Qərbi Azərbaycan istiqamətində dövlət siyasəti və QHT təşəbbüsləri yeni mərhələnin başlanğıcı
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan xalqının zəngin və çoxəsrlik tarixi, dövlətçilik ənənələri və mədəni irsi uzun illər ərzində məqsədyönlü şəkildə təhriflərə məruz qalıb. Xüsusilə Ermənistan və erməni diasporu tərəfindən aparılan saxtalaşdırma siyasəti xalqımızın tarixi yaddaşına ciddi zərbə vurub. Lakin son illərdə bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasəti və elmi fəaliyyətlər nəticəsində Azərbaycanın tarixi həqiqətləri ardıcıl şəkildə bərpa olunur və dünyaya çatdırılır.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışında vurğuladı ki, xalqımızın tarixi təhriflərə qarşı qoyulmalı olan əsas silah məhz elmi əsaslı tədqiqatlar və düzgün təbliğatdır. Bu məqsədlə alimlərin, ictimai təşkilatların və media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür.
Prezident İlham Əliyevin çıxışında Qərbi Azərbaycan məsələsi xüsusi yer tutdu. Dövlət başçısı qeyd etdi ki, azərbaycanlılar əsrlər boyu bu ərazilərdə yaşamış, lakin XX əsrin müxtəlif mərhələlərində zorla öz dədə-baba torpaqlarından qovulmuşlar. Buna baxmayaraq, Azərbaycan dövləti bu məsələyə sülh və ədalət prinsipləri çərçivəsində yanaşır. Prezidentin “biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” fikri bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir. Burada məqsəd revanşizm deyil, tarixi ədalətin bərpası, azərbaycanlıların öz doğma yurdlarına dinc və hüquqa əsaslanan şəkildə dönüşüdür. Dövlət başçısı alimlərin və ictimai təşkilatların bu istiqamətdə daha çox elmi əsərlər, xəritələr, sərgilər və təqdimatlar hazırlamasının vacibliyini vurğuladı. O, Çar Rusiyasına aid olan tarixi xəritələrdən nümunələr gətirərək göstərdi ki, indiki Ermənistan ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bu faktlar bir daha sübut edir ki, Qərbi Azərbaycan torpaqları tarixən Azərbaycan mədəniyyətinin və etnik coğrafiyasının ayrılmaz hissəsi olub.
Prezidentin bu çağırışları cəmiyyətdə, xüsusilə vətəndaş sektoru və elmi ictimaiyyət arasında böyük rezonans doğurub. Artıq bu istiqamətdə həyata keçirilən praktiki addımlar da öz bəhrəsini verir. QHT Agentliyinin “Qərbi Azərbaycana Qayıdış” mövzusunda keçirdiyi ictimai müzakirə və bu sahəyə ayrılan qrant layihələri dövlət başçısının səsləndirdiyi fikirlərin real icra mexanizminə çevrildiyini göstərir. Agentlik son illərdə Qərbi Azərbaycan mövzusuna xüsusi önəm verir, hər il bu istiqamətdə daha çox layihəyə maliyyə dəstəyi göstərir. Keçən il icra olunmuş layihələr barədə keçirilən brifinqdə ictimaiyyətə və mediaya təqdim edilən məlumatlar göstərdi ki, bu istiqamətdə həm miqyas, həm də keyfiyyət baxımından mühüm irəliləyiş əldə olunub. Müxtəlif QHT-lər bir-birilərinin təcrübəsi ilə tanış olmaq imkanı qazanıb, yeni ideyalar formalaşıb və geniş əməkdaşlıq mühiti yaranıb. Bu proses həm elmi əsaslı yanaşmanın güclənməsinə, həm də tarixi həqiqətlərimizin beynəlxalq səviyyədə daha effektiv təbliğinə xidmət edir.
2025-ci ildə həyata keçirilən layihələrin mühüm yeniliyi ondan ibarətdir ki, artıq Azərbaycan QHT-ləri xarici tərəfdaşlarla koalisiya şəklində birgə fəaliyyət göstərirlər. Bu, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada daha sistemli və obyektiv şəkildə çatdırılmasına imkan verir. Belə təşəbbüslər Prezidentin “həqiqətlərimizi dünyaya çatdırmaq” çağırışı ilə tam uzlaşır və dövlət ilə vətəndaş cəmiyyətinin qarşılıqlı əməkdaşlığının bariz nümunəsidir.
Qərbi Azərbaycan məsələsi yalnız bir tarixi mövzu deyil, həm də milli kimlik, yaddaş və ədalət məsələsidir. Bu istiqamətdə görülən işlər Azərbaycan xalqının tarixi yaddaşının bərpası, milli kimliyinin möhkəmləndirilməsi və gələcək nəsillərin öz köklərinə sahib çıxması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Azərbaycan xalqı heç vaxt separatizm xəstəliyinə düçar olmamışdır” fikri bu siyasətin humanist və sülhpərvər mahiyyətini açıq şəkildə göstərir. Azərbaycan dövləti qonşu ölkələrlə dostluq münasibətlərini qoruyaraq eyni zamanda öz vətəndaşlarının tarixi hüquqlarını müdafiə etməkdə qərarlıdır.
Bu gün dövlət qurumları, QHT-lər, alimlər və media nümayəndələri arasında formalaşan əməkdaşlıq, faktlara əsaslanan elmi tədqiqatlar və beynəlxalq müstəvidə aparılan məlumatlandırma fəaliyyəti tarixi ədalətin bərpasına xidmət edir. Prezident İlham Əliyevin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər yalnız elmi ictimaiyyətə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə ünvanlanan bir strateji çağırışdır: tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və Qərbi Azərbaycana qayıdış ideyasının elmi əsaslarla, müasir kommunikasiya vasitələri ilə dünyaya təqdim edilməsi. QHT Agentliyinin bu istiqamətdə həyata keçirdiyi layihələr isə həmin çağırışın praktik ifadəsidir. Beləliklə, dövlətin siyasi iradəsi ilə vətəndaş cəmiyyətinin fəallığı birləşərək Azərbaycanın tarixi həqiqətlərinin bərpası və beynəlxalq səviyyədə tanıdılması prosesini yeni mərhələyə çıxarır.
Fəridə Ramiz qızı Səfiyeva
Filologiya üzrə elmlər doktoru, pofessor, “Kainat” Milli Mənəvi Dəyərlərin Təbliğinə dəstək” İctimai Birliyinin sədri
Baxış sayı:36
Bu xəbər 07 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















