Rəqəmsal xarici ticarət genişlənir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya İqtisadi Forumu (WEF) İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi – 4SİM ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanın “TradeTech” potensialının reallaşdırılması” adlı yeni hesabat dərc edib.
Hesabatda Azərbaycanın formalaşdırdığı rəqəmsal dövlət xidmətləri, logistika infrastrukturu və Orta Dəhlizdəki strateji mövqeyi ölkənin rəqəmsal ticarət sahəsində regional liderlik potensialını gücləndirən əsas üstünlüklər kimi qiymətləndirilir. Dünya İqtisadi Forumunun əsas qənaətinə görə, Azərbaycan artıq zəruri rəqəmsal və logistika təməllərini yaradıb; növbəti mərhələdə bu imkanları real ticarət əməliyyatlarına bağlayan hüquqi, texniki və institusional mühit gücləndirilməlidir.
Araşdırma 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək aparılıb. Qiymətləndirmə dövlət qurumları, tənzimləyicilər, maliyyə institutları, biznes və innovasiya ekosistemini təmsil edən 18 təşkilat üzrə 28 maraqlı tərəflə məsləhətləşmələrə, siyasət sənədlərinin təhlilinə, beynəlxalq müqayisələrə və Bakıda keçirilmiş təsdiqləmə seminarına əsaslanır.
Hesabat Azərbaycanın “TradeTech” ekosisteminin inkişafı üçün üç əsas strateji istiqamət müəyyənləşdirir. Birinci istiqamət elektron konosamentlərin, rəqəmsal zəmanətlərin və digər elektron ticarət sənədlərinin hüquqi tanınmasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İkinci istiqamət gömrük, liman, bank, logistika, dövlət və özəl sektor platformaları arasında təhlükəsiz və razılığa əsaslanan məlumat mübadiləsinin təmin edilməsidir. Üçüncü istiqamət isə dövlət, biznes, investorlar, startaplar, universitetlər və KOB dəstəyi institutları arasında koordinasiyanın, innovativ həllərin hazırlanmasının və biznes tərəfindən tətbiqinin genişləndirilməsini nəzərdə tutur.
Dünya İqtisadi Forumu bu istiqamətlər üzrə iki mərhələyə bölünmüş 10 konkret tövsiyə irəli sürür. İlk 12 ay ərzində milli “TradeTech” icmasının yaradılması, tənzimləyici sınaq mühitinin – “sandbox”ın işə salınması, praktiki ticarət problemlərinə yönələn innovasiya müsabiqələrinin keçirilməsi, Azərbaycanın “TradeTech” ambisiyasının beynəlxalq platformalarda tanıdılması və dövlət, tənzimləyicilər və biznes arasında sürətli siyasət əks-əlaqəsi mexanizminin yaradılması təklif olunur.
12–36 aylıq struktur islahatları isə elektron ötürüləbilən sənədlər üzrə beynəlxalq təcrübəyə uyğun hüquqi çərçivənin qəbulunu, mövcud ticarət platformalarının milli qarşılıqlı işlək platformaya çevrilməsini, rəqəmsal hesab-faktura və hesabat alətləri vasitəsilə iqtisadi fəaliyyətin rəsmiləşdirilməsini, texnologiya və “TradeTech” investisiyaları üçün vençur kapitalı çərçivəsinin müasirləşdirilməsini və KOB-lar üçün milli rəqəmsal ticarət kampaniyasının başlanmasını əhatə edir.
Dünya İqtisadi Forumunun qiymətləndirməsi Azərbaycanın Orta Dəhlizdəki mövqeyinə yeni – rəqəmsal iqtisadiyyat prizmasından yanaşmağa imkan verir. Azərbaycanın regional üstünlüyü artıq yalnız əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Ticarət sənədlərinin, gömrük prosedurlarının, ödənişlərin, maliyyələşdirmə alətlərinin və logistika məlumatlarının vahid rəqəmsal mühitdə əlaqələndirilməsi ölkəmizi ənənəvi tranzit məkanından rəqəmsal ticarət və məlumat qovşağına çevirə bilər. Hesabatın əsas mesajı ondan ibarətdir ki, növbəti inkişaf mərhələsində üstünlük yeni platformaların sayından daha çox mövcud sistemlərin bir-biri və özəl sektorla nə dərəcədə səmərəli işləməsindən asılı olacaq.
Hesabat göstərir ki, Azərbaycanın qarşısında duran strateji vəzifə mövcud rəqəmsal və fiziki infrastrukturu biznesin gündəlik fəaliyyətində istifadə edilən etibarlı, qarşılıqlı işlək və beynəlxalq səviyyədə tanınan ticarət ekosisteminə çevirməkdir. Bu transformasiya Orta Dəhlizin yalnız yükdaşıma marşrutu deyil, eyni zamanda, məlumatın, maliyyənin və rəqəmsal ticarət sənədlərinin sürətli hərəkət etdiyi müasir iqtisadi dəhliz kimi inkişafını sürətləndirə bilər.
Qeyd edək ki, Azərbaycanda rəqəmsal ticarətin inkişafı istiqamətində atılan addımlar daha geniş rəqəmsal transformasiya siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” sahibkarlıqda rəqəmsal infrastrukturun genişləndirilməsini, innovasiya ekosisteminin gücləndirilməsini və beynəlxalq rəqəmsal inteqrasiyanı əsas prioritetlər sırasında müəyyənləşdirir. 2026-cı il 27 fevral tarixli Sərəncamla təsdiqlənmiş rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı da bu istiqamətdə həyata keçirilən tədbirlərin institusional əsaslarını möhkəmləndirir.
Beynəlxalq ticarətin rəqəmsallaşdırılması baxımından Rəqəmsal Logistika Platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Platforma idxal, ixrac və tranzit əməliyyatları üzrə prosedurların sadələşdirilməsini, sənədlərin elektronlaşdırılmasını və xarici ticarət iştirakçıları ilə dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsini nəzərdə tutur. Gömrük xidmətlərinin elektronlaşdırılması ilə yanaşı, bu cür həllərin tətbiqi Azərbaycanın rəqəmsal ticarət ekosisteminin formalaşmasına xidmət edir.
Bununla belə, rəqəmsal sistemlərin mövcudluğu özlüyündə beynəlxalq ticarətdə rəqabət üstünlüyünün təmin edilməsi demək deyil. Əsas nəticə həmin sistemlərin biznes üçün real vaxt və xərc qənaəti yaratmasından, məlumatların müxtəlif qurumlar arasında maneəsiz mübadiləsindən və elektron sənədlərin xarici tərəfdaşlar tərəfindən tanınmasından asılı olacaq. Bu baxımdan, Dünya İqtisadi Forumunun tövsiyələri Azərbaycanın qarşısında duran növbəti mərhələni – rəqəmsal infrastrukturu vahid, etibarlı və beynəlxalq tələblərə uyğun ticarət mexanizminə çevirmək vəzifəsini ön plana çıxarır.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Oktyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















