RƏQƏMSAL ƏSRİN AYDINI KİMDİR?
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xaləddin İbrahimli,
professor
Giriş əvəzi bir az dil məsələsinə toxunum. Ziyalı fars mənşəli, aydın isə türk sözüdür. Mən aydın sözündən istifadə etməyə üstünlük verirəm. Əlbəttə, ziyalı deyənlərlə də bir problemim yoxdur. Məni sözün mənşəyindən daha çox, onun ifadə etdiyi insanın kimliyi düşündürür. Aydın kimdir? Onu başqalarından fərqləndirən nədir? Və ən əsası, süni intellektin insanın düşüncə fəaliyyətinə getdikcə daha çox daxil olduğu bir dünyada aydına hələ də ehtiyac varmı?
Bu suallara cavab vermək üçün aydının tarix boyu necə dəyişdiyinə qısaca nəzər salmaq lazımdır. Çünki hər dövrün öz aydın obrazı olub.
Qədim dövrlərdə müdriklər, filosoflar və müəllimlər insanların dünyanı anlamasında mühüm rol oynayırdılar. Onların nüfuzu bilikləri, həyat təcrübələri və düşünmək bacarıqları ilə bağlı idi. Orta əsrlərdə isə bilik və düşüncə fəaliyyəti bir çox cəmiyyətlərdə dini və siyasi hakimiyyətlə sıx əlaqədə inkişaf edirdi. Alimlər, din xadimləri və filosoflar müəyyən mənada aydın funksiyasını yerinə yetirirdilər. Bununla belə, onlar arasında mövcud qaydaları müdafiə edənlər də, həmin qaydaları sorğulayanlar da vardı.
İntibah dövrü aydın anlayışının inkişafında mühüm mərhələ oldu. İnsan, onun yaradıcılığı və düşüncə imkanları daha çox diqqət mərkəzinə keçdi. İntibah humanistləri qədim irsi yenidən araşdırır, insanın dünyanı anlamaq və dəyişdirmək gücünə inanırdılar. Aydınlanma (Şərqdə maarifçilik) çağında isə ağıl, elm, azadlıq və tənqidi düşüncə ön plana çıxdı. Aydın artıq yalnız bilik sahibi deyil, mövcud qaydaları sorğulayan, cəmiyyətin dəyişməsinə təsir göstərməyə çalışan insan kimi tanınmağa başladı.
XX əsrdə aydının ictimai rolu daha da genişləndi. Dünya müharibələri, inqilablar, totalitar rejimlər və ideoloji qarşıdurmalar onu çətin seçimlər qarşısında qoydu. Alim, yazıçı və filosofların bir qismi hakimiyyətin xidmətində dayandı, bir qismi isə ədalətsizliyə, zorakılığa və insan hüquqlarının pozulmasına qarşı çıxdı. Bu dövr göstərdi ki, yüksək təhsil və geniş bilik insanı öz-özünə vicdanlı etmir. Aydın olmaq yalnız nəyi bilməklə deyil, bildiklərinin qarşısında hansı mövqeyi tutmaqla da bağlıdır.
İndi isə rəqəmsal (dijital) əsrdəyik. Əvvəlki dövrlərdə aydının nüfuzu müəyyən dərəcədə biliyə çıxış imkanlarından qaynaqlanırdı. O, oxuyur, araşdırır, dünyada baş verənləri izləyir və öyrəndiklərini cəmiyyətə çatdırırdı. Bu gün isə internet və süni intellekt sayəsində milyonlarla insan məlumatı birbaşa əldə edə bilir. Hətta mürəkkəb suallara saniyələr ərzində cavab tapmaq mümkündür. Lakin məlumatın çoxalması həqiqətin daha asan anlaşılması demək deyil. Əksinə, informasiya bolluğu içində doğru ilə yanlışı bir-birindən ayırmaq çox zaman daha da çətinləşir.
Deməli, aydının əvvəlki vəzifələrindən biri dəyişir. Artıq əsas məsələ insanlara məlumat çatdırmaq deyil, həmin məlumatın mənasını anlamağa, etibarlılığını yoxlamağa və nəticələrini düşünməyə kömək etməkdir. Lakin bununla da iş bitmir. Çünki insanın nə qədər bildiyi ilə yanaşı, bildiklərindən hansı məqsədlə istifadə etdiyi də əhəmiyyətlidir.
Burada ağıl ilə mənəviyyat, konkret ifadə etsək, vicdan arasındakı fərq ortaya çıxır. Ağıl insana problemləri həll etmək, hadisələri anlamaq və məqsədinə çatmaq üçün yollar tapmaq imkanı verir. Vicdan isə həmin məqsədin nə dərəcədə doğru olduğunu soruşur. Məsələn, suda boğulan insanı xilas etmək üçün üzməyi bacarmaq lazımdır. Lakin bu da yetərli deyil, çünki üzməyi bacaran hər kəs başqasını xilas etməyə çalışmır. Bacarıq insana imkan verir, vicdan isə bu imkandan necə istifadə edəcəyinə yön verir. Müasir cəmiyyət daha ağıllı, bacarıqlı və uğurlu insanları yüksək qiymətləndirir. Lakin dürüstlük, mərhəmət və ədalət hissi eyni dərəcədə uğur meyarına çevrilmir. İnsan biliyini və bacarığını inkişaf etdirməyə illər sərf etdiyi, ciddi vəsait xərclədiyi halda, mənəvi keyfiyyətləri haqqında çox vaxt yalnız həyat sınaqları ilə üzləşəndə düşünür.
Ağıl ilə vicdan arasındakı bu uyğunsuzluq yalnız fərdi həyatda deyil, bəşəriyyətin inkişafında da özünü göstərir. İnsan kosmosu araşdırır, süni intellekt yaradır, ağır xəstəliklərin müalicəsini axtarır, çox zaman tapır da. Eyni zamanda başqa insanları məhv etmək üçün daha güclü silahlar hazırlayır. XX əsrdə iki dünya müharibəsinin faciələrini yaşamış bəşəriyyətin XXI əsrdə daha ağıllı davranacağını düşünmək olardı. Lakin Rusiya–Ukrayna müharibəsi, Qəzzada və Yaxın Şərqin digər bölgələrində yaşanan faciələr bunun belə olmadığını göstərir. Deməli, elmi və texniki tərəqqi öz-özlüyündə mənəvi inkişafı təmin etmir. İnsanlığın qarşısında duran əsas məsələlərdən biri də artan bilik və imkanlarla mənəvi məsuliyyət arasında uyğunluq yarada bilməkdir.
Belə bir dünyada aydın nə etməlidir? Məncə, ilk növbədə həqiqətə, ədalətə sadiq qalmalıdır. Aydın hər şeyi bilən və bütün suallara cavab verən insan deyil. O, bilmədiyini etiraf etməyi, səhvini qəbul etməyi və lazım gəldikdə fikrini dəyişməyi bacarandır. Çünki başqalarını düşünməyə, həm də tənqidi düşünməyə çağıran insan əvvəlcə özü müstəqil və tənqidi düşünməyi bacarmalıdır. Aydının vəzifəsi yalnız həqiqəti axtarmaqla, ədalətli olmaqla bitmir. O, bildiklərinin cəmiyyətə necə təsir etdiyini də düşünməlidir. Bu məsuliyyət xüsusilə müharibələr və ədalətsizliklər qarşısında özünü göstərir. Dövlətlərin siyasi maraqları və təhlükəsizlik qayğıları ola bilər. Ancaq bunlar günahsız insanların çəkdiyi əzabları görməməyə haqq qazandırmır. Aydın güclülərin dediklərini təkrarlamaqla kifayətlənməməli, hadisələrə insan həyatının dəyəri baxımından da yanaşmalıdır. Əks halda, həqiqəti müdafiə edən insan olmaq əvəzinə siyasi təbliğatçıya çevrilə bilər.
Rəqəmsal dövrdə aydının qarşısında başqa bir çətinlik də var. Bu gün sosial şəbəkələrdə tanınmaq və geniş auditoriyaya çatmaq asanlaşıb. Bəzən çoxlu izləyicisi olan insanın fikirləri daha doğru və daha dəyərli hesab edilir. Halbuki məşhur olmaqla haqlı olmaq eyni şey deyil. Mürəkkəb məsələlərə sadə və qəti cavablar vermək diqqət çəksə də, həqiqəti anlamaq çox vaxt araşdırma və səbir tələb edir. Buna görə aydın özündən soruşmalıdır: mən insanlara təsir göstərmək üçün danışıram, yoxsa həqiqəti çatdırmaq üçün?
Süni intellektin inkişafı bu sualı daha da əhəmiyyətli edir. Artıq texnologiya mətn yazır, məlumatları müqayisə edir, mürəkkəb suallara cavab verir və elmi araşdırmalara kömək göstərir. Əgər aydının başqalarından fərqi yalnız çox məlumat bilməsi və yaxşı danışmasıdırsa, onun bu üstünlüyü getdikcə azalacaq. Ancaq süni intellektin təqdim etdiyi məlumatların doğruluğunu yoxlamaq, nəticələrini qiymətləndirmək və onlardan necə istifadə olunacağını düşünmək yenə də insanın məsuliyyətidir. Rəqəmsal əsrin aydını texnologiya ilə yarışmaq əvəzinə, onun imkanlarından ağılla istifadə etməyi və yaratdığı təhlükələri görməyi bacarmalıdır.
Bütün bunlar aydın anlayışının da dəyişdiyini göstərir. Keçmişdə aydın deyəndə daha çox alimlər, yazıçılar və filosoflar yada düşürdü. Bu gün isə aydınlıq yalnız müəyyən peşə sahiblərinə məxsus xüsusiyyət kimi qəbul edilməməlidir. Müəllim, həkim, mühəndis, jurnalist və başqa peşə sahibi də müstəqil düşünür, həqiqəti müdafiə edir və cəmiyyətin problemlərinə laqeyd qalmırsa, aydın mövqeyi nümayiş etdirə bilər. Əsas məsələ insanın hansı vəzifəni tutması və ya hansı diplomu daşıması deyil, biliyinə və davranışlarına nə qədər məsuliyyətlə yanaşmasıdır.
Ancaq bu dəyişiklik öz-özünə baş verməyəcək. Texnologiya insanın öyrənmək və düşünmək imkanlarını genişləndirə bilər, lakin onu vicdanlı və ədalətli olmağa məcbur edə bilməz. Bunun üçün insanın yalnız başqalarının deyil, öz düşüncələrinin və davranışlarının da düzgünlüyünü sorğulaması lazımdır.
Deməli, müasir cəmiyyətin aydına ehtiyacı azalmayıb, sadəcə ondan gözləntilər dəyişib. Bu gün bizə hər şeyi bildiyini iddia edən insanlardan daha çox, bilmədiyini qəbul edən, həqiqəti şəxsi maraqlarından üstün tutan və başqalarının müstəqil düşünməsinə kömək edən aydınlar lazımdır.
Bəs insan daha ağıllı olduqca daha yaxşı insan olmağı da öyrənəcəkmi? Bu suala qəti cavab vermək çətindir. Ancaq bir şey aydındır: insanın bildikləri ilə etdikləri arasında böyük fərq qaldıqca, ən müasir texnologiyalar belə köhnə faciələrin yenidən yaşanmasının qarşısını ala bilməyəcək. Aydınlığın gələcəyi insanın nə qədər çox bilməsində deyil, bildiyi həqiqət qarşısında hansı məsuliyyəti daşımasındadır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















