Icma.az
close
up
RU
Qərar verdim ki, yavaş yavaş Milli Məclisdən uzaqlaşmaq lazımdır MÜSAHİBƏ

Qərar verdim ki, yavaş yavaş Milli Məclisdən uzaqlaşmaq lazımdır MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Filologiya elmləri doktoru, professor, Atatürk Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, eks-deputat Nizami Cəfərov Modern.az-a geniş müsahibə verib.
- Nizami müəllim, 25 il deputat olmusunuz, son seçkilərdə iştirak etmədiniz. Uzun müddətdən sonra Milli Məclisdən uzaqlaşmaq sizi darıxdırmır?
 

- 25 il deputatlıq kimi kütləvi və miqyaslı işdə çalışandan sonra adam təbii ki, darıxmalıdır. Amma mən IV seçkidən sonra artıq qərar vermişdim ki, yavaş-yavaş buradan uzaqlaşmaq lazımdır. Təxminən 10 il indiki həyata adaptasiya olmağa çalışmışam. Ona görə də darıxmaq yoxdur. Mənim siyasi-ictimai fəaliyyətimdən başqa akademik və elmi karyeram da var. O məni heç vaxt tərk etməyib, mən akademik həyatdan uzaqlaşsam,  darıxaram.

- Uzun müddət Milli Məclisdə Mədəniyyət komitəsinə rəhbərlik etmisiniz. Həmin dövrdə və indi mədəniyyət sahəsində ən böyük boşluqların nə olduğunu düşünürsünüz və biz o boşluqları niyə doldura bilmirik?

- Azərbaycan mədəniyyəti o qədər inkişaf edir ki, mədəniyyət sahəsindəki qanunvericilik onun arxasınca qaça bilmir. Azərbaycanda uzun müddət mədəniyyət sahəsində idarəçilik təcrübəsi olub, amma müstəqillik dövründən sonra ziddiyyətlər də yarandı. Ədəbiyyat, incəsənət xadimləri öyrəşmişdi ki, onlara pulu dövlət versin. Dövlət də onlara fəxri ad, yaxşı qonorar verirdi. Dövlət yazara, rəssama, aktyora, müğənniyə verdiyini başqa zümrəyə təmənnasız və bu cür səxavətlə vermirdi. Yeni şəraitdə bu imtiyazlar götürüldü. İndi yazıçı öz kitabını özü çap etdirir, müğənni toylarda oxumaqla pul qazanır, rəssam ümumiyyətlə bilmir nə işlə məşğul olsun. Belə bir vəziyyətdə biz qanunvericilikdə nəzərdə tutduq ki, keçid dövründə dövlət yaradıcı təşkilatları qorumalıdır. Burada da ilk iş Ümummilli liderimiz tərəfindən görüldü. Hakimiyyətə gələn kimi başına buraxılmış yaradıcı təşkilatları yenidən qurdu, yaradıcı birlik və ittifaqları maaşla təmin etdi. Bu gün həmin məsələ yenə də qalır. Düzdür, dövlət çalışır ki, mümkün qədər lazım olan sifarişləri versin, qayğı göstərsin. O vaxt fəxri adların ləğv edilməsi müzakirə ediləndə Heydər Əliyev yaxşı bir söz dedi. Dedi ki, biz bu gün sənət adamlarına maddi kömək edə bilmirik, heç olmasa mənəvi köməkdən onları məhrum etməyək. Dünya təcrübəsi də göstərir ki, yazdığımız əsər nə qədər ürəkdən gəlsə də, o satılıb pul gətirmirsə, heç bir mahiyyəti yoxdur. 

- Satıla bilməməsinin problemi yaradıcılardadır, ya auditoriyada?

- Şairin, yazıçının əsəri kartof deyil ki, çıxartsın bazara. Xüsusi mexanizm yaradaraq mənəvi bazarda yer tutmalıdır, bunun arxasınca da maddi gəlir gələ bilər. Bu işin ustaları olmalıdır ki, böyük sənət əsərlərini yalnız Azərbaycanda deyil, eyni zamanda Türk, İslam dünyasında, Avrasiya məkanına çıxara bilək. Bu günə qədər o problem qalır. Bu həm də inzibati qaydada həll olunmur. Yaxşı ki, Heydər Əliyev Fondu var, müəyyən səlahiyyətləri üzərinə götürür, Mədəniyyət Nazirliyi də onun kimi. Amma çox vaxt yetişmiş yaradıcılara kömək olur. Gənclərə ayrılan təqaüdlər də var, amma onları əhatə edən gənclər azdır və bu təqaüd yaradıcılığa deyil, məişət qayğılarına xərclənir. 

- Son illərdə Azərbaycanın ən böyük mədəniyyət hadisəsi nəyi hesab edə bilərik? Varmı belə hadisələr?

- Külli miqdarda belə hadisələr var. Son 10 ildə yaradıcılığa öncədən başlayan yazarlarımızın elə əsərləri çıxdı ki, hətta düşünmək olar ki, onlar yaradıcılıqlarının tənəzzül dövrünü yaşayırlar. Məsələn, Nəriman Həsənzadə, Anar, Elçin - mən bunlara yaşlı nəsil deyirəm. Onların yaratdığı o qədər gözəl əsərlər oldu ki. Rəssamlarımızda, bəstəkarlarımızda da bu var, amma mən onları tam təfsilatı ilə deyə bilmirəm, eyni proses kino sahəsində getmir. Çünki kino üçün böyük vəsait və kollektiv iş lazımdır. Gərək yaxşı rejissor, aktyor, ssenarist olsun. Fərdi təşəbbüslərimiz olsa da, Azərbaycan səviyyəsində bir uğur qazana bilməmişik. 

- Siz saydığınız adlar Azərbaycandan kənara çıxa bilib? Mədəniyyət hadisəsi bir az da bəşəri olmalı deyilmi?

- Bizdə inteqrasiya problemi həmişə olub. Amma bütün Türk dünyasında Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin adı Çingiz Aytmatovun adı ilə yanaşı çəkilirsə, bu o deməkdir ki, bizim naliyyətimiz var. Türk dövlətləri ilə bağlı tədbirlərdə həmişə Azərbaycan ədəbiyyatı ilə bağlı xüsusi müzakirələr gedir. Türk dünyasında Azərbaycan qədər yaradıcılıq imkanı və real göstəriciləri yüksək olan başqa türk dövlətinin adı çəkilmir. 

- Universitetlərdə hələ də sənətşünas, teatrşünas, kinoşünas, filologiya ixtisasları tədris olunur. Praktikaya baxdıqda isə bu ixtisası bitirənlərin işsiz qaldığı və ya başqa sahələrdə çalışdığını görürük. Bu cür olan halda hər il onların təhsilinə on minlərlə pul xərclənir? Ölkəmizdə filoloqlara, teatrşünaslara nə dərəcədə ehtiyac var?

- Bizim bu sadalanan sahələrdə yaxşı mütəxəssislərimiz var. Sadəcə onların yerləşdirilməsində problemlər yaşanır. Mütəxəssislərin fəaliyyəti üçün biri var universitet, biri də var akademiya. Milli Elmlər Akademiyasında iş yaxşı gedir, davamlı çalışırlar. Amma bu gün universitetdə dərs deyən yaşlı müəllimlərin akademiyaya keçməyi daha yoxdur, bu səbəbdən universitetlər yaşlanır. Gənclərin də birbaşa akademiyada çalışması mümkün olmur. Biz həmçinin universitetlərdə, akademiyalarda nəzəriyyə ilə məşğuluq. Eyni şeyi yazırıq, danışırıq, elə bilirik o həqiqətdir. Praktiki baxımdan nəsə edə bilmirik. Qaldı ki, universitetlərdə hələ də filologiya, teatrşünas kimi ixtisaslara, ali təhsil sistemində xüsusi qüsurlar var. Filoloqları qəbul edirik, amma nəzərə almırıq ki, onlar Azərbaycan dili müəllimi deyil. Azərbaycanda bu sahələrə ehtiyac çox azdır.

- Siz dediyiniz mütəxəssisləri Azərbaycan təhsilinin uğuru hesab etmək olarmı? Onlar SSR dövründə yetişiblər...

- Faktiki olaraq hazırda biz ömrümüz boyu imtahan verməklə məşğuluq. Bakı Dövlət Universitetində türkoloq hazırlayırıq. Bu sahələr üzrə əgər doktorant götürürüksə, həmin doktorant birinci ingilis dilindən və ya alman, fransız dilində imtahan verir. Baxırsan ki, bu türkoloq deyil, ingilis dili və ədəbiyyat müəllimidir. Türkoloq da geniş mənada kəsilib. Bu ən sadə mexanizmdir. Əvvəl ixtisas imtahanı verilsin, o ixtisası bilənləri seçəndən sonra gedib xarici dil bilikləri yoxlansın. Təbii ki, ingilis dili lazımdır. Mən ingilis dilini pis bilsəm də, rus dilini yaxşı bilirəm. Mən rus dilini normal bilməsəydim Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi və ya türkoloq ola bilməzdim. 

- İndi də Azərbaycan dilini öyrənmək üçün rus dilinə ehtiyac var?

- Əlbəttə.

- Biz 30 ildə dilimizi öyrənmək üçün Azərbaycandilli mənbələr yarada bilməmişik?

- Bu mümkün deyil. Azərbaycan dili və ədəbiyyatını öyrənməkdən ötrü bizim nəsil rusca, sizin nəsil ingiliscə oxumağı bacarmalıdır. Sən necə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis ola bilərsən ki, Ferdinand de Sossürü tanımayasan. 

- Söhbət sırf tərcümədən gedirsə, indi texnologiya çox yaxşı inkişaf edib.

- Ferdinand de Sossür, Vilhelm fon Humboldtu da tərcümə etdik, amma onların bir əsərini tərcümə ilə məhdudlaşmaq olmur. Texnologiya da tam tərcümə edə bilməz o əsərləri. Biz hər anlayış üzrə müzakirələr aparırıq. Hətta elə məqamlar var ki, Azərbaycan dilində o elm mümkün deyil. Müəyyən qədər Türkiyə türkçəsi bizə kömək ola bilər, amma rus, alman dilində türkologiyaya aid küllü miqdarda əsərlər var. Azərbaycan dilini öyrənmək istənilən halda bizə başqa dili öyrənməyi tələb edir. Mənim rus dilindən heç vaxt xoşum gəlməyib, amma elm adamı olmaq üçün onu bilməli idim. 

- Bir az əvvəl vurğuladınız ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çox yaxşı işləyir. Cəmiyyətdə bununla bağlı birmənalı fikir yoxdur. Elm və Təhsil Nazirliyinin əhatə dairəsi genişləndikdən sonra bir növ texniki fənlər də AMEA-dan çıxdı və sadəcə humanitar fənlərlə məşğul olmağa başladılar. Bu gün AMEA-nın hansı işini yaxşı hesab etmək olar?

- 10 cildlik ədəbiyyat tarixi, müasir ədəbi prosesə həsr olunmuş cildlər çap olundu, bundan başqa türk xalqlarının ədəbiyyatı, mühacirət ədəbiyyatının cildləri çap olunub. Hər il ciddi tədqiqat və araşdırmalar meydana çıxır. Hər il dil tarixinə, Azərbaycan dilinin tarixi lüğətinə aid cildlər, ümumi dilçiliyə aid çoxlu tərcümələr hazırlanır. İdris Abbasovun heç evi də yoxdur, amma türkologiyanın, ümumi dilçiliyin xeyli əsərlərini şərhlərlə tərcümə elədi. Az qala 15-20 ciddi alimin işini gördü. Bu işlər görülür, amma yaxşı olardı ki, onların əvəzini də alardılar. 

- AMEA olmasaydı, Azərbaycan nə itirərdi?

- Akademiya olmasaydı, bayaq sadaladığım cildlər olmayacaqdı. 

- Sadaladığınız kitablar çap edilib, həmin binada da saxlanılır. Gördükləri iş kütləviləşə bilməyib, insanların heç o kitablardan xəbərləri yoxdur...

- Düzdür. Bu da ayrı problemli məsələdir. Demək akademiya yalnız öz hücrəsində tədqiqat aparır. Bir hasar düzəldib, onun içində işlə məhdudlaşırlar. O kitablar mağazalara verilsə də, satılmır. Bəlkə maraq azdır, bəlkə qiyməti bahadır...

- Siz dediyiniz alimlərin əksəriyyəti SSR-nin ideologiyasının təbliğatı ilə məşğul olurdu. Əvvəl orada işləyənlərin əksəriyyəti də xüsusi xidmət orqanlarına çalışırdılar. İndi durum necədir?

- İndi akademiyadakı işçilərin nə o xidmətlə məşğul olmaq imkanı var, nə gücü, nə də istedadı. O, xüsusi peşəkarlıq tələb edir. Bizim akademiyanın elə elm adamları var ki, baxırsan ki, bundan ən primitiv səviyyədə də çalışan çıxmaz. Yaxşı ki, elə də deyil. O vaxt var idi, amma o vaxt akademiya iş də görürdü. O alimlərin gördüyü işlərin 5 faizini indikilər edə bilmir. 

- SSR-dən bizə rus sözləri də miras qalıb, sizin həmin sözlərlə bağlı fikirləriniz də maraq doğurdu...

- Azərbaycan dilinə 19-cu əsrdən başlayaraq çoxlu rus-slavyan sözləri əlavə olunub. Bu sözlərin sayı 10 mindən çoxdur. Biz bu sözlərin lüğətini niyə hazırlamamalıyıq? Niyə rahatlıqla deməli yox, “znaçit” deyirik? Halbuki bu sözlərin mütləq əksəriyyətinin Azərbaycan dilində orfoqrafiya lüğətinə düşmüş qarışılıqları var. Amma danışıq dilində demirik, çünki beynimizdə həmin sözlərin yeri möhkəm deyil. Hətta yazı ilə illərdir o bizə təbliğ olunur, yenə də işlədirik. Gələcəkdə bu kimi sözlərdən istifadə etməyəcəyik, amma mən əmin deyiləm ki, “vapşe” sözünün yerinə "ümumiyyətlə" deyəcəyik. Bunlar sosioloji və psixoloji davranışlarla bağlıdır və tədqiq olunmalıdır. Təklif edəndə ki, bunların lüğəti hazırlansın, öyrənilsin, görürsən ki, guya ziyalı olan biri çıxıb deyir ki, Nizami təklif edir ki, bu sözlər orfoqrafiya lüğətinə salınsın. Nizami elə şey deyə bilərmi ki, “znaçit” orfoqrafiya lüğətinə salınsın? Bu gündəlik istifadə olunan varvarizmdir, parazit sözdür. Amma necə ki, biologiyada parazit sözlər öyrənilir, dilçilik onu da öyrənməlidir. Bunu öyrənməsə, Azərbaycan insanının lüğət tərkibi barəsində nə dilçinin, nə psixoloqun, nə də filoloqun normal təsəvvürü olacaq. Bu sözləri bizim dramaturgiyamızda var və nəsr adamlarının dilinə estetik hadisə kimi keçib.  

- Dilçilik İnstitunun rəhbəri Nadir Məmmədli yeni orfoqrafiya lüğətinin hazırlanması ilə bağlı qeyd etmişdi ki, “Xalq qəzeti”, “Azərbaycan”, “Səs”, “Ədəbiyyat” qəzetlərinin 10-15 illik PDF-lərindən olan sözlərə əsasən dilimizdəki sözlərin bazası yaradılıb. Siz bu fikirlə nə dərəcədə razısınız? Adıçəkilən mətbu orqanlar dilimizi nə dərəcədə təmsil edə bilir?

- Uzun əsrlər bizim jurnalistikamız, mətbuatımız olmayıb. Müəyyən publisistik yazılar yazılıb, amma sonradan çap olunub, yayılıb. İstər Azərbaycanda, istər dünyada dil ən çox publisistikada inkişaf edir. Çünki bu bütün cəmiyyətin təfəkkürünün göstəricisidir. Sosial şəbəkələrdə bəzən elə cümlə görürsən ki, deyirsən bunu yazan dahidir. Dil ən çox burada inkişaf edir və ya əksinə, xaraba qoyulur. Bu baxımdan Nadir müəllim haqlıdır. Amma dilimizin zənginliyini sadəcə adıçəkilən mətbu orqanlar göstərə bilməz. Bəzən bu cür mətbu orqanlarda analtika çatışmır, məddahıq daha çox olur. Bu adlar populyardır deyə, ondan istifadə etməklə yanaşı, eyni dərəcədə “bulvar” qəzetlərindən də istifadə etmək lazımdır. Biz dilimizdə olan bütün sözləri – təhqirləri də, yalvarışları da ümumi dəyərini bilməliyik. Yalnız maarifçilik mövqeyindən gedib, səliqəyə salınmış mətbuatın dili ilə Azərbaycan dilində gedən proseslər barəsində təsəvvür yaratsaq, bu, təbii ki, heç kimin xoşuna gəlməyəcək. Gərək hər şeyi hesaba alasan.

- Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanının modeli yaradılarkən Məleykə Abbaszadə yazıçıları da dil biliklərini yoxlamağa çağırdı. Siz bu imtahanda iştirak etdinizmi? 

- Mən imtahan verməmişəm, amma imtahan verməyə hazıram. Onsuz da ömürboyu imtahan verirəm. 

Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanının təqdimatında iştirak edəndə Məleykə xanım imtahan üçün hazırlanan sualların keyfiyyətini görmək üçün təklif etdi ki, Azərbaycan ziyalıları, dilçilər, ədəbiyyatçılar bu imtahanda iştirak etsinlər. Məleykə xanım özü rusdillidir, onun da yazıçılara xüsusi sevgisi var. O bilir ki, bu dilin əsas biliciləri elə yazıçılardır, düz də bilir. Məleykə xanım həm sualları, həm də yazıçıları sınamağı tövsiyə etdi, sonda da bildirdi ki, özü də bu imtahanda iştirak edəcək və nəticələr gizli saxlanılacaq. Amma bu gizlin qalacaq sözündən çoxu şübhələnib qorxuya düşdü. Çünki bu zamanda heç nə gizli qalmır. Buna görə də Məleykə xanımın bu zarafatı yazıçılarımızı ona qarşı gətirdi. 

- İmtahanda iştirak edən AYB üzvlərindən kimlərin dil biliyi səviyyəsi aşağı olar?

- Bizim yazıçıların dil biliyi ən yüksək səviyyəyə layiqdir. Amma imtahanda dilçilik sualları da olur. Ola bilər ki, bizim çox mötəbər yazıçımız “-ki” şəkilçisini “-ki” ədatından və ya bağlayıcısından seçə bilməsin. O da böyük qüsur deyil. O dili bilib-bilməmək deyil, dilçiliyi bilib-bilməməkdir. Ona görə də imtahana gedəndə yazıçılarımız narahat olmasın. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see283

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see213

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see119

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see119

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see119

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see117

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see116

Tramp və İlon Mask arasında münasibətlər gərginləşir

05 İyun 2025 07:31see116

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see116

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see114

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see114

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see114

Sakit okeanda 3000 avtomobil daşıyan yük gəmisi yanıb

05 İyun 2025 06:03see114

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see114

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see114

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see112

Romalıların sabiq çalışdırıcısı Turin klubunda RƏSMİ

05 İyun 2025 19:17see111

Qəzzada Laboratoriyalar üçün nəzərdə tutulan tibbi avadanlığın 60 faizi məhv edilib

05 İyun 2025 08:03see111

İnfeksionist: A qrip virusları yüksək mutasiya qabiliyyətinə malikdir...

05 İyun 2025 14:35see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri