Icma.az
close
up
RU
Rəqəmsal dezinformasiya: Təhdidlər və qlobal mübarizə

Rəqəmsal dezinformasiya: Təhdidlər və qlobal mübarizə

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Müasir dövrdə rəqəmsallaşma dezinformasiyanın mahiyyətini, yayılma üsullarını və təsir imkanlarını köklü şəkildə dəyişdirmişdir. Dezinformasiya artıq sosial media platformaları, alqoritmlər və süni intellekt dəstəyi ilə yaradılan məzmun vasitəsilə ani sürətlə yayılan və qlobal xarakter daşıyan təhdidə çevrilmişdir. Bu transformasiya informasiyanın istehsalından istehlakına qədər bütün proseslərə təsir göstərərək həm fərdi, həm də ictimai səviyyədə informasiya təhlükəsizliyini zəiflətmişdir.

Rəqəmsal media mühiti informasiyaya çıxışı asanlaşdırmaqla yanaşı, həqiqətin sərhədlərini qeyri-müəyyənləşdirən yeni informasiya rejimi formalaşdırmışdır. Həqiqət ilə uydurma, doğru informasiya ilə təhrif olunmuş məlumat arasındakı fərq rəqəmsal platformalarda məzmunun sürət, qarşılıqlı əlaqə və emosional təsir əsasında prioritetləşdirilməsi səbəbindən getdikcə daha da bulanıqlaşır.

Mütəxəsssilər qeyd edirlər ki, rəqəmsal platformalarda yanlış məlumatların doğru informasiyaya nisbətən daha sürətlə yayılmasının əsas səbəbi onların sensasion, emosional və diqqətçəkən xüsusiyyətlərə malik olmasıdır. Bu xüsusiyyətlər həmin məzmunun viral olma ehtimalını artırır, nəticədə daha geniş auditoriyaya çatmasına və daha çox görünürlük qazanmasına səbəb olur.

Həmçinin bu sahənin təsqiqatçılarının irəli sürdüyü fikrə görə, istifadəçilər rəqəmsal məkanda görünməz alqoritmik maneələrlə əhatə olunur. Bu vəziyyət alternativ baxışlara çıxışı məhdudlaşdırır və insanların intellektual təcridini daha da dərinləşdirir. Bu prosesi gücləndirən digər amil isə alqoritmlərin istifadəçilərə təqdim etdiyi məzmunu onların əvvəlki davranışları və maraqları əsasında formalaşdırmasıdır. Sosial media alqoritmləri yalnız oxşar baxışları möhkəmləndirmir, eyni zamanda yanlış informasiyanın daha geniş auditoriyaya çatmasına da şərait yaradır.

Dezinformasiyanın yayılmasında alqoritmlərlə yanaşı rəqəmsal aktorlar da mühüm rol oynayırlar. Sosial media platformalarında yumor, ironiya və təxribat vasitəsilə ictimai müzakirələri manipulyasiya edən "troll" qrupları cəmiyyətdə qütbləşməni gücləndirərək dezinformasiyanın yayılmasını sürətləndirirlər. Bu aktorlar əksər hallarda anonim fəaliyyət göstərir və reallığın təhrif edilməsinə xidmət edirlər.

Üstəlik bot hesablar dezinformasiyanın yayılmasında əsas vasitələrdən birinə çevrilmişdir. Bu hesablar əvvəlcədən proqramlaşdırılmış mesajları avtomatik şəkildə yayır, saxta qarşılıqlı əlaqələr yaradır və nəticədə dezinformasiyanın daha geniş auditoriyaya çatmasına şərait yaradır.

Süni intellekt dəstəyi ilə məzmun istehsalı dezinformasiyanı daha mürəkkəb və peşəkar xarakterli etmişdir. Hazırda təbii dil emalı (Natural Language Processing – NLP) texnologiyaları vasitəsilə hazırlanmış saxta xəbər mətnlərini insan tərəfindən yazılmış mətnlərdən fərqləndirmək getdikcə çətinləşir. Bu cür məzmunlar "Astroturfing" (süni ictimai gündəm formalaşdırılması) və "Sockpuppet" (saxta və ya kukla hesablar) kimi taktikalardan istifadə etməklə cəmiyyətdə mövcud olmayan ictimai rəy görüntüsü yaratmaq məqsədilə yayılır. Belə saxta rəqəmsal reaksiyalar insanlarda guya real ictimai dəstəyin mövcud olduğu təəssüratını formalaşdıraraq ictimai rəyi manipulyasiya edir.

Son illərdə ən təhlükəli dezinformasiya vasitələrindən biri "deepfake" texnologiyası hesab olunur. Bu texnologiyalar post-truth (həqiqətdən sonrakı) dövrün əsas xüsusiyyətlərindən biridir və insanların reallıq haqqında təsəvvürünü kökündən dəyişdirir. Deepfake texnologiyaları təkcə siyasi liderləri hədəfə almaq üçün deyil, həm də maliyyə dələduzluğu, şantaj və şəxsi nüfuzun zədələnməsi məqsədilə istifadə olunur. Belə məzmunlar cəmiyyətdə etimad böhranını daha da dərinləşdirir.

Rəqəmsallaşmanın müharibə və böhran dövrlərində yaratdığı imkanlar dezinformasiyanın təsir gücünü daha da artırmışdır. Deepfake videolar, saxtalaşdırılmış səs yazıları və uydurma sənədlər müharibə şəraitində rəqib tərəfi nüfuzdan salmaq, əhalinin psixoloji vəziyyətinə təsir göstərmək və beynəlxalq ictimai rəyi istiqamətləndirmək məqsədilə istifadə olunur. Böhran vəziyyətlərində etibarlı informasiyaya çıxışın çətinləşməsi cəmiyyətin psixoloji durumuna birbaşa təsir edir və informasiyanın yoxlanılması mexanizmlərini zəiflədir.

Bu prosesdə sosial media platformaları vasitəsilə həyata keçirilən alqoritmik dezinformasiya kampaniyaları istifadəçilərin müəyyən düşüncə istiqamətlərinə yönləndirilməsini asanlaşdırır və alternativ baxışların yayılmasını məhdudlaşdırır. Saxta qarşılıqlı əlaqələr mövcud olmayan ictimai dəstəyi real kimi təqdim edərək dezinformasiyanın inandırıcılıq səviyyəsini artırır. Siyasi aktorlar isə bu rəqəmsal texnologiyalardan ictimai rəyin formalaşdırılmasında strateji informasiya silahı kimi istifadə edirlər.

Rəqəmsal dövrdə dezinformasiya alqoritmik məzmun prioritetləşdirilməsi, bot hesablar, troll mədəniyyəti və süni intellekt dəstəyi ilə yaradılan saxta məzmunlar sayəsində daha mürəkkəb, daha genişmiqyaslı və daha inandırıcı xarakter almışdır. Belə bir mühitdə artıq təkcə informasiyaya çıxış deyil, həm də həmin informasiyanın etibarlılığı, yoxlanıla bilməsi və nəzarət imkanları ciddi müzakirə mövzusuna çevrilmişdir.

Rəqəmsallaşma bir tərəfdən informasiya mübadiləsini demokratikləşdirərək insanların məlumat əldə etmək imkanlarını genişləndirir, digər tərəfdən isə həqiqətin aşınmasına səbəb olan yeni qeyri-müəyyənlik mühiti yaradır. Bu baxımdan əsas problem informasiyaya çıxışın mövcudluğu deyil, əldə olunan informasiyanın nə dərəcədə etibarlı, doğrulana bilən və nəzarət edilə bilən olmasıdır. Müasir rəqəmsal dövrdə bu məsələ cəmiyyətin informasiya təhlükəsizliyinin, ictimai etimadın və milli sabitliyin əsas müəyyənedicilərindən biri hesab olunur.

İnformasiya pozuntuları və rəqəmsal dövrdə dezinformasiya fərdlərin və cəmiyyətlərin etibarlı informasiyaya çıxışını çətinləşdirərək ictimai rəyin manipulyasiya edilməsinə, sosial qütbləşmənin dərinləşməsinə və demokratik proseslərin mənfi təsirlərə məruz qalmasına səbəb ola bilir. Rəqəmsal dövrün xüsusiyyətləri nəzərə alındıqda, dezinformasiyanın yayılmasının qarşısının alınması və onun təsirlərinin minimuma endirilməsi üçün çoxşaxəli strategiyaların hazırlanması zəruridir. Bu strategiyalar rəqəmsal media savadlılığının inkişaf etdirilməsi, texnoloji həllər və alqoritmik müdaxilələr, hüquqi tənzimləmələrin təkmilləşdirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi müxtəlif istiqamətləri əhatə edir.

Fərdlərin dezinformasiyanı tanıması və etibarlı informasiyanı müəyyən edə bilməsi üçün media və rəqəmsal savadlılıq mühüm vasitə hesab olunur.Tədqiqatçılar qeyd edirlər ki, dezinformasiyanın təsirlərinin azaldılmasında media savadlılığının rolu olduqca böyükdür və bu bacarıqlar təhsil sisteminə sistemli şəkildə inteqrasiya edilməlidir.

Bu yanaşma insanların tənqidi düşünmə bacarıqlarını gücləndirməklə yanaşı, informasiyanın obyektiv qiymətləndirilməsi imkanlarını da artırır. Sosial medianın geniş yayılması şəraitində istifadəçilərin informasiya mənbələrinin etibarlılığını qiymətləndirməsi, manipulyasiya olunmuş məzmunu müəyyən etməsi və faktların yoxlanılması vərdişlərinə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır.

Bu kontekstdə yanlış informasiya ilə mübarizədə iki əsas yanaşma ön plana çıxır: debunking və prebunking. Debunking artıq yayılmış yanlış və ya manipulyativ məzmunun faktlar əsasında təkzib olunmasını və ictimaiyyətə düzgün məlumatın təqdim edilməsini ifadə edir. Prebunking isə yanlış informasiya yayılmamışdan əvvəl insanlarda belə manipulyasiyalara qarşı müqavimət formalaşdırmağa yönəlmiş qabaqlayıcı strategiyadır. Prebunking metodları insanların yanlış informasiyaya qarşı "koqnitiv immunitetini" gücləndirərək dezinformasiyanın təsirini hələ başlanğıc mərhələsində məhdudlaşdıra bilər. Bu strategiyalar media savadlılığı proqramlarının daha səmərəli və dayanıqlı olmasına da mühüm töhfə verir.

Bu baxımdan faktların yoxlanılması (fact-checking) ilə məşğul olan müstəqil təşkilatlar dezinformasiyaya qarşı mübarizədə mühüm rol oynayırlar. Müstəqil faktyoxlama platformaları yanlış informasiyanı aşkar edib ifşa etməklə onun yayılma sürətini və təsirini əhəmiyyətli dərəcədə azaldır. Bu sahədə fəaliyyət göstərən tanınmış platformalara Snopes, PolitiFact, Teyit.org və FactCheck.org daxildir. Dezinformasiyanın geniş yayılmasının qarşısını almaq üçün belə qurumların daha operativ və innovativ yoxlama mexanizmləri tətbiq etməsi zəruridir.

Texnologiya informasiya pozuntularına qarşı mübarizədə mühüm vasitələrdən biri hesab edilir. Süni intellekt (Artificial Intelligence – AI) əsaslı dezinformasiya aşkarlama sistemləri böyük həcmli məlumatların analizi vasitəsilə yanlış informasiya axınlarını müəyyən edə və onların yayılmasının qarşısını ala bilir. Süni intellekt dəstəyi ilə işləyən alqoritmlər saxta xəbərlərin müəyyənləşdirilməsi və onlayn platformalarda dezinformasiyanın aşkarlanması istiqamətində getdikcə daha geniş tətbiq olunur.

Bununla yanaşı, blokçeyn (blockchain) texnologiyası da informasiyanın doğrulanması mexanizmlərinin gücləndirilməsində mühüm imkanlar yaradır. Mərkəzsiz qeydiyyat sistemləri vasitəsilə informasiyanın mənşəyini izləmək və manipulyasiya edilmiş məzmunu müəyyən etmək daha asan olur. Blockchain əsaslı həllər xəbərin ilk dəfə hansı mənbədə yayımlandığını və sonradan hansı dəyişikliklərə məruz qaldığını izləməyə imkan verir. Eyni zamanda rəqəmsal məzmunun NFT-yə bənzər rəqəmsal sertifikatlarla identifikasiya olunması saxta məzmunun qarşısının alınması üçün yeni perspektivlər açır.

European Commission-un (2018) hesabatında vurğulanır ki, sosial media platformaları fəaliyyətlərində daha şəffaf olmalı, saxta hesabları operativ şəkildə müəyyən etməli və yanlış informasiyanın yayılmasını məhdudlaşdıran alqoritmik mexanizmlər tətbiq etməlidirlər.

Rəqəmsal aktivizm də dezinformasiyaya qarşı mübarizənin səmərəli vasitələrindən biri hesab olunur. Rəqəmsal fəallar onlayn icmaları təşkil edərək düzgün informasiyanın yayılmasına xidmət edən kampaniyalar keçirə, cəmiyyətdə dezinformasiyanın təhlükələri barədə maarifləndirmə apara bilərlər. Həşteq kampaniyaları, viral məzmun paylaşımları və rəqəmsal etiraz aksiyaları dezinformasiyanın təsirinin azaldılmasında istifadə olunan mühüm vasitələr sırasındadır.

Rəqəmsal dezinformasiyanın nəzarət altına alınması üçün hüquqi tənzimləmələrin rolu da olduqca vacibdir. Avropa İttifaqı dezinformasiyaya qarşı mübarizə məqsədilə Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act – DSA) kimi hüquqi mexanizmləri tətbiq etməklə platformaların məzmun idarəetmə proseslərinin daha şəffaf olmasını hədəfləmişdir. Bununla yanaşı, bir sıra dövlətlər saxta xəbərlərin yayılmasının qarşısını almaq məqsədilə müxtəlif qanunvericilik təşəbbüsləri həyata keçirmişdir. Bununla belə, dezinformasiyaya qarşı hüquqi mübarizə ifadə azadlığını məhdudlaşdırmadan balanslaşdırılmış yanaşmanın formalaşdırılmasını tələb edir.

Böyük texnologiya şirkətləri də dezinformasiyanın yayılmasının qarşısını almaq üçün müxtəlif siyasətlər həyata keçirirlər. Google və Meta kimi platformalar yanlış informasiyanın işarələnməsi, saxta xəbərlərin görünürlüğünün azaldılması və dezinformasiya yayan hesabların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müxtəlif mexanizmlər tətbiq etmişdir. Bununla belə, bu siyasətlərin effektivliyi barədə müzakirələr davam edir və onların müvafiq hüquqi tənzimləmələrlə dəstəklənməsi zəruri hesab olunur.

Beynəlxalq əməkdaşlıq dezinformasiyaya qarşı mübarizənin ən mühüm istiqamətlərindən biridir. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa Şurası dezinformasiyanın qlobal təhlükələrini azaltmaq məqsədilə media qurumları, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti institutları ilə birgə təşəbbüslər həyata keçirirlər. Məsələn, Avropa İttifaqının EUvsDisinfo təşəbbüsü Rusiya mənşəli dezinformasiya kampaniyalarının monitorinqini apararaq ictimaiyyəti məlumatlandırmağı hədəfləyir. Eyni zamanda UNESCO-nun Media and Information Literacy proqramı bütün dünyada media və informasiya savadlılığını artırmaqla insanların dezinformasiyaya qarşı müqavimətini gücləndirməyi qarşıya məqsəd qoymuşdur. Dezinformasiyanın sərhəd tanımayan xarakteri nəzərə alındıqda, dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İnformasiya pozuntuları və rəqəmsal dövrdə dezinformasiyaya qarşı mübarizə fərdi, institusional və qlobal səviyyələrdə kompleks yanaşma tələb edən çoxşaxəli prosesdir. Media və rəqəmsal savadlılığın artırılması, süni intellekt və blockchain kimi innovativ texnologiyaların səmərəli tətbiqi, hüquqi tənzimləmələrin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi dezinformasiyanın yayılmasının qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır.

İnformasiya pozuntularına qarşı mübarizədə yalnız vətəndaşların maarifləndirilməsi kifayət etmir. Sosial media platformaları, texnologiya şirkətləri, dövlət qurumları, media təşkilatları və vətəndaş cəmiyyəti institutları da proaktiv siyasətlər həyata keçirməlidirlər. Rəqəmsal dövrdə etibarlı informasiya mühitinin qorunması və dezinformasiyanın təsirlərinin minimuma endirilməsi üçün multidissiplinar, koordinasiyalı və davamlı əməkdaşlığa əsaslanan yanaşmanın tətbiqi zəruridir.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyye yardımı ile hazırlanmışdır. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəlifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Günay Hüseyn,

ekspert


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyul 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see345

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see341

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see337

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see315

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see291

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see275

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see273

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see242

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see226

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see211

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see203

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see194

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see191

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see184

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see178

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see177

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see177

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see176

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see173

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri