Icma.az
close
up
RU
RUHLARLA OTURUB DURMUŞ RUH ADAMI Rafael Hüseynov yazır

RUHLARLA OTURUB DURMUŞ RUH ADAMI Rafael Hüseynov yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rafael HÜSEYNOV
Akademik

Yerə-yurda şöhrəti insanlar gətirir. Amma hər ölkənin, şəhərin, kəndin də insana verdiyi nələrsə var. Həm də bu “nələrsə”lər geyim-kecim kimi rahatca dəyişilən cild olmur - sənin varlığına nüfuz edir, səni başqa yerin adamlarından seçdirir.

Bunun üzdə olan, danışıqda, çöhrədə, hansısa vərdişlərdə görünən, duyulan tərəfləri də olar, daha dərində gizlənən, daim səninlə gəzən, məhz bu cür olmağının zəmininə, cövhərinə çevrilən əlamətləri də. İndi sualların qəlizi budur ki, həmin keyfiyyəti lap başlanğıcda o yerlər adamlara verib, ya ocürlük insanlardan məskənlərə keçib?

Hamımız azərbaycanlıyıq. Amma doğma qardaş ola-ola Gəncə Təbrizə, Şamaxı Marağaya, Şəki Salmasa, Qazax Qəzvinə, Bərdə Ərdəbilə bənzəmədiyi kimi, bakılı ilə makulu da, naxçıvanlı ilə miyanalı da, urmiyalı ilə lənkəranlı da, qubalı ilə mərəndli də, göyçaylıyla sərablı da seçilir. Lap otaylı culfalıyla buyanlı culfalı, oüzlü astaralıyla bu tərəfli astaralı arasında xeyli təfavüt var. Hər torpaq bir meyvəsiylə, bir çiçəyiylə, bir bəhəriylə, suyunun, havasının hansısa özəlliyi ilə fərqləndiyi kimi, hər yerin yetirdiyi adamlarda başqa-başqa olur. Yəni ki, tam ayrı təhər olmur, lakin hər halda kiçik vətəninin, ata-baba yurdunun onun varlığında izi çox cəhətləriylə qalır. Bir şəhərimiz çalıb-oxuyanı ilə məşhurdur, bir şəhərimiz yazıb-yaradanı ilə, biri igidləriylə ad çıxarıb, bir ayrısı mollaları ilə.

Hər şəhərimizin tarix qoynunda öz yolu, öz taleyi.

Azərbaycanın qədim şəhərləri arasından Xoy da boylanır.

Orta əsrlərin məşhur coğrafiyaşünası, tarixçisi, ədibi Yaqut Həməvi “Mucəməl-buldan” - şəhərlər haqqındakı məlumatları topladığı kitabında Xoydan da söz açır, bu şəhərin meyvələri və camaatının geyindiyi özünəməxsus libaslarla məşhur olduğunu söyləyir. Belə olmağına belədir, fəqət Xoy şəhərini seçdirərək onu digər şəhərlər arasında daha ucalara qaldıran bağ-bağatından, dadlı meyvələrindən, əlvan geyimlərindən daha artıq və daha əvvəl məşhur şəxsiyyətləri olub. Onların bəzilərini bugünün insanları tanıyır, bəzilərinin təkcə adını eşidiblər, hansılarındansa indikilərin heç yerli-dibli xəbərləri yoxdur. Amma borcdur ki, o şəxsiyyətlərimizin hər birini gərəyincə tanıyaq. Yalnız ona görə yox ki, onlar azərbaycanlımızdırlar, bəziləri lap həmkəndlimiz, həmşəhərlimizdirlər, daha mühüm olan budur ki, onlar varlıqları ilə də, yaratdıqlarıyla da irsimiz, kökümüz, əslimizdirlər. Həm də onların bir qismi yalnız bizimki də deyillər, onların dalğası sərhədlərimizdən uzaqlara yayılıb, onlar yalnız bizə yox, bəşəriyyətə töhfələr veriblər və əbədi iftixarımızdırlar. O nurluları biz daha yaxşı tanıdıqca, buna da şahid olacağıq ki, Azərbaycan ən əski zamanlardan bəri, təxminən son min ildən artıq bir zaman içərisində Yaxın-Orta Şərqdə inkişafa nə qədər güclü təsir göstərib, parlaq övladlarıyla daim öndə gedib.

Əbu Miyad ət-Təbib Xoylu, Məhəmməd ibn Müslim Xoylu - bunlar ikisi də həmin o şərəfli, bərəkətli Xoy torpağından çıxmış, o çağın böyük alimləri idilər. Sadəcə təzkirələrdə, tarixi qaynaqlarda keçən adlarına, əsərlərinin sərlövhələrinə bələdik. Əsərləri isə ortadadır. O əsərləri qaldırmaq, vərəqləmək, bugünün insanlarına çatdırmaq lazımdır. Çünki zəmanəsində onlar çox böyük alimlər kimi şöhrətlənmişdilər. O alimlərin şöhrətini qaldırmaqla biz həm də Xoyun bir elm mərkəzi kimi zəmanəsindəki uca boyunu göstərmiş olacağıq. Xoy qalxdıqca Azərbaycan qalxacaq. Yaxud həmin torpaqdan çıxaraq Yusif Xoyludan daha sonra şöhrətlənmiş başqa bir alim və şair - Hüsaməddin Xoylu. Zülfiqar Şirvani “Divan”ında Hüsaməddin Xoyluya ayrıca bir qəsidə həsr eləyir. Digər bir qəsidəsində isə onu “Feyləsuf-e dəryadel” adlandırır - dəniz təbiətli, dəniz ürəkli, dərya genişlikli düşünər.

Hüsaməddin Xoylu da özündən əvvəlki digər məşhur xoylular kimi, həm alim idi, həm də şair. Onun alimliyi ilə şairliyinin birləşdiyi son dərəcə qiymətli bir əsər də zəmanəmizə gəlib çatıb. Bu, farsca-türkcə yazılmış ikidilli bir lüğətdir. Farsca bir sözü verir, onun türkcə mənasını verir. Türkcə bir sözü verir, onun farsca açımını yazır. Hamısı da şeirlə. Şeirlə məqsədli yazmışdı. Belə etmişdi ki, onun yazdıqları düşüncələrə, yaddaşlara tez hopsun. Mənbələrə doğru inadlı axtarışlara çıxsaq, X-XV əsrlər arası Xoy torpağında yetişmiş və o çağda elm aləmində, ədəbiyyat sahəsində, sənətdə məşhurlaşmış belə qüdrətli xoylulara rast gələrik. Odur ki, Xoy şəhərinin də, Orta çağ Azərbaycanının da elmi-ədəbi mənzərəsini daha mükəmməl göstərəcək belə axtarışlar, belə şəxsiyyətlərin üzə çıxarılması, bugünə gətirilməsi, sabaha ötürülməsi vacibdən-vacibdir.

XII əsrdə yaşamış, əslində məşhur olmalı bir unudulmuş xoylumuza da bu gün bütün Azərbaycanda uzaqbaşı beş-altı mütəxəssis bələddir, gedib Xoyda soruşasan, heç onlar da bilməyəcək. Belə adlarsa gərək dərsliklərimizə, tarix kitablarımıza düşə, xalqımızın yaddaşına həkk oluna. Hər millət öz babalarını tanıdıqca qüvvətli olur.

XII yüzildə yaşamış Əbu Yaqub Yusif ibn Məhəmməd ibn Tahir Xoylu adlı misilsiz bir şairimiz və alimimiz olub.

Yusif Xoylu elmlə çağlayan belə bir mühitin içərisindən çıxmışdı. Ancaq mənbələrin yazmasınca, o, bir müddət sonra Xoydan ayrılır, Xorasana doğru səfərə çıxır və başlayır Tus şəhərində yaşamağa. Belə məlum olur ki, onun həyatının böyük hissəsi elə Tus şəhərində keçir və orada da başa çatır. Ola bilsin ki, ata-baba şəhərinə yenə qayıdacaqmış. Ancaq Yusif Xoylunun həyatdan getməsi onun öz iradəsi ilə baş vermir, bir müharibənin nəticəsində həlak olur.

Yaqut əl-Həməvi “Mucəm əl-buldan”da Yusif Xoylunun həyatdan faciəli gedişinin təfərrüatlarını çatdırır. Hekayət edir ki, Yusif Xoylu 549-cu ildə ərəb döyüşündə həlak oldu. Hicri tarixinin 549-cu ilini miladi tarixə çevirəndə 1154-cü il edir. Yaqut Həməvinin yazdığı kimi, ərəb döyüşündə həlak olmuşdu, yaxud ora, Tus şəhərinə oğuzların etdiyi həmlələr əsnasında həyatını itirmişdi, bunu tarix dəqiqləşdirmir. Hər halda o çaxnaşmalar əsnasında təsadüfən həyatını itirmişdi. Yusif Xoylu cavan bir insandı, hələ qırxını yenicə keçmişdi, heç əllisinə çatmamışdı. Biliklə, həvəslə, güclə dolu idi. Hələ sıra-sıra əsərlər yaza bilərdi. Heyiflər ki, qəfil bir ölüm onu həyatdan aparır. Ancaq yazmağa macal tapdıqları ölümdən güclü çıxır. Bu əsərlər bu gün də yaşayır və gələcək içərisində də Yusif Xoylunu diri saxlayacaq.

O əsr mənəvi var-dövlətimizin gəlhagəlli çağıdır. Gəncədə Nizamimiz, Məhsətimiz, Əbu Bəkr Xosrov əl-Ustadımız, ətrafında isə bu gün adı bəlli olan onlarca və unudulmuş yüzlərlə şairimiz, alimimiz qələm çalır. Şamaxıda həmin yüzildəcə Xaqanimiz, Fələkimiz, Qiyasəddinimiz, İzzədinimiz meydandadır. Yalnız bu əsr içərisindəki qüdrətli qələm sahiblərini götürsək, neçə xalqın bütöv ədəbiyyat tarixini dolduracaq qədər bir zənginliklə qarşılaşarıq.

Azərbaycan mədəniyyətinin “qızıl əsri”, məmləkətimizin bütün Yaxın-Orta Şərqə, oçağkı mədəni dünyaya zövq diktə etdiyi əyyamlardır. O zamanlardır ki, Azərbaycan üslubu, Azərbaycan düşüncə tərzi, Azərbaycan ədəbi ifadə səliqəsi bir ülgü olaraq izlənilir. Bu elə qaçılmaz təsirdir ki, həmin dövrdə yazıb-yaratmışların o əfsundan kənarda qala bilməsi sadəcə ağlasığan deyil. Onların hamısını tanımalıyıq ki, mənzərənin bütövünü də görə bilək.

VII əsrdən - ərəb istilaları başlayandan sonra İslamiyyət asta-asta Yaxın-Orta Şərqin ən müxtəlif ölkələrinə, o cümlədən, Azərbaycana gəlib çatır. Yeni dinin,təzədüşüncə və baxış tərzinin gəlişi ilə çox şeylər dəyişir.

Bəzən indinin hündürlüyündən və bugünkü ağılla, çağdaş millitəəssübkeşlik hissləriylə o çağlara nəzər salaraq belə qənaətlərə gələnlər də tapılır ki, səkkiz əsr öncəki şairlərimiz, alimlərimiz düz hərəkət etməyiblər, bu xalqın əsl övladı sayılmaqçün gərək dilimizdə yazaydılar, qınayırlar niyə ərəbcə-farsca yaradıblar.

Əvvələn, o böyüklərimizin farsca, ərəbcə doğurduqları da milli irsimizin ayrılmaz parçasıdır.

VIII-IX əsrlərdən etibarən asta-asta müsəlman coğrafiyası mədəniyyəti çiçəklənməyə başlayır. Lap çoxdan elmdə yetərincə dəqiq olmayan “müsəlman mədəniyyəti”, “müsəlman intibahı” ifadələri özünə yer edib. Lakin həminintəhasız ərazidəki mədəniyyəti yaradan ərəblər, gənc İslam dini deyil, ən əvvəl türklər idi və ortaq mədəniyyətin şəkillənməsində Sasanilər dövrü ədəbi-mədəni tərəqqisinin nailiyyətlərindən də bəhrələnmələr olmuşdu. Odur ki, ümumiləşdirici ad olaraq bu mədəniyyərti dini mənsubiyyətlə deyil, dinin yayıldığı əraziylə - “müsəlman coğrafiyası” deyərək nişan vermək daha doğrudur.

Əski mədəniyyətdən, əski ədəbiyyatdan, əski elmdən yaşamalılar götürülərək, onun üzərində artıq nəhəng bir coğrafiyanı birləşdirən ortaq mədəniyyət, ortaq elm, ortaq ədəbiyyat yaradılmağa başlanmışdı. Və bu da oçağın kürəsəlləşməsi əlaməti idi ki, ərəbcə elm, farsca ədəbiyyat dili olaraq əngin məkanı birləşdirirdi. Bu coğrafiyada VIII-XII əsrlərdə ərəbcə yazıb-yaratmış alimlərin əksəriyyəti, X-XV yüzillərdəki farsdilli ədəbiyyatın ən öndə gedən simaları türklər olmuşdular. Bu, müxtəlif xalqların başqa bir dil qılafında, əslində ortaqlaşmış, beynəlmiləlləşmişiki dildə yaratdığı müştərək mədəniyyət, ortaq irs idi.

Və Yusif ibn Tahir Xoylu da o böyük mədəniyyətin təmsilçilərindən, ərəbdilli elm və ədəbiyyatınməşhurları cərgəsinə ucalmağı bacarmış qələm və zəka sahiblərindən idi.

Təəssüflər ki, Yusif ibn Tahir Xoylunun bizə nə dəqiq ölüm, nə də dəqiq doğum tarixi bəllidir. Amma yaratdığı ən məşhur əsərin təvəllüd tarixi ilinə, hətta ayına qədər dəqiqliklə məlumdur. Hicri tarixlə 541-ci ildə məhərrəm ayında, miladi tarixlə 1146-cı il iyun-iyul aylarında həmin əsəri tamamlayıb.

O əsər məşhur ərəb şairi Əbül-Əla Məərinin “Divan”ına yazılmış şərhdir. Bu əsərində Yusif ibn Tahir Xoylu eyni anda həm alim, həm şair kimi ucalır.

Və Tahir Xoylunun, ümumiyyətlə, elə bu biçimli ölməzlərin çox vaxt özlərinin doğum-ölüm tarixlərinin deyil, əsərlərinin dəqiq doğuluş tarixinin bəlli olması da son dərəcə rəmzidir: Yusif Xoylununözünü də, yaxın-uzaq bütün qohum-əqrəbasını da fanilik yelləri sovurub gedib. Ancaq qələmindən çıxmış, ürəyindən, düşüncələrindən doğmuş əsəri bu gün də diridir və həmin kitab hər dəfə vərəqlənincə, elə dünənki kimi, bu gün də böyük alim və şair Yusif Xoyluyla qohumluğunu ortaya qoyur.

Yaxşı ki, bu nadir soydaşımız haqda bilgilər ala bilməkçün az da olsa üz tutulası qaynaqlar var. Onlardan biri Yaqut Həməvinin “Mucəm əl-buldan”,digəri Əbu Səid Məhəmməd əs-Səmaninin “Kitab əl-ənsab” əsəridir.

Əbu Səid Məhəmməd əs-Səmani şairimizlə yalnız çağdaş deyil, həm də yaxın dost imiş. Yusif Xoylu ilə çox məhrəm dost, sirdaş münasibətlərdə olduğunu əs-Səmani özü yazır, Xoyludan söz açarkən onu “dostum” deyə təqdim edir.

Ancaq onların arasındakı uzunmüddətli mehriban ünsiyyətlərin tarixdə qalan başqa bir sübutu da var.

Və həmin dəlili də yenə Yaqut Həməvi gətirir: “Mucəm əl-buldan” əsərində Yusif Xoylunun Səmaniyə həsr etdiyi bir şeiri verir. O şeirin səmimi misralarından bu dostluğun dərin, həm də uzun bir tarixi olduğu sezilməkdədir.

Yusif Xoylunun “Şərh ət-tənvir”i elə yazıldığı XII əsrdəcə məşhurlaşdı, bu şöhrətin üstünə sonrakı əsrlərdə şöhrətlər gəlməkdə davam etdi.

Sərlövhəsi “Şərh ət-tənvir”, bəzən də elə sadəcə “Tənvir” yazılan bu əsər zəmanənin bir çox alimləri və ədiblərinin ayrılmadığımasaüstü kitablarından birinə çevrilmişdi. Səbəbsiz də deyildi. Bu kitabı yazana, Məərri misralarına şərhlər verənə qədər Yusif Xoylu çoxlu elm sahələrinə yiyələnmişdi. Bunu da yenə təsəvvürlə deyil, “Şərh ət-tənvir”dəki sübutedici cizgilərəəsasən təsdiqləmək olur. Oxuduqca müəllifin çoxşaxəli biliklərə sahibliyi, müxtəlif elmlərə vaqifliyi duyulur. Ancaq təsəvvürlə, məntiqlə gəlinən qənaətlər bir yana, Yusif Xoylu bunu özü də xəbər verir. Müqəddimədəki söyləyişlərindən belə məlum olur ki, bu əsəri yazarkən Yusif Xoylu hələ cavanmış. Çünki hələayrı-ayrı elm sahələrini öyrənməkdə davam etdiyini bildirir. Bəs onun bildiyi və öyrənilişini davam etdirdiyi elmlər hansılardı? “Şərh ət-tənvir”də Yusif Xoylunun ədəbiyyat, dilçilik, əruz, bəlağət elmlərindəki səriştələri üst qatdadır. Ancaq o, psixologiya, fiqh (müsəlman hüququ),həndəsə, nücum - astronomiyasahəsində də dərin biliklərə malikmiş.

Yusif Xoylunun məhz Əbu-l-Əla Məərrini seçməsi, onun qəsidələrinə şərh yazmağı qət etməsi səbəbsiz deyildi. Buna müəllifi sövq edən bir para ciddi əsaslarvardı. Birincisi, Əbu-l-Əla Məərri ərəb dünyasının və ərəbdilli şeirin o çağlardakı ən məşhur yaradıcılarından idi.

973-1058-ci illər arası yaşamış Əbu-l-Əla Məərri Xətib Təbrizinin müəllimi olmuşdu.

Xətibi Təbrizdən Şama piyada aparan da elə Əbu-l-Əla Məərri ilə görüş arzusu olmuşdu.

Günlərin birində Xətibin əlinə Əbu Mənsur Məhəmməd Əzhərinin çoxcildli “Təhzib fil-luğə” (“Dildə düzəliş”) əsəri keçmişdi. Oxumuşdu, ancaq orada anlamadığı, yaxud sonacan dərk etmədiyi bir çox söz və ifadələrlə qarşılaşmışdı. Təbrizdəki başbilənlərdən soruşmuşdusa da, onu qane edəcək cavablar ala bilməmişdi. Soraq-soraq öyrənmişdi ki, bu sualların cavablarını bilən ən böyük alim və şairMəərrə şəhərində yaşayır. Beləcə,Xətib həmin kitbları da heybəsinə yığaraq payi-piyada yola çıxmış, Əbu-l-Əla iləgörüşə tələsmişdi.

Xətib Təbrizi gedib Əbu-l-Əla Məərrini tapmışdı, bir neçə il onun yanında qalaraq şəyirdlik etmişdi, usanmadan, gecə-gündüz mütaliəyə qurşanmışdı,get-gedə kamilləşərəkŞərqin ən ötülməz zəka yiyələrindən biri mərtəbəsinə qalxmışdı.

Ərəb şeirinin əbədi ulduzları sırasında ən ucalarda məqam tutan Əbu-l-Əla Məərri 80 il hüdudunda ömür yaşayıb və tale ona tarixin elə bir parçasını nəsib etmişdi ki, bu 80 illik dövr başdan-sonacan çalxantılarla dolu oldu. Siyasi həyatın kəskin enib-qalxan həyəcanlı hadisələri ilə müşayiət edildi.

Əbu-l-Əla Məərrinin ömür payına X əsrin son onilləri, XI yüzilin birinci yarısı düşmüşdü. Məərrə bir balaca şəhərin adıdır ki, Suriyadakı yüzlərlə kənddən, şəhərdən biri idi. Əbu-l-Əlanın yaşca kiçik müasiri Nasir Xosrov məşhur səyahətnaməsində yazır ki, Məərrətən-nüma şəhərinə gəldim. Şəhər daş divarla əhatələnmişdi. Şəhərin giriş darvazasının yanında bir daş lövhə üzərində ərəb əlifbasında olmayan mətn gördüm. Təqribən on dirsək hündürlüyündə olan bu daş lövhənin üstündə bir dua yazılmışdı. Yerli əhalidə belə bir inam vardı ki, bu daşın üstündə yazılmış dua əqrəblərin şəhərə daraşmasının qarşısını alır.

Həmin dövrün və sonrakı əsrlərin salnaməçiləri qədim şəhərin yaşıllıq içərisində olduğunu yazır, zeytun, püstə və digər meyvə ağaclarının olduğundan bəhs edirlər. Belə bir kiçik, amma tarixcə qədim, həm də səfalı şəhərdə doğulmuş Əbu-l-Əla Məərrinin atası da, əmisi də şeirlər yazırmış. Əbu-l-Əlanın mənsub olduğu Bənu-Süleyman qəbiləsi dədə-babadan oxumuşları çox olan nəsil sayılırdı.

979-cu ildə Əbu Məhəmməd Abdulla ibn Süleymanın ailəsində doğulan uşağa Əhməd adı qoydular. Ərəblərdə adət idi. Dünyaya gələn oğlan uşağı böyüyüb haçansa ata olacaq deyə bəri başdan oğlunun adını da atanın adının yanına qoşurdular. Yəni Əhməd adı verilmiş bu uşaq İbn Süleyman (Süleymanın oğlu) olmaqla yanaşı, həm də elə başlanğıcdan Əlanın atası, yəni Əbu-l-Əla idi. Zaman keçəcək, gerçək adı - Əhməd də, atasının adı Süleyman da kənarda qalacaq. O, Əbu-l-Əla Məərri kimi şöhrətlənəcək, yəni ortada oğlunun adı və bir də nisbəsi, doğulduğu şəhərin adı qalacaq. Dörd yaşı olanda bu uşağın başına müsibət gəlir. O, çiçək xəstəliyinə mübtəla olur, gözünün birini tamam itirir, o biri ilə də yalnız işıqla qaranlığı seçəcək qədər görürmüş. Bəzi qaynaqlar isə yazır ki, dünya işığına həsrət qalıbmış, tamam görmürmüş. Onun atası da, əmisi də, hətta babası da qazı olmuşdular. Uşaqlığından gözləri kor olmasaydı, yəqin, Əhməd də böyüyüb elə dədə-babası kimi qazı olacaqdı. Ancaq dünya işığına həsrət qalması onu bütünlüklə sözə bağlayır. Əbu-l-Əla hələ kiçikkən görmək qabiliyyətini itirdiyindən yazıb-oxumamışdı. Ancaq sadəcə dinləməklə möhkəm hafizəsi sayəsində yüzlərlə qiymətli kitabı əvvəldən-sonacan əzbərləmişdi. Möcüzəli yaddaşı və aşıb-daşan istedadı bahasına yaratdıqlarının hamısını da söyləmişdi, başqaları yazıya köçürmüşdülər.

Bu da dünyanın bir ayrı sehridir ki, başqalarının köməyi olmadan nəinki oxuyub-yazmaq, heç kitabı əlinə götürə bilmək imkanı olmayan bir insan həmişə əldən-ələ gəzəcək kitablar yarada bildi. Onun doğurduğu kitablar ikinci minildir yaşayır və belə görünür ki, hələ çox yüzillər boyu da əldən-ələ gəzməkdə davam edəcək. O, elə kitablar yaratdı ki, həmin kitabları sadə insanların da sonacan dərk edərək ləzzətlə oxuya bilməsi üçün əlavə olaraq cild-cild yeni kitablar da yarandı. O kitablardan birini də qələmə alan Azərbaycan alimi və şairi Əbu Yaqub Yusif ibn Məhəmməd ibn Əl-Xuvəyyi oldu - bizim Yusif Xoylu.

İbn Sina haqqındakı xalq rəvayətlərindən biri nəql edir ki, uşaqlıq vaxtlarında onun dilndən düşməyən söz “niyə?” imiş.

Mütəfəkkir Cavid də “Şübhədir əhl-i hikmətin babası” deyəndə orta çağ düşüncə adamlarının daim axtarışda olmasını, şübhələr və bir-birini əvəzləyən suallar cəngəlliyindən adlayaraq kamilliyə çatmağa can atmasınınəzərdə tutmuşdu.

Bu xüsusiyyət elə Xətibdə də vardı ki, fövqəladə ola bildi. Yazırdı ki, bir gün Əbu-l-Əlaməndən nəyə inandığımı soruşdu. Mən də cavab verdim ki, hər şeyə şübhə ilə yanaşıram. Məərri qayıtdı ki, elə mən də beləyəm.

Xətib Təbrizi qısa bir zamanda Yaxın-Orta Şərqin elm aləmində məşhur şərhlərin müəllifi kimi tanınmışdı. Mətnşünaslığımızın, şərhşünaslığımızın dünənindən bəhs edərkən gərək həmişə əvvəlinci sırada Xətib Təbrizinin adı istifadə edilə.Həmin dövrdə şərh yazmaq ayrıca bir elm sahəsi kimi cilalanmışdı və şərhyazma elminə yaxın durmaq hər oğulun işi deyildi. Əbu-l-Əla Məərri kimi müəlliflərə şərhlər yaza bilmək üçün onların bildiyini bilmək lazım idi, ən azı onlara yaxınlaşacaq səviyyədə biliyə malik olmaq gərəkdi.

Xətib Təbrizinin ayrı-ayrı dilçilik əsərlərinə və şeir nümunələrinə yazdığı şərhlər onun məhz belə cilovsuz biliklər səviyyəsinə qalxmış olmasını hər kəsə anlatdı.

Yusif Xoylu da həmin yolu tutub gedən adam idi və əl-Mütənəbbinin “Siqt əz-zənd” divanını əsas götürmüşdü. “Siqt əz-zənd” “çaxmaq daşından saçan ilk qığılcımlar” deməkdir. Yusif Xoylunun bu əsərin şərhinə həsr etdiyi risalənin adı olan “Tənvir” sözünün mənasısa nurdan gəlir, anlamı işıqlandırma, nurlandırma, aydınlaşdırma deməkdir. Yəni mahiyyətcə şərh, əlbəttə ki, aydınlaşdırma səciyyəsi daşıyan bir əsərdir. Ancaq Yusif Xoylu elə mükəmməl bir əsər ortaya qoyub ki, bunu sadəcə şərh adlandırmaq düzgün olmazdı. Bu, şərhdən daha artıq məhz nurlandırandır, işıqlandırandır, ayrı-ayrı fikirləri olduğundan da daha parlaq bir şəkildə oxucusuna çatdırandır.

Burada yeri var ki, Əbu-l-Əla Məərri haqqında bir balaca da olsa haşiyə çıxaq. Çünki bu insanı da tanımağımız çox vacibdir. Əbu-l-Əla Məərri öz zamanındaXII əsrdən etibarən Yaxın-Orta Şərqin hər yerində məşhur idi. Ancaq onun daha çox məşhur olduğu, daha çox sevildiyi və əsərlərinə daha çox şərhlər yazıldığı iki nöqtə olub. Bir Azərbaycan, bir də Əndəlüs.

Ustadına ilk şərh yazanlardan biri Xətib olub və mövcud şərhlər arasında onunku ən sanballılardandır.

Məərri şeirlərinin şərhçiliyini ilkin başlayan elə o özü olmuşdu. Şair gələcək oxucusunun işini asanlaşdırmaqdan ötrü ayrı-ayrı qəsidələrinin, mənzumələrindəki müəyyən misraların, bir para təlmihlərin, ifadələrin, kəlmələrin izahını vermişdi. Çox keçmir, o misralara və beytlərə Xətib Təbrizi də qayıdır, daha müfəssəl şərhlər yazır. Vaxtsa gedişində idi.Artıq Əbu-l-Əla Məərri də həyatdan köçüb, Xətib Təbrizinin də ömür möhləti başa çatıb.Ancaq Əbu-l-Əla Məərri qoşquları yenə əllərdədir, yenə həvəslə oxunur və yeni şərhlərə ehtiyac duyulur. İndi növbəti zamanın ədəbiyyatşünasları o şeirləri təzə gözləoxuyur, öz şərhlərini qələmə alırlar. Köhnə Əbu-l-Əla Məərri şeirlərini təhlil tərəzisinə çıxaranlar sırasına Yusif Xoylu da qoşulur. Xətib Təbrizi şərhlərinin Əbu-l-Əla Məərrinin özünün özünə yazdığı şərhlərlə müqayisəsini aparanlar təsdiq edirdilər ki, bunlar daha dəqiq, daha cəlbedicidir. Xətib Təbrizi belə bir səviyyənin yiyəsi idi. İndi Yusif Xoylunun cəsarətinə və özünəinamına baxın ki, Əbu-l-Əla Məərrinin özünün və Xətib Təbrizinin hamılıqla çox yüksək qiymətləndirilən şərhlərindən sonra bu işə yenidən girişir və müvəffəq də olur.

Xətib Təbrizinin də, Yusif Xoylunun da, digər ünlü müəlliflərin də Əbu-l-Əla Məərriyə şərhlər yazmağa can atması bica deyildi. Çünki Əbu-l-Əla Məərri nə qədər məşhur, onun ədəbi nüfuzu nə qədər yüksək olsa da, zəmanəsində birmənalı qarşılanmayan insan idi - kimsə onun baxışlarında zındıqlıq əlaməti tapır, kimsə o böyük istedada paxıllıq edir, kimsə heç xüsusi qərəz bəsləmədən, sadəcə onun yazdıqlarını düzgün qavramır, yanlış bucaqdan baxaraq dərk edirdi.

Və bunlar da istər-istəməz onu istəməyənlərin, rəqiblərinin, bədxahlarınınsayını artırırdı.

1252-ci ildə, artıq Əbu-l-Əla Məərri əyyamlarından təxminən iki əsr keçirkən Suriyada İbn əl-Adim adlı müəllif dəyərli bir kitab bağlayır. Əsərin ilk baxışdanca elə adıanladırdı ki, bu kitab həmin dövrlərdə yazılan risalələrin heç birinə bənzəmir. Bu, bir müdafiə əsəri idi. İbn əl-Adim özünə mənəvi müəllim hesab etdiyi Əbu-l-Əla Məərrini ən müxtəlif həmlələrdən qoruyurdu - həm Əbu-l-Əla Məərrinin sağlığında ona qarşı törədilmiş haqsızlıqları təhlil edir, bu hücumların ədalətsizliyini sübuta yetirirdi, həm də şairin vəfatından sonra davam edən həmlələrdən söz açır, onun xatirəsini də bitməyən insafsız sancmalardan qoruyurdu.

İbn əl-Adimin əsəri “Həqiqi və tərəfsiz mülahizələr, yaxud Əbu-l-Əla Məərrini haqsız ittihamlardan qorumaq”adlanırdı və məqsədi, yazısının tərzi ilə yalnız o dövr üçün deyil, sonrakı çox zamanlardan ötrü də nəciblik örnəyi sayılası bu kitab zəmanənin ənənəvi mövzulu risalələri cərgəsində sərlövhəsindən tutmuş son səhifələrinədək büsbütün yeni, bənzərsiz, həm də gözlənilməz idi. Bu, ilk və tək əsərdir ki, müəllif mərd-mərdanə köksünü qabağa verərək bir klassiki ləyaqətlə müdafiə edirdi və irəlicədən də bilirdi ki, Əbu-l-Əla Məərri ölüb gedibsə də, düşmənləri, istəməyənləri yenə az deyil və yazdıqlarına görə ona qarşı qalxanlar da az olmayacaq. Ancaq tarix qarşısında dərin məsuliyyət duyğusu bu təmiz vicdanlı insanı susmağa, bu kitabı yazmağa səfərbər etmişdi və indi onun etibarsız dünyadan ayrılmasından əsrlər keçərkənhəm qiymətli əsərinə, həm vəfasına görə minnətdarlıqla və rəhmətlərlə anılmaq haqqı daim onunladır.

İbn əl-Adim yazırdı ki, mən Əbu-l-Əla Məərrinin bütün əsərlərini əvvəldən-sonacan oxudum. Ərəb elmində və ərəb poeziyasında elə bir gözəllik yoxdur ki, onun şeirlərində əks olunmasın.

Dillərdə zərbülməsəl kimi dolaşan belə bir heyrət və heyranlıq qatışıq deyimidə İbn əl-Adim yada salırdı:”Ərəb dilində elə bir söz yoxdur ki, onun mənasını Əbu-l-Əla Məərri bilməsin”.

Bu ifadə ilk səslənişdən eşidənə qeyri-adi gələr - necə yəni ərəb dilindəki bütün sözlərin mənasını bilirdi? Ərəb ola, şair ola, alim ola, öz dilindəki sözlərin mənalarını xırdalıqlarına qədər bilməzmi?

Hikmət bundadır ki, Əbu-l-Əla Məərriyə gəlib çatanadək ərəb dili uzun zənginləşmə və inkişaf yolu keçmişdi, hansısa kəlmələr arxaikləşib dünənlərdə qalmışdı, hansısa sözlər, ibarələrzaman gedişində elə yeni məna çalarlarıqazanmışdı ki, hərdən hətta eyni bir sözün əski mənaları ilə təzə anlamları bir-birindən uzaq, hətta bəzən biri digərinə əks olurdu. Sözlə zərgərlik etməyi sevən Əbu-l-Əla Məərri şeirinin bir qabarıq cəhəti də şeirində kəlmənin məna dərinlərinə enmək, fikir laylarını yarpaq-yarpaqçevirmək idi.

İbn əl-Adim yazırdı ki, Əbu-l-Əla Məərrinin şeirlərini oxuyaraq onlardakılətafətdən heyrətə düşənlər, bunların əlçatmaz bir yüksəklik olduğunu dərk edənləröz yerində, amma şairə paxıllıq edənlər, həsəd aparanlar da az deyildi. Ancaq bu qəbil adamların da iki qismə ayrıldığını qeyd edərək bir dəstəsinin həsədini içərisində çəkərək öz ömrünü qısaltdığnı, digər zümrəsininsə hərəkətə keçərək Əbu-l-Əla Məərrinin əleyhinə yüz fitnə-fəsad törətdiyini bəyan edir.

Əbu-l-Əla Məərri ədəbi mirasını şərh edən və ondan bəhs edən şagirdi Xətib Təbrizinin də, pərəstişkarı İbn əl-Adimin də, vurğunu Yusif Xoylunun da bir məqsədi onun yazdıqlarını yeni nəsillərə daha aydın və yaxın etmək idisə, digər, bəlkə də daha vacib hədəfləri o böyük şairin özünü də, sözünü də nadanlardan hifz etmək idi.

Xətib Təbrizidən qalan şərhlər içərisində ibrətli bir nöqtə var. Əski ərəbcədən bir kəlməni nümunə gətirir və izahını verir ki, bu, mal-qaranın, dəvənin, inəyin yelininə soyuq su vurmaq deməkdir. Dəvənin, inəyin yelininə soyuq suyu niyə vururdular? Bəzən olurmuş ki, mal-qaranın yelinində süd yığılaraq qalır və heyvana əziyyət verməyə başlayırmış. Soyuq sudəyincə yelin yumşalır, heyvan asudəcə sağılır, yelində yığılıb qalan nə qədər süd varsa çıxırmış. Həm heyvan rahatlanırmış, həm də sahibinin hasil etdiyisüd bol olurmuş.

Xətib Təbrizinin vaxtilə daxilini açıb izah ediyi o sözün həmin yozumunu Xətibin özünə də, ustadı Əbu-l-Əla Məərriyə də, Yusif Xoyluya da aidetmək olar.Yaşanmış tarix də dolu bir yelin kimidir. Həmin yelindəki insanlara gərək olan süd - yaşamalı abidələr, möhtəşəmkitablar, dəyərini itirməz əsərlər, zaman sovuşduqca qiyməti artan yazılardır. Tarixin bətnində, keçmişin yelinində yığılıb qaldıqca yeni dövrlərin insanlarına çatmalı bu “süd” - bu sərvətlər tarixi də incidir, o nemətlərdən məhrum qalan bizləri də umsuq qoyur.

Ona görə də həmin yelinə -tarixin dəfinələrinə doğru daim can atmaq, onlara “soyuq su vurmaq” (yəni yorulmaz axtarışlara qatlaşaraq qələm işlətmək) dünənlərlə aramızda olan məsafələri qısaldar, bununla da həm tarixin yelini yüngülləşər, həm biz zənginləşərik.

Əbu-l-Əla Məərrinin “Siqt əz-zənd” (“Çaxmaq daşının ilk qığılcımları”) “Divan”ındakı şeirlərə şərh verə-verə Yusif Xoylu öz fəlsəfəsini, dünyagörüşünü də ortaya qoymağı bacardı.

Əbu-l-Əla Məərri guşənişin həyat keçirən bir insan idi. Çəkilmişdi hücrəsinin sakitliyinə və doqquz əsr keçəndən sonra da yaşayacaq insanları həyəcana gətirəcək şeirlərini yazırdı. Ancaq niyə guşənişin həyat yaşayırdı Əbu-l-Əla Məərri?

Bu sualın cavabını onun şeirlərinə şərh yazan Yusif Xoylu tapıb. Əbu-l-Əla Məərrinin qəsidələrinin içərisində belə bir beytə rast gəlmişdi:

Çox keçirdim imtahandan insanı bu dünyada,

Tapmadım bir kimsənə dostluq binasın qurmağa.

Bu sətirlərə yazdığı izahda Yusif Xoylu vurğulayırdı ki, Əbu-l-Əla Məərrinin tənhalığının səbəbi məhz budur. İnsanlara içərisinin məhəbbəti,qəlbinin bütün səmimiyyəti ilə üz tutmuşdu, ancaq dönüklüklər görmüşdü, riyakarlıqlarla rastlaşmışdı, qəlbi sınmışdı, ona görə də olmuşdu guşənişin, çəkilmişdi inzivaya. Əbu-l-Əla Məərrinin misralarına, beytlərinə, ayrı-ayrı bütöv şeirlərinə, qəsidələrinə şərhlər yaza-yaza Yusif Xoylu həm o şeirlərin mənasını açırdı, həm dəşeirlərin içərisindəki Əbu-l-Əla Məərri bioqrafiyasının görünməyən tərəflərini üzə çıxarırdı. Ancaq tarixin ayrı adilanə qanunauyğunluğu da var.

Həyat, tale, kəc dövran vadar edər ki, böyük bir yaradıcı elə Əbu-l-Əla Məərri kimi bir insan, yaxud Yusif Xoylu kimi bir şəxsiyyət çəkilsin bir küncə, ayrılsın insanlardan, otursun bir hücrənin tənhalığında, yazsın, yaratsın. Ancaq tarix gec-tez hər şeyi yerbəyer edəcək. İlahi Ədalət qoymur ki, o əsərlər daim o hücrələrin qaranlıqlarında qalsın.

Əbu-l-Əla Məərriyə yazdığı əsərin adını “Tənvir” qoymuşdu. “Tənvir”, yəni nurlanan, işıqlanan. Bu cür insanların yaratdıqlarının üstündə həmişə nur var, həmişə işıq var, tarixin nuru, tarixin işığı. Tarixin həmin işığıdır ki, sanki unudulmuş soydaşımız və onun yaddan çıxmış əsərini yazıldığı vaxtdan doqquz əsrə yaxın bir zaman keçəndən sonra yenidən işıqlandırır, yenidən nura qərq eləyir və gətirir bugünümüzə. Çevirir indinin azərbaycanlılarının çağdaşına.

...Yusif Xoylu ucalara qalxmışdı - ruhlar aləminə. “İki cür ruh var”deyə təsnifat aparırdı. İnanırdı ki, o iki növ ruhdan biri xəyali ruh, digəri əqli ruhdur. Təsdiq edirdi ki, insanlar və heyvanların bəzisi xəyali ruh vasitəsilə xarici aləmi hiss edir, onun şəkillərini öz içərisinə köçürür. Yəni insan bir surəti görəndə, bir hadisə ilə üzləşəndə xəyali ruh vasitəsilə onu öz yaddaşına həkk edir, ikinci dəfə həmin surət, həmin hadisə haqqında sadəcə eşitsə belə, o surət və hadisə təfəkküründə canlanır. Bu minvalla da onda həmin surətin və hadisənin yaxşı, yaxud yaman olduğu qənaəti yaranır. İnsanda xəyali ruh olduğu üçün belə edir, ancaq pərvanədə xəyali ruh olmadığından az öncə yandırıcılığını gördüyü oda bir az sonra onu ilk dəfə görürmüş kimi yenə özünü çırpır.

Yusif Xoylu bunu da yazır ki, bir para heyvanlarda - o sıradan itdə xəyali ruh olduğundan o heyvanlar bir dəfə yandığı oda ikinci dəfə yanaşmaz.

Fəqət bunlardan əlavə bir də əqli ruh var. Yusif Xoylu davam edirdi ki, əgər xəyali ruh olmasa, insanları tanımaq və səsləri təsəvvür etmək olmaz. Təzə anadan olmuş uşaqda xəyali ruh olmur. O, bir şeyi gördükdə ona can atır, elə ki həmin cismi ondan gizlətdin, daha onu istəməyəcəkdir, çünki yaddan çıxaracaqdır. Lakin uşaq bir az böyüdükdən sonra onda da xəyali ruh yaranmağa başlayır.

Həqiqət axtarışlarında olan Yusif Xoylu yalnız nitqi cisimlərin vəziyyətindən xəbər verən vasitə hesab edənlərə qarşı çıxırdı. Məşhur filosof ən-Nəzzama əsaslanaraq göstərirdi ki, gözlə görünənlər və sınanmış dəlillər nitqdən daha dəqiqdir. O, gözlə görmə dedikdə fərdi duyğunu, sınanmış dəlillər dedikdə isə insanların uzun müddət boyu təcrübədə yoxladığı bilikləri nəzərdə tuturdu.

Yusif Xoylunun “Tənvir”dən başqa da xeyli şərhləri və qiymətli risalələri olmuşdu. Onun ən dəyərli tədqiqat əsərlərindən biri “Quranın hərəkələrindəki nöqsanlardan və təhriflərdən təmizlənməsinə dair risalə” adlanır. Bu əsər və onun şöhrəti barədə “Mucəm əl-buldan” xəbər verməkdədir.

Yusif Xoylu düşüncəsi və duyğuları alimliklə şairlik arasında cövlan edən bir yaradıcı idi. Onun hansısa şeirləri sırf şair hissiyyatının ifadəsidirsə, hansısa qoşquları da məhz aralıqda, sərhəddə dayanandır. Bəzən bu şeirlər onun risalələrinin mənzum parçaları təəssüratını oyadır. Bu şeirində də Yusif Xoylu, elmi risalələrindəki sayaq, ruhlar aləmində var-gəl edir, “ruh” deyilən o laübalı nəsnə barədə vəznli-qafiyəli düşüncələrini bölüşür:

Gün gəlir torpaq olur tədricilə cansız bədən,

Ruhsa alidir, onu tay tutma daş-torpağa sən.

Çün vücudun mayəsi torpaq əzəl gündən bəri

Rəsmidir, bir gün dönər öz əslinə bir gün gələn.

Ruhsa göylərdən gəlib can verdiyi üçün insana

Eyləyər pərvaz, ona fanibədən olmaz vətən.

Ömrün, dərrakənin, duyğunun bəlli bir uca mərhələsinə yetişincə Yusif Xoylu Yerdən aralanmışdı, sağkən ruhlar aləminə dikəlmişdi. Ruhlardan yazmış ruh adamı, XII yüzilin ötkün Azərbaycan mütəfəkkiri və şairi Yusif Xoylunun fani bədəndən səkkiz əsr öncə qopmuş ölməz ruhu əbədi qafiləsində olduğu uca ruhların sırasında bitməz uçuşlarında, ömrünü davam etdirməkdədir.

24 iyun 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see142

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see130

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see117

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see117

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see116

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see112

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see110

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri