Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

KOSTYUMDA SUFİLİK: XXI ƏSRİN DƏRVİŞİ KİMDİR?

KOSTYUMDA SUFİLİK: XXI ƏSRİN DƏRVİŞİ KİMDİR?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kostyumda sufilik: XXI əsrin dərvişi kimdir?

Rəsul Mirhəşimli

İnsanı bəzən bu sual düşündürür: “Müasir texnologiyalar çağında dərvişlik necə olur?” Qədimdə dərvişin hansı dərgaha, hansı təriqətə mənsub olduğu onun kisvəsindən (xirqəsindən) bəlli idi. Dərvişin geyimi sadəcə zahiri libas deyil, həm də onun mənsub olduğu mənəvi yolun, təriqətin və mürşid-mürid münasibətinin simvolu sayılırdı. İmadəddin Nəsiminin yazdığı kimi:

Dərvişin piri sormaq, dedilər, adət deyil,
Arifanə bir nəzər qıl, kisvətindən bəllidir.

Bəs bu gün necə? Android telefonu əlində olan, internetdə məlumat axtaran, sosial şəbəkələrdə paylaşımlar edən, rəy bildirən, səhər gözünü açan kimi ekran qarşısına keçən insanı dərviş kimi təsəvvür etmək mümkündürmü? Müasir dövrün dərvişi necə görünür? O, xirqə geyinməlidirmi, yoxsa kostyum və qalstukla da dərvişlik mümkündür? Əgər dərvişlik bir geyim deyil, mənəvi haldırsa, onda XXI əsrin texnoloji dünyasında dərvişliyin əsas əlamətləri nələrdir?

Əslində, bu sualların cavabı bizi dərvişliyin zahirindən onun batininə aparır. Çünki dərvişlik ilk növbədə geyim deyil. Dərvişlik insanın dünya ilə münasibətinin dəyişməsidir. İnsan dünyanın içində olduğu halda, dünyaya əsir olmamağı bacarırsa, maddi nemətlərdən istifadə edib, lakin onların quluna çevrilmirsə, şöhrət qazandığı zaman şöhrətin təsiri altına düşmürsə, bəlkə də dərvişliyin ən mühüm mənalarından birinə yaxınlaşır.

Qurani-Kərimdə dünya həyatının mahiyyəti haqqında belə buyurulur: “Bilin ki, dünya həyatı yalnız oyun və əyləncə, bəzək-düzək, aranızda öyünmə, mal-dövləti və övladları çoxaltmaq yarışıdır” (“Hədid” surəsi, ayə 20). Bu ayəni dünyanın tamamilə rədd edilməsi kimi başa düşmək doğru olmaz. Burada daha çox insanın müvəqqəti olan şeylərə həddindən artıq bağlanması, dünya nemətlərini həyatın son məqsədinə çevirməsi ilə bağlı xəbərdarlıq var. Sufinin “tərki-dünya” anlayışı da məhz bu nöqtədə öz həqiqi mənasını qazanır.

Tərki-dünya olmaq səhraya çəkilmək, insanlardan uzaqlaşmaq, cəmiyyətdən əl üzmək və maddi həyatın bütün imkanlarını rədd etmək demək deyil. Tərki-dünyalıq daha çox dünyanın insanın qəlbində tutduğu yeri dəyişdirməkdir. İnsan bazarda ola bilər, amma bazarın əsiri olmaya bilər. Sərvət sahibi ola bilər, amma sərvətin ona sahib çıxmasına imkan verməyə bilər. Məsələ dünyanı tərk etməkdən çox, dünyanın qəlbə hakim olmasının qarşısını almaqdır.

Bu baxımdan müasir texnologiyalar dərvişliyin qarşısında yeni bir sınaq meydana çıxarıb. Qədim insanın qarşısında dünya daha çox sərvət, saray, vəzifə və şöhrət şəklində dayanırdısa, müasir insanın qarşısında dünya artıq ekranlardan gəlir. Sosial şəbəkələr, sonsuz informasiya axını, virtual şöhrət, bəyənilmək ehtiyacı, izləyici sayı və daim yenilənən görüntülər insanın diqqətini özünə çəkir. Əvvəllər insan dünyaya baxmaq üçün pəncərədən çölə boylanırdısa, indi dünya insanın cibindədir.

Bu mənada müasir insanın ən böyük sınaqlarından biri artıq yalnız mal-dövlət deyil, diqqətdir. İnsan öz vaxtını, diqqətini və düşüncəsini hara sərf etdiyini bilməlidir. Çünki diqqət insanın ən qiymətli mənəvi sərvətlərindən biridir. Əgər insan bütün gününü ona nə göstərildiyini bilmədən ekranın qarşısında keçirirsə, texnologiya artıq onun əlindəki alət olmaqdan çıxıb, onun həyatını idarə edən vasitəyə çevrilə bilər.

Müasir dərvişin xirqəsi də məhz burada görünməyə başlayır. Onun xirqəsi təvazökarlıq, təsbehi diqqət, zikri şüurluluq, dərgahı isə qəlbidir. Bu, ənənəvi sufi geyiminin və dərgah mədəniyyətinin əhəmiyyətini inkar etmir. Əksinə, xirqə əsrlər boyu müəyyən mənəvi ənənələrin mühüm simvollarından biri olub. Lakin xirqənin özü məqsəd deyil, mənəvi yolun zahiri ifadəsidir. İnsan xirqə geyinməklə avtomatik olaraq dərvişə çevrilmir, necə ki, kostyum geyinən insan da mənəvi yoldan kənarda qalmağa məhkum deyil.

Sufizmin ən mühüm suallarından biri məhz budur. İnsanın zahiri ilə batini arasında hansı münasibət var? Geyim dəyişə bilər, dövr dəyişə bilər, şəhərlər və texnologiyalar dəyişə bilər, amma insanın nəfsi, təkəbbürü, şöhrət arzusu və mənəvi axtarışı mahiyyət etibarilə dəyişməyə bilər. Buna görə də dərvişliyin əsas məsələsi xirqənin hansı parçadan tikilməsi deyil, həmin xirqənin altında hansı qəlbin döyünməsidir.

Qurani-Kərimdə də insanın zahiri deyil, mənəvi dəyəri ön plana çəkilir. “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” (“Hucurat” surəsi, ayə 13) buyurulur. Buradakı ölçü insanın var-dövləti, geyimi, mənşəyi və sosial mövqeyi deyil, təqvasıdır. Bu mənada dərvişliyin mahiyyəti də insanın özünü başqalarından üstün görməməsi, daxilindəki təkəbbürü cilovlaması və mənəvi məsuliyyət hissini gücləndirməsidir.

Məhz burada “dərviş” sözünün mənası ilə bağlı irfani izahlar maraq doğurur. Dərviş sözünün etimologiyası barədə müxtəlif elmi fikirlər mövcuddur, “dər” və “viş” sözlərinin “qapı” və “astana” mənasında izah edilməsi daha çox simvolik-irfani yozum kimi qəbul edilməlidir. Lakin bu izahın yaratdığı obraz çox təsirlidir, dərviş cismini dərgahın astanasına sərən insandır. Cismini astanaya sərən insan isə özünü qapıdan böyük hesab edə bilməz.

Dərvişliyin başlanğıcı bəlkə də məhz burada, insanın özünü kainatın mərkəzi hesab etməkdən imtina etməsindədir. İnsan “mən” dediyi varlığın ətrafında bütün dünyanı döndərmək istəyir. Sufi isə bu “mən”in sərhədlərini daraltmağa çalışır. Çünki insanın ən böyük düşməni bəzən qarşısındakı insan deyil, öz daxilində böyütdüyü “mən” olur.

Şərq irfanında nəfs üzərində qələbə təsadüfi olaraq əsas mövzulardan birinə çevrilməyib. Mövlana Cəlaləddin Rumi insanın öz daxilindəki parçalanmanı, nəfsin insanı həqiqətdən uzaqlaşdırmasını müxtəlif simvollarla izah edirdi. Onun düşüncəsində insanın əsl səfəri xaricə deyil, öz daxilinə doğrudur. Yunus Əmrənin “Bir mən vardır məndə məndən içəri” misrası da eyni mənəvi istiqaməti ifadə edir. Burada diqqət çəkilən məqam ondan ibarətdir ki, insanın öz daxilində hələ kəşf etmədiyi başqa bir aləm var.

Bu məqamda Şərq mistisizmi ilə Qərb fəlsəfəsi arasında maraqlı müqayisə aparmaq mümkündür. İmmanuel Kantın transsendental fəlsəfəsini sufizmlə və ya panteizmlə eyniləşdirmək düzgün olmaz. Kantın fəlsəfi sistemi tamamilə başqa intellektual kontekstdə formalaşıb. Lakin onun insan idrakının imkanları və sərhədləri haqqında düşüncələri ilə sufi irfanında insanın dünyanı qavraması və daxili aləminin bu qavrayışa təsiri haqqında fikirlər arasında müəyyən müqayisə imkanları var.

Kant göstərirdi ki, insan dünyanı sadəcə heç bir vasitə olmadan, “olduğu kimi” qavramır, insanın idrakının öz formaları və kateqoriyaları var. Sufi mütəfəkkirlər isə başqa dildə və başqa metodla insanın gördüyü dünyanın onun daxili vəziyyəti ilə əlaqəsini vurğulayırdılar. Burada fəlsəfi sistemləri eyniləşdirmək yox, insanın həqiqətə münasibətində “görən göz”ün əhəmiyyətini müqayisə etmək mümkündür.

Şərq mütəfəkkirlərinin yaradıcılığında bu fikir müxtəlif şəkillərdə meydana çıxır. Nizami Gəncəvinin əsərlərində insanın zahiri sərvətindən daha çox mənəvi kamilliyi ön plana çəkilir. Füzulidə məhəbbət yalnız insani duyğu deyil, həm də həqiqətə aparan yol kimi təqdim olunur. Mühyiddin ibn Ərəbinin vəhdət və varlıq haqqında düşüncələrində isə insanın kainatdakı mövqeyi daha mürəkkəb metafizik müstəvidə araşdırılır.

Füzulinin “Məni candan usandırdı, cəfadan yar usanmazmı?” misrası da bu irfani ənənədə yalnız romantik məhəbbət kimi oxunmur. Şərq poeziyasında “yar” çox vaxt insanın çatmaq istədiyi mütləq gözəlliyin və həqiqətin simvoluna çevrilir. Aşiqin əzabı isə yalnız ayrılığın ağrısı deyil, həqiqətə çatmaq istəyən insanın öz nəfsi ilə mübarizəsinin ağrısıdır.

Dərviş dünyadan qaçmır, dünyanın mənasını dəyişir. Onun üçün çörək yalnız çörək, əmək yalnız qazanc, insanlıq yalnız sosial status, təbiət yalnız maddi resurs deyil. O, zahirin arxasında mənanı axtarır. Lakin mənanı görmək üçün əvvəlcə öz daxilindəki pərdəni aradan qaldırmalıdır.

Bu gün həmin pərdələr daha da çoxalıb. İnsan yalnız maddi ehtiraslarla deyil, virtual təsdiq ehtiyacı ilə də üz-üzədir. Bir fotoşəkilin neçə nəfər tərəfindən bəyənilməsi, bir fikrin neçə nəfər tərəfindən paylaşılması, bir insanın nə qədər tanınması bəzən onun özünə verdiyi dəyərin ölçüsünə çevrilir. Belə bir dünyada dərvişliyin mənası daha da aydın görünür. Bu baxımdan, insan öz dəyərini başqalarının reaksiyasından asılı etməməlidir.

Telefonu söndürmək asandır. Əsas məsələ telefon açıq olduğu halda qəlbin onun əsiri olmamasıdır. İnternetdən uzaqlaşmaq asandır. Əsas məsələ internetin içində itib-batmamaqdır. Sərvətdən imtina etmək asandır, amma sərvətə sahib olduğun halda onun sənin sahibinə çevrilməsinə imkan verməmək daha çətindir. Şöhrətdən qaçmaq asandır, lakin tanındığın halda özünü başqalarından üstün hesab etməmək əsl sınaqdır.

Bu baxımdan, müasir dərvişi mütləq xirqədə axtarmaq lazım deyil. Onu kostyumda və qalstukda da görmək mümkündür. Onu universitet auditoriyasında, xəstəxanada, emalatxanada, kitabxanada, ofisdə və hətta kompüter qarşısında tapmaq mümkündür. Dərvişi onun geyimindən çox davranışından tanımaq olar. O, əlində olanla öyünmür, bilmədiyini bilirmiş kimi danışmır, başqasının uğuruna paxıllıq etmir, güc əldə etdikdə zəifi əzməyə çalışmır və özünü hamıdan üstün görmür.

Bəlkə də müasir dərvişin ən mühüm xüsusiyyəti özünü göstərmək ehtiyacından uzaq olmasıdır. Müasir dünya insana hər an özünü nümayiş etdirmək imkanı verir. İnsan harada olduğunu, nə yediyini, nə aldığını, kimlə görüşdüyünü, nə düşündüyünü, nə hiss etdiyini saniyələr içində milyonlarla insana göstərə bilir. Dərviş isə bütün bunların içində görünməkdən daha çox olmaq istəyir. Onun üçün insanın başqalarının gözündə necə görünməsi yox, Allahın qarşısında necə olması daha mühümdür.

Qurani-Kərimdə “Məni xatırlayın ki, Mən də sizi xatırlayım” (“Bəqərə” surəsi, ayə 152) buyurulur. Zikr məhz burada yalnız dilin təkrarladığı söz olmaqdan çıxaraq həyat tərzinə çevrilir. Dərvişin zikri yalnız təsbehin dənələrində deyil, davranışında, səbrində, susmağında, bağışlamağında və nəfsini cilovlamasında görünür.

Bu səbəbdən müasir dünyada dərvişliyin olub-olmaması sualına cavab verərkən əvvəlcə “dərviş necə geyinir?” sualını deyil, “dərviş necə yaşayır?” sualını vermək lazımdır. Çünki əsrlər dəyişsə də, insanın mənəvi ehtiyacı dəyişmir. İnsan yenə özünü axtarır, yenə mənanı axtarır, yenə ölümün qarşısında həyatın sirrini soruşur və yenə sahib olduğu hər şeyin müvəqqətiliyi ilə üz-üzə qalır.

Bəlkə də müasir dərgah əvvəlki kimi daş divarların arasında deyil. Dərgah insanın öz qəlbindədir. İnsan hər səhər evdən çıxanda dünyanın minlərlə səsi onun ardınca gəlir. Bu səslər xəbərlər, reklamlar, mübahisələr, qorxular, arzular, ambisiyalar, görüntülər və sonsuz informasiyalardan ibarət olur. Dərviş isə bütün bu səslərin içində qəlbinin səsini eşitməyə çalışan insandır.

Nəsiminin “Arifanə bir nəzər qıl, kisvətindən bəllidir” misrasını bu gün yenidən oxusaq, bəlkə də “kisvə” anlayışının mənasını genişləndirməliyik. Müasir insanın kisvəsi yalnız geyimi deyil. Onun kisvəsi davranışıdır, sözüdür, səbridir, susmağıdır, başqasına münasibətidir və heç kimin görmədiyi yerdə necə insan olmasıdır.

Dərvişliyin sirri bəlkə də elə bundadır. İnsan özünü dünyanın mərkəzindən çəkib qəlbinin astanasına gətirir. O, öz “mən”ini böyütmək əvəzinə, kiçiltməyə, başqalarından üstün görünmək əvəzinə, öz daxilindəki qüsurları görməyə başlayır. Və bu yol insanın özündən özünə etdiyi ən uzun səfərə çevrilir.

İnsan dünyanı fəth edə bilər, milyonlarla məlumatı yadda saxlaya bilər, ən müasir texnologiyalara sahib ola bilər, böyük sərvət toplaya bilər. Amma öz nəfsinin əsiridirsə, bütün bu zənginliyin içində yenə də yoxsuldur. Əksinə, əlində çox az şey olan, lakin qəlbi dünyaya əsir olmayan insanın daxilində böyük bir zənginlik ola bilər.

Ona görə də müasir dərvişi Android telefonunun arxasında axtarmaqdan qorxmaq lazım deyil. Əsas sual onun telefon işlədib-işlətməməsi deyil. Əsas sual budur, telefon onun əlindədir, yoxsa o, telefonun əlindədir?

Bəlkə də dərvişliyin XXI əsrdəki ən böyük sınağı məhz budur. Dünya insanın əlinə heç vaxt olmadığı qədər çox şey verib. İndi insanın qarşısında daha çətin bir seçim dayanır. Bu seçim də sahib olduğu hər şeyin arasında özünü itirməməkdir.

Çünki dünya insanın əlində ola bilər, amma insan dünyanın əlində olmamalıdır. Dərvişliyin ən qədim sirri də, bəlkə də müasir dünyanın ən böyük ehtiyacı da elə budur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Oktyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri