Qlobal LNG bazarı yenidən bölüşdürülür
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Birliyinin 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına qoyduğu qadağa qlobal enerji sektorunda güc balansını dəyişdirib. Böyük üclük - ABŞ, Qətər və Rusiya arasında bazarın bölüşdürülməsi mübarizəsi başlayıb. ABŞ hakimiyyəti artıq mayeləşdirilmiş təbii qaz ixracı potensialını fəal şəkildə genişləndirir.
ABŞ Enerji İnformasiya Administrasiyasının proqnozlarına görə, Amerikanın ixracatı 2025-ci ildə 115 milyon tona çatacaq və 2027-ci ilə qədər daha 50 milyon ton artacaq. Bu, Vaşinqtona nəinki dünyanın ən böyük LNG ixracatçısı kimi özünü möhkəmləndirməyə, həm də Avropa qaz bazarında Rusiyanı əvəz etməyə imkan verəcək.
Avropa bazarını tam nəzarətə almaq üçün ABŞ Ukrayna ilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü müzakirə edir. “Blumberq”in (Bloomberg) məlumatına əsasən, bunun müqabilində Ukrayna Prezidenti Vladimir Zelenski Donald Trampa resursun Ukraynadakı anbarlarda ucuz qiymətə saxlanmasını təklif edə bilər ki, bu da ABŞ-ın Avropanın qalan hissəsinə mayeləşdirilmiş təbii qaz ixracını artırmağa imkan verəcək. “Faynənşl Tayms” (Financial Times) qəzetinin məlumatına görə, ABŞ təkcə son bir ayda üç yeni LNG terminalının istifadəyə verilməsini təsdiqləyib və ilin sonuna qədər daha beş terminalın istifadəyə verilməsi planlaşdırılır. Enerji strateqi Rabobank-a görə, 2027-ci il ABŞ-nin enerji ixracı tarixində dönüş nöqtəsi olacaq.
Qətərin planları da iddialıdır. “QatarEnergy” “Şimal- Qərb Sahəsi” layihəsində mayeləşdirilmiş təbii qaz istehsalını genişləndirməyi planlaşdırır. Bu, ölkənin mayeləşdirilmiş təbii qaz istehsalını təxminən ikiqat artıraraq 77 milyon tondan 142 milyon tona çatdıracaq.
Paralel olaraq Qərbin sanksiyaları ilə üzləşən Rusiya da LNG ticarətini genişləndirməkdədir. Çünki mayeləşdirilmiş qaz bazarının 10%-nə nəzarət edən Rusiyanı oyundan tamamilə kənarlaşdırmaq mümkün deyil. “NOVATEK” və “Qazprom” 2030-cu ilin sonuna qədər ildə təxminən 26 milyon ton ümumi tutuma malik yeni qaz mayeləşdirmə qurğularını istifadəyə verməyi planlaşdırırlar. Hazırda üç güc arasında alternativ bazarlara ixracın şaxələndirilməsi məsələsi həll olunur.
“Qazprom”un hesablamalarına görə, 2035-ci ilə qədər LNG tədarükündəki artımda ən böyük pay ABŞ, Qətər və Rusiyaya düşəcək.
Beynəlxalq Enerji Agentliyi isə 2030-cu ilə qədər dünyanın ildə 300 milyard kubmetr yeni LNG ixrac gücünə sahib olacağını və bunun 70%-nin ABŞ və Qətərdə yerləşəcəyini açıqlayıb. Proqnozlara görə, o vaxta qədər LNG ticarəti mövcud səviyyələrlə müqayisədə təxminən 70% artacaq. Qısası Beynəlxalq Enerji Agentliyi dörd illik çatışmazlıq və yüksək bazar rəqabətindən sonra, mayeləşdirilmiş təbii qaz istehsalının 2019-cu illə müqayisədə 2026-cı ildə zirvəyə çatacağını gözləyir.
“Novatek” şirkətinin baş direktoru Leonid Mixelsonun proqnozuna görə isə 2050-ci ilə qədər qlobal qaz bazarının əlavə 300 milyon ton mayeləşdirilmiş təbii qaza ehtiyacı olacaq. Bu həcmlər də ancaq ABŞ, Qətər və Rusiyada mövcuddur:
“LNG bazarının 2050-ci ilə qədər hazırkı 405 milyon tondan 720 milyon tona qədər artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, bazarın ildə əlavə 300 milyon ton LNG-yə ehtiyacı olacaq. Yalnız Qətər, ABŞ və Rusiya bu cür ehtiyatları və resursları təmin edə bilər”.
Onun sözlərinə görə, 2050-ci ilə qədər dünyanın qaza olan tələbatının 20% artaraq ildə ən azı 5 trilyon kubmetrə çatacağı gözlənilir.
Dünya Bankının son proqnozlarına nəzər yetirdikdə qlobal təbii qaz hasilatının 2025 və 2026-cı illərdə müvafiq olaraq 1,7 və 2,4% artaraq 2025-ci ildə 4 250 milyard kubmetr, 2026-cı ildə isə 4 350 milyard kubmetrə çatacağı məlum olur. Bu artımlar əsasən Şimali Amerikada yeni LNG terminallarının istifadəyə verilməsi ilə əlaqədar olaraq LNG ixracının genişlənməsi hesabına baş verəcək.
Avropa bazarı
Ötən ilin nəticələri göstərir ki, LNG idxalçıları əsasən Asiya-Sakit okean regionu (APR) və Avropadır. AB artıq üçüncü ildir ki, dünyanın ən böyük LNG idxalçısı olaraq qalır. Keçən il regiona çatdırılmalar ümumi LNG tədarükünün 20%-ni təşkil edib. Avropa Statistika Komitəsinə əsasən, AB-yə mayeləşdirilmiş təbii qaz idxaı ilk doqquz ayda 27% artaraq (Gas İnfrastructure Europe şirkətinin məlumatına görə isə artım 26% olub), 127 milyard kubmetrə çatıb. Qitənin qaz balansında mayeləşdirilmiş təbii qazın payı əvvəlki ildəki 35 faizdən 42 faizə yüksəlib. Ümumilikdə bu il AB-yə mayeləşdirilmiş təbii qaz idxalının ötənilki 660 tankerdən 820-yə qədər artması proqnozlaşdırılır. Analitiklərin hesablamalarına inansaq, bu qış əlavə 16 milyard kubmetr LNG tələb olunacaq.
Geriyə baxanda, cəmi on il əvvəl mayeləşdirilmiş təbii qaz AB-nin ehtiyacının yalnız 10%-ni təşkil edirdi. 2021-ci ildə isə bu rəqəm artıq 23% idi. Rusiya-Ukrayna münaqişəsinin başlaması və blokun Rusiyadan boru kəməri ilə qaz idxalını kəskin azaltması LNG bazarının yolunu açdı.
Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) məlumatına görə, 2024-cü ildə qitəyə LNG idxalının 46%-i ABŞ-dan, 16%-i Rusiyadan, 11%-i Əlcəzairdən, 10%-i Qətərdən, 5%-i Norveçdən və 4%-i Nigeriyadan reallaşdırılıb.
Alman İqtisadiyyat İnstitutunun (İnstitut der deutschen Wirtschaft, İW) açıqlamasına əsasən, Avropa Birliyinin məhdudiyyətlərinə rəğmən Rusiya qitənin üçüncü ən vacib ticarət tərəfdaşı olaraq qalır. Müxtəlif mənbələrə görə, Ukraynada hərbi əməliyyatların başlamasından indiyə qədər Avropa ölkələri Rusiyadan 42 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz alıblar. 2024-cü ildə AB Rusiyadan maye qaz tədarükünü 21% artıraraq 21,5 milyard kubmetrə (qaz idxalının 19 faizini təşkil edib) çatdırsa da, 2025-ci ilin ilk doqquz ayında həcmləri 7% azaldaraq təxminən 15 milyard kubmetrə (qaz idxalının 19 faizini təşkil edib) endirib. Bunun səbəbi də sanksiyalardır. Əvvəla Rusiyada mayeləşdirilmiş təbii qaz əsasən beş şirkət tərəfindən istehsal olunur. Ən böyüyü ildə 17,4 milyon ton tutuma malik Avropanın əsas təchizatçısı olan “Yamal LNG”-dir. Əsas LNG ixrac edən şirkətlər “Yamal LNG” və “Saxalin-2”, autsayder isə “Arctic LNG-2”-dir. ABŞ sanksiyalarının əsas hədəfi ildə 19,8 milyon ton mayeləşdirilmiş təbii qaz istehsal etməli və Rusiyada ən böyük mayeləşdirilmiş təbii qaz layihəsinə çevrilməli olan “Arktika LNG 2” layihəsidir. Rusiyada fəaliyyətə başlaması nəzərdə tutulan yeni LNG layihələri hazırda dondurulmuş vəziyyətdədilər. 2024-cü ildə “Arctic LNG 2”-dən göndərilən bütün partiyalar hələ istehlakçılara çatmayıb.
Digər tərəfdən 2027-ci ildən Qərb Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını tamamilə dayandırmaq niyyətindədir. Müvafiq müddəalar bu yaxınlarda təsdiqlənən 19-cu sanksiya paketinə daxil edilib. Beynəlxalq Enerji Agentliyinin (İEA) ekspertləri hesab edir ki, artıq 2026-cı ildən Rusiya LNG tədarükünü Avropadan digər bazarlara, əsasən də Asiyaya yönləndirəcək.
Bazarın digər payçısına – ABŞ-a gəlincə, 2025-ci ilin birinci yarısında ABŞ qitəyə 52,7 milyard kubmetr LNG ixrac edib. Energy Aspects-in hesablamalarına görə, bu ölkə 2026-2029-cu illərdə Avropanın mayeləşdirilmiş təbii qaz idxalının təxminən 70%-ni təşkil edəcək (bu ilki 58%-ə qarşı).
Belə ki, “Plaquemines LNG”, “Corpus Christi LNG Stage 3” layihələrinin işə salınması sayəsində ABŞ-ın LNG ixracı artmaqda davam edəcək. Qurğuların ümumi nominal ixrac gücü gündə 5,3 milyard kub futdur (pik saatlarda 6,3 milyarda qədər), bu da tam fəaliyyətə başladıqdan sonra ABŞ-ın mövcud LNG ixracının təxminən 50% artması demədir. Bundan əlavə Beynəlxalq Maye Qaz İdxalçıları Qrupunun və ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2028-ci ilə qədər ümumi baza gücü 43,8 milyon ton, maksimum gücü isə 49,2 milyon ton olan daha üç maye qaz zavodunun - “Golden Pass”(QatarEnergy şirkəti Texasdakı bu zavodda 70% paya sahibdir), “Port Arthur”, “Rio Grande LNG” istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, bu layihələrin həyata keçirilməsi ilə ABŞ-ın LNG ixracı 1,8 dəfə arta bilər. Göründüyü kimi Amerikanın qaz istehsalçıları Avropaya qaz ixracını təşkil etmək üçün böyük xərclər çəkməlidirlər.
AB-nin ABŞ-ın LNG idxalından asılılığının artması xüsusən də Tramp administrasiyasının bu il AB də daxil olmaqla ticarət tərəfdaşlarına tariflər tətbiq etməsi qiymətlərin kəskin şəkildə artımı və çatışmazlıq təhlükəsi yaradır.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Qətər 2024-cü ildə təxminən 75,6 milyon ton mayeləşdirilmiş təbii qaz ixrac edib ki, bunun da yalnız 13%-i Avropa bazarının payına düşüb. Baxmayaraq ki, AB Rusiya qazını qəbul etməkdən imtina edib və alternativ təchizatçılar axtarıb. 2025-ci ilin ilk doqquz ayında Qətər Avropaya 37,1 milyon ton mayeləşdirilmiş təbii qaz tədarük edib. Analitiklərə görə, Avropa bazarı bir vaxtlar Qətər üçün hədəf idi. Avropanın karbon neytrallığı tələblərinə cavab vermək üçün hətta rəsmi Doha ən böyük qaz yataqları olan “Şimal Sahəsi Şərq” və “Şimal Sahəsi Cənub”da CO2 tutma və saxlama sistemi (karbon qazı tullantılarını ildə 11 milyon ton azaldacaq) layihəsi reallaşdırırdı. Lakin CO2 azaltma sistemlərinə xərclənən milyardlarla dollar hələ də öz bəhrəsini verməyib. Qətər hələ də AB-yə mayeləşdirilmiş təbii qaz təchizatında üçüncü sırada yer alır.
Görünən odur ki, bütün bunların fonunda rəsmi Doha yönünü Asiya bazarına çevirib. “Şimal Sahəsi” (NFW) layihəsinin tutumunu 142 milyon tona çatdırmaqla 2023-cu ilə qədər LNG ixracını artırmağı planlaşdırır. Bu da mövcud səviyyədən 85% artım deməkdir. Lakin bu artım əsasən Asiya bazarı üçün hesablanıb.
Onu da qeyd edək ki, Qətər Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Polşa və Niderland kimi müxtəlif Avropa ölkələrində yerləşən və LNG qəbul edən terminallar şəbəkəsi vasitəsilə Avropaya LNG tədarük edir. Son olaraq bu ilin mayında “QatarEnergy” şirkəti Böyük Britaniyadakı “Qrain Adası” LNG terminalında soyuducu metan saxlamaq üçün fəaliyyətə başlayıb. Terminalda ümumi tutumu 1 milyon kubmetr və illik ötürmə qabiliyyəti 20-25 milyard kubmetr olan səkkiz LNG saxlama çəni var. “QatarEnergy” terminalın illik tutumunun 7,2 milyon tonunundan yararlanacaq.
Analitiklərə görə, Rusiyanın Avropaya qaz tədarükündə dominant olduğu dövrlərdə ABŞ və Qətər kimi təchizatçılar bazatdan pay almağa çalışırdılarsa, artıq şərtləri diktə edirlər. Məsələn, iki ölkə AB-ni Korporativ Davamlılıq Direktivini (CSDDD) ləğv etməyə çağırıb. Direktivin blokun yanacaq idxal etmək qabiliyyətinə təsir edəcəyini bəyan ediblər. Hətta Doha AB-yə mayeləşdirilmiş təbii qaz ixracının dayandırılacağına da eyham vurub.
Şərqi Asiya regionu
Şərqi Asiya regionu (Çin, Yaponiya, Cənubi Koreya və Tayvan) dünyanın ən böyük LNG idxalçısıdır. Keçən il regionun LNG idxalının həcmi təxminən 211,1 milyon ton (yəni qlobal LNG idxalının yarısından çoxu) təşkil edib. Mövcud hesablamalara görə, Şərqi Asiyada ümumi LNG idxalına tələb növbəti beş ildə orta hesabla illik 2,2% artaraq 240,1 milyon tona çatacaq. Çin və Tayvan regionda artımın lokomotivi olacaq.
Avropada artan tələbat fonunda Asiyada LNG-nin spot qiymətləri 2024-cü illə müqayisədə yüksəlir. Mayeləşdirilmiş təbii qazın spot qiyməti ilin altınci ayında min kubmetr üçün 469 dollar təşkil edib. 2025-ci ildə ən minimal qiymət mayda qeydə alınıb- min kubmetr üçüb 394 dollar. Yüksək spot qiymətləri Çin və Hindistan kimi qiymətlərə həssas bazarlarda alışları azaltmağa məcbur edib. Dünyanın ən böyük LNG idxalçısı olan Çinin tədarükündə 2025-ci ildə 2024-cü ilin eyni ayı ilə müqayisədə azalmalar qeydə alınıb. Məsələn, cari ilin iyununda Çin 5,12 milyon ton LNG idxal edib ki, bu da mayda qeydə alınan 4,9 milyon tondan çoxdur. Lakin ötən ilin iyununda reallaşdırılan 5,87 milyon ton idxaldan aşağıdır.
Ümumilikdə proseslər göstərir ki, Çin bu il mayeləşdirilmiş təbii qaz alışını azaltmaq yönündə siyasət aparır. Əvəzində daxili istehsal artırır və "Sibir Gücü 2" layihəsinin başa çatmasından sonra Rusiyadan boru kəməri ilə qaz idxalını əhəmiyyətli dərəcədə artırmağı planlayır.
Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) alıcılarından biri olan Yaponiyaya gəlincə, 2025-ci ilin sentyabrında bir il əvvələ nisbətən 5,156 milyon ton LNG idxal edib. Ağ Ev admnistrasiyası bu bazarı da ələ almaq istəyir. ABŞ Prezidenti Donald Tramp Tokioda bu ölkənin Baş naziri Sanae Takaiçi ilə görüşündə Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına qadağa qoyulmasını istəyib. Rəsmi Tokio hələ ki, konkret cavab verməyib. Lakin son illərin prosesləri göstərir ki, Yaponiya təchizatı şaxələndirmək və Rusiyanın “Saxalin-2” layihəsi ilə müqavilələrin müddətinin bitməsinə hazırlıq görmək üçün ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalını artırıb. Bu layihədən tədarükün əksəriyyəti 2028-2033-cü illər arasında başa çatacaq.
Onu da qeyd edək ki, Rusiyanın LNG tədarükü Yaponiyanın ümumi mayeləşdirilmiş qaz idxalının təxminən 9%-ni təşkil edir. Yaponiyanın “Mitsui” və “Mitsubişi” şirkətləri Rusiyanın Uzaq Şərqindəki “Saxalin-2 LNG” layihəsində paya sahibdirlər. Yaponiyanın sənaye nazirinin açıqlamasına görə, Rusiya ilə ticarətin ABŞ-la əvəzlənməsi baha başa gələcək və elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olacaq.
Yeri gəlmişkən, sentyabrda Yaponiya Rusiyadan 555 min ton (bir il əvvəl 432 min ton idi) LNG idxal edib. İlin əvvəlindən bəri Rusiyanın Yaponiyaya LNG tədarükü 4% artaraq 4,287 milyon tona çatıb. Hesabat ayında ABŞ-dan Yaponiyaya göndərilən yüklər altı dəfə azalaraq 127 min tona (bu, cəmi iki tankerdir) düşüb və ilin əvvəlindən bəri 37% azalaraq 2,907 milyon tona qədər geriləyib.
LNG ticarətində gözlənilən artımlar və risklər
LNG istehlakı hazırda ümumi qaz tələbatından daha sürətlə artır.
LNG idxal edən ölkələrin sayı 2010-cu ildəki 23-dən 2024-cü ildə 49-a yüksəlib. Qlobal idxalda Çinin payı 4,3%-dən 19,4%-ə yüksəlib, Yaponiyanın payı isə əksinə, iki dəfə azalaraq 32,2%-dən 16,3%-ə düşüb.2022-ci ildə Avropaya LNG tədarükü illik müqayisədə 59% artıb.
BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanıya görə, 2024-cü ildə beynəlxalq LNG ticarətinin artımı 2021-2023-cü illərdəki orta illik 4,1% artımla müqayisədə kəskin surətdə yavaşlayaraq illik +1,1% -ə enib:
“2024-cü ildəki yavaşlama qlobal LNG bazarının inkişafının dalğavari xarakterini əks etdirir. Belə ki, bu sahədə investisiyalar artır, tədarükdə qeyri-dəqiq qrafik hökm sürür. Əvvəla, yeni mayeləşdirmə qurğuları üçün yekun investisiya qərarının qəbul edildiyi andan istismara verilməsinə qədər tikinti müddəti orta hesabla 4-6 ildir. İkincisi spot və qısamüddətli ticarətin əhəmiyyəti artıb və 2010-cu ildəki 18,9%-dən 2024-cü ildə 36%-ə yüksəlib. Hazırda bütün ticarətin 30%-ni spot təşkil edir. Uzunmüddətli müqavilələr, o cümlədən sabit çatdırılma məntəqələri ilə müqavilələr azalıb. Xüsusilə Avropada müqavilələrin əhəmiyyətli hissəsi neft indeksasiyasından birja göstəriciləri ilə əlaqəyə keçib”.
Bununla belə “Woodside” uzunmüddətli tendensiyalara diqqət yetirərək növbəti on il ərzində mayeləşdirilmiş təbii qazın qlobal istehlakının 30-40% artacağı proqnozlaşdırır. Əsas amillər arasında Cənub-Şərqi Asiya və Hindistanın iqtisadi inkişafı, eləcə də Çində mayeləşdirilmiş təbii qaz qəbuledici infrastrukturunun davamlı genişlənməsi göstərilir.
Ümumilikdə son 15 il ərzində tələb dinamikasının uzunmüddətli gözləntilərə cavab vermədiyi azı üç hal olunub. 2011-2015-ci illərin durğunluğu (ABŞ-da şist qazı inqilabı, Avropada qaza tələbatın azalması və Asiyada zəif tələb); pandemiya ilə əlaqədar 2020-ci ilin durğunluğu; AB-nin Rusiya boru kəməri qazının idxalından LNG idxalına keçməsi ilə əlaqədar 2021-2024-cü illərdə tələbin kəskin artımı. Son amil spot qiymətlərin kəskin yüksəlməsinə səbəb oldu.
Çin, Avropa, Braziliya və digər bazarlarda tələbin gözləniləndən daha yüksəkı olması fonunda təklifin qeyri-kafi artımı 2021-cı ildən LNG təchizatı çatışmazlığı yaradıb. BEA-nın hesablamalarına görə, ötən il ümumi ticarət həcmi 405,8 milyon ton təşkil edib, bu da qlobal qaz istehlakının 13,1%-nə bərabərdir.Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə LNG-nin qlobal qaz istehlakında payı 12,2% olub. LNG və təbii qaza tələbat 2000-ci ildən 2018-ci ilə qədər təxminən eyni sürətlə artıb. Lakin bu dinamika 2019-cu ildə fərqlənməyə başlayıb. 2019-cu ildə LNG istehlakı 12%, təbii qaz istehlakı isə cəmi 1,7% artıb.
Digər tərəfdən, LNG əksər böyük qaz istehlakçıları üçün (Çin istisna olmaqla bütün Cənubi və Şərqi Asiya ölkələri; Latın Amerikası və Cənub-Şərqi Asiyanın bir çox ölkələri) həm də yeganə idxal mənbəyidir. Bu amil qiymət dinamikasında regional, o cümlədən qlobal səviyyədə mühüm rol oynayır.
Rəylərə görə, ABŞ-ın mayeləşdirilmiş təbii qaz ixracını sürətlə artırması qlobal enerji bazarında tıxaca və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
“Morgan Stanley” 2026-cı ilin dördüncü rübündə Avropa və Asiyada qaz qiymətlərinin 14 dollardan aşağı düşərək milyon BTU üçün 10 dollardan aşağı düşəcəyini proqnozlaşdırır.
“BNP Paribas” isə 2027-ci ildə mayeləşdirilmiş təbii qaz qiymətlərinin milyon BTU üçün 8 dollara düşə biləcəyini təxmin edir.
JKM indeksində qiymət proqnozu tamamilə əksdir. Asiyada spot LNG qiymətlərinin 2025-ci ildə orta hesabla 4% artaraq milyon Britaniya istilik vahidi üçün 12,5 dollara çatacağı proqnozlaşdırılır.
“Qazprom”un açıqlamasına görə isə ABŞ-ın mayeləşdirilmiş təbii qaz istehsalçıları gələcəkdə zavodlarından tam istifadə etməkdə çətinlik çəkə bilərlər, alıcılar isə ABŞ-ın daxili qaz istehlakçıları ilə ixracatçıları arasında artan rəqabət səbəbindən xeyli yüksək qiymətlərlə üzləşə bilərlər.
Son olaraq LNG bazarındakı hazırkı vəziyyət bir çox cəhətdən 2016-2019-cu illərin bazar dinamikasına bənzəyir. Fərq ondadır ki, o vaxtlar təklifin əsas artımı Avstraliya tərəfindən təmin edilirdi. Hazırda isə bu rol ABŞ-dədir. Eləcə də o dövrdə Qətər istehsalın artımı uğrunda mübarizədə iştirak etmirdi. Hazırda isə Avstraliya prosesdən demək olar ki kənardır.
Rəylərə görə, 2027-2028-ci illərə qədər AB ölkələri Rusiya boru kəməri və mayeləşdirilmiş təbii qaz idxalını qismən və ya tamamilə dayandırmaq, onları ABŞ və Yaxın Şərqdən LNG tədarükləri ilə əvəz etmək imkanına malik olacaqlar.
Lakin bu artıqlıq eyni zamanda 2028-ci ildən sonra istismara verilməsi planlaşdırılan LNG zavodları ilə bağlı yeni qlobal investisiya qərarlarında kəskin yavaşlamaya səbəb ola bilər. Bu da 2030-cu illərin birinci yarısında qlobal LNG bazarının yenidən balanslaşdırılmasına gətirib çıxaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 04 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















