Repressiyalara baxmayaraq elm və təhsilə xidmət edən nəsil TUTAYUQLAR
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycanın tarixində elə nəsillər var ki, onların adı yalnız bir ailənin keçmişini deyil, bütöv bir xalqın elm, təhsil və mədəniyyət yolunu özündə yaşadır. Şuşanın məşhur Tutayuqlar nəsli də məhz belə ziyalı ailələrdən biridir. Bu nəslin nümayəndələri çətin və faciəli dövrlərdən keçsələr də, həyatlarını elmə, təhsilə və xalqa xidmətə həsr edərək Azərbaycan tarixində silinməz iz buraxıblar.
Redaktor.az xəbər verir ki, Tutayuqlar ailəsinin ən tanınmış nümayəndələrindən biri, Azərbaycanın ilk qadın akademiki, görkəmli botanik alim Validə Tutayuq olub.
Lakin bu ailənin tarixini yalnız bir şəxsin uğurları ilə məhdudlaşdırmaq mümkün deyil. Tutayuqlar nəslinin demək olar bütün övladları Azərbaycan elmi və təhsilinin inkişafına töhfə verib, eyni zamanda dövrün ağır repressiyaları və ailə faciələri ilə üz-üzə qalıblar.
Təbiət sevgisini övladlarına miras qoyan Xaspolad Tutayuq - Validə Tutayuqun elmə olan marağının kökləri atasından, məşhur Tutayuqlar nəslinin nümayəndəsi Xaspolad Tutayuqdan başlayırdı. Xaspolad Tutayuq Peterburqda təbiət fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdi. Bir müddət Peterburqda işləsə də, sonradan vətənə qayıtmalı olmuşdu.
Həkimlərin ona dağlıq ərazidə yaşamağı tövsiyə etməsindən sonra Xaspolad Tutayuq Şuşaya dönmək qərarına gəlir. Məlumata görə, onun Şuşaya qayıtmasında böyük bəstəkar Üzeyir bəy Hacıbəylinin də mühüm rolu olub. Dostunun məsləhəti ilə ixtisasını Qarabağın zəngin meşələrində və dağlarında tətbiq etməyə qərar verən Xaspolad Tutayuq uzun illər meşəbəyi kimi fəaliyyət göstərib.
O dövrdə meşəbəyilər təbiəti dərindən bilən, xüsusi nüfuz sahibi olan insanlar hesab edilirdilər. Xaspolad Tutayuq da Qarabağın flora və təbiətinə dərindən bələd idi. Sonradan o, Şuşa Qızlar Gimnaziyasının müəlliməsi, dövrünün savadlı qadınlarından biri olan Südabə xanımla ailə qurur. Bu ailədə beş övlad böyüyür. Həmin beş övladın hər biri öz sahəsində savadlı və ziyalı insan kimi formalaşır. Ancaq Tutayuqlar ailəsinin taleyi yalnız uğurlardan ibarət olmur..
Bir ailənin beş övladı, beş ağır tale:
Tutayuqlar ailəsinin böyük övladı Murad Tutayuq fizika-riyaziyyat sahəsində savadlı pedaqoqlardan biri idi. O, müxtəlif bölgələrdə müəllimlik edib, Naxçıvanda Müəllimlər Seminariyasında dərs deyib. Sonradan sovet dövrünün siyasi təqibləri onun həyatına da təsirsiz ötüşmür. Həbs edilən Murad Tutayuq daha sonra azadlığa buraxılsa da, həyatının müxtəlif dövrlərində təzyiqlərlə qarşılaşıb. Onun tələbələri sırasında sonradan Azərbaycanın görkəmli elm və dövlət xadimləri kimi tanınan şəxslərin olması da Murad Tutayuqun pedaqoji fəaliyyətinin əhəmiyyətini göstərir. Murad Tutayuq həmçinin müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda təhsil aldığı illərdə onun fizika müəllimi olub.
Ailənin digər övladı Fatma Tutayuq Azərbaycanın ilk ali təhsilli qadın pedaqoqlarından biri olub. Bakıda ali təhsil aldıqdan sonra doğma Şuşaya qayıdaraq qızlar məktəbinə rəhbərlik edib. Lakin həyat yoldaşı Haşım Feyzullayevin müsavatçı kimi təqib olunması onun taleyini də dəyişib. Həyat yoldaşının həbs olunaraq uzaq düşərgəyə göndərilməsindən sonra Fatma xanım və övladları da təzyiqlərlə üzləşiblər. Ailəsini qorumaq üçün həyat yoldaşından rəsmi şəkildə boşanmağa məcbur olan Fatma Tutayuq bunun üçün uzaq Sibirə qədər getməli olub. Lakin bu rəsmi ayrılıq belə onu təqiblərdən tam xilas etməyib. Bir müddət həbs olunan Fatma xanım sonrakı həyatını övladlarını böyütməyə və müəllimlik fəaliyyətinə həsr edib.
Ailənin ən ağır faciəni yaşayan üzvlərindən biri isə Ənvər Tutayuq olub. Onun həyat yoldaşı Əyyub Quliyevin siyasi səbəblərlə həbs olunmasından sonra Ənvər xanım da “xalq düşməninin arvadı” kimi cəzalandırılıb və həbs düşərgəsinə göndərilib. O zaman gənc qadın hamilə idi. Həbs şəraitində dünyaya gətirdiyi körpəsini çox keçmədən itirən Ənvər xanım bütün bu ağır sarsıntılardan sonra gənc yaşında həyatını itirib.
Bu hadisələr Tutayuqlar ailəsinin üzərinə çökmüş böyük faciələrin yalnız bir hissəsi idi.
Validə Tutayuqun ana babası – faciəli taleli Rüstəm bəy Mirzəyev:
Validə Tutayuqun ana babası Rüstəm bəy Mirzəyev də dövrünün maraqlı və tanınmış simalarından olub. O, Şuşanın bəy ailələrindən idi və ana tərəfdən Qacar nəslinə bağlılığı ilə seçilirdi. Çar ordusunun zabiti, polkovnik rütbəli Rüstəm bəy sonradan hüquq və polis sahəsində fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-1920-ci illərdə Bakı şəhərinin polismeysteri vəzifəsində çalışıb. 1920-ci ilin aprelində sovet hakimiyyəti qurulduqdan sonra həbs edilən Rüstəm bəy Mirzəyev Azərbaycan SSR Ali İnqilab Tribunalının hökmü ilə həmin ilin mayında güllələnib. Beləliklə, o, bolşevik repressiyalarının ilk qurbanlarından birinə çevrilib. Rüstəm bəy Mirzəyev Validə Tutayuqun anası Südabə xanımın atası idi.
Azərbaycanın ilk qadın akademiki - Bu ailənin sonuncu övladlarından biri olan Validə Tutayuq isə yaşadığı bütün sarsıntılara baxmayaraq, özünü elmə və təbiətə həsr etdi. Validə Tutayuq 1914-cü il sentyabrın 23-də Şuşada anadan olub. Doqquzillik məktəbi bitirdikdən sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olub. Onun uşaqlığı təbiətlə sıx bağlı keçib. Meşəbəyi olan atasının yaşadığı evə tez-tez müxtəlif bölgələrdən alimlər və bioloqlar gəlir, ekspedisiyalar təşkil olunurdu. Kiçik Validə də həmin alimlərin söhbətlərinə, bitkilərə və çiçəklərə böyük maraq göstərirdi. Sonradan məhz bu maraq onun həyat yolunu müəyyənləşdirdi.
Hələ tələbəlik illərində professor S.V. Krainski Validə Tutayuqu öz elmi tədqiqatlarına və ekspedisiyalarına cəlb edib. Cənubi Qafqazda yerli meyvə sortlarının öyrənilməsi məqsədilə keçirilən ekspedisiyada Validə Tutayuq rəhbər vəzifəyə qədər yüksəlib. Professor Krainski ilə birlikdə qozmeyvəlilər üzrə aparılan tədqiqatlarda 100-ə yaxın yunan qozu və fındıq növünün botaniki təsviri hazırlanıb. Bu işlər Validə Tutayuqun elmi fəaliyyətinin ilk mühüm nəticələrindən sayılırdı. O, cəmi 35 yaşında 1949-cu ildə biologiya elmləri doktoru elmi dərəcəsini alaraq Azərbaycan tarixində biologiya sahəsində ilk qadın elmlər doktoru olub. Bu, yalnız şəxsi uğur deyildi. Validə Tutayuq Azərbaycan qadınının elmə gedən yolunda yeni bir mərhələnin əsasını qoyurdu. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilən Validə Tutayuq Azərbaycanın ilk qadın akademiki kimi tarixə düşdü.
Azərbaycan botanika elminin qadın simvolu:
Validə Tutayuq sonrakı illərdə də bir sıra ilklərə imza atıb. O, Azərbaycan elmi tarixində institut direktoru olan ilk qadınlardan biri kimi 1957-ci ildə Botanika İnstitutuna direktor təyin edilib. Onun rəhbərliyi dövründə botanika sahəsində müxtəlif elmi istiqamətlərin inkişafı üçün mühüm addımlar atılıb. Validə Tutayuq bitki anatomiyası və morfologiyası, sitologiyası və filogeniyası istiqamətində geniş tədqiqatlar aparıb. O, Azərbaycanda milli bitki anatomiyası məktəbinin yaradıcılarından biri hesab olunur. Alimin Azərbaycan dilində hazırladığı ilk “Bitki anatomiyası və morfologiyası” dərslikləri bu gün də onun elmə verdiyi böyük töhfənin göstəricilərindən biridir. Validə Tutayuqun elmi fəaliyyəti, əsasən, Azərbaycan dendroflorasının, bitkilərin anatomik və morfoloji xüsusiyyətlərinin, çiçək teratologiyasının öyrənilməsinə həsr olunmuşdu. Onun 1959-cu ildə nəşr olunan “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyası böyük maraq doğurub. Alimin bu sahədəki tədqiqatları beynəlxalq elmi mühitdə də diqqət çəkib və onun təcrübəsinin dünyanın bir sıra ölkələrində öyrənildiyi bildirilir.
Qarabağın bitki sərvətini elmə qazandıran alim:
Validə Tutayuqun elmi fəaliyyətində Qarabağın təbiəti xüsusi yer tuturdu. Şuşada doğulan və uşaqlığını Qarabağın dağları, meşələri, çəmənlikləri arasında keçirən alim doğma torpağın florasını elmi baxımdan araşdırmağa böyük maraq göstərirdi. Onun tərəfindən Qarabağda bitən çoxsaylı bitki nümunələrinin herbari şəklində toplanması Azərbaycan botanika elmi üçün böyük əhəmiyyət daşıyıb. Bu tədqiqatlar nəticəsində Qarabağ florası elmi bazalarda sistemli şəkildə öz əksini tapıb. Beləliklə, bölgənin zəngin bitki örtüyü Azərbaycan elminin araşdırma predmetinə çevrilərək dünya botanika ictimaiyyətinə təqdim olunub. Validə Tutayuqun adı xüsusilə Azərbaycanın rəmzlərindən biri sayılan Xarıbülbülün elmi tədqiqi ilə də bağlıdır. Alim bu nadir çiçəyin bio-ekoloji xüsusiyyətlərinin araşdırılmasına xüsusi diqqət yetirib. Xarıbülbül Validə Tutayuq üçün sadəcə botanik tədqiqat obyekti deyildi. Bu çiçək onun doğulduğu Şuşanın, Qarabağın və bütövlükdə Azərbaycan təbiətinin bir parçası idi.
Validə Tutayuqun ən maraqlı arzularından biri isə elmlə musiqini birləşdirən əsərin yaradılması idi. O, böyük bəstəkar Fikrət Əmirovla birlikdə “Xarıbülbül” adlı opera ərsəyə gətirmək barədə düşünürdü. Bu əsərin elm və sənətin sintezini özündə birləşdirəcəyi planlaşdırılırdı. Lakin bu arzu gerçəkləşmədi. Tutayuqlar ailəsinin tarixində bir-birinə zidd iki böyük xətt var: faciə və xidmət. Bu ailənin üzvləri repressiyalar, həbslər, sürgünlər, ayrılıqlar və ağır itkilər yaşadılar. Bəziləri gənc yaşlarında həyatlarını itirdi, bəzilərinin həyatı siyasi təqiblər səbəbindən alt-üst oldu.
Amma bütün bunlara baxmayaraq, Tutayuqlar nəsli Azərbaycan üçün savadlı müəllimlər, həkimlər, alimlər yetişdirdi:
Murad Tutayuq – pedaqoq kimi,
Fatma Tutayuq – qadın təhsilinin öncüllərindən biri kimi,
Zinyət Tutayuq – əməkdar həkim və səhiyyə təşkilatçısı kimi,
Validə Tutayuq isə – Azərbaycan elminin ilk qadın akademiki kimi tarixdə öz yerlərini aldılar.
Bu gün Tutayuqlar adı çəkiləndə ilk növbədə Azərbaycanın ilk qadın akademiki Validə Tutayuq yada düşür. Lakin onun arxasında bir ailənin böyük ziyalı ənənəsi, faciələrlə dolu taleyi və elmə xidmət edən bütöv bir nəsil dayanır. Tutayuqlar nəsli bir ailənin tarixi deyil, Azərbaycan ziyalılığının, qadınların elmə gedən yolunun, faciələrə baxmayaraq təhsildən və elmdən vaz keçməyən bir nəslin tarixidir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















