belədirsə, heç bir əlavə izaha və səbəbgətirmələrə ehtiyac duymadan gəlinən tək qənaət odur ki, səylərimiz, məqsədyönlülüyümüz yetərincə olmayıb.
Sanki bizdən çox da uzaq olmayan bir zamanda - XIX yüzildə yaşamış insan, XX yüzilin 40-cı illərinə qədər yalnız haqqındakı xırda təzkirə məlumatlarıyla qənaətləndiyimiz Heyran xanım. Gözəl adına bənzər hissləri hər dəfə onun şeirlərini oxuduqca yenidən yaşayırıq, valeh oluruq. XX əsrin ortalarınacansa o, pərdə arxasında qalan kimi idi. Üzə çıxarıldı, şeirləri, haqqında araşdırmalar xalqa çatdırıldı, hələ görüləsi çox işlərin olması xəbərdarlığı da diqqətə çarpdırıldı və sanki sonra bu vəd unuduldu. Bir daha təəssüf ki, yerli-dibli xatırlanmayanlar öz yerində, biz hətta Heyran xanım kimi nisbətən bilinən, amma öyrənilişi davam etdirilməlilərimizlə bağlı da səhlənkar olmuşuq, bu bənzərsiz qadın şairimizi də XX yüzilliyin ortalarında tanıdılandan daha irəli apara bilməmişik.
Bu ayrı söhbət ki, Heyran xanımın əhatəsində olan ədəbi mühitin təmsilçilərinin irsini, yaratdıqlarını aramaq, axtarmaq, üzə çıxarmaq, bugünə yetirmək və sabahlara ötürmək səmtində səylərimiz çox olsaydı, bu gün tanıdığımız yeni adlar və yaradıcılıqlar da az olmazdı.
Qadının şeirdə imtiyazı bütün zamanlarda və dünyanın hər yerində həmişə çox olub. Kişiləri şeirdə vəsf etməyin şərtləri həmişə ağır olub. Ya döyüş meydanında hünərlər göstərməlisən, ya el naminə gördüyün hansısa işlərlə ad çıxarmalısan, ya qəhrəmanlığın tarixə yazılan elə hünər olmalıdır ki, dillərə düşsün. Bu vəsfnaməçiliyin bir başqa tərəfi də odur ki, taxt-tac sahibləri, hökmdarlar tutduqları mənsəbə görə, hakimiyyət kürsüsündəki ucalıqlarına görə tərənnüm edilib (Hərçənd onları da öyəndə şairlər çalışıblar ki, məmduhlarının tərifə layiq ictimai siqləti olan əməllərini daha çox qabartsınlar). Fəqət qadınların vəsf olunmasından ötrü onların elə qadın olması bəs edib və insan şeirlə nəfəs almağa başladığı gündən dünyanın hər yerində qadın şeirin baş qəhrəmanı olub. Ancaq bu da bir həqiqətdir ki, daim şeirin baş mövzusu olan qadının özünün şairlər sırasında görünməsinə həmişə seyrək rast gəlinib. Bizdə də, dünyanın hər yerində də. Götürün istənilən xalqın ədəbiyyat tarixini, ən keçmişlərdən ən yeni zamanlara qədər olan bütün şairlərini sıralayın - qadınların adı ara-sıra gözə dəyəcək. Əski çağlarda, orta əsrlərdə tək-tək, nadir hallarda, yeni zamanlarda miqdar nisbətən artsa da, bu say kişilərlə müqayisədə yenə həddindən artıq az görünəcək.
Guya Qərbə nisbətən orta əsrlərdə daha hüquqsuz olduğu zənn edilən Şərq qadınını düşünərkən bu mənzərə də aydınlığı ilə canlanır ki, bizlərdə şeir və sənətdə qadınların yeri Qərbdəkinə nisbətən daim qat-qat geniş və daha urvatlı olub. Orta əsrlərin müsəlman Şərqindən bir qafilə şair, musiqiçi, filosof qadınları sadalaya bilirik. Həmin zamanlarda isə Qərbdə belə simalar gözə dəymir.
Əgər XX yüzildə Azərbaycan şeirində neçə qadınımız ulduz kimi parladısa, bunun arxasında ənənə dayanırdı. Məhsətilərdən, Rəziyyə Gəncəvilərdən, Aşıq Pərilərdən, Aşıq Bəstilərdən, Ağabacı ağalardan gələn böyük bir ənənə. Ömrü XIX yüzilə sığmış, ancaq yaratdıqları ilə qarşıdan gələn neçə-neçə əsrlərə sığmayacaq Heyran xanım həmin ənənənin doğurduğu incilərdən biri idi.
Heyran xanım XIX yüzildə yaşadı, getdi. Ancaq XX yüzildə Heyran xanım yenidən doğuldu və dünyaya bu gəlişi olmasaydı, Azərbaycan onu bir qüvvətli şair olaraq tanımayacaqdı. Heyran xanımın Azərbaycan insanına, müasir oxucuya qayıdışı Təbrizdə işıq üzü görən əl boyda bir kitabla başlayıb.
1940-cı illərin əvvəllərindən Azərbaycanın bir çox mədəniyyət, ədəbiyyat xadimləri İranda idilər və onlardan biri - İrandakı müttəfiq qoşunları kontingentinin sovetlərə məxsus hərbi hissənin zabiti, unudulmaz teatrşünasımız Qulam Məmmədlinin zəhmətləri sayəsində o vaxt sözün məcazidən çox gerçək mənasına daha uyğun olan bir şəraitdə - iki daşın arasında həmin kitab ortaya çıxır.
Kitab Sovet İttifaqı Mədəni Əlaqələr Təşkilatının İran cəmiyyətinin xətti ilə buraxılmışdı və o müxtəsər topluda dərc edilmiş şeirlər heç də Heyran xanımın irsinin hamısı deyildi - onun ana dilində yazdığı bir-iki şeir və fars dilində qələmə aldığı mənzumələr. Kitaba o çağlarda Güneyin tanınan şairlərindən olan Səfvət (həmin dövrdə İrana səfər edərək bir müddət orada çalışmışlardan biri olan rəhmətlik Ənvər Məmmədxanlı Səfvəti həm bir insan, həm bir şair kimi yüksək dəyərləndirir, oçağkı cənublu söz ustaları arasında öndəgedən sayırdı) kiçik bir ön söz yazmışdı və Qulam Məmmədli də Heyran xanımın həyatı, yaradıcılığı barədə toplamağa imkan tapdığı məlumatlar əsasında onun tərcümeyi-halı, yaradıcılığının mahiyyəti haqqında oxucuya məlumat verirdi.
Amma bu kitab vardısa, Heyran xanım yenidən Azərbaycana qayıtdısa, ilk növbədə yada salınmalı başqa bir şəxsiyyət ki, yaşarı irsimizdən söz açılarkən gərək həmişə onu ehtiramla anaq - Hacı Məhəmməd Naxçıvani.
Kitab vurğunu, ədəbiyyat aşiqi bu kişi əslən Naxçıvandan olsa da, nəsillikcə İrana, Güney Azərbaycana köç etməli olmuşdular və Təbrizdə yaşayır, ticarətlə məşğuldu. Var-dövlət qazanmaqda qabiliyyətli olan bu zəngin insanın daha parlaq bir istedadı və fərqli bir zənginliyi də ondan ibarətmiş ki, əski və xüsusi dəyər daşıyan əlyazmalar toplamağa çox mailmiş. Yalnız İranın içərisində deyil, bir çox xarici ölkələrdə də Azərbaycanın ədəbi irsi ilə bağlı hansısa əlyazma barədə məlumat əldə edirmişsə, mütləq qüvvələrini səfərbər edir, həmin əlyazmanı əldə etməkçün tədbir tökürmüş. Hacı Məhəmməd Naxçıvani 1879-cu ildə anadan olmuşdu, 1962-ci ildə həyatdan getdi və bu ömür ərzində yığıb toplamağa müvəffəq olduğu əlyazmaların miqdarı 4000 civarında idi. Ancaq təbii ki, bu müddət ərzində əlindən və gözünün önündən yüzlərlə, minlərlə əlyazmalar keçmişdi. Amma vərəqlədiyi, mütaliə etdiyi, qiymətləndirdiyi əlyazmalar arasından evində cəmlədiyi 4 minə yaxın nüsxəni seçməyi lazım bilmişdisə, demək, bunlar ən mühümlər, ən qiymətlilərmiş.
Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasını görmüş və təəssüratlarını oxuduğum, dinlədiyim, rəylərinə də inandığım insanların fikrincə, istənilən ölkənin istənilən əlyazmalar xəzinəsi bu kolleksiyaya həsəd apara bilərdi. İranın özündə də, dünyanın müxtəlif ölkələrində də alimlər xəbər alınca ki, filan nadir əlyazma Hacı Məhəmməd Naxçıvaninin kitabxanasında var, ona məktub yazar, ya şəxsən müraciət edər, sonra da durub qulluğuna gələr, o əlyazmadan istifadə icazəsi istərdilər. Maarifpərvər Hacı həm də qəlbiaçıq, səxavətli insanmış. Təmənnasız imkan yaradırmış ki, səriştəsi olanlar onun xəzinəsindən bəhrələnsin. Sabahıgörən adammış, agahmış ki, onsuz da topladıqlarının hamısını sonacan və layiqincə tədqiq etməyə bir insanın ömrü çatmaz.
Onun ayrı-ayrı əlyazmaları necə əldə etməsi, bəzən bir əlyazmanı almaqçün bir mülkə veriləcək qədər məbləği uf demədən ödəməsi haqqında sıra-sıra hekayətlər var. Onun haqqında vaxtilə mənə unudulmaz Qulam Məmmədli və Ənvər Məmmədxanlı çox söhbətlər edərdi.
Qulam müəllim cavan vaxtlarında İranda Hacı ilə dəfələrlə görüşmüşdü və bir neçə unudulmuş şairimizin əlyazmasını məhz Qulam Məmmədliyə ilk dəfə bu əvəzsiz Naxçıvani göstərmişdi. Təbrizdə Milli Kitabxana yarananda da ümummilli xəzinənin bünövrəsi möhkəm olsun deyə Hacı Məhəmməd Naxçıvani öz evindən 500 əlyazmanı Təbriz Milli Kitabxanasına hədiyyə etmişdi. Amma həyatdan köçəndə də vəsiyyət etdi ki, nə qədər əlyazması varsa, hamısı Təbriz Milli Kitabxanasına verilsin. Özü belə yol tutmuşdu, ancaq eyni cür hərəkət etməyi qardaşı Hacı Hüseyn Naxçıvaniyə də təlqin etmişdi. Hacı Hüseyn də, elə qardaşı Hacı Məhəmməd kimi, kitab aşiqi idi, onun da zəngin əlyazma xəzinəsi vardı və o da nəyi vardısa, sonda Təbriz Milli Kitabxanasına hədiyyə etdi. İkisinin birlikdə Təbriz Milli Kitabxanasına bağışladığı əlyazmaların miqdarı 9000 civarındadır. Hacı Məhəmməd Naxçıvani həm də alim təbiətli bir insan idi. Yazdıqlarından əyan olur ki, Hacı Məhəmməd Naxçıvani bəsirətli tədqiqatçı imiş. Təbii, o qədər kitab oxuyan insan elmli, dərin olmaya bilməzdi. "İbn Sinanın məzarı" adında bir məqalə yazıb ki, ona dünyanın neçə alimi istinad edib və edir. "Nizamiyyə mədrəsəsi" haqqında maraqlı bir araşdırmanın müəllifidir, Qətranın, Saib Təbrizinin "Divan"larının mükəmməl elmi-tənqidi mətnlərini hazırlayaraq Azərbaycana və dünyaya ilk dəfə təqdim edən də məhz Hacı Məhəmməd Naxçıvani olub. Mirzəli Möcüzü tanıyırıqsa, səbəbkar yenə Hacı Məhəmməddir. Ona əlyazmalarını Möcüz özü təqdim etmişdi.
Hacı Məhəmmədin xəzinəsindəki əlyazmaların bir nadirliyi də bu idi ki, onların bir çoxu avtoqraflardı - hanısısa katibin köçürdüyü deyil, birbaşa müəlliflərin öz qələmindən çıxmış əsərlər. Ruhu şad olsun ki, Heyranı da bizə qaytaran məhz o olub. Heyran xanımın çox nəfis bir əlyazması Hacının ləl-cavahiratlı xəzinələrdən daha üstün olan mənzilində imiş. 1944-45-ci illərdə aralarında xoş münasibətlər yaranıb isinişəndən sonra Hacı Məhəmməd Naxçıvani bir-bir evindəki ayrı-ayrı əlyazmaları Qulam Məmmədliyə göstərmişdi. Hacı həm sərraf idi, həm arif. Anlayırdı ki, qarşısındakı adama əlyazma, irs etibar etmək olar, aparıb evində saxlamayacaq, mütləq gec-tez üzə çıxaracaq, xalqa çatdıracaq.
Heyran xanımın 1945-ci ildə çıxmış həmin ilk qayıdış kitabında Qulam Məmmədlinin müxtəsər müqəddiməsinin sonunda qədirşünaslıq saçan belə bir cümlə var: "Heyran xanımın bu tərcümeyi-halını yazarkən Hacı Məhəmməd Naxçıvaninin məsləhət, tövsiyə və köməklərindən istifadə etdim".
Heyran xanımla aramızdakı vaxt məsafəsi çox böyük olmasa da, onun tərcümeyi-halı dumanlara bürünüb. Ayrı-ayrı qaynaqların verdiyi məlumatlar da ziddiyyətlidir, həm də ətraflı, müfəssəl deyil. Bəzi mənbələr onun Təbrizdə doğulduğunu yazsa da, qaynaqların çoxu Heyran xanımın əslən Naxçıvandan olduğunu təsdiqləyir. 1828-ci ildə İranla Rusiya arasında növbəti çarpışma gedirdi. Bu müharibənin nəticəsi olaraq ruslar üstün gəlir və İran ordusu geri çəkilməyə başlayır. Geri çəkiləndə də Naxçıvandan bir çox ailələri, tayfaları özləri ilə aparırlar. Heyran xanımın nəsli məhz həmin müharibənin nəticəsi olaraq Naxçıvandan İrana köç edənlərdəndir.
İstər ayrı-ayrı mənbələrin yazması, istərsə də Heyran xanımın öz şeirləri bu hadisənin gerçəkliyini göstərməkdədir. Çünki sonralar yazdığı bir çox şeirlərdə Heyran xanım yurd həsrətini, ayrılıq acısını dönə-dönə ifadə edib. Məhz bu köçürülmənin tarixi Heyran xanımın doğum tarixini də bir-iki il fərqlə müəyyən eləməyə ipucu verir.
Uzun müddət araşdırıcılar guya onun 1832-ci ildə anadan olduğunu yazmışdılar. Əlbəttə ki, 1828-ci ildə köçürülmüşdüsə və öz şeirlərindən də göründüyü kimi, o zaman artıq nişanlı olmuşdusa, təbii ki, daha əvvəllər dünyaya gəlmişdi. Belə götürsək ki, o köçürülmələr vaxtı Heyran xanımın 17-18 yaşı varmış, onda təvəllüd tarixini 1810-1811, uzaqbaşı 1812-ci ilə aid etməliyik. Anlaşılan odur ki, Heyran xanım Naxçıvanın hörmətli, öndə gedən nəsillərinin təmsilçilərindən imiş. Bir neçə məxəz, elə Heyran xanımın öz şeirləri də bu ehtimalı pıçıldayır.
Bəs Naxçıvandakı hansı nəsildən idi Heyran xanım? Bu sualın da cavabı elə farsca yazdığı şeirlərdən birindədir:
Soruşursan nəsəbini bu yazıq Heyranın,
Bir Əli xadimidir, cümlə cahana bildir.
Naxçıvan şəhrinin əşrafına çatsa nəsəbi,
Əslinə varsan əgər, taifəsi Dünbülidir.
Bu şeirində Dünbüli nəslindən olduğunu açıqca deyir və həmin tayfaya aidliyindən də Heyran xanımın adını ayrı-ayrı mənbələr elə Heyran Dünbüli kimi nişan vermişlər.
Bu nəslin İrana köçünün bir qüssəli tərəfi də vardı ki, onlara ikiqat qəriblik nəsib olmuşdu. Pərən-pərən düşmüşdülər, tayfa parçalanmışdı - bir hissəsi Xoyda qalmışdı, bir hissəsi Təbrizdə, bir hissəsi Urmiyədə, bəziləri Marağada. Yəni öz ata-baba yurdlarından köç etdirilməkləri bir yana, digər dərd də ondan ibarət olmuşdu ki, qürbət yerdə də bir-birindən ayrı düşmüşdülər.
Və həmin ayrılıq nisgili, hicran sızıltıları Heyran xanımın həm ana dilində - türkcə, həm də farsca yazdığı şeirlərdə mütəmadi sezilməkdədir.
Heyran xanımın mənsub olduğu Dünbülilər tayfası İran boyunda da, Azərbaycanda da geniş yayılmışdı, həmişə də hörmət-izzət sahibi olmuşdular. Səfəvilər dönəmində də, Nadir şahdan sonra da, elə Qacar dönəmində də onlar hakimiyyətdə təmsil olunmuşdular. Xoy tərəflərdə onlar idarəçilikdə mühüm məqamlar tuturdular. Mənbələrdə bu məlumat da var ki, Dünbülilərdən neçə xan Azərbaycanda hakimiyyətdə olub.
Təbii, Naxçıvanda XIX əsrin ilk onilliklərində sayılıb-seçilən nəsillərdən birinin övladı olan Heyran xanım rahat bir həyat içərisində yaşayırdı. Yurdu dəyişmək, tamam ayrı bir mühitə düşmək, üstəlik də qohum-əqrəbasından aralı qalmaq həyatındakı müvazinəti pozmuşdu. İlk gənclik illərindən əli qələmli, duyğu adamı olan Heyran xanımın bu hissləri sözə çevirməməsi mümkünsüz idi:
Ey ço mən del bər məhəbbət dadeha,
Dur əz yar o diyar oftadeha.
Ruhən, qəlbən özünə yaxın olan insanlara üz tuturdu, həmdərdlərinə müraciətlə "Ey mənim kimi məhəbbət əsiri olanlar, ey mənim kimi öz yurdundan, elindən ayrı düşənlər!" söyləyirdi. Belə başlayırdı və bir çox şeirlərində də elə sayaq heç vaxt onu tərk etməyən yurd, vətən ayrılığının oyatdığı acıları ifadə edirdi. Əlbəttə, ora da Vətəndi, ora da Azərbaycandı, oradakılar da soydaşları idi, amma ata-baba yurdunun dadı tamam başqa idi və o həsrət həmişə içərisində olduğundan bu duyğuların əks-sədası cavanlığından ahıl çağlarınacan yazdığı şeirlərdən əskik olmadı. Heyranı oxuduqca həmin ağrı zoqqultusunun hanısısa misralarda, beytlərdə döyündüyünü, bəzənsə hansısa şeirləri başdan-sona bürüdüyünü müşahidə edirsən:
Ayə, nə olur öylə bir əyyam olsun,
Nakamı dönüb dəhridə bakam olsun.
Ya Rəbb, bu rübailəri tək Heyranın
Hicranı da kaş axırı itmam olsun.
Məhəmmədəli Tərbiyətin "Danişməndan-i Azərbaycan" təzkirəsində yazmasına görə, o, Heyran xanımın qohum-əqrəbası ilə görüşübmüş. Onlardan aldığı məlumata görə, Heyran xanım uzun ömür sürərək 80 yaşında vəfat edib.
Bu minvalla rəhmətə getmə tarixi 1890-cı illərin əvvəllərinə düşür.
Nə qədər yaşadığını 3-4 il fərqlə də olsa bilmək ona görə maraq kəsb edir ki, onun ədəbi mirasının həcmi haqda da müəyyən fikir şəkillənə bilsin. İş ondadır ki, yazdıqlarının məzmunundan ilk gəncliyindən ixtiyar çağlarınadək Heyran xanımın əli qələmli olması görünür. Ömrü boyu yazıb, şeirin ən müxtəlif şəkillərində qələmini sınayıb - qəzəl də qoşub, qəsidə də, tərkibbəndləri də olub, qitə və rübailəri də. Ona görə də Məhəmmədəli Tərbiyətin "Danişməndan-i Azərbaycan"da verdiyi məlumat ki, onun "Divan"ı 4.500 beytdən ibarətdir, əlbəttə ki, bu, Heyranın bütün yaradıcılığını əhatə etmir. O uzunluqdakı ömür və fasiləsiz yaradıcılıq nüqabilində bu rəqəm xeyli kiçikdir.
Taleyin Heyranı qovaraq İrana gətirib çıxardığı çağlarda o, gənc bir xanımdı, bütün ömür qarşıda idi və əvvəl-axır ailə həyatı da qurmalı idi. Evlənməyinə evlənir, ancaq bəxtindən bu ailə həyatı da uğursuz alınır. Şeirlərindən belə anlaşılır və müəyyən mənbələr də bu məlumatı təsdiqləyir ki, yuxarı təbəqədən olan bir insanla ailə həyatı qurubmuş. O da əvvəl Heyran xanıma məhəbbət bəsləyirmiş, ancaq sonra ayrı bir sevdaya düşür, nəhayətdə yolları ayrılır. Ancaq bu aralanma Heyran xanımın təkidi və inadı ilə baş verir. Məhz belə olmasının sübutu həmin yollar ayrılmasının baş verməsinə nail olmaqçün Heyran xanımın hansı xeyli əziyyətlər çəkməsi haqqındakı soraqlardır. Heyran sadə bir qadın deyildi, köksündə həssas şair qəlbi daşıyırdı, dünyagörüşlü idi və təbii, ona bəslənən münasibət də digər bir qadına bəslənən münasibət kimi ola bilməzdi. Başqası başını aşağı salıb, qisməti ilə barışaraq sonacan elə dözərək yaşayardı. Amma Heyran xanım o ola-ola ərinin bir ayrı sevdasına, ona göstərilməli olan diqqətdən daha azının göstərilməsinə səbr edən deyildi, elə ayrılmasına da bu dözməzliyi əsas olmuşdu. Ancaq şair qadınla, qələmi cilovsuz insanla ömürlük birlikdə olmaq qəsdi ilə yola çıxaraq sonra bu yolda addımlaya bilməməyin bir ayrı nəticəsi də vardı axı. O, başqa zövcələrdən deyildi ki, ömrünün həlledici hadisələri də başqa gündəlik həyat adiliklərinə qarışaraq sakitcə ötsün, keçsin, yaddan çıxsın. Bu ömür əlində qələm olanındırsa, onun həyatındakı heç bir hadisə, illah da, dərin yara qoyaraq keçənlər mümkün deyil ki, sadəcə hafizədə qalsın. Mütləq günlərin birində misralaşır, tarixləşir, bu xəbərlər sabaha da ötürülür.
Və Heyran xanım da etmişdi:
Məni zəncirdə saxladın, bu, yetər,
Doğrusu, sən mənə deyilsən ər.
Bilmirəm ruzigarə neyləmişəm
Ki, salıbdır kəməndinə bu təhər.
Etdiyin zülmə, düşdüyüm günümə
Gah gülüb, gah ağlaram müztər.
Qov qapından, barı xilas olum,
Qıl məni razı, ey sitəmpərvər!
Bu şeirin içərisində etiraz dalğalanır. Dikbaşlıq, zülmə, haqsızlığa dözməməksə Azərbaycanın şair qadınlarına - Məhsəti zamanlarından tutmuş yeni çağlara qədər - səciyyəvi olub (Mən tutuşdurmuşam, istəyən də şəxsən yoxlaya və aldığı nəticəyə görə Şərq qadını ilə iftixar edə bilər. Arxada qalan min illik tarixi bir dövrdə məhz bu etirazçılıq, qəliblərə sığmamaq baxımından Qərbin və Şərqin qadın şairlərini müqayisə edin. Görəcəksiniz ki, fərqin böyüklüyündən belə müqayisə heç insafdan deyil. Qərb şeirindən yalnız XVIII-XIX əsrlərdə zəif narazılıqlar kimi eşidilməyə başlayan bu sədalar bizlərdə doqquz-on əsr uzaqlardan üzü bu yana inqilabi coşqunluqla, kişiyana təpərlə ucalır və bu baxımdan bizim qadınların zamanına görə ədəbiyyatda etdiklərini heç Qərbin kişi şairləri belə bu müəkəmməllik və hünərliliklə etməmişlər).
Təxminən oxşar sözləri Heyran xanımdan yeddi əsr əvvəl Məhsəti də car çəkmişdi:
Olmaz bizi etmək qocaya həmdəm ü həmsaz,
Ya qəlbi sıxan bir odada saxlamaq olmaz.
Zəncir kimi zülfü olan bir qızı, heyhat,
Dar hücrədə zəncir ilə də saxlamaq olmaz.
XIX yüzildə Heyran xanım da eyni şəkildə səsini qaldırırdı, etirazını bildirirdi. Bir tərəfdən ailə həyatında düçar olduğu bu uğursuzluq, digər tərəfdən köç edildikləri İranda qohum-əqrəbasının müxtəlif səmtlərə parçalanması, bir qisminin Urmiyədə, bir qisminin Marağada, bir qisminin Xoyda ömür sürməsi və bunların arasında da get-gəlin, rabitənin olmaması Heyran xanımı həmişə məhzun edirdi.
Amma gözəli budur ki, onun şeirinin rəngləri çox idi, ovqatı da yalnız kədərə köklənməmişdi. Bir nikbinlik də əvvəldən-sonacan onun şeirində yer almaqda idi, bir gözü ağlayırsa, həmişə bir gözü də gülürdü. Çünki Heyran sadəcə şeir yazıb ürəyini boşaldan bir qadın deyildi və şeirini tək özü üçün yazmadığını yaxşı dərk edirdi. O, şair idi və söz, xalq qarşısında məsuliyyət daşıdığını dərk etmiş yaradıcı idi. Daxili dünyasını, içərisindəki göynəklərini yazıya köçürürdü, təkcə qaldığı anlarda gözdən axıtdığı yaşlar da misralarında görünürdü, amma eyni zamanda, işinin-gücünün yalnız öz dərdini başqalarına yükləməkdən ibarət olmadığından da hali idi və ona görə də könlünə təskinlik olan pərişan sətirlərini də yazmaqla yanaşı, şux, mehriban, könül atlandıran, şıltaqca "məni nəğməyə döndər oxu" deyən zərif şeirlər də doğururdu.
Və gözəli odur ki, ağlayanda da səmimi idi, güləndə də. Heyran həmin şux, ruhtərpədən qəzəllərində də dərd bölüşdüyü şeirlərindəki kimi sırf özüdür.
Könül ki, hicrdən oldu fikar, ağlayıram,
Bütün vücudum oldu biqərar, ağlayıram.
Nədən şikayət edim? Bəxtdənmi, ya göydən?
Məni əzir sitəm-i ruzigar, ağlayıram,
Nə qədər ömr varımdır cahanda, ey Heyran,
Sızıldayıb həmişə çəngivar ağlayıram.
Heyran yalnız göydən, taledən, bəxtdən gileyli deyildi, vaxtdan, zəmanədən də şikayətçi idi. Ancaq yalnız şikayətlənən də yox, məqamı yetişdikcə ipə-sapa yatmayan, kükrəyən, üsyançı bir şairə idi. İçərisindəki etirazçı duyğular püskürəndə qələm daha sözünə baxmırdı, ürəyindən nə keçirdisə, onu açıqca ifadə edirdi. Şəxsən özünün, eləcə də mənsub olduğu Dünbüli, Kəngərli qəbilələrinin başına gələn müsibətlərdə hakimiyyəti günahlandırırdı.
Və bunu açıqca, hamıya üz tutaraq faş edirdi:
Ço əbr gerye konəd Donboli yo Gəngərlu
Elahi, həmçu mən Əfşar o, həm Qacar suzəd.
Söz yox, Əfşarlar və Qacarlar yansın deyə qarğış edəndə Heyran özü kimi sadə adamları nəzərdə tutmur, iqtidar yiyələrini, hökm sahiblərini, dövranın, ruzigarın bunca qatışıqlığına bais olanları hədəf götürürdü.
...Təzkirələrin yazdığından və elə Heyran xanımın özünün də şeirlərindən sızan bilgilərdən belə aşkarlanır ki, hər halda onun həyatının daha bəxtiyar zolağı Qacarlar dövrü imiş.
Məhəmmədəli Tərbiyət "Danişməndan-i Azərbaycan"da təsdiqləyir ki, Heyran xanım Fətəli şah Qacarın oğlu şahzadə Abbas Mirzə dönəmində onun övladlarıyla yazışmaqdaydı.
Abbas Mirzə 44 il ömür yaşadı. Atası Fətəli şah Qacar, anası isə yenə köklü-köməcli bir nəsildən olan Asiya xanım Dəvəli.
1833-cü ildə o, vəfat edəndə Heyran xanım 5 il idi ki, İrana gəlmişdi. Ancaq artıq Qacar ailəsi ilə münasibətləri yaranmışdı. Yazışmaları, şeirləşmələri vardı.
Fətəli şahın özünün də şairliyi vardı, qanla bu ilham mirasını balalarına da ötürmüşdü. Çoxsaylı törəmələri arasında oğlanların da, qızların da bir çoxu əlavə hansı işlə məşğul olmaqdan başqa həm də şair idilər - hələ ara-sıra qələm götürənləri bir qırağa qoysaq, Fətəli şah Qacarın 8 xanımı, 9 qızı, 23 oğlu peşəkarcasına şeirlər yazırdılar.
Onlardan biri də Fətəli şahın qızı Zübeydə xatun idi. Zübeydə xatın "Həya" və "Qəmər üs-səltənə" təxəllüsləri ilə şeirlər yazırdı. Güman ki, onun da Heyran xanıma şeirli məktubları varmış. Çünki Heyran xanımın "Divan"ına Qəmər üs-səltənəyə ünvanlanan mənzum məktublardan daxil edilmişləri var və olsun ki, belə məktublar çoxmuş. Bunlar varsa, demək, o biri tərəfdən də bu cür mənzum məktublar gəlirmiş.
Zübeydə xatuna göndərdiyi şeirlərdən birində Heyran xanım ondan kağız istəyir. Görünür ki, növbəti şeirlər toplusunu tərtib etmək niyyətindəymiş və keyfiyyətli kağıza ehtiyac duyurmuş. Sadəcə keyfiyyətli yox, həm də qırağı əlvan naxışlı kağıza. Məqsədi şeirlərini haşiyələri bəzədilmiş o vərəqlərdə yazmaq, sonra bir cilddə qovuşdurmaqmış.
İrad tutmağa tələsməyin ki, bugündə oturub nə cəsarətlə uzaq dünənlə əlaqədar xırda ayrıntılara qədər dəqiqliklə ürəkdən keçənləri oxuyurmuş kimi belə yazıram. Tarixdən bəhs edəndə istənilən mülahizənin ardında hökmən məxəzlər dayanmalıdır və belə yazırıqsa, bunları əsla sadəcə ixtiyari, göydəntutma fərziyyəmiz saymayın. Daşdan keçən dəlillər və təsdiqinə şəkk gətirilməz şahidlər var.
Heyran xanımın "Divan"ının əlyazma nüsxələri bu gün Tehranda, Təbrizdə, Gürcüstanda saxlanılır və biri, həm də ən nəfisi Bakıdadır. Həmin əlyazma Bakıya 1945-ci ildə Azərbaycanın sovetləşməsinin 25 illiyi qeyd edilərkən buralara elə Hacı Məhəmməd Haxçıvaninin sovqatı kimi gəlib çatıb. Vərəqlərin hər birinin ətrafı əlvan naxışlıdır və üstündə möhür də var: bu kağızı hansı firmanın istehsal etdiyini nişan verən damğa - Londondakı "Doks" firması!
Ehtimal, bu kağız Böyük Britaniyada məhz şah ailəsinin məxsusi sifarişi ilə hazırlanıbmış. Bir ailədə ki o qədər şair ola, əlbəttə ki, belə gözəl kağıza ehtiyac da çoxmuş. Ola da bilər ki, məktublaşmalarında Zübeydə xanım Heyran xanıma o kağız barədə söhbət açıbmış. Ona görə də Heyran xanım növbəti şeirli məktubunda şah qızından həmin kağızdan istəyirdi:
Səba nəsimi, cəlal ilə durmadan bir an
Hüzuruna o böyük şahzadənin yollan!
Yetiş hüzuruna, söylə mənim dilimdən ona,
Salam, sonra de: - Ey şahzadeyi-dövran!
Çox ehtiyac varımdır mənim bir az kağıza,
Ümid tək sənədir, ey gözəllərə sultan!
Nolur kənizlərinə əmr qıl, nökərlərdən
Sətik xanın yanına göndərə ki, ta ondan
Alıb mənə gətirə bəlkə bir qədər kağız,
Bu şərtilə ki, hamı həşiyələr ola əlvan.
Məni xilas elə bu ehtiyacdan,
Səni hifz edə hicrilərdən səni yaradan.
Bu ehtiyac ödənilir, o haşiyələri əlvan naxışlı kağızlar göndərilir və Heyran xanımın əllərinin hərarəti hopmuş, söz-söz, sətir-sətir şeirlərini yazdığı vərəqlərin qovuşduğu həmin əlyazma indi bizdədir.
Vərəq-vərəq çeviririk, oxuyuruq, giririk tarixin qoynuna və bu "Divan" həm Heyranın ruhunu yaşadır, həm də şeirlərin yazıldığı naxışlı vərəqlərin gerçək tarixçəsini dünəndən bugünə gətirərək bizə olduğu kimi göstərir.
30 noyabr 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















