Icma.az
close
up
RU
Qübbədə qalan xoş səda Hekayə

Qübbədə qalan xoş səda Hekayə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xalidə Ədib Adıvar / Halide Edib Adıvar (1884-1964) - türk nasir, publisist, alim və ictimai xadim. Fəallığı, təsirli nitqi, yazıları ilə Türkiyədə milli dirçəliş, İstiqlal Savaşı hərəkatında özünəməxsus rol oynayıb. Milli azadlıq mücadiləsini əks etdirən "Alovdan köynək" və digər əsərləri ona həm məşhurluq, həm də xalq sevgisi qazandırıb. "Milçəkli baqqal məhəlləsi" (1936) ilə daha ciddi ədəbi uğur qazanaraq 1942-ci ildə bu əsərə görə hakim Cümhuriyyət Xalq Partiyasının fəxri mükafatına layiq görülüb. İyirmidən artıq romanı, dörd hekayə kitabı, iki pyesi, xatirələri, ədəbi və sosial məzmunlu təhlilləri ilə Türkiyə ədəbiyyatında, ictimai fikir tarixində xüsusi mövqeyə yüksəlib.

Xalidə Ədib Adıvar

Seyfəddin Hüseynlinin tərcüməsində

1955-ci ilin may ayının ilk günü İstanbul qəzetlərində bomba kimi partlayan bir elan çıxdı. Deyilirdi ki:

"Cənab (...) türk musiqiçiləri arasında bir müsabiqə keçirir. Şərtə görə, yerli həyatla, İstanbulla bağlı mövzularda hərəsi bir opera yazan iştirakçılar 1956-cı il may ayının ilk günü Gülhanə parkında öz əsərlərini səsləndirəcəklər. Münsiflər heyəti, İstanbul Konservatoriyasının müdiri də daxil, üç nəfər yerli, üç də əcnəbi - məşhur alman, rus və italyan musiqişünasları - sənətkardan ibarət olacaq. Pyetro Maskanyi münsiflər heyətində olmağı indidən qəbul etmişdir. Qalibin mükafatı budur: öz kimliyini açıqlamayan, şəxsi əmlakından əlavə, altı milyonluq bir sərvətə sahib, ailəli olmayan, səksən yaşlı cənab (...) bu sərvətini birinci yerin sahibinə bağışlayacaq. Özü müsabiqənin yekunundan əvvəl vəfat etdiyi təqdirdə, yenə də sərvətinin birinci yerin sahibinə qalması üçün lazımi qanuni tədbirləri görmüşdür. Bütün İstanbul əhalisi müsabiqənin yekun konsertinə dəvətlidir".

Bu elan, təbii olaraq, iki zümrəni daha yaxından maraqlandırdı: biri musiqiçilər, digəri isə qəzet müxbirləri, çünki əhali müsabiqənin sonuna qədər kimliyi açıqlanmayacaq o varlı adam haqqında nəsə öyrənməyə çox can atırdı. Nüfuzlu gündəlik qəzetlər onun kimliyini öyrənəcək müxbirə min lirə vəd etmişdi.

Ancaq məsələ çox müşküldü. Səbəbi: bizdə əksər varlılar səksən yaşa çatmadan ölürlər; aralarında o qədər yaşayanları varsa belə, onlar da bütün sərvətini qocalmadan yeyib-dağıdanlar, vaxtından əvvəl xərifləyənlər, daimi rifah üçün əllərində pulu qalmayanlardır.

Bununla belə, üç varlı qocanın adı qəzetlərdə çıxdı. Üçü də dərhal təkzib verdirdi və səksən yaşında olmadıqlarını da, əlbəttə, təkzibdə xüsusi vurğuladılar.

Müxbirlər düşünüb-daşındılar, bu adamın öz zənginliyini gizlədən bir xəsis olduğuna qərar verdilər və dərhal da İstanbul qazana, gənc müxbirlərin də hərəsi bir çömçəyə döndü. Hər küçədə səksən yaşında, subay bir kişi axtarmağa başladılar. Qocalar məhəllə çayxanalarına çıxa bilmirdilər. Çünki bir küncdə sakitcə nargilə sümürən hər qoca, gözləri qaynaşan, papaqlarını arxaya basmış bir dəstə cavanın bu sualına məruz qalırdı: "Ata, neçə yaşın var, ailəlisənmi?"

O arada bir mahnı da çıxdı. Evlərdə, küçələrdə, gəzinti yerlərində tək-tək, yaxud topa halda hamı "Axtarıram səksən yaşlı bir qoca" deyib zəngulə vururdu. Amma bu müəmmalı qoca bekar və müxbirlərə görə, "nabekar"  varlının kim olduğu aşkara çıxarılmadan 1956-nın may ayının ilk günü gəlib çatdı.

Göy və dəniz - İstanbul mavisi rəngində, günəşin işığı o məchul varlının qızılları qədər parlaq və bol, Gülhanə parkı məhşər yeri kimidir: vəziyyət o həddə çatıb ki, içəri sığışmayan, qayıqlara, gəmilərə minmiş əhali gözləri durbində, qulaqları səsdə dayanıb müsabiqənin yekununu görüb-eşitməyə çalışır.

Orkestr geniş səkidə, çardağın altındadır. Münsiflər heyəti və iştirakçılar üçün də ayrıca çardaq qurulub. Səkinin ətrafında polislər cərgələnib. Çardaqda və səkinin önündə bir neçə səsucaldan qoyulub, çünki qələbəliyin bir qismi musiqiçiləri görmək bir yana, hətta eşitməyəcək qədər uzaqdadır...

İstanbul Konservatoriyasının müdiri birinci ifaçını bu şəkildə elan etdi: "Səffət Subay - pianoçu. Mövzu: "Molla Gürani"də bir eşq macərası". Dərhal Molla Gürani məhəlləsindən olanlar ətrafdakıları basıb-itələyərək səkiyə yaxınlaşmağa çalışdılar.

Uzunsaç, arıq bir gənc pianoda əsərini səsləndirdi. Kimsə bunda fövqəladə bir cəhət görmədi. Hə də, bunun hər gecə onların yuxusunu qaçıran radio havalarından nə fərqi vardı? Məhəbbət səhnələri - Havay adalarına xas tanqolar sayaq - laübaliydi, operanın qəhrəmanı cənab Zımbırtayın öz sevgilisi qaçıranda yaşadığı həyəcanlı hallar isə amerikan zəncilərinin oynadıqları fokstrotlara bənzər, eynən epileptik tutmalar kimiydi.

"Molla Gürani"li bir qadın: "Əşşi, bunun harası "Molla Gürani"dir?" - deyən kimi qızı cavab verdi: "Eynilə bizim küçənin ovqatıdır". Qolunu qələbəlikdəki bir qızın qoluna keçirmiş, onunla birgə, rüfai dərvişi kimi, yerində dal-dala yırğalanan cavan oğlan isə: "Səffət Subay, bax eşq belə olar!", - dedi.

Qoca bir kişi gileyləndi: "Susun da bir, eşidə bilmirəm!". Ətrafdakı gənclər: "Qulağına cihaz tax, atacan!" - çığırışıb məzələndilər.

Müsabiqədə səkkiz sənətkar vardı. Bunların "Molla Gürani"də bir eşq macərası" ilə birlikdə, yeddisi İstanbulun küçə və məhəllələrindən hansınasa aid bir eşq macərasını əks etdirmişdi: "Fateh" gözəlinin sevdiyi kişi", "Şişli" qızları", "Vəfa"dakı vəfasız", "Xəlic"də ay işığı", "Qasımpaşa"lı Qasım", "Boğaziçi" gecələri". Bu operaların mövzuları səsucaldanlar vasitəsilə camaata çatdırılırdı. Çünki hər sənətkar, öz yəqinincə, əsərinin ən gözəl səhnələrini səsləndirirdi. Əsərlərdəki hakim melodiya sayılan parçaları da xor heyəti oxuyurdu. Hər sənətkara yarım saat ayrılmışdı, ilk yeddi əsər barədə musiqi bilicilərinin rəyi belə oldu: "Çox qərbsayağıdır... Çox da türkəsayaqdır..."; "Filan operadan köçürüb, filan bəstədən də götürüb, türkəsayaqla qərbsayağını kobud tərzdə calaşdırıb..."; "Qasımpaşa"lı Qasım"la, "Şişli" qızları" olduqca gülməli musiqidir..."; "Vəfa"dakı vəfasız" elə bil "Qaragöz"dəki "Mən sənə demədimmi" mahnısının qərbsayağı variantıdır..."; "Heç birində vahid süjet yoxdur..."; "Melodiyalar sanki tikilmədən manekenin üstünə atılmış ayrı-ayrı parçalardır..." və sairə.

Nəhayət, axşam düşdü. Ətrafa xoş bir alatoran çökdü. Səkkizinci əsər üçün orkestr dəyişildi. Bu orkestr Türkiyədə əlli il əvvələdək çalınan simli, zınqırovlu alətlərdən, zurna, təbil, nağara, qoşanağara və digərlərindən ibarətdi. Bu kiçik dəyişiklik artıq yorulmağa başlamış dinləyicilərdə canlanma yaratdı. Üstəlik, dirijorun yerinə ucaboy, sarışın, ortayaşlı bir kişi çıxıb, əlindəki çubuğu qaldıranda gur alqış sədaları axşam havasının tənbəllik yayan sükutunu dağıtdı. Çünki bu, Türkiyənin ən məhur dirijoruydu. Ancaq bu alqışların bir azı, son iyirmi ildə bircə əsərlə də ortaya çıxmayan bu adam üçündüsə, bir azı da indiki orkestrin qeyri-adi tərkibinə görəydi.

Səsucaldanla elan olundu: "Bu opera qoca bir ud müəlliminin həyatına aiddir. Operanın qəhrəmanı "Eyyub"lu Hacı Səlami Əfəndidir. Əndərunda  yetişmiş sonuncu simalardandır. İlk üç pərdə bütünlüklə qədim türk bəstələrindən tərtib olunub. Dördüncü-beşinci pərdələr yeni dövrə aiddir və həmin qocanın bu yeni səsləri necə qəbul etdiyinin ifadəsidir. Ömrünün son illərində iş tapa bilmədiyi üçün o, yavaş-yavaş faciəli bir səfalətə düçar olur. Nəhayət, kimsəsiz halda, bir məzarlıqda ölüb qalır. Hacı Səlami Əfəndinin son nəfəsdə eşitdiyi İstanbul sədaları və bunların onun zehnində yaratdığı sonuncu ahəng burada səsləndiriləcək! Əsərin müəllifi istanbullu məşhur dirijor Hazım Aslan, operanın adı isə "Qübbədə qalan xoş səda"dır".

Hazım Aslan çubuğunu oynatdı. Skripkalar dilləndi. "Üürüü... üürüüü..." "Xoruz banlayır" deyə pıçıldaşan camaat tez də susdu. Çünki bu, əlli il əvvəlki İstanbulun sədalarıydı və elə bil onları səsləndirənlər məzardan çıxıb gəlmişdilər. Tənburlar və kamançalar yoğun səsli bir kişiylə büllur avazlı bir oğlan uşağının minarədə oxuduqları "Əssəlat"ı dilləndirdikcə, keçmiş İstanbul küçələri canlanıb oyanırdı. Səhləbçi, südçü, şirniyyatçı, xırdavatçı - hamısının səsi eşidilirdi. Nağaralar yerbəyerdən "damdara damdam dam dam"a başlayanda yaşlı qadınlar, köhnə dostlarını görüblərmiş kimi, hay salırdılar: "Hakkamlar, hakkamlar  keçir..."

"Göydə mələyi, yerdə canı ağladıb keçən" Aşura növhəçilərinə qoşulan camaat "canım, ay növhəçi" deyib nalə çəkirdi. Növhəçilər "Mənim adım dərdli dolab"ı, "Hüseynə qıydılar"ı yanıqlı-yatımlı səslə oxuyandan sonra qəfildən dəfli-zınqırovlu bir qaraçı dəstəsinin "Vallah gözəldir gözlərin, billah gözəldir" mahnısı eşidilirdi.

Nəhayət, axşam sədaları - qatıqçı, simitçi, gilənarlı-qaymaqlı boza , qarğıdalı satan baməzə alban balası da "gəlib keçdi". Hər məhəllədə gecə namazı üçün əzan oxundu. Ondan sonra səslər yavaşıdı, tədricən daha uzaqdan gəlməyə başladı. "Cığğıt-dığğıt..." - beləcə bir beşik yellənir, yorğun səsli qadın sözləri uzada-uzada layla deyirdi: "Qarr-ğa... qarr-ğa... qarrr... dedii... heeeey...."

Sükut çökdü, köhnə İstanbulun Hacı Səlami Əfəndinin zehnində oynaşan son sədaları da onunla birgə susub, əbədi yuxuya daldı.

1957-ci ildə "Qübbədə qalan xoş səda" operası İstanbulda ilk dəfə oynanılacaqdı. Pyetro Maskanyi ilk tamaşa axşamı orkestri idarə etmək üçün İstanbula gələcəkdi. Gənc müxbirlər bu dəfə də qarabaqara Hazım Aslanı izləyirdilər. Altı milyon və dünyaca şöhrət qazanmış bir sənətkardı! Opera daha sonra Zalsburq Musiqi Festivalında da oynanılacaqdı deyə, İstanbul öz böyük oğlunun sayəsində yiyələndiyi bu şərəfdən sanki sərxoş olmuşdu. Bu şərəfə yol açan o məchul varlını isə elə bil hamı unutmuşdu. Bununla bağlı nəşr edilən məqalələrdən ikisi daha çox maraq doğurmuşdu. Birincisindən - Açıqgöz Nədim imzalı gənc müxbirin yazısından bir parçadır bu: "Qübbədə qalan xoş səda"nın yazılmasının səbəbkarı olan məchul varlını, axır ki, tapdım. "Keresteçilər"də balaca bir evdə yaşayır. Bunu Hazım Aslanı günlərlə bir polis, xəfiyyə kimi izləyəndən sonra müəyyənləşdirə bildim. O nə müharibədə varlananlardandır, nə də birjada udanlardan. Əvvəllər basmanaxışlı parça alıb-satarmış. 1930-da ticarətdən əl çəkib, yaşadığı da atasından qalan, doğulub-böyüdüyü sadə bir evdir. Ticarətə başlamazdan əvvəl musiqiyə meyli varmış. Gənc yaşında kar olub. Küçə səslərini xatırlamaqdan xüsusi zövq alarmış. Bir dəfə Avropaya gedir. Bir operaya baxır. Gərək ki, bir şəhərin keçmişindən bəhs edirmiş. Onda İstanbulu da beləcə məşhurlaşdırmaq fikrinə düşür və sərvətini bu yolda fəda etməyə qərar verir". 

İkincisi isə Hazım Aslandan müsahibə almağa nail olan gənc müxbir Cövdət Cəbəlinin yazısıydı. Bu da ondan bir parçadır: "Hazım Aslan mənə danışdı ki:

- Əsər mənim deyil, atamındır. Hacı Səlami onun özüdür. Otuz il onu dinlədim, bütün həyatını ayrı-ayrı musiqi parçalarıyla çatdırdı mənə. O öləndə elə kasıb idim ki, illər boyu başdaşı qoydurmağa da imkanım olmadı. Nəhayət, tale üzümə güldü. Ancaq mən ona zamanın uçurub-dağıda bilməyəcəyi bir abidə qoymaq istədim. Atam harmoniya və orkestrləşdirməni bilmədiyi üçün əsərləri qısa-qısa melodiyalardan ibarət idi. Onları topladım, əlaqələndirib nizama düzdüm. Yəni bütöv bir formaya saldım.  

- Başdaşı qoydurdunuzmu?

- Yox, məzarı çiçəklər sarmaşmış barmaqlıqların arasındadır. Amma mən onun ruhunu sevindirəcək bir iş görürəm.

- Nə iş görürsünüz?

Sənətkar utanaraq susdu. Sonra dedi ki:

- Yoxsul çalğıçılara kömək üçün bir fond yaradıram. Üç milyonla fəaliyyətə başlayan bir təşkilat olacaq. Əlli yaşından sonra hər bir musiqiçi oraya üzv ola bilər. Onlardan ibarət bir ansambl hər bazar günü atamın məzarı üstündə onun "Qübbədə qalan xoş səda"sını səsləndirəcək.     

İzahlar:

1Hekayənin adı XVI əsr Osmanlı-türk şairi Baqinin məşhur misrasından gəlir. "Baqi qalan bu qübbədə bir xoş səda imiş" şəklindəki həmin misra insanın dəyərli işlər tutub, nəcib əməllər sahibi olub öz adını, xatirəsini əbədiləşdirməsinin, dünyada yaxşı ad qoyub getməsinin vacibliyi mənasında tez-tez işlədilir.

2Müəllif farscadan gələn və Türkiyə türkcəsində "subay" anlamında işlənən "bekar" sözüylə, yenə həmin dildən keçib "xeyirsiz, işə yaramayan" mənası verən arxaik "nabekar" kəlməsini bir cümlədə işlədərək söz oyunu qurub.

3Osmanlı sarayının ənənəvi təlim-tərbiyə mühiti nəzərdə tutulur.

4Əslində "akkam"dır, xalq arasında "hakkam" kimi yayılıb. Həcc ziyarəti ərəfəsində İstanbul küçələrində təbil-nağara vura-vura dolaşan, bəzən evlərin qabağında "qılınc-qalxan oyunu" çıxardan, dua edib sədəqə yığan, əksərən ərəbəsilli yoxsulların ümumi adıdır.

5Darı (yaxud buğda yarması), düyü, şəkər tozu və mayanın suda qarışığından ibarət, bəzən darçın, ləbləbi də qatılmaqla hazırlanır. Daha çox qış mövsümündə içilir. Türkiyə şəhərlərində, o cümlədən İstanbulda çox zaman küçələrdə, qapı-qapı satılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see167

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see132

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see129

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see123

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see123

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see123

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see121

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see120

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see120

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see115

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri