Icma.az
close
up
RU
“Rəqəmsal məktəb”in auditoriyası genişlənir

“Rəqəmsal məktəb”in auditoriyası genişlənir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən günlərdə Bakının orta təhsil müəssisələrində ilk dəfə “Rəqəmsal məktəb” platforması istifadəyə verilib. Sınaq müddətində olan layihə 324 məktəbdə 500 mindən çox şagirdi və 30 mindən çox təhsil işçisini əhatə edir. Test mərhələsi uğurla həyata keçirilsə, yeni platforma ölkənin bütün təhsil ocaqlarını əhatə edəcək.

“Rəqəmsal məktəb”in istifadəyə veriləcəyi haqqında ilk məlumatı Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da jurnalistlər üçün keçirdiyi brifinqdə demişdi. Bu platforma Avropa, Amerika və Uzaq Şərqin inkişaf etmiş təhsil ölkələrində çoxdan tətbiq olunur və ildən-ilə yenilənir.

Bu, Azərbaycan təhsili adına yeni bir mərhələnin başlanğıcıdır. Təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edən bir platformadır. Təhsil platforması müasir təlim texnologiyaların tədris prosesinə tətbiqi, interaktivlik və əlçatanlıq üçün prosesləri təkmilləşdirmək, həmçinin şəffaflığı artırmaq məqsədini daşıyır. Platformada şagird, valideyn, müəllim və məktəb rəhbəri üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Burada hər qrupun əldə edə biləcəyi faydalı resurslar var.

“Şagird” fərdi kabinet platforması onlara təhsil prosesində daha səmərəli iştirak etmək imkanı yaradır. Bu kabinetdə hər bir şagird hər gün üçün fənlər üzrə müəyyən olunmuş dərsləri və mövzularını, müvafiq tədris materiallarını, dərs cədvəlini, fənlərə aid dərslikləri, videodərsləri görə biləcəklər. Həmçinin hər bir mövzunun dərinləşdirilmiş izahı, ev tapşırıqları, biliklərinin yoxlanılması və daha yaxşı mənimsəməsi üçün interaktiv testlər və digər qiymətləndirmə vasitələri şagirdlərə təqdim ediləcək. “Rəqəmsal məktəb” platformasında ibtidai siniflər üzrə riyaziyyat, Azərbaycan dili və ingilis dili fənlərini əhatə edən 932 mövzu yer alır. 5-ci, 6-cı və 7-ci sinif şagirdlərinin təhsil ehtiyaclarını qarşılamaq üçün isə Azərbaycan dili və tarixi, təbiət, coğrafiya, fizika və kimya fənləri olmaqla, ümumilikdə, 367 mövzu platformaya yerləşdirilib. Digər sinif və fənlər üzrə mövzuların əlavə edilməsi növbəti mərhələlər üçün nəzərdə tutulub.

“Valideyn” kabineti vasitəsilə valideynlər övladlarının təhsil prosesini yaxından izləyə bilir və onlarla bağlı məlumatlara asan çıxış imkanı əldə edirlər. Onlar sinif rəhbərləri, fənn müəllimləri və məktəb rəhbərliyi ilə birbaşa əlaqə saxlaya bilərlər. Övladlarının tədris prosesi ilə bağlı fənn müəllimləri və sinif rəhbərləri tərəfindən verdilən rəy və təklifləri görürlər. Şagirdlərin məktəbdəki davranışlarına dair ayrıca bölmədə valideynlər övladlarının nizam-intizam qaydalarına riayət etməsi, mümkün qayda pozuntuları barədə bildirişləri izləyə bilərlər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Fidan Nəcəfova bildirib ki, valideynlər “Sima” tətbiqi üzərindən şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi vasitəsilə platformadan qeydiyyatdan keçib övladını da əlavə edə bilərlər: “Valideynlər övladlarının nailiyyətləri, gündəlik qiymətləri və ümumi nəticələr barədə məlumatlara real vaxt rejimində çıxış əldə edə bilərlər. Bu, şagirdin təhsil irəliləyişini effektiv şəkildə izləməyə və lazımi tədbirlər görməyə şərait yaradır”.

“Rəqəmsal məktəb” platformasında “müəllim” kabineti təhsilverənlərin gündəlik iş yükünü tənzimləməklə yanaşı, tədris prosesini nizamlı şəkildə həyata keçirməyə dəstək olur. Eyni zamanda müəllimlər üçün vacib məlumatlara çıxışı asanlaşdırılır, tədris prosesinin idarə olunması keyfiyyəti artır. Elektron jurnal platformasına birbaşa çıxış vasitəsilə qiymətlər və qeydlər onlayn rejimdə görünür. Bu platformanın funksionallığını optimallaşdırmaq məqsədilə yaxın günlərdə e-jurnal mobil tətbiqi müəllimlərin istifadəsinə veriləcək. Mobil tətbiqin istifadəyə verilməsi müəllimlərin iş yükünü azaltmaqla yanaşı, onların tədris fəaliyyətlərini çevik həyata keçirməsinə kömək edəcək. Başqa sözlə, bu yenilik müəllimləri kağız materiallarından xilas edir. Platformada müəllimlər gündəlik, həftəlik və aylıq dərs cədvəllərini görə bilirlər. Bu funksionallıq vasitəsilə onlar dərs saatlarını, sinif otaqlarını və fənlər üzrə bölgünü rahat şəkildə izləmək imkanı əldə edirlər.

“Direktor” kabineti məktəb rəhbələrinə platformanın məlumatları əsasında rəqəmsal tədrisin effektivliyini qiymətləndirmək və davamlı olaraq təkmilləşdirmək üçün təhlillər aparmaq imkanı yaradır. Bu funksiyalar direktolara məktəbin idarə edilməsini daha şəffaf, sistemli və effektiv həyata keçirmək imkanı yaradır. Təhlillər və hesabatlar vasitəsilə məktəbin ümumi inkişaf strategiyalarının hazırlanması və tətbiqi mümkün olur. “Direktor” kabineti vasitəsilə məktəb rəhbərləri öz müəssisələrinin pedaqoji heyəti və təhsilalanlar haqqında məlumatları izləyə bilərlər. Bu məlumatlar tədris planı üzrə dərs saatlarının bölgüsü, fənlər və siniflər üzrə dərs cədvəlləri, dərnək və fakültətiv məşğələlərin siniflər üzrə idarəetmənin effektivliyini artırmaq məqsədilə sistemləşdirilmiş şəkildə təqdim olunur. Platformada hər bir şagird üçün xüsusi “şəxsi iş” bölməsi də mövcuddur. Bu bölmədə şagirdlərin şəxsi məlumatları ilə yanaşı, qiymətləndirmə nəticələri və ümumi təlim nailiyyətləri əks olunur. Direktorlar bu məlumatları izləməklə, şagirdlərin inkişafını sistematik şəkildə təhlil edə bilərlər. “Direktor kabineti”ndə siniflər üzrə keçirilmiş kiçik və böyük summativ qiymətləndirmə, eləcə də digər imtahan nəticələri əks olunur. Bu məlumatlar əsasında direktorlar müəssisə səviyyəsində hesabatlar hazırlaya bilərlər.

“Rəqəmsal məktəb” platformasında inkişaf mərhələsi çərçivəsində bir sıra funksionallıqların artırılması nəzərdə tutulub. Belə ki, hər bir tədris müəssisəsi üzrə valideynlərin iştirakını artırmaq məqsədilə xüsusi “valideynlərin rəyləri” funksiyası tətbiq ediləcək. Platformada tədris müəssisəsi üzrə valideynlər üçün yaradılmış xüsusi bölmədə onlar sorğularda iştirak edəcəklər. Sorğunun keçirilməsində məqsəd təhsil prosesində müəllimlərin fəaliyyətinə dair valideynlərin rəy və təkliflərini toplamaqdır.

Elm və Təhsil Nazirliyinin rəsmi elan və xəbərləri birbaşa “müəllim” kabinetində yerləşdirilib. Bu, müəllimlərə təhsillə bağlı yeniliklər, mövcud qaydalar və müvafiq tədbirlər barədə operativ məlumat əldə etmək imkanı yaradır. Pedaqoqlar tədris prosesində baş verən dəyişikliklərdən, yeni metodik göstərişlərdən və peşəkar inkişafla bağlı təklif olunan proqramlardan vaxtında xəbərdar ola bilirlər.

Digər bir məsələ isə, texniki, internet, İT imkanlarının yaxşı olması şərtidir. Bu məsələlərlə bağlı problemlər yaşansa, platforma öz faydasını tam göstərə bilməz. Ola bilsin ki, rayonlarda, xüsusilə də ucqar kənd məktəblərində texniki imkanlar artırılmalıdır. Ümumilikdə, platforma müsbət çalarları ilə bizi qarşılayır.

Rizvan FİKRƏTOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri