Icma.az
close
up
RU
“Qorbaçov Heydər Əliyevdən çəkinirdi”

“Qorbaçov Heydər Əliyevdən çəkinirdi”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kremldə Heydər Əliyevin köməkçisi işləmiş Camal Camalov o dövrlə bağlı xatirələrini ilk dəfə “Xalq qəzeti”nə danışdı

Həyat təsadüflərlə doludur. Müsahibimlə bizim həyatımızın üst-üstə düşən təsadüfləri daha qəribədir. Keçən əsrin səksəninci illərində cəmi bir neçə ay fərqi ilə iki qonşu kənd uşağının birinin Moskvada SSRİ Ali Sovetinin Rəyasət Heyətində, digərinin SSRİ Nazirlər Sovetində işə başlaması indi, doğrudan da, möcüzə kimi səslənir. O vaxta qədər bir-birimizi tanımırdıq, sonralar isə uzaqdan-uzağa xəbər tutmuşduq ki, əslində, çox yaxın məsafədə çalışırıq. Yenə də o vaxtın bir az sərt düzənimi, tanışlıq təşəbbüsünə bəhanəmizin olmamasımı bizi bir müddət uzaq saxladı. Nəhayət, tanış olduq.

İndiki mobil əlaqələr olmadığından, rəsmi idarəyə (həm də o qədər rəsmi!) zəng etməyə müsbət baxılmadığından nadir hallarda zəngləşirdik.
Əlqərəz, bizim isnişməyimiz sovetlərin süqutuna yaxın oldu.

Moskvada yaşayan həmyerlilərimizin hamısı görkəmli həmyerlimiz Heydər Əliyevin dövlətin ali pilləsində – Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi təmsil olunması ilə fəxr edir və onun da özünə azərbaycanlı köməkçi götürməsinə sevinirdilər. Amma rəsmi iş cədvəli o qədər gərgin idi ki, Heydər Əliyevi xəbərlərdə, ekranlarda, səfər zamanı görsək də köməkçisini heç yerdə görmürdük.

SSRİ dövləti tarixə çevrildikdən sonra o məqamdakı həmyerlilərin işi də “göyə çəkildi”. Hər ikimiz sıravi həyata döndük, münasibətlərimiz də yaxınlaşmağa başladı. Sonra doxsanıncı illərin məşəqqətləri, torpaqlarımızın işğalı, 20 Yanvar faciəsi, helikopter faciəsi və daha bir çox hadisələr bizi həmyerlilərin yığıncaqlarında rastlaşdırırdı. O vaxt Camala xatirələrini danışmağı, müsahibə və ya başqa şəkildə çap etməyi təklif edirdim. Təbiətcə çox təvazökar olan həmyerlim hər dəfə bir bəhanə tapıb bu söhbəti təxirə salırdı. Nəhayət, bu yaxınlarda onun Heydər Əliyevlə işlədiyi dövrlə bağlı xatirələrinin bir qisminin çəkildiyi videoçarxı izlədim. Zəngləşdik. Köhnə xahişimi təkrarladım və görüşə razılıq aldım. Söhbətimiz bir neçə qəzet səhifəsini dolduracaq qədər maraqlı faktlarla, həyat epizodları ilə dolu oldu. Həmin xatirələri oxucuların ixtiyarına veririk.

– İlk dəfə mətbuat üçün söhbətləşən müsahib kimi görüşürük və Sizin Moskvaya haradan və necə gəldiyiniz haqqında məlumata ehtiyac var...

– Azərbaycanda doğulub böyümüşəm. Orada institut bitirmişəm. İki il Culfada əsgərlik etmişəm. Qulluğun sonunda tank rotasının komandiri idim. Əsgərlikdə məni partiyaya qəbul ediblər. İnstitutdan sonra təyinatımı SSRİ Yüngül Sənaye Nazirliyinin Moskva ətrafındakı müəssisələrindən birinə verdilər. Əmək fəaliyyətinə Klin şəhərində başladım. 1982-ci ildə rəhmətlik Ənvər Hüseynov (Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinin rəhbəri – C.S.) məni daimi nümayəndəliyə işə dəvət etdi. Baş referent işləyirdim. Təbii ki, Heydər Əliyev haqqında eşitmişdim, amma onunla şəxsən görüşməmişdim. 1982-ci il dekabrın 22-də məni ilk dəfə söhbət üçün Heydər Əliyevin yanına çağırdılar. Görüşə gələndə həyəcanlanmırdım – desəm, yalan olar. Cox həyəcanlı idim. Təsəvvür edin, ilk dəfə Kremlə gələsən, özü də Heydər Əliyevin qəbuluna. Söhbət zamanı tərcümeyi-halımı danışdım. Ailəmizdə doqquz uşaq olduğunu dedim. Onda ilk dəfə Əliyevin sifətində xəfif təbəssüm hiss etdim və bu gülümsəmə məni daxilən rahatlandırdı. Çox səmimi deyirəm, onun gülümsəməsi, təbəssümü də qeyri-adi idi. Heç bir siyasətçidə elə təbəssüm görmədim. Bunu, demək olar, SSRİ-nin o vaxtkı bütün rəhbərlərini yaxından müşahidə etmiş adam kimi deyirəm.

Ertəsi gün dekabrın 23-də Kremldə Heydər Əliyevin yanında katib kimi işə başladım. Yeri gəlmişkən deyim ki, Heydər Əliyev Siyasi Büro üzvü seçildikdən və Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildikdən sonra Kremldə məhz 1982-ci il dekabrın 7-də işə başlamışdı. Əvvəlcədən gündəlik işlərlə bərabər fəaliyyətimin əsası məktubları oxuyub xülasələr hazırlamaqdı. Ali Sovetdə işlədiyinizə görə Siz də bilirsiniz, Sovet İttifaqının hər yerindən ildə üç mindən çox məktub gəlirdi. Hər məktubdan cəmi beş-altı sətirlik xülasə çıxarıb məruzə edir, onun göstərişi ilə müvafiq ünvanlara – nazirliklərə, dövlət komitələrinə göndərirdim.

– İş gününüz necə başlayır, nə qədər davam edirdi?

– Səhər saat səkkizə iyirmi dəqiqə qalmış mən işdə olurdum. Axşam işdən gedərkən otaqları möhürləyirdim, açarları muhafizəçilərə verirdim. Səhər əvvəlcə mən qapını açırdım, sonra xadimə otaqda təmizlik işləri görür, daha sonra rabitə işçisi telefonları təmizləyib yoxlayırdı. Bəzən gecə saat ikiyə, üçə qədər işdə olurdum. Heydər Əliyev işə başlayandan az sonra Nazirlər Sovetinin iş cədvəlində xeyli dəyişikliklər etdi. Adətən, həftənin iş günlərində saat altıdan sonra işdə heç kim qalmırdı, beşinci gün isə lap saat beşdən çoxu işdən gedirdi. Nazirlər Soveti Sədrinin Birinci müavini iş yerindədir, şöbə müdirləri yox. Sədrin bir köməkçisi vardı –Vlasov. O, balıq tutmağa gedəndə geyindiyi libasını heç evə aparmırdı. Cümə günü saat beşdə işdən çıxıb bir də bazar ertəsi gəlirdi. Heydər Əliyev az sonra şənbə və bazar günləri müşavirələr keçirməyə başladı. Yavaş-yavaş bu günlərdə bir canlanma baş verdi. Hüquq şöbəsinin müdiri Qriqori Mişustin bir dəfə yarızarafat-yarıciddi dedi ki, Heydər Əliyeviç, Siz aparat əməkdaşlarının Konstitusiya hüquqlarını pozursunuz. Onlar həftədə 40 saat işləməli olduqları halda Siz şənbə, bazar günləri də iş təyin edirsiniz. Əliyev bu iradı təbəssümlə qarşıladı və Mişustin də, başqaları da qısa müddətdə yeni iş qaydalarına öyrəşdilər. Çünki Heydər Əliyev heç kəsi özündən çox işləməyə məcbur etmirdi.

Çalışdığım müddətdə çox müşahidələrim oldu. Yeri gəldikcə xatırlamağa çalışacağam. Məsələn, Heydər Əliyev bütün əlamətdar günlərdə, bayramlarda çoxlu miqdarda təbrik məktubları imzalayırdı. Azərbaycanda birgə çalışdığı adamların, demək olar, heç birini – rayon, şəhər, respublika rəhbərlərini, görkəmli xadimləri unutmadan təbrik edirdi. Halbuki, o, Siyasi Büronun üzvü idi və yerli rəhbərlərin onu təbrik etməsi lazım idi.

– Evə gec getməyinizə baxmayaraq, ertəsi günü yenə erkən işə başlayırdınız, eləmi?

– Bəli. Hələ Stalinin vaxtından belə qayda qoyulmuşdu ki, MK katibləri, Nazirlər Soveti Sədrinin müavinləri səhər, günorta, axşam Kremldə qidalanırdılar. Doqquzuncu idarənin xüsusi bufeti bir gün əvvəl verilən sifariş əsasında onlar üçün yemək hazırlayırdı. Heydər Əliyev çox az yeyirdi. Səhərlər şirin çayla “tvoroq”la kifayətlənirdi. Yeməkləri əvvəlcə Brejnevə xidmət edən aşpazlar hazırlayırdılar.

İşdə Heydər Əliyev çox tələbkar idi. Birinci müavin təyin edildikdən sonra İttifaqın səhiyyə, mədəniyyət, nəqliyyatla bağlı məsələləri ona həvalə edilmişdi. Bütün sahələrin öhdəsindən gəlirdi. Fenomen yaddaşa malik idi. İş masasının üstündə şüşənin altında onun nəzarəti altında olan 63 nazirin, dövlət komitəsi və baş idarə rəhbərlərinin telefonları vardı. Ayda bir dəfə, bəzən daha tez-tez o siyahını yeniləyir, azad edilmiş nazirlərin adlarını yeni təyin olunanlarla dəyişir, siyahını həmişə səliqəli vəziyyətdə saxlayırdım.

Siyasi qısqanclıq

Söz vaxtına çəkər, – deyiblər. İndi Suriyada baş verən hadisələr 40 il bundan əvvəl o ölkə ilə bağlı əhvalatı yadıma saldı. 1984-cü ildə Heydər Əliyevin Suriyaya səfəri oldu. O vaxt orada Prezident Hafiz Əsəd idi. 1983-cü ilin sonlarında, o, ciddi xəstələnmişdi və dövlətə rəhbərliyi müvəqqəti olaraq qardaşı Rifat Əsədə həvalə etmişdi. Xəstəlikdən sonra Hafiz Əsəd yenidən hakimiyyətə qayıtmaq istəyəndə qardaşı onu rəhbərliyə buraxmaq istəmirdi. Ələvilər Rifatı müdafiə edirdilər və ölkə vətəndaş müharibəsinin astanasında idi. Belə gərgin vaxtda Heydər Əliyev nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etdi. Nümayəndə heyətinə Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin sədri Mirzə İbrahimov, komitənin sədr müavini Aleksandr Zasoxov, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Yevgeni Primakov daxil idi. Səfərin birinci günü Heydər Əliyevlə Hafiz Əsədin təkbətək görüşü səkkiz saat davam etdi. Nümayəndə heyətinin həmin axşam geri qayıtması nəzərdə tutulmuşdu. Qayıtmaq təxirə salındı. Gərgin söhbətdən sonra gecə SSRİ-nin Suriyadakı səfiri Hafiz Əsədin qardaşının israrla Əliyevlə görüşmək istədiyini bildirdi. Ertəsi gün Heydər Əliyev Rifatı qəbul etdi və onun vitse-prezident vəzifəsinə təyin olunacağı barədə razılığa gəldilər. Bir həftə sonra Rifat təxminən 70 nəfərlik nümayəndə heyəti ilə SSRİ-yə səfər etdi. Onu ölkə siyasi rəhbərliyinin üzvü kimi ən yüksək səfiyyədə qəbul etdilər və Rifat ömürlük qonaq kimi SSRİ-də qaldı, Suriyaya qayıtmadı. Beləliklə Heydər Əliyevin məharətli diplomatik səyi nəticəsində Suriyada vətəndaş müharibəsinin qarşısı alındı və Hafiz Əsəd ömrünün sonuna qədər Suriyanın prezidenti oldu. Məncə, elə bu gün də Suriyadakı hərc-mərcliyə son qoymaq üçün Heydər Əliyev kimi siyasətçiyə ehtiyac var. Yenə ələvilər Bəşər Əsədi müdafiə edirlər, başqa vətəndaşlar öz aralarında vuruşurlar. Bunun nə ilə nəticələnəcəyini təxmin etmək çətindir. 40 il bundan əvvəlki vəziyyət yenidən təkrarlanır.

İndi bir məqama fikir verin. Səhv etmirəmsə, 1987-ci ilin aprel ayında Hafiz Əsəd SSRİ-yə səfər etdi. Mixail Qorbaçov Heydər Əliyevi onunla görüşlərə və danışıqlara dəvət etmədi. Qorbaçov elə hərəkətlər edirdi ki, indiyə qədər də izah etmək mümkün deyil. Əslində Heydər Əliyev çox böyük fəlakətin qarşısını alıb vəziyyəti nizama salmışdı. Onu görüşə dəvət etməməyin nə anlamı vardı? Belə hadisələr az deyildi. 1983-cü il oktyabrın sonu, noyabrın əvvəllərində Heydər Əliyev nümayəndə heyətinin başçısı kimi Vyetnama səfər etmişdi. Nikolay Rıjkov Mərkəzi Komitənin katibi idi və o da nümayəndə heyətinin tərkibində idi. Bu səfər ona görə yadımda qalıb ki, onlar Daşkənd üzərindən uçmuşdular və Daşkənd Hava Limanında onları Özbəkistan KP MK-nın birinci katibi Şərəf Rəşidov qarşılamışdı. Nümayəndə heyəti geri qayıdanda Şərəf Rəşidov vəfat etmişdi və bu dəfə heyəti Usmanxocayev qarşılamışdı. Heydər Əliyev dönüş qrafikində dəyişiklik edərək Rəşidovun evinə gedib ailəsinə başsağlığı vermişdi. Əliyevlə Rəşidovun arasında çox yaxın münasibət vardı.

1985-ci ilin iyununda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Le Zuan nümayəndə heyəti ilə Moskvaya gəldi. Yenə onunla rəsmi görüşlərə Qorbaçov Əliyevi dəvət etmədi. Eyni münasibəti Qorbaçov Anqolanın başçısı Joze Eduardu duş Santuşun SSRİ-yə səfəri zamanı nümayiş etdirdi. Onun səfərindən bir müddət əvvəl Heydər Əliyev Anqolada səfərdə olmuşdu. Hətta nümayəndə heyətində olanlar maraqlı epizodu danışıb gülürdülər. Rəsmi hissədə tərcüməçi vasitəsilə portuqal dilində danışıqlar gedərkən Heydər Əliyev Santuşa deyir ki, sən axı bizim AZİ-ni (Neft-Kimya İnstitutunu) bitirmisən, Bakıda Tatyana ilə evlənmisən, rus dilini gözəl bilirsən, biz niyə portuqal dilində danışırıq. Sonra söhbət rusca davam edir. Görüşdən bir müddət sonra Santuş Moskvaya gələndə Heydər Əliyevi yenə rəsmi görüşlərə daxil etmirdilər.

1986-cı ilin iyulunda qardaş Türkiyənin Baş naziri Turqut Özal Moskvaya gələndə də Qorbaçov Əliyevin görüşməsinə mane oldu.

– Sizcə, bunun səbəbi nə idi? Qorbaçov Heydər Əliyevin siyasi nüfuzundan, zəkasından çəkinirdi?

– Bəli, onda Ulu öndərə qarşı bir siyasi qısqanclıq vardı.

Bu qısqanclıqlar, 1983-cü ildə Ulyanovskda 173 adamın ölümü ilə nəticələnən körpü qəzası (1983-cü il iyunun 5-də Volqa çayında Ulyanovsk rayonunda SSRİ çay nəqliyyatı tarixində ən böyük qəzalardan biri baş vermişdi, Rostov-Don şəhərindən Moskva istiqamətinə hərəkət edən “Aleksandr Suvorov” səyahət gəmisi naməlum səbəbdən istiqaməti dəyişib tam sürətlə Volqa çayı üzərində altından böyük gəmilərin keçə bilmədiyi körpüyə çırpılmışdı. Bu zaman iki kilometrlik körpüdən taxta-şalban, taxıl və kömür yüklü qatar keçirdi və güclü zərbə nəticəsində relsdən çıxan vaqonların yükü sağ qalan turistlərin üzərinə tökülmüşdü. Rəsmi məlümata görə, 173, qeyri-rəsmi şayiələrə görə daha çox insan həlak olmuşdu. Gəmi heyətinin bu səhvinin səbəbləri açılmamış qaldı.– C.S.).

1985-ci ilin aprelində Zərifə xanımın vəfatı, 1986-cı ilin avqustunda 422 adamın həlak olduğu “Admiral Naximov” gəmisinin qəzası və 1987-ci ilin mayında Hafiz Əsəd gələrkən onun görüşlərə daxil edilməməsi həm fiziki, həm də psixoloji cəhətdən Heydər Əliyevə ağır təsir etmişdi. Bütün bunlara ona görə sinə gərə bilirdi ki, çox güclü adam idi. Həm dövlət xadimi kimi, siyasi xadim kimi, həm təsərrüfatçı kimi çox böyük adam idi. Məndə bir jurnal var. 60 ildən çox Kremldə işləmiş Mixail Smirtyukovun müsahibələri toplanıb orada. Onun son müsahibəsində dediyi cümlə sərlövhəyə çıxarılıb: “Mən ömrümdə Rıjkov qədər zəif Baş nazir görməmişəm”. Məncə, Qorbaçovun bədbəxtliyi onda idi ki, yanında özündən güclü adam görmək istəmirdi. Heydər Əliyev isə ondan çox güclü idi. Bəla bu idi ki, rəhbərlikdə olanların çoxu səriştəsiz adamlar idi. Əgər ABŞ Prezidenti Reyqan Qorbaçovun şıq geyimindən, İsveçrə saatından danışırdısa, digər prezident ata Buş onun haqqında deyirdi ki, bəli, tərbiyəli, dilavər insandı, amma iqtisadiyyat sahəsində tamamilə kütdür. Sonralar öz dediklərini başqa cür yozmağa çalışsalar da Qorbaşov da, Liqaçov da Əliyevə qarşı üzdə saxlamağa çalışdıqları kini gizlədə bilmirdilər...

(ardı var)

Söhbəti qələmə aldı:
Cəfər SADIQ
Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see169

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see141

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see136

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see135

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see133

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see128

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see127

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see126

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see126

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see125

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see123

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see118

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see116

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see113

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see113

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see111

Növbəti iki gündə Bakıda leysan yağacaq

14 Aprel 2025 12:25see110

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see109

Cənub şəhərində bir gecə Aliyə Kərimzadənin hekayəsi

14 Aprel 2025 16:01see108

Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq üçün bərpa yolundadır

14 Aprel 2025 16:13see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri