Qorxu ilə böyüyən uşaq çəkingən, hörmətlə böyüyən isə güclü və azad olur
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nəsillərarası travmalar ailə sistemində duyğusal və davranış səviyyəsində ötürülən görünməz bir miras kimi nəsildən-nəslə davam edir. Bu travmalar ailə üzvləri arasında formalaşan münasibətlərə, tərbiyə üsullarına və emosional reaksiya modellərinə təsir göstərir. Əksər hallarda valideynlər öz uşaqlıqlarında yaşadıqları ağrıları fərqində olmadan övladlarına ötürürlər. Nəticədə, ailə daxilində eyni davranış və münasibət dövrləri təkrarlanır. Bəs bu proses uşaqlara necə təsir edir və valideynlər övladları ilə uyğunlaşmaq üçün hansı addımları ata bilər?
Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, nəsillərarası travmalar çox vaxt ailələrdə səssiz ötürülür:
"Belə gəlib, belə gedir" düşüncəsi davranışların nəsildən nəsilə dəyişmədən davam etməsinə səbəb olur. Travma yalnız böyük fəlakətlər deyil. Daim tənqid etmək, sevgini şərtləndirmək, həddindən artıq nəzarət və ya laqeyd münasibət də uşağın psixologiyasında iz buraxır, gələcəkdə davranış modelinə çevrilir. Rus yazıçısı İvan Sergeyeviç Turgenevin yazdığı kimi, atalarla oğulların qarşıdurması həmişə mövcuddur. Amma problem yalnız fikir ayrılığından doğmur. Bəzən valideyn öz keçmişində yaşadığı qorxuları və yarımçıq qalan arzuları övladına yükləyir. Uyğunsuzluq da buradan başlayır. Çünki yeni nəsil tamam başqa dünyada böyüyür. Onlar rəqəmsal mühitə uyğunlaşır, daha çox məlumata çıxışı olur, öz fikrini ifadə etməkdən çəkinmir".
O qeyd edib ki, uşaq valideynin mülki deyil:
"Onun öz yolu, öz gələcəyi var. Övlad böyütmək “məndən ol” tələbi yox, “özün ol” azadlığı verməkdir. Sağlam nümunə yaratmaq boğucu nəzarət deyil. Qorxu ilə böyüyən uşaq çəkingən, hörmətlə böyüyən isə güclü və azad olur. Uşağın fikri və hissləri hər yaşda ciddiyə alınmalıdır. Ona başqasına zərər vermədən öz həyatını qura bilməyi öyrətmək valideynin əsas vəzifəsidir. Valideynin reallaşmamış arzularını uşağa yükləməsi isə gələcəkdə psixoloji yükə çevrilir və onun öz potensialını tapmasına mane olur".
R.Nəcəfov onu da vurğulayıb ki, əgər uşaqda davranış çətinlikləri, aqressiya, qapanma, yuxu və ya iştah problemləri, həmçinin həmyaşıdları ilə ünsiyyətdə ciddi fərqlənmə müşahidə olunursa gözləmək lazım deyil:
"Erkən psixoloji müdaxilə uşağın həyatının gedişinə müsbət təsir edə bilər. Valideynlik mükəmməllik oyunu deyil. Valideynin öz səhvlərini övladı vasitəsilə düzəltmək cəhdi heç vaxt nəticə vermir. Valideynin borcu övladı şəxsi arzularına uyğunlaşdırmaq yox, onun yaşayacağı dünyaya hazırlamaqdır".
Seyranə Quliyeva
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Noyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















